Məhkəmə qərarları › İş №2-2(105)-66/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-66/2023

10.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-66/2023 10.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və X1 ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)- 43/2023 nömrəli, 10 fevral 2023-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı 11 oktyabr 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11 noyabr 2020-ci il tarixli P0001/2020 nömrəli Alqı-satqı müqaviləsi əsasında yaranmış 137088,20 (yüz otuz yeddi min səksən səkkkiz manat 20 qəpik) manat (ƏDV daxil) əsas borc və hesablanmış 1000 (min) manat dəbbə pulu olmaqla, cəmi 138088,20 (yüz otuz səkkiz min səksən səkkkiz manat 20 qəpik) manat məbləğində pul vəsaitinin Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 11 noyabr 2020-ci il tarixində satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh MMC arasında P0001/2020 nömrəli “Alqı-satqı” müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən İddiaçı MMC, yəni Satıcı bu müqaviləyə əlavə edilmiş və onun ayrılmaz tərkib hissəsi sayılan “Qiymət razılaşma” protokolunda göstərilən Malları Cavabdeh MMC-yə, yəni Alıcıya sataraq onun mülkiyyətinə verməyi, Alıcı isə həmin malları qəbul edərək, müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini Satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müvafiq müqavilənin “Ödəniş şərtləri” başlıqlı 6-cı bəndinə əsasən Alıcı bu müqavilə üzrə satılan mallara görə Satıcıya Müqaviləyə əlavə edilmiş X2 uyğun olaraq və qaimə-faktura ilə nəzərdə tutulmuş malların 100% dəyərinin ödənilməsini təmin etməyi öhdəsinə götürmüşdür. Həmin bəndin 2-ci hissəsində göstərilir ki, Qiymətlərin razılaşma protokolunda müəyyənləşdirilmiş məbləğ “Alıcı” tərəfindən bu müqavilənin şərtlərinə uyğun olaraq birdəfəlik olaraq qabaqcadan nağdsız bank köçürməsi şəkildə “Satıcı”ya ödəməlidir. Bu bənddə göstərilmiş qaydada malların tam dəyəri ödənilmədikdə, “Satıcı” onun ödənilməsini “Alıcı”dan tələb etməyə haqlıdır. 11 noyabr 2020-ci il tarixli P0001/2020 nömrəli müqavilə əsasında baş tutmuş alqı-satqı proseslərini təsdiq edən elektron-qaimələr əsasında elektron-qaimələrdə əks olunmuş cəmi 149742,32 (yüz qırx doqquz min yeddi yüz qırx iki manat 32 qəpik) manat dəyərində mallar Satıcı tərəfindən Alıcının mülkiyyətinə verilməsinə baxmayaraq, alıcı Cavabdeh MMC cəmi 12654,12 manat (10723,83 manat əsas məbləğ + 1930,29 manat ƏDV) ödəniş etmiş olsa da, ƏDV daxil cəmi 137088,20 (yüz otuz yeddi min səksən səkkkiz manat 20 qəpik) manat məbləğində malın dəyərini, tərəflərin müqavilə üzrə razılaşdırdıqları, eləcə də, Alıcının üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq satıcı İddiaçı MMC-yə ödəməmişdir. Mübahisələrin həlli ilə bağlı müddəaları nəzərdə tutan Müqavilənin 7-ci bəndinin “Tərəflər müqavilə ilə bağlı meydana gələn bütün mübahisələri və fikir ayrılıqlarını mümkün olduğu təqdirdə danışıqlar yolu ilə həll edirlər” tələbinə əsasən müqavilənin ödənişlə bağlı hissəsinin icra edilməməsinə görə dəfələrlə danışıqlar aparılmasına və pretenziya məktubu göndərilməsinə baxmayaraq, yuxarıda qeyd edilən ümumilikdə ƏDV daxil cəmi 137088,20 manat məbləğində əsas borcun ödənilməsi barədə cavabdeh tərəfindən heç bir tədbir görülməmişdir. Alıcı Cavabdeh MMC P0001/2020 nömrəli “alqı-satqı” müqaviləsi üzrə ödəniş öhdəliklərini yerinə yetirməməklə Mülki Məcəllənin tələblərini kobud şəkildə pozmuşdur. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən ödənişlər yerinə yetirilməmiş və məhkəməyə müraciət olunmamışdan əvvəl bu mübahisə ilə əlaqədar mediasiya prosesinin təşkil olunmasına baxmayaraq, mediasiya vasitəsi ilə də mübahisənin həll edilməsi mümkün olmamışdır. Ödənişi vaxtında etmədiyinə görə həm mövcud qanunvericiliyin, həm də tərəflərin razılaşdıqları şərtləri özündə əks etdirən Müqavilənin dəbbə pulu ilə əlaqəli olan 9.4-cü bəndi nəzərə alınmaqla, 1000 (min) manat dəbbə pulu da Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ödənilməlidir. Tərəflər müqavilənin 7.2-ci bəndində bu müqavilə ilə bağlı meydana gələn bütün mübahisələri danışıqlar yolu ilə həll edə bilmədikdə, mübahisələrin Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əsasən Azərbaycan Respublikasının müvafiq məhkəmələrində həll edilməsini razılaşdırmışlar. Birinci instansiya məhkəməsində Cavabdeh nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etdiyini və iddia tələbində tələb olunan 137088,20 manat məbləğində əsas borcun və 1000 manat məbləğində dəbbə pulunun Cavabdehndən İddiaçı xeyrinə tutulmasına etiraz etmədiyini, tərəflər arasında bağlanmış 11 noyabr 2020-ci il tarixli “Alqısatqı” müqaviləsi əsasında yaranmış 137088,20 manat məbləğində borcun ödənilməsinin cavabdeh MMC-nin hesabında pul olmaması səbəbindən gecikdirildiyini və hesaba pul daxil olan kimi borcun ödəniləcəyini bildirmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 10 fevral 2023-cü il tarixli, e-2-2(119)- 43/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdehndən 137088,2 (yüz otuz yeddi min səksən səkkiz manat 20 qəpik) manat məbləğində əsas borc, 1000 (min) manat məbləğində dəbbə pulu və 130 (yüz otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 138218,2 (yüz otuz səkkiz min iki yüz on səkkiz manat 20 qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması, Cavabdehndən dövlət rüsumunun qalığı kimi 298,09 (iki yüz doxsan səkkiz manat 09 qəpik) manat məbləğində pul vəsaitinin dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. (hakim Zülfüqar Sadiqov) Qətnamədən cavabdeh "Prestij-Kimya” Məhdud Məsuliyyətli Cəmiyyəti apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh-alıcı Cavabdeh İddiaçınə 137088,20 (yüz otuz yeddi min səksən səkkiz manat 20 qəpik) manat məbləğində ödənilməmiş əsas borcu qalmışdır. Qeyd edilən borc məbləğinin ödənilməməsinə əsas cavabdeh MMC-nin maliyyə vəziyyətində yaranmış çətinliklər olmuş və müqavilənin tələbindən irəli gələrək iddiaçı tərəf həmin borcun ödənilməsinə möhlət verməyə danışıqlar zamanı razılaşmışdır. Belə ki, cavabdeh tərəfin ödəmə ilə bağlı maliyyə çətinliklərinin yaranmasına dair iddiaçı tərəfə məlumat verilmiş, hər iki tərəf arasında danışıqlar aparılmış və məbləğin ödənilməsi ilə bağlı şifahi razılığa gəlinmişdir. Tərəflər arasında bağlanmış 11 noyabr 2020-ci il tarixli P0001/2020 nömrəli Alqı-satqı Müqaviləsinin 9.2-ci bəndinə əsasən, tərəflər iradəsindən asılı olmayan qüvvənin təsiri nəticəsində müqavilə üzrə üzərlərinə düşən öhdəliklərdən tamamilə və ya qismən azad olurlar. Qeyd edilənlərə əsasən, cavabdeh tərəf məsuliyyətdən azad olunmalı və bu səbəbdən iddia əsaslı hesab edilməməlidir. Məhkəmə tərəfindən cavabdehin üzərinə düşən öhdəliyin icra olunmamasının əsasları araşdırılmamış, cavabdehin ödəmə qabiliyyətində yaranan çətinliyin üzürlü hal olması nəzərə alınmamış, tərəflər arasında bağlanmış müqavilənin 9.2-ci bəndi nəzərə alınmamışdır. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan satıcı İddiaçı (VÖEN **********) ilə alıcı Cavabdeh (VÖEN **********) arasında bağlanmış 11 noyabr 2020-ci il tarixli P0001/2020 nömrəli Alqı-satqı Müqaviləsinin şərtlərinə görə, "Satıcı” bu Müqaviləyə əlavə edilmiş Qiymətlərin razılaşma protokolunda göstərilən malları (bundan sonra "Mal”) "Alıcı"ya satmağı («Alıcı»nın mülkiyyətinə verməyi) "Alıcı" isə həmin Malı qəbul etməyi və Müqavilə ilə razılaşdırılmış qaydada Malın dəyərini "Satıcı”ya tam və vaxtında ödəməyi öz öhdəsinə götürür (1-ci bənd). Həmin Müqavilənin 4.1-ci bəndinə əsasən, “Satıcı” Müqaviləyə uyğun olaraq “Alıcı” tərəfindən ilkin ödəniş həyata keçirildikdən sonra 3 (üç) iş günü ərzində Malı “Alıcı’ya təhvil verməyi öhdəsinə götürür. Həmin Müqavilənin 6.1-ci bəndinə əsasən, bu Müqavilə üzrə satılan mallara görə «Alıcı» «Satıcı”ya Müqaviləyə əlavə edilmiş X2 uyğun olaraq və qaimə-faktura ilə nəzərdə tutulmuş malların 100% dəyərinin ödənilməsini təmin etməlidir. Həmin Müqavilənin 9.4-cü bəndinə əsasən, malın məbləğinin vaxtında ödənilməməsi təqdirdə "Alıcı” "Satıcı"ya gecikdirilən hər təqvim günü üçün borc məbləğinin 0,1%-i miqdarında (lakin Malın dəyərinin 10%- dən artıq olmamaq şərtilə) cərimə ödəməlidir. İş materialları ilə müəyyən olunur ki, 11 noyabr 2020-ci il tarixli P0001/2020 nömrəli Alqı-satqı Müqaviləsi əsasında satıcı "xxxx" MMC tərəfindən alıcı "xxxx" MMC-yə 30 aprel 2021-ci il tarixli EBBB 031817 nömrəli Elektron Qaimə üzrə ƏDV daxil cəmi 12654,1 manat dəyərində, 10 iyun 2021-ci il tarixli EBBD 117029 nömrəli Elektron Qaimə üzrə ƏDV daxil cəmi 17079,17 manat dəyərində, 24 iyun 2021-ci il tarixli EBBD 762434 nömrəli Elektron Qaimə üzrə ƏDV daxil cəmi 5403,24 manat dəyərində, 17 avqust 2021-ci il tarixli EBBG 551276 nömrəli Elektron Qaimə üzrə ƏDV daxil cəmi 5655,54 manat dəyərində, 20 sentyabr 2021-ci il tarixli EBBJ 431598 nömrəli Elektron Qaimə üzrə ƏDV daxil cəmi 5117,65 manat dəyərində, 22 sentyabr 2021-ci il tarixli EBBJ 560453 nömrəli Elektron Qaimə üzrə ƏDV daxil cəmi 1076,02 manat dəyərində, 30 sentyabr 2021ci il tarixli EBBK 023928 nömrəli Elektron Qaimə üzrə ƏDV daxil cəmi 9014,73 manat dəyərində, 15 oktyabr 2021-ci il tarixli EBBK 823015 nömrəli Elektron Qaimə üzrə ƏDV daxil cəmi 3740,11 manat dəyərində, 29 oktyabr 2021-ci il tarixli EBBL 559498 nömrəli Elektron Qaimə üzrə ƏDV daxil cəmi 4550,22 manat dəyərində, 29 noyabr 2021-ci il tarixli EBBN 154991 nömrəli Elektron Qaimə üzrə ƏDV daxil cəmi 46743,13 manat dəyərində, 01 dekabr 2021-ci il tarixli EBBN 366217 nömrəli Elektron Qaimə üzrə ƏDV daxil cəmi 6677,64 manat dəyərində, 06 dekabr 2021-ci il tarixli EBBN 632363 nömrəli Elektron Qaimə üzrə ƏDV daxil cəmi 7347,52 manat dəyərində, 06 dekabr 2021-ci il tarixli EBBN 632740 nömrəli Elektron Qaimə üzrə ƏDV daxil cəmi 6424,46 manat dəyərində, 17 yanvar 2022-ci il tarixli EBBO 805528 nömrəli Elektron Qaimə üzrə ƏDV daxil cəmi 17327,06 manat dəyərində və 10 mart 2022-ci il tarixli EBBS 684882 nömrəli Elektron Qaimə üzrə ƏDV daxil cəmi 931,73 manat dəyərində olmaqla, ümumilikdə ƏDV daxil cəmi 149742,32 (yüz qırx doqquz min yeddi yüz qırx iki manat 32 qəpik) manat dəyərində müxtəlif məhsulların satılması ilə əlaqədar yuxarıda qeyd olunan elektron qaimələr təqdim olunmuşdur. İş materiallarında olan 19 sentyabr 2022-ci il tarixli Maliyyə Arayışı ilə müəyyən olunur ki, 11 noyabr 2020-ci il tarixli P0001/2020 nömrəli Alqı-satqı Müqaviləsinə əsasən ümumilikdə satılmış 149742,32 (yüz qırx doqquz min yeddi yüz qırx iki manat 32 qəpik) manat məbləğində (ƏDV daxil) borcdan 12654,12 (on iki min altı yüz əlli dörd manat 12 qəpik) manat məbləğində ödəniş edilmişdir. Ona görə də, alıcı Cavabdeh 19 sentyabr 2022-ci il tarixinə satıcı İddiaçınə 137088,20 (yüz otuz yeddi min səksən səkkiz manat 20 qəpik) manat məbləğində ödənilməmiş əsas borcu vardır. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və hesab etmişdir ki, 11 noyabr 2020-ci il tarixli P0001/2020 nömrəli Alqı-satqı Müqaviləsi üzrə alınmış mallara görə 137088,20 (yüz otuz yeddi min səksən səkkiz manat 20 qəpik) manat məbləğində əsas borc alıcı Cavabdeh tərəfindən satıcı İddiaçınə ödənilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Cavabdehin apellyasiya şikayətinin yeganə dəlili ondan ibarətdir ki, tərəflər arasında bağlanmış 11 noyabr 2020-ci il tarixli P0001/2020 nömrəli Alqı-satqı Müqaviləsinin 9.2-ci bəndinə əsasən, tərəflər iradəsindən asılı olmayan qüvvənin təsiri nəticəsində müqavilə üzrə üzərlərinə düşən öhdəliklərdən tamamilə və ya qismən azad olurlar. Məhkəmə kollegiyası cavabdehin dəlilini əsassız hesab edir. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. "xxxx" MMC-nin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2018-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, “...tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.” Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Beləliklə, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. NƏTİCƏ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh "Prestij-Kimya” Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-43/2023 nömrəli, 10 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən təqdim olunduğu gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar