Məhkəmə qərarları › İş №2-2(105)-61/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-61/2025

22.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-61/2025 22.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdeh X3 Dış Ticaret Sanayi ve Anonim Şirketinə qarşı pul tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 11 aprel 2025-ci il tarixli, e-2- 2(119)-742/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X3 Dış Ticaret Sanayi ve Anonim Şirketinə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 11 aprel 2025-ci il tarixli e-2-2(119)-742/2025 nömrəli qərardadı ilə İddiaçı tərəfindən cavabdeh X3 Dış Ticaret Sanayi ve Anonim Şirketinə qarşı “pul tələbi” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması qərara alınmışdır (hakim Həlimə Alıyeva). İddiaçı həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı tərəfindən X3 Dış Ticaret Sanayi ve Anonim Şirketinə 200.340 (iki yüz min üç yüz qırx) ABŞ dolları məbləğində əsas borcun ödənilməsi tələbi ilə xx.xx.2025-ci il tarixdə pretenziya məktubu poçt vasitəsi ilə göndərilmişdir. Lakin buna baxmayaraq AZEMİS saytından görünür ki, xx.xx.2025-ci il tarixdə cavabdeh pretenziya məktubunu qəbul etməkdən imtina etmiş və borc ödənilməmişdir. Bundan sonra xx.xx.2025- ci il tarixdə cavabdeh X3 Dış Ticaret Sanayi ve Anonim Şirketinə qarşı “pul tələbi” barədə iddia ərizəsinin bir nüsxəsi poçt vasitəsi ilə qarşı tərəfə göndərilmişdir. Qarşı tərəf iddia ərizəsini də qəbul etməkdən imtina etmiş xx.xx.2025-ci il tarixdə məktub geri qayıtmışdır. Pretenziya məktubunun və iddia ərizəsinin cavabdehə göndərilməsini təsdiq edən poçt qəbzlərini izləyərək cavabdehin məktubu qəbul etməkdən imtina etdiyini görmək olar. Bundan başqa Kommersiya Məhkəməsi xarici hüquqi şəxs olan cavabdeh X3 Dış Ticaret Sanayi ve Anonim Şirketinin dövlət reyestrindən verilmiş çıxarış və ya səlahiyyətli dövlət orqanının verdiyi sənəd əsasında qeydiyyata alındığı ölkədə mövcud olmasını (ləğv olunmamasını) və fəaliyyət göstərdiyini təsdiq edən sənədin əlavə edilməsini tələb etmişdir. Həmin şirkətlə 01 may 2024-cü il tarixdə müqavilə bağlanmış, invoys əsasında mal göndərilmişdir. Həmin xarici hüquqi şəxs olan cavabdeh X3 Dış Ticaret Sanayi ve Anonim Şirketi mövcud olmasaydı göndərilən mallar gömrükdən keçməz və geri qaytarılardı. Bundan başqa xarici hüquqi şəxs olan cavabdeh X3 Dış Ticaret Sanayi ve Anonim Şirketinin dövlət reyestrindən verilmiş çıxarış və ya səlahiyyətli dövlət orqanının verdiyi sənəd əsasında qeydiyyata alındığı ölkədə mövcud olmasını (ləğv olunmamasını) və fəaliyyət göstərdiyini təsdiq edən sənədin onlar tərəfindən əldə olunması mümkünsüzdür. Sumqayıt Kommersiya Məhkəməsinin 25 aprel 2025-ci il tarixli, e-2-2(119)-742/2025 nömrəli qərardadı ilə İddiaçı Sumqayıt Kommersiya Məhkəməsinin 11 aprel 2025-ci il tarixli e-2-2(119)-742/2025 nömrəli qərardadından şikayətinin təmin edilməməsi və həmin qərardadın qüvvəsində saxlanılması, Sumqayıt Kommersiya Məhkəməsinin 11 aprel 2025ci il tarixli e-2-2(119)-742/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Həlimə Alıyeva). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddia ərizəsinin geri qaytarılması barədə qərardadını haqlı olaraq onunla əsaslandırmışdır ki, iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin cavabdeh tərəfindən alınmasını və eləcə də, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən müvafiq sənədlər iddiaçı tərəfindən hazırkı iddia ərizəsinə əlavə edilərək məhkəməyə təqdim olunmamışdır. İddiaçı tərəfindən qeyd olunan sənədlərin cavabdehə göndərilməsi ilə bağlı poçt göndərişləri iş materiallarına əlavə olunaraq məhkəməyə təqdim olunsa da, poçt göndərişlərinin izlənilməsi və poçt qəbzi ilə həmin sənədlərin cavabdehə çatdırılmadığı müəyyən olunmuşdur. Bundan başqa “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 dekabr 2023-cü il 15/2023 nömrəli Qərarının 1.6-cı bəndində qeyd olunur ki, Azərbaycan Respublikasının hüdudlarından kənarda yaradılmış hüquqi şəxsin xarici hüquqi şəxs olması nəzərə alınaraq (“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2ci maddəsi), həmin hüquqi şəxsin tərəf qismində iştirak etdiyi məhkəmə mübahisələrində məhkəmələr, müvafiq xarici ölkənin hüquqi şəxslərinin dövlət reyestrindən verilmiş çıxarış və ya səlahiyyətli dövlət orqanının verdiyi sənəd əsasında xarici hüquqi şəxsin qeydiyyata alındığı ölkədə mövcud olmasını (ləğv olunmamasını) və fəaliyyət göstərdiyini müəyyən etməlidirlər. Lakin iddiaçı tərəfindən hazırkı iddia ərizəsinə xarici hüquqi şəxs olan cavabdeh X3 Dış Ticaret Sanayi ve Anonim Şirketinin dövlət reyestrindən verilmiş çıxarış və ya səlahiyyətli dövlət orqanının verdiyi sənəd əsasında qeydiyyata alındığı ölkədə mövcud olmasını (ləğv olunmamasını) və fəaliyyət göstərdiyini təsdiq edən sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 150.1.4-cü maddəsinə əsasən, bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilməlidir. 150.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilməlidir. 150.2-ci maddəsinə əsasən, kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. 152.1.4-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmçinin müəyyən edilir ki, Corporation-Vvide Profil of Az Metal” Məhdud Məsuliyyətli Cəmiyyəti şikayətində iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin və pretenziya məktubunun poçt vasitəsilə X3 Dış Ticaret Sanayi ve Anonim Şirketinə göndərildiyini, lakin cavabdehin onları qəbul etməkdən imtina etdiyini göstərsə də, iddiaçının iddia ərizəsinə əlavə etdiyi poçt göndərişlərinin izlənilməsindən və poçt qəbzindən pretenziya məktubunun “ünvançı tapılmayıb” əsası ilə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin isə cavabdeh tərəfindən qəbul edilməməsi səbəbindən deyil, “digər” əsasla çatdırılmadığı müəyyən olunur. Kollegiya birinci instasniya məhkəməsinin mövqeyi ilə razılaşaraq şikayətin dəlillərinə münasibətdə qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən, həmçinin Ali Məhkəmənin Plenumunun yuxarıda sözügedən qərarında sərgilədiyi hüquqi mövqe ondan ibarətdir ki, cavabdeh X3 Dış Ticaret Sanayi ve Anonim Şirketinin dövlət reyestrindən verilmiş çıxarış və ya səlahiyyətli dövlət orqanının verdiyi sənəd əsasında qeydiyyata alındığı ölkədə mövcud olmasını (ləğv olunmamasını) və fəaliyyət göstərdiyini təsdiq edən məlumatlar iddiaçı tərəfindən əldə olunaraq iş materiallarına əlavə edilməlidir. Kollegiya qeyd edir ki, məhkəmə qanunvericiliyin tələblərindən kənara çıxa bilməz və iddiaçının şikayətində qeyd etdikləri formal dəlillərdən ibarət olub mövcud qərardadın ləğvi üçün əsas ola bilməz. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi mahiyyətcə düzgün qərardad çıxarmışdır. Ona görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 11 aprel 2025-ci il tarixli, e-2-2(119)-742/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar