Məhkəmə qərarları › İş №2-2(105)-62/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-62/2025

22.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-62/2025 22.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin (sədrlik edən və məruzəçi hakim), hakimlər Məmmədov Zahid Tahir oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətə qarşı “müqavilə üzrə öhdəliklərə xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 21 aprel 2025-ci il tarixli, e-2-2(119)-797/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətə qarşı “müqavilə üzrə öhdəliyə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 21 aprel 2025-ci il tarixli, e-2-2(119)-797/2025 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinin tələbinə əsasən iddiaçıya geri qaytarılmışdır. İddiaçı qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsi, iddia ərizəsinin icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 29 aprel 2025-ci il tarixli, e-2-2(119)- 797/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Şikayətdən görünür ki, apellyator Sumqayıt Kommersiya Məhkəməsinin 21 aprel 2025-ci il tarixli, e-2-2(119)-797/2025 nömrəli qərardadının tam ləğv olunmasını xahiş etmişdir. Qeyd olunanlarla bağlı kollegiya, birinci instansiya məhkəməsinin sözügedən qərardadının tam həcmdə yoxlanılmasını vacib hesab etmişdir. Sumqayıt Kommersiya Məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı Cavabdehn cavabdeh İddiaçı qarşı “müqavilə öhdəlikləri üzrə pul tələbi”nə dair Şirvan Kommersiya Məhkəməsinin 15 yanvar 2025-ci il tarixli, e-2-2(121)-253/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 03 aprel 2025-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, qətnamədən 2 ay müddətində kassasiya şikayəti verilməsinin mümkünlüyü nəzərdə tutulmaqla qətnamə qanuni qüvvəsini almadan İddiaçı tərəfindən Cavabdeh MMC-yə qarşı “ müqavilə üzrə öhdəliyə xitam verilməsi” tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edilmişdir. Halbuki, Mülki-Prosessual Məcəllənin 153.2.4-cü maddəsində iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtinanın əsaslarından biri kimi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olduqda iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunması təsbit edilmişdir. İddianın yolverilməzliyi dedikdə, iddia ərizəsinin mümkünlüyünü istisna edən elə halların mövcud olması başa düşülür ki, həmin halların aradan qaldırılması mümkün olmur və buna görə də iddia ərizəsi üzrə məhkəmə icraatının başlanması və həyata keçirilməsi istisna edilir. Məhz bu əlamətinə görə iddia ərizəsinin qəbulundan imtinanın əsasları onun qaytarıması əsaslarından fərqlənir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, № 4 nömrəli Qərarında göstərilir ki, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdə onun məcburilik və preyudisiallıq xüsusiyyətləri əmələ gəlir. Həmin qərarın 16.2-ci bəndinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsaslar üzrə yenidən irəli sürə bilməzlər, o cümlədən məhkəmə tərəfindən müəyyən edilmiş faktlarla və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Birinci instansiya məhkəməsinin qənaətinə görə Mülki Prosessual Məcəllənin 153cü maddəsində nəzərdə tutulan tələblərdən (qaydalardan) hər hansı birinin mövcud olması iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtinaya səbəb olması əsas gətirilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv araşdırıb və toplanmış sənədlərə məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 21 aprel 2025-ci il tarixli, e-2-2(119)-797/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Hazırda isə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə, məhz həmin qətnamə ilə öz həllini tapmış halları mübahisələndirir. Bununla bağlı kollegiya qeyd edir ki, bəhs olunan alqı-satqı müqavilələri üzrə yaranmış borc iddiaçı Cavabdeh MMC-nin tələb etmə hüququ əsasında İddiaçı tutulması tələbi işin mübahisəsiz halıdır və bununla bağlı yuxarıda sadalanmış və qəbul edilən qətnamələrdə öz təsdiqini tapmışdır. Sadalananları məcmulaşdıran məhkəmə tərkibi hesab edir ki, konkret halda iddiaçının Şirvan Apellyasiya Məhkəməsinin qətnaməsi qanuni qüvvəyə minmədən eyni tərəfə qarşı, eyni predmet barəsində və eyni əsaslarla iddia ərizəsi ilə məhkəməyə müraciəti Mülki-Prosessual Məcəllənin 153.2.4-cü maddəsində imperiativ qaydada təsbit olunduğundan Sumqayıt Kommersiya Məhkəməsinin hazırki iş üzrə mövqeyi qanunauyğun hesab edilməlidir. Beləliklə kollegiya belə nəticəyə gəlir ki, şikayətin dəlilləri əsassız olduğundan Sumqayıt Kommersiya Məhkəməsinin 21 aprel 2025-ci il tarixli, e-2-2(119)-797/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qanunvericilikdə bu qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3, 153.2.4, 263-264, 397-398, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 21 aprel 2025-ci il tarixli, e-2-2(119)-797/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar