Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-62/2022 23.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Sumqayıt Kommersiya Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli e-2-2(119)- 37/2022 nömrəli qətnaməsindən “apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsinə” dair cavabdeh "xxxx" Şirkətinin ərizəsinin təmin olunmaması barədə Sumqayıt Kommersiya Məhkəməsinin 15 aprel 2022-ci il tarixli e-2-2(119)-37/2022 nömrəli qərardadından cavabdeh "xxxx" Şirkəti tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, apellyasiya qaydasında yazılı icraatda baxaraq, müəyyən etdi: Sumqayıt Kommersiya Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli e-2-2(119)- 37/2022 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdeh “Tağıyev" Şirkətindən 1522 (min beş yüz iyirmi iki) manat məbləğində pul vəsaiti, mediasiya ilə əlaqədar ödənilmiş 50 (əlli) manat məbləğində xidmət haqqı və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 35,22 (otuz beş manat 22 qəpik) manat olmaqla, cəmi 1607,22 (min altı yüz yeddi manat 22 qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması qət olunmuşdur. Cavabdeh “Tağıyev" Şirkəti 10 mart 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə həmin qətnamədən apellyasiya şikayəti və “Sumqayıt Kommersiya Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli e-2-2(119)-37/2022 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Kommersiya Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli e-2-2(119)-37/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin üzürlü hesab edilərək bərpa edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" Şirkəti Sumqayıt Kommersiya Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli e-2-2(119)37/2022 nömrəli qətnaməsini elektron kabinetdə problem yarandığıdan və Şirkətin direktoru Qanuni nümayəndə1 COVİD-19 virusuna yoluxduğundan 07 mart 2022-ci ildə görmüşdür. Sumqayıt Kommersiya Məhkəməsinin 15 aprel 2022-ci il tarixli e-2-2(119)-37/2022 nömrəli qərardadı ilə cavabdeh "xxxx" Şirkətinin “Sumqayıt Kommersiya Məhkəməsinin 10 yanvar 2022ci il tarixli e-2-2(119)-37/2022 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi” barədə ərizəsi təmin edilməmişdir. Cavabdeh "xxxx" Şirkəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Sumqayıt Kommersiya Məhkəməsinin 15 aprel 2022-ci il tarixli e-2-2(119)-37/2022 nömrəli qərardadından şikayət verərək, həmin qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Sumqayıt Kommersiya Məhkəməsinin 10.01.2022-ci il e-2-2(119)-37/2022 saylı qətnaməsini elektron kabinetdə problem yarandığından və Covid 19 virusuna yoluxduğundan 07.03.2022-ci ildə görmək mümkün olmuşdur. Prosessual müddətin buraxılmasının səbəbi üzrlüdür və buna görə də məhkəmədən MPM-nin 133.1-ci maddəsinə müvafiq olaraq Sumqayıt Kommersiya Məhkəməsinin 10.01.2022-ci il e-2-2(119)-37/2022 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinin 1 aylıq müddətinin "xxxx" Şirkəti tərəfindən buraxılmasının üzürlü hesab edilməsi və buraxılmış prosessual müddətin bərpa edilməsi xahiş edilmişdir. Lakin, çox təəssüf ki, məhkəmə qanunsuz və əsassız olaraq 15.04.2022-ci il, e-2-2(119)-37/2022 saylı qərardadı ilə cavabdeh tərəfindən verilmiş ərizənin təmin edilməməsini qərara almışdır. Halbuki, cavabdeh tərəfindən verilmiş ərizədə üzrlü səbəblərin nədən ibarət olduğu açıq-aydın qeyd olunmuşdur. Sumqayıt Kommersiya Məhkəməsinin 27 aprel 2022-ci il tarixli e-2-2(119)-37/2022 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi və iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. (hakim Zülfüqar Sadiqov) Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını və şikayəti araşdıraraq hesab edir ki, cavabdeh "xxxx" Şirkətinin şikayəti təmin edilməli, Sumqayıt Kommersiya Məhkəməsinin 15 aprel 2022-ci il tarixli e-2-2(119)-37/2022 nömrəli qərardadı və şikayətin təmin edilməyib baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə məhkəmənin 27 aprel 2022-ci il tarixli e-2-2(119)-37/2022 nömrəli qərardadı ləğv edilməli, cavabdeh "xxxx" Şirkətinin ərizəsi təmin edilməli, Sumqayıt Kommersiya Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli e-2-2(119)-37/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin cavabdeh "xxxx" Şirkəti tərəfindən buraxılması üzürlü sayılaraq prosessual müddət bərpa edilməlidir. İş materiallarından görünür ki, Sumqayıt Kommersiya Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli e-2-2(119)-37/2022 nömrəli qətnaməsi 19 yanvar 2022-ci il tarixdə cavabdeh “Tağıyev" Şirkətinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış kabinetinə yerləşdirilmiş, cavabdeh tərəfindən isə 10 mart 2022-ci il tarixdə apellyasiya şikayəti verilmişdir. Kollegiya qeyd edir ki, hazırkı iş üzrə müddətin bərpa edilməməsi işin halları nəzərə alınmaqla cavabdeh “Tağıyev" Şirkətinin Azərbaycan Respublikasının Konstitutsiyasının 60-cı maddəsi və Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsi ilə təminat verilən məhkəmə müdafiəsi hüququnun pozulması, məhkəmə əlçatanlığının formal əsaslarla məhdudlaşdırılması ilə nəticələnə bilər. Avropa İnsan Hüquqları Məhkəməsi “Sovtransavto Holdinq”in Ukraynaya qarşı şikayəti üzrə 26.04.2002-ci il tarixli qərarında şikayətin qanunda nəzərdə tutulmuş müəyyən formallıqlara riayət edilmədiyinə görə qəbul edilməsindən imtina olunmasını “artıq formalizm” kimi qiymətləndirmişdir. Həmin qərarda qeyd edilmişdir ki, şikayətin qanunda nəzərdə tutulmuş müəyyən formallıqlara riayət edilmədiyinə görə qəbul edilməsindən imtina olunması ərizəçinin daxili müdafiə vasitələrini tükətməyə xidmət edir, Qanunda nəzərdə tutulmuş müəyyən formallıqlar avtomatik tətbiq olunmamalı, mütləq xarakter daşımamalıdır və hər bir konkret işdə onun halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 71-cı maddəsinin İİ bəndinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 398-ci maddəsinə əsasən аpellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək, qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 395- 396, 397.2, 398-400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara alır: Cavabdeh "xxxx" Şirkətinin şikayəti təmin edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin 15 aprel 2022-ci il tarixli e-2-2(119)-37/2022 nömrəli qərardadı və şikayətin təmin edilməyib baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə məhkəmənin 27 aprel 2022-ci il tarixli e-2-2(119)- 37/2022 nömrəli qərardadı ləğv edilsin. Cavabdeh "xxxx" Şirkətinin ərizəsi təmin edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli e-2-2(119)- 37/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin cavabdeh "xxxx" Şirkəti tərəfindən buraxılması üzürlü sayılaraq prosessual müddət bərpa edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(105)-62/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-62/2022
23.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver