Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-66/2025 25.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası – hakimlər X1 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, Maraqlı şəxs iştirakı ilə, ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə” ərizəsinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2- 2(119)-557/2025 nömrəli qətnaməsindən ərizəçi Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)-557/2025 nömrəli qətnaməsi ilə ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı verilmiş "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə” ərizəsinin təmin edilməməsi qət edilmişdir (hakim Fərman Həmidli). Həmin qətnamədən ərizəçi DVX-nin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə” ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) 17 yanvar 2025-ci il tarixinə hesablanmış dövlət büdcəsinə olan 10.166,22 manat məbləğində vergi borcunun, İcbari Tibbi Sığorta Fonduna 102,57 manat məbləğində borcunun, eyni zamanda hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi Maraqlı şəxs (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna olan 45,83 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri və vergi ödəyicisi - 02 iyun 1986-ci il təvəllüdlü Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırlması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsi iş üzrə yuxarıda qeyd olunan qətnaməni qəbul etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən ərizəçi DVX-nin 2 saylı Ərazi Vergilər Baş İdarəsi apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və vergi orqanının ərizəsinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iş üzrə müvafiq qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, işi tam araşdırmamış, təqdim edilmiş sübutlara hüquq normalarına uyğun qiymət verməmişdir. Belə ki, vergi ödəyicisi Maraqlı şəxs ona hesablanmış borcu ödəmişdir. İş üzrə Maraqlı şəxs rəhbəri olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti isə X3 üzrə borcunu ödəsə də, lakin MMC-nin dövlət büdcəsinə borc öhdəliyi tam yerinə yetirilməmiş, hazırda dövlət büdcəsinə 6426,51 manat borcu ödənilməmiş qalmışdır. Məhkəmənin təsdiqini tapmayan borc hesab etdiyi 6426,51 manat məbləğinə münasibətdə bildirilir ki, vergi ödəyicisi onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə məhkəməyə verildikdən sonra öz məqsədinə çatmaq üçün təsdiqləmə barədə vergi orqanına müraciət etmişdir. Halbuki, iş üzrə Maraqlı şəxs barəsində ərizə məhkəməyə verilənə qədər ərizədə qeyd edilən borc öhdəlikləri üzrə ona pretenziya qaydasında borc bildirişi və xəbərdarlıq göndərilmişdir. Göründüyü kimi, Maraqlı şəxs məhkəməyə qədər borc məsələsini inzibati icraat qaydasında və ya məhkəmə qaydasında mübahisləndirə bilərdi... Məhkəmə qərar qəbul edərkən prosessual qanunvericiliyin normalarını da pozmuşdur, belə ki, Mülki-Prosessual Məcəllənin tələbləri baxımdan bu xüsusda icraat işləri xüsusi icraat qaydasında baxılan işlərdir. Bu cür işlərdə konkret hallar aydınlaşdırılır və 10 gün ərzində qətnamə qəbul edilir. Qanuna müvafiq olaraq məhkəməyə təqdim edilmiş ərizəyə konkret aiddiyyəti sənədlər (borc bildirişi, pretenziya, maliyyə cədvəli və s.) əlavə edilmiş və vergi ödəyicisinin real olan borc öhdəliyi əks edilmişdir. Lakin, məhkəmə işə baxılma müddətini kifayət qədər ötürmüş, borc öhdəliyinin təsdiqlənib-təsdiqlənmədiyini gözləmiş və yekunda vergi ödəyicisinin xeyrinə qərar qəbul etmişdir… Bir daha qeyd edilir ki, Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq, vergi ödəyicinin hər hansı borc öhdəliyi yaranan zaman ilk olaraq vergi ödəyicisinə borc məbləğinin ödənilməsinə dair bildiriş göndərilir. Daha sonra bank hesablarına sərəncamlar göndərilir, həmçinin xəbərdarlıq göndərilir, borc öhdəliyi yerinə yetirilmədiyi halda gələcəkdə hansı tədbirlərin görüləcəyi (o cümlədən ölkədən getmək hüququnun məhdudlaşdırılması) barədə vergi ödəyicinə məlumat verilir. Yəni vergi ödəyicisi bütün bunlardan məhkəməyədək məlumatlı olmuşdur. Vergi ödəyicisi borcundan narazı olduğu halda həmin borcu inzibati icraat və ya inzibati məhkəmə icraatı qaydasında mübahisləndirə billərdi. Vergi ödəyicisinin mübahisələndirdiyi vergi borcu bu borcun düzgün hesablanmaması müəyyən edilməyənə qədər onun şəxsi hesab vərəqəsində borc kimi əks olunur və həmin borcu ödəmək vəzifəsi daşıyır… Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin olunması, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025ci il tarixli, e-2-2(119)-557/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və "xxxx" MMC-nin rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə vergi orqanının ərizəsinin təmin edilməsinə dair yeni qətnamə qəbul olunması xahiş edilir. Apellyasiya baxışı iclasında iştirak edən Maraqlı şəxs apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Hazırki məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış ərizəçi DVX-nin 2 saylı Ərazi Vergilər Baş İdarəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən ərizəçinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş ərizəçinin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmiş, eyni zamanda, maraqlı şəxsin şəxsi hesab vərəqəsindəki mübahisələndirilən məbləğin vergi borcuna aid olub-olmaması məsələsinin əlavə araşdırılacağını bildirmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)-557/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələb və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Habelə, MPM-in 305.1.12-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işə baxır. Həmin Məcəllənin 355-5.1-ci maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-7.3-cü maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Birinci instansiya məhkəməsi ərizənin təmin edilməməsi ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, "xxxx" MMC-nin şəxsi hesab vərəqəsində 18 fevral 2025-ci il tarixinə əksini tapan 2029,96 manat məbləğində pul vəsaiti borc olmayıb “azalma” məbləği kimi qeyd edilmişdir. Həmçinin məhkəmə proseslərinin gedişi dövründə maraqlı şəxs tərəfindən dövlət büdcəsinə olan borc üzrə 2200 manat məbləğində ödəniş həyata keçirilmişdir. Şəxsi hesab vərəqəsinin sonunda 6426,51 manat məbləğin “təsdiqlənməmiş azalmalar” (digər şəxsi vərəqədə “kameral yoxlanılmalı məbləğ”) olduğu qeyd edilmişdir. Məhkəmə hesab edir ki, 6426,51 manat məbləğində borcun mövcudluğu təsdiqlənmədiyindən (və ya borcun mövcudluğu müvafiq vergi orqanı tərəfindən aparılan yoxlamanın nəticəsindən asılı olduğundan), hazırda həmin məbləği maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına əsas verən borc kimi qiymətləndirmək düzgün olmaz. Bundan əlavə, məhkəməyə təqdim edilmiş ərizədə "xxxx" MMC-nin 17 yanvar 2025-ci il tarixinə İcbari Tibbi Sığorta Fonduna 102,57 manat məbləğində borcu olması qeyd edilmişdir. Müəssisənin şəxsi hesab vərəqəsindən göründüyü kimi, 21 fevral 2025-ci il tarixində 239 manat və 04 mart 2025-ci il tarixində 7,60 manat məbləğində olmaqla, cəmi 246,60 manat məbləğində pul ödənilmişdir. Bununla, müəssisənin İcbari Tibbi Sığorta Fonduna olan borcu tam şəkildə ödənilmişdir. Habelə, ərizədə vergi ödəyicisi kimi Maraqlı şəxs özünün Dövlət Sosial Müdafiə Fonduna 45,83 manat məbləğində borcunun olması qeyd edilmişdir. Maraqlı şəxs şəxsi hesab vərəqəsindən görünür ki, 04 mart 2025-ci il tarixində 45 manat və 16,66 manat məbləğində olmaqla, cəmi 61,66 manat məbləğində pul ödənilmişdir. Bununla Maraqlı şəxs Dövlət Sosial Müdafiə Fonduna olan borcu tam şəkildə ödənilmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı ərizə üzrə maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması - mütənasib və tətbiq edilməsi zəruri olan tədbir hesab edilə bilməz. Yəni hazırkı ərizədə qeyd olunan icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqları üzrə borc artıq mövcud olmadığından, həmçinin "xxxx" MMCnin vergi üzrə hesablanmış borc məbləğinin 6426,51 manatlıq hissəsinin mövcud olması təsdiqləmədiyindən (və ya mövcudluğu müvafiq yoxlamanın nəticəsindən asılı olduğundan) həmin vergi ödəyicisinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı verilmiş "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə” ərizə təmin edilməməlidir. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən "xxxx" MMC-nin şəxsi hesab vərəqəsində göstərilən 6426,51 manat məbləğin statusuna aydınlıq gətirilməsi 2 saylı Ərazi Vergilər Baş İdarəsinə təklif olunmuşdur. 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-2-9/2-X-1xx-xx/2025 nömrəli məktubunda bildirilir ki, "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixə uyğunsuzluq aşkar edilmiş və kameral qaydada vergi hesablanmış bəyannaməsi müəyyən edilməmişdir. Beləliklə, "xxxx" MMC-nin şəxsi hesab vərəqəsi üzrə hazırda vergi borcunun olmadığı müəyyən edilmişdir. MMC-nin xx.xx.2025-ci il tarixə olan şəxsi hesab vərəqəsində mübahisələndirilən 6426,51 manat yenə də kameral yoxlanılmalı məbləğ kimi göstərilmişdir. Eyni zamanda həmin məbləğin 24,09 manatı saldo, yəni artıq ödəmə kimi müəyyən olunmuşdur. Qalan 6402,42 manat məbləğ isə vergi orqanının kameral qaydada yoxlamağı nəzərdə tutduğu vəsaitdir, yəni bu vəsaitlə bağlı vergi orqanının hazırda hər hansı qərarı yoxdur. Göründüyü kimi, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Məhkəmənin qətnaməsi qanuni və əsaslıdır. Ərizəçinin apellyasiya şikayətinin təmin edilməsinə isə əsas yoxdur. Ona görə də məhkəmə kollegiyası hesab edir gəlir ki, ərizəçinin apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e- 2-2(119)-557/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384,385, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)- 557/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində tələbləri təmin olunmayan şəxslər tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(105)-66/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-66/2025
25.06.2025 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver