Məhkəmə qərarları › İş №2-2(105)-63/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-63/2022

27.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-63/2022 27.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair Sumqayıt Kommersiya Məhkəməsinin 22 aprel 2022-ci il tarixli, e-2-2(119)-515/2022 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmış və məhkəmənin 22 aprel 2022-ci il tarixli e-2-2(119)-515/2022 nömrəli qərardadı ilə (hakim Xəqani Tağıyev) iddia ərizəsinin cavabdeh tərəfindən alınmasını və mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması qaydasına riayət edildiyini təsdiq edən hər hansı sübut əlavə edilmədiyi və eləcə də, iddia ərizəsinin Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına riayət olunmadığı üçün iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmışdır. İddiaçı MMC Sumqayıt Kommersiya Məhkəməsinin 22 aprel 2022-ci il tarixli e-2- 2(119)-515/2022 nömrəli qərardadı ilə razılaşmayaraq, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə həmin qərardaddan şikayət vermiş və həmin şikayət - cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması ilə bağlı iş materiallarına xəbərdarlıq məktubu əlavə edilsə də, məhkəmənin qərarında həmin xəbərnamələrin sübut kimi qəbul olunmaması, İddiaçı MMC tərəfindən cavabdehin rəsmi qeydiyyatda olduğu ünvana xəbərdarlıq-pretenziya məktubunun göndərilməsi və hər iki məktubun cavabdehin qəbul etməsi, göndərilmiş iddia ərizəsini isə cavabdehin qəbul etməkdən imtina etməsi ilə əsaslandırılmışdır. Sumqayıt Kommersiya Məhkəməsinin 06 may 2022-ci il tarixli e-2-2(119)-515/2022 nömrəli qərardadı ilə (hakim Sadıqov Zülfüqar) İddiaçı Sumqayıt Kommersiya Məhkəməsinin 22 aprel 2022-ci il tarixli e-2-2(119)-515/2022 nömrəli qərardadından verdiyi şikayətin təmin edilməməsi və həmin qərardadın qüvvəsində saxlanılması, Sumqayıt Kommersiya Məhkəməsinin 22 aprel 2022-ci il tarixli e-2-2(119)-515/2022 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.4-cü maddəsinə görə, bu məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 150.1.6-cı maddəsinə əsasən, iddia ərizəsinə müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq) əlavə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.2-ci maddəsinə görə kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron Məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron Məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Yuxarıda göstərilənlərlə əlaqədar birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, hazırkı iddia ərizəsinə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsini və iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması ilə bağlı təsdiqləyən poçt qəbzləri əlavə edilsə də, pretenziya məktubu və iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavadehə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.2-ci maddəsində nəzərdə tutulan qaydada çatdırılmamışdır. Buna görə də, qeyd olunan poçt qəbzləri həmin sənədlərin cavabdehə çatdırılması barədə sübut kimi qəbul oluna bilməz. Azərbaycan Respublikası MPM-in 152.1.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Mülki Prosessual Məcəllənin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinə əsasən ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); həmçinin ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. İddiaçı MMC-nin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə göndərilmiş hazırkı iddia ərizəsində iddiaçı və cavabdehin ünvanları qeyd olunmamış, ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməmişdir. Bu isə iddia ərizəsinin Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına riayət olunmaması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, birinci instansiya məhkəməsi haqlı olaraq qərara gəlmişdir ki, İddiaçı iddia ərizəsinin cavabdeh tərəfindən alınmasını və mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması qaydasına riayət edildiyini təsdiq edən hər hansı sübut əlavə edilmədiyi; iddia ərizəsinin Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına riayət olunmadığı üçün iddia ərizəsinin geri qaytarılmalı və iddiaçıya Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinin tələbləri izah olunmalı qərarına gəlmişdir. Ona görə də, Sumqayıt Kommersiya Məhkəməsinin 22 aprel 2022-ci il tarixli, e-2- 2(119)-515/2022 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 398-ci maddəsinə əsasən аpellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək, qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 397.2, 398.0.1, 400-cü və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 22 aprel 2022-ci il tarixli, e-2-2(119)-515/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar