Məhkəmə qərarları › İş №2-2(105)-61/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-61/2020

09.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-61/2020 09.06.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), X1 və X3 ibarət tərkibdə, Tahirova Lətafət Almazxan qızının katibliyi ilə İddiaçı “İMA-Energy” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-301/2020 saylı xx xxxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, müəyyən etdi: İddiaçı “İMA-Energy” Qapalı Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh X2 qarşı borcun tutulması tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 22-2(119)-301/2020 saylı xx xxxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh X2 qarşı borcun tutulması tələbi barədə iddia ərizəsi geri qaytarılmışdır. Qərardaddan iddiaçı “İMA-Energy” Qapalı Səhmdar Cəmiyyəti şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardadda qeyd edilmişdir ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən göründüyü kimi iddiaçı iddia ərizəsinin cavabdeh tərəfindən alınmasına dair sübut təqdim etməmişdir. Halbuki, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin cavabdehin rəsmi qeydiyyatda olduğu ünvana göndərilməsi və cavabdehin təqsiri ucbatından çatdırıla bilməməsinə dair poçt qəbzi iddia ərizəsinə əlavə edilmişdir. Bundan başqa qərardadda qeyd edilmişdir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması qaydasına riayət etməsini təsdiq edən sübutu (sənədi) da iddia ərizəsinə əlavə edərək məhkəməyə təqdim etməmişdir. Yəni, məhkəməyə müraciət olunanadək mübahisə ilə əlaqədar cavabdehə ünvanlanmış “pretenziya” məktubunun mətni və həmin məktubun cavabdehə çatdırılması barədə mötəbər sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilənin 4.2-d bəndində “Tərəflər arasında hazırki Müqavilənin İcrası ilə bağlı bütün mübahisələr məsləhətləşmələr, danışıqlar yolu ilə razılaşdırıla bilmədiyi təqdirdə Azərbaycan Respublikasının müvafiq məhkəmələrində həll edilməlidir” müddəası mübahisənin məhkəməyə qədər həlli qaydası olsa da, həmin bənddə bunun mütləq yazılı şəkildə edilməsi, qaydası və müddəti şərtləndirilmədiyindən bu bənd müqavilə ilə məcburi pretenziya qaydasının müəyyən edilməsi kimi qəbul edilə bilməz. Bu bəndə əsasən tərəflər arasaında bu məsələnin könüllü şəkildə həllinə yönələn istənilən tədbir (danışıqların aparılması, görüşlərin və müzakirələrin keçirilməsi) mübahisənin məhkəməyə qədər həllinə cəhd kimi qiymətləndirilir. Hazırki işdə isə tərəflər arasında mübahisə ilə əlaqədar xeyli danışıqları olmuş və razılıq əldə edilmədiyindən sonda iddiaçı məhkəməyə iddia ilə müraciət etmişdir. Bu isə onu göstərir ki, tərəflər arasında aparılmış hər hansı formada danışıqlar nəticə verməmişdir. İddiaçı tərəfindən Sumqayıt Kommersiya Məhkəməsinə iddia qaldırılan zaman təqdim edilən sənədlərdən biri də 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, e-2-2(81)- 1533/2019 nömrəli qərardadı olmuşdur. Həmin qərardaddan da görünür ki, iddiaçı tərəfindən ilk dəfə iddia məhz tərəflər arasında bağlanmış müqavilədə cavabdehin ünvanı kimi qeyd edilmiş Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 94 ünvanına əsasən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində qaldırılmışdır. Lakin məhkəmənin həmin qərardadında da göstərilmişdir ki, “Məhkəmə tərəfindən Məhkəmə İşlərinin Elektron İdarəetmə Sisteminə daxil edilmiş məlumata əsasən müəyyən edilmişdir ki, Cavabdeh qeydiyyat ünvanı Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin yurisdiksiyasına aid olan Abşeron rayonu ərazisində yerləşir.” Hazırda isə cavabdehin qeydiyyat ünvanı Sumqayıt Kommersiya Məhkəməsinin yurisdiksiyasına aiddir. Elektron məhkəmə sistemində iki iddia ərizəsi yerləşdirilməsinə gəldikdə, iddianın biri ötən il Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə ünvanlanmışdır ki, həmin məhkəmə iddia ərizəsini baxılmamış saxlamışdır. Məhkəmə ötən ilin sonunda ləğv edildiyindən iddiaçı əsassız qərardaddan şikayət verməmiş və Sumqayıt Kommersiya Məhkəməsinə iddia ilə müraciət etmişdir. Cavabdehin ünvanının iddia ərizəsində göstərilməməsinə gəldikdə, elektron məhkəmə portalında cavabdeh və ya iddiaçı fiziki şəxsdirsə, şəxsiyyət vəsiqəsinin nömrəsinin yazılması məcburi və faktiki ünvan isə məcburi olmayan məlumatdır, iddiaçı tərəfindən isə həmin tələblərə riayət edilmiş, faktiki ünvan barədə mötəbər sübut olmadığına görə qeyd edilməmişdir. Poçt ünvanı isə şəxsiyyət vəsiqəsinin nömrəsinə əsasən portalın özü tərəfindən müvafiq sistemdən (İAMAS) əldə edildiyindən, iddiaçı tərəfindən yazılması tələb edilmir və bunun üçün portalda müvafiq sahə də ayrılmamışdır. Elektron məhkəmə portalında yeni ərizə və sənədlər daxil edilən zaman doldurulmalı sahələrin doldurulmadığı təqdirdə, sənədin qeydiyyatı qeyri-mümkündür. Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin işlə birlikdə baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. (hakim Zülfüqar Sadiqov) Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən, ərizədə aşağıdakılar göstərilməlidir: ərizənin verildiyi məhkəmənin adı; işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları; iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; ərizəyə əlavə edilən sənədlərin siyahısı. Həmin Məcəllənin 150.0.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Şikayətdən və iş materiallarından müəyyən olunur ki, cavabdehin həm faktiki, həm də qeydiyyatda olduğu ünvan barədə iddiaçı məlumatlıdır. “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilmiş mövcud iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən isə görünür ki, ərizədə cavabdehin poçt ünvanı ümumiyyətlə qeyd edilməmiş, həmçinin cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat və iddia ərizəsinin cavabdehə çatdırılmasına dair sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-in 150.0.7-ci maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. İddiaçı şikayətində tərəflər arasında hazırki müqavilənin icrası ilə bağlı bütün mübahisələrin məsləhətləşmələr, danışıqlar yolu ilə aparılmalı olduğuna istinad etsə də, hazırkı mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınması qaydasına riayət olunması təqdim edilmiş sənədlərlə müəyyən edilmir. Azərbaycan Respublikası MPM-in 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-301/2020 saylı xx xxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 398.0.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-269, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı “İMA-Energy” Qapalı Səhmdar Cəmiyyətinin şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-301/2020 saylı xx xxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar