Məhkəmə qərarları › İş №2-2(105)-60/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-60/2024

10.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-60/2024 10.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər X2 və X1 ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-115/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ

1. "xxxx" Açıq Səhmdar Cəmiyyəti (hal-hazırda kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəliklər iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir) ilə Cavabdeh arasında bağlanmış 31 mart 2015- ci il tarixli 537-GL/15 nömrəli “kənd təsərrüfatı texnikasının lizinqə verilməsi” barədə müqaviləyə əsasən lizinq verən ümumi məbləği 16150 manat olan və Spesifikasiyada (Əlavə № 1) göstərilən kənd təsərrüfatı texnikasını (“Belarus-1221” markalı traktor və "AG14-5” markalı 5 gövdəli kotan) ilkin dəyərinin 40%nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Lizinq alan texnikaların qalıq məbləğini ödəniş qrafikinə (Əlavə № 2) müvafiq olaraq ödəməyi öhdəsinə götürür.

2. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edə bilər.

3. 31 mart 2015-ci il tarixli 537-GL/15 nömrəli lizinq müqaviləsinin 2 nömrəli əlavəsi olan ödəniş qrafikində lizinq alan Cavabdeh lizinq verənə borcunun son ödəniş tarixi 15 dekabr 2023-cü il olmaqla müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və Cavabdeh həmin ödəniş qrafikini imzası ilə təsdiq etmişdir.

4. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 12 may 2015-ci il tarixli 1990/ü nömrəli Əmrindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 17 aprel 2014-cü il tarixli, 561-L/14 və 804ü/xx.xx.2014 nömrəli müqavilələrə xitam verilmiş, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 31 mart 2015ci il tarixli 537-GL/15 nömrəli “kənd təsərrüfatı texnikasının lizinqə verilməsi” barədə müqaviləyə əsasən lizinq verən “Belarus-1221” markalı traktor və "AG-14-5” markalı 5 gövdəli kotanı güzəşt tətbiq edildikdən sonra qalıq dəyəri ilə yenidən lizinqə vermişdir.

5. 31 mart 2015-ci il tarixli 537-GL/15 nömrəli lizinq müqaviləsi üzrə ödənişlərə görə cərimənin hesablanması qrafikindən görünür ki, həmin müqavilə üzrə Cavabdeh ümumilikdə 8257,44 (səkkiz min iki yüz əlli yeddi manat qırx dörd qəpik) manat məbləğində cərimə hesablanmışdır.

BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏKİ İCRAAT

6. İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı ”borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 31 mart 2015-ci il tarixli 537- GL/15 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi 20 oktyabr 2023-cü il tarixə hesablanmış 9426 (doqquz min dörd yüz iyirmi altı) manat gecikdirilmiş borc, hesablanmış 8257,44 (səkkiz min iki yüz əlli yeddi manat qırx dörd qəpik) manat cərimə borcu, hüquqi yardımla bağlı ödənilmiş 500 (beş yüz) manat xidmət haqqı və mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat mediasiya xərci olmaqla, cəmi 18383,44 (on səkkiz min üç yüz səksən üç manat qırx dörd qəpik) manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 31 mart 2015-ci il tarixli 537-GL/15 nömrəli müqaviləyə əsasən borclu (lizinq alan) kənd təsərrüfatı texnikalarını lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən maliyyə arayışının tərtib edildiyi 20 oktyabr 2023-cü il tarixə 31 mart 2015-ci il tarixli 537-GL/15 nömrəli müqavilə üzrə 9426 manat gecikdirilmiş borcu və hesablanmış 8257,44 (səkkiz min iki yüz əlli yeddi manat qırx dörd qəpik) manat cərimə borcu borcu yaranmışdır. Cavabdeh öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq onun tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə Mülki Məcəllənin 427.3-cü və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Digər tərəfdən borclu öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə kreditor qarşısında məsuliyyət daşıyır. Tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci bəndinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Mübahisənin məhkəməyədək həll olunması üçün mediasiya prosesinə iddiaçı tərəfindən əməl olunmaqla Mediasiya təşkilatına müraciət edilmiş, “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” mediatorun MŞS/MT030/2023-02692 saylı 13 dekabr 2023-cü il tarixli arayışı təqdim edilmiş və iddiaçı tərəfindən 200 manat mediasiya xərci ödənilmişdir. Eyni zamanda iddiaçı hüquqi yardım göstərilməsi üçün vəkilə müraciət etmiş, hüquqi yardım göstərilməsi haqqında müqaviləyə əsasən hüquqi yardıma görə haqqın məbləği 500 manat müəyyənləşdirilmişdir.

8. İddiaçı 30 yanvar 2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “iddia tələbinin həcminin azaldılması” barədə ərizə təqdim edilərək 31 mart 2015-ci il tarixli 537-GL/15 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi 20 oktyabr 2023-cü il tarixə hesablanmış 7980 (yeddi min doqquz yüz səksən) manat gecikdirilmiş borc, hesablanmış 8257,44 (səkkiz min iki yüz əlli yeddi manat qırx dörd qəpik) manat cərimə borcu, hüquqi yardımla bağlı ödənilmiş 500 (beş yüz) manat xidmət haqqı və mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat mediasiya xərci olmaqla, cəmi 16937,44 (on altı min doqquz yüz otuz yeddi manat qırx dörd qəpik) manat pul vəsaitinin cavabdehdən tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş olunmuşdur.

9. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh quraqlıq, pandemiya şəraiti, məhsulun az olması səbəbindən lizinq ödənişlərinin həyata keçirilməsində gecikmələr yarandığını bildirmişdir. O, məhkəmədən cərimə borcunun silinməsini xahiş etmişdir.

10. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-115/2024 nömrəli, 22 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakim Həlimə Alıyeva) iddianın qismən təmin edilməsi, Cavabdeh (VÖEN **********) “kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə” 31 mart 2015-ci il tarixli 537-GL/15 nömrəli müqavilə üzrə 7495 (yeddi min dörd yüz doxsan beş) manat məbləğində əsas borc, 200 (iki yüz) manat məbləğində cərimə, hüquqi yardımla əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqı və mediasiya ilə əlaqədar ödənilmiş 100 (yüz) manat məbləğində mediasiya xərci olmaqla, cəmi 7995 (yeddi min doqquz yüz doxsan beş) manat məbləğində pul vəsaitinin iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh dövlət nəfinə 96,95 (doxsan altı manat doxsan beş qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia tələbinin “cavabdehdən 8257,44 (səkkiz min iki yüz əlli yeddi manat qırx dörd qəpik) manat məbləğində cərimənin tutulması” hissəsi qismən təmin olunmalı, işin halları, o cümlədən də cavabdehin kənd təsərrüfatı sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olması nəzərə alınmaqla, cərimə məbləği azaldılmalı və 31 mart 2015-ci il tarixli 537- GL/15 nömrəli müqavilə üzrə Cavabdeh iddiaçının xeyrinə 200 (iki yüz) manat cərimə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab etmişdir ki, iddia tələbinin “hüquqi yardımla əlaqədar ödənilmiş 500 (beş yüz) manat məbləğində xidmət haqqının tutulması” hissəsi də qismən əsaslıdır. Belə ki, iddiaçı - iddia tələbində “hüquqi yardımla əlaqədar ödənilmiş 500 (beş yüz) manat məbləğində xidmət haqqının” da cavabdehdən tutulmasını xahiş etmiş və bununla bağlı iddia ərizəsinə 5 saylı Vəkil Bürosunun hesabına hüquqi xidmətə görə 500 (beş yüz) manat məbləğində pul ödənilməsini təsdiq edən sənədi əlavə etmişdir. Hazırkı iş üzrə hüquqi yardıma görə cavabdehdən tələb olunan 500 (beş yüz) manat məbləğində pulun həqiqətən və zərurətlə xərcləndiyi sübut edilmədiyindən və bu məbləğ həcminə görə ağlabatan və əsaslı olmadığından həmin hissədə iddia tələbi qismən təmin edilməli və cavabdehdən hüquqi xidmətlərlə əlaqədar çəkilmiş xərcə görə ağlabatan məbləğdə - 200 (iki yüz) manat məbləğində pul tutulmalıdır.

12. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 747.1, 747.2, 748-1.12.4, 748-10.2, 748-10.4, 385.1, 425.1, 427.3, 442, 448, 462.1, 465.2, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1-1, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 121.1, 14.2, 88, 217.4, 218.3, 119.1, 119.2-ci maddələri ilə əsaslandırmışdır.

13. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin hüquqi yardım ilə bağlı qismən təmin edilən hissədə ləğv edilərək, iddia tələbinin hüquqi yardım ilə bağlı hissədə tam həcmdə təmin olunması haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri: - Məhkəmənin mövqeyi tamamilə əsassızdır və ona görə də məhkəmənin qətnaməsi ləğv edilərək hüquqi yardıma görə ödənilmiş vəsait tam həcmdə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, məhkəmə 500 manat məbləğində hüquqi yardımla bağlı ödənilmiş vəsaitin tutulmasına münasibətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə görə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara almışdır. Lakin nəzərə almaq lazımdır ki, 9 iyun 2023-cü il tarixli “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 121.1-ci maddədə “çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla” sözləri “təqdim edilmiş məlumatlar qiymətləndirilməklə” sözləri ilə əvəz edilmişdir. Odur ki, məhkəmə sözügedən maddədə olunan dəyişikliyi nəzərə almamış və normanı düzgün tətbiq etməmişdir. Həmin maddədən də göründüyü kimi hüquqi yardımla bağlı məbləğin ağlabatanlılığı müəyyən edilərkən “çıxış üçün təqdim olunmuş hesab nəzərə alınması” tamamilə əsassızdır. Maddədən göründüyü kimi mülki prosessual qanunvericilikdə kommersiya mübahisəsinə dair işlərdə vəkilin və ya iddiaçının məhkəmədə mütləq iştirak etməsi barədə hər hansı məcburedici norma mövcud deyildir. Əksinə, qanunvericilik iddiaçının və ya onun vəkilinin məhkəmə iclasına gəlmədən işə onun iştirakı olmadan baxılmasının tələb etməklə işin mahiyyəti üzrə baxılaraq qərar qəbul edilməsinin mümkünlüyünü müəyyən etmişdir. Bununla yanaşı, məhkəmə hüquq islahatı çərçivəsində iş yükünün azaldılması və prosessual qənaət prinsipinin təmin edilməsi baxımından işlərə tərəflərin və onların vəkillərinin iştirakı olmadan yazılı icraat qaydasında baxılması hallarının qanunvericilikdə müəyyən edilməsi də işlərin məhkəmədə deyil, məhkəməyə qədər hazırlanmasını zəruri edir. Ona görə də vəkilin əsas öhdəliyi işi məhkəməyə qədər düzgün hazırlamaq və məhkəməyə təqdim etməkdir. İşdən də görünür ki, vəkil ilə bağlanmış müqaviləyə əsasən vəkil müvafiq olaraq pretenziyanın və iddia ərizəsinin hazırlanması, təqdim edilməsi və bununla bağlı digər işlərin və zəruri araşdırmaların həyata keçirilməsi ilə hüquqi yardımla bağlı öhdəliyi tam şəkildə icra edilmişdir. - Digər tərəfdən, 9426 (doqquz min dörd yüz iyirmi altı) manat gecikdirilmiş borc, hesablanmış 8257,44 (səkkiz min iki yüz əlli yeddi manat qırx dörd qəpik) manat cərimə borcu, cəmi 17.683,44 manat pula münasibətdə 500 manatın vəkilə ödənilməsinin məhkəmə tərəfindən ağlabatan hesab edilməməsi tam əsassızdır. Məhz kommersiya işlərində məhkəməyə qədər işlərin hazırlanması kifayət qədər zəhmət tələb edir ki, bu da vəkil tərəfindən həyata keçirilmişdir. - Həmçinin hüquqi yardıma görə cavabdehdən tələb olunan 500 (beş yüz) manat məbləğində pulun həqiqətən və zərurətlə xərcləndiyinin sübut edilməməsinə görə də, iddia tələbinin qismən təmin edilməsinə münasibətdə bildiririk ki, məhkəmənin də qeyd etdiyi kimi, 5 saylı Vəkil Bürosunun hesabına hüquqi xidmətə görə 500 (beş yüz) manat məbləğində pul ödənilməsini təsdiq edən sənəd kimi xx.xx.2023 tarixli arayış iş materiallarına əlavə edilmişdir. Qeyd olunanlardan əlavə, eyni hakimin icraatında olan başqa kommersiya işində (e-2-2(119)-76/2024 saylı işdə) eyni hallar mövcud olduğu halda, yəni vəkil məhkəmə iclasında iştirak etmədiyi halda hüquqi yardıma görə ödənilən vəsait cavabdehdən 300 (üç yüz) manat məbləğində tutulmuşdur. Eyni mühüm faktiki hallara malik işlər üzrə eyni hakim tərəfindən fərqli qərarların çıxarılması məhkəmə hakimiyyətinə qarşı etimadı zədələyən haldır. - Eyni zamanda bildiririk ki, iddiaçının büdcə təşkilatı olduğunu nəzərə alaraq vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilən vəsaitin cavabdehdən tutularaq büdcəyə ödənilməsi nəzərdə tutulur. Məhkəmə tərəfindən vəkilin məhkəmədə iştirak etməməsi əsasına görə ona ödənilən hüquqi yardıma görə cavabdehdən tələb olunan vəsaitin azaldılması əsassız olduğuna görə ləğv edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini xahiş etmiş, iddia tələbinin hüquqi yardımla bağlı hissədə qismən təmin edilməsi ilə razı olmadıqlarını bildirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, 500 manat ağlabatan məbləğdir. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının suallarını cavablandıraraq bildirmişdir ki, Sumqayıt Kommersiya Məhkəməsinin qətnaməsindən qalan hissədə razıdırlar. Hüquqi yardımla bağlı 500 manat tələbləri Bakı Kommersiya Məhkəməsində təmin edilmişdir. Vəkillər lazım olan sənədləri elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə göndərirlər. Hazırkı işlə bağlı vəkilin məhkəmə iclaslarında iştirak edib-etmədiyini bilmir. Müvafiq qurumun 250 məhkəmə mübahisəsi vardır, müəssisənin yeganə hüquqşünası kimi işləri çatdırmaq mümkün deyil. Hüquqi yardımla bağlı bəzi iddia tələbləri təmin edilmiş, bəziləri təmin edilməmişdir. Hüquqi yardımla əlaqədar 125 000 manat büdcə vəsaiti ayrılmışdır. İddia tələbləri təmin edilmədiyi zaman büdcədə kəsr yaranır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Cavabdeh hüquqi yardımla bağlı hissədə qərarı məhkəmə kollegiyasının mülahizəsinə buraxmışdır.

TƏTBİQ EDİLƏN HÜQUQ

15. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 61. Hüquqi yardım almaq hüququ İ. Hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır.

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...) Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..) Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...) Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

18. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommmersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi hüquqi yardım ilə bağlı qismən təmin edilən hissədə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, iddiaçının dəlillərinə görə, məhkəmə Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsində edilmiş dəyişiklikləri nəzərə almamışdır, 16.937,44 manat iddia tələbinə münasibətdə 500 manatın vəkilə ödənilməsinin məhkəmə tərəfindən ağlabatan hesab edilməməsi tam əsassızdır, iddiaçı büdcə təşkilatıdır, vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilən vəsait cavabdehdən tutularaq büdcəyə ödəniləcəkdir, vəkilin məhkəmədə iştirak etməməsi əsasına görə ödənilən hüquqi yardıma görə cavabdehdən tələb olunan vəsaitin azaldılması əsassızdır.

21. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

22. Maddənin məzmunundan aşkar görünür ki, qanunvericilik müvafiq halda məhkəmənin təqdim edilmiş məlumatların qiymətləndirilməsi sərbəstliyini tanımış, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini müəyyən etmişdir. Yəni, vəkilin göstərdiyi yardıma görə xərcləri müəyyən edərkən məhkəmə bir tərəfdən təqdim edilmiş məlumatları qiymətləndirməli, digər tərəfdən isə həmin xərcləri ağlabatan məbləğdə tutmalıdır.

23. İddiaçı məhkəməyə 5 saylı Vəkil bürosunun hesabına hüquqi xidmətə görə 500 (beş yüz) manat məbləğində pul ödənilməsini təsdiq edən ödəniş tapşırığı təqdim etmiş, həmin sənədə istinadən hüquqi yardımla bağlı ödənilmiş məbləğin tam olaraq cavabdehdən tutulmalı olduğunu bildirir.

24. İş materialları ilə müəyyən olunur ki, iddiaçının tələbi 16.937,44 manat həddində olmuş, məhkəmə qətnaməsi ilə iddia qismən təmin edilərək 7995 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmuşdur.

25. Konstitusiyanın 61-ci maddəsinə əsasən, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. Qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına göstərilir. Hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır.

26. Hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun ictimai əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq öz mahiyyətinə görə insan və vətəndaşların hüquq və azadlıqlarının həyata keçirilməsinin vacib təminatıdır və funksiyalarından biri olan preventiv funksiya nəinki şəxsin öz hüquq və azadlıqlarının qanunauyğun həyata keçirilməsinə kömək edir, həmçinin dövlət hakimiyyəti orqanlarının və onların vəzifəli şəxslərinin insan və vətəndaş hüquq və azadlıqlarının qeyri-qanuni məhdudlaşdırılmasına yönəldilmiş hərəkətlərinin qarşısının alınmasına zəmanət verir.

27. Azərbaycan Respublikasının ərazisində hər bir şəxsin məhkəmə prosesində, ibtidai istintaqda və təhqiqatda öz hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsini həyata keçirmək üçün özünün seçdiyi vəkilə müraciət etmək, tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüquqlarının təmin olunmasının və başqa məsələlər üzrə hüquqi yardım göstərən vəkillərin fəaliyyətinin tənzimlənməsi məqsədi ilə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanun qəbul edilmişdir.

28. Həmin Qanunun 5-ci maddəsinin İİ hissəsinə görə, vəkillik fəaliyyəti hüquqi yardım üçün müraciət etmiş şəxslərin hüquqlarının və mənafelərinin müdafiəsinin və ya təmsil edilməsinin vəkilə həvalə edilməsi əsasında və onların tapşırıqlarına müvafiq olaraq həyata keçirilir.

29. Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasına vicdanlılıq prinsipi daxil olmasa da, bu prinsip Mülki Məcəllənin ayrı-ayrı normalarında mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalarda nəzərdə tutulmuşdur. Belə ki, Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.

30. Mülki Məcəllənin 560.1-ci maddəsinə müvafiq olaraq, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3-cü maddəsində hüquqdan suiistifadəyə səbəb olan bəzi hallar sadalanmışdır.

31. Qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən normalar vasitəsilə əslində bütün haqların istifadə olunmasına bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüst, ədalətli bir insanın hərəkət tərzinə dair meyardır. Hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır (Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarı).

32. Məhkəmə kollegiyası hesab edir ki, hüquqi yardımla bağlı vəkilə ödənilməli məbləği 200 manat məbləğində müəyyən edərkən məhkəmə həm təqdim edilmiş məlumatları qiymətləndirmiş, həm də ağlabatanlıq meyarını nəzərə almışdır. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-115/2024 nömrəli, 22 fevral 2024cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar