Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-68/2025 23.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə3, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun tutulması tələbinə dair” kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)-330/2025 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)-330/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdehndən 5450,43 manat məbləğində borc və 74,50 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 5524,93 manat (beş min beş yüz iyirmi dörd manat, doxsan üç qəpik) məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması qət edilmişdir (hakim Fərman Həmidli). Qətnamədən Cavabdeh MMC tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı Cavabdehnə qarşı “borcun tutulması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış 08 yanvar 2023-cü il tarixli 15 nömrəli müqavilə üzrə cavabdehdən 5450,43 manat məbləğində borcun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında karton məhsullarının (qutuların) alqı-satqısına dair 08 yanvar 2023-cü il tarixli 15 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilə üzrə 16 yanvar 2024-cü il tarixdə iddiaçı tərəfindən cavabdehin verdiyi sifarişə əsasən sonuncuya yüksək keyfiyyətdə karton məhsulları təhvil verilmişdir. Müqavilə şərtlərinə uyğun olaraq mallar iddiaçı tərəfindən cavabdehə 16 yanvar 2024-cü il tarixli yazılı qaimə əsasında təhvil verilmiş, həmçinin elektron qaiməfaktura cavabdehin elektron kabinetinə göndərilmişdir. Karton məhsullarının satılmasına dair 15 yanvar 2024cü il tarixdə tərtib edilmiş yazılı qaiməyə və 16 yanvar 2024-cü il tarixli elektron qaimə-fakturaya görə yaranmış borc cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. Halbuki, 08 yanvar 2023-cü il tarixli 15 nömrəli alqı-satqı müqaviləsinin 5ci maddəsinə əsasən, satıcı tərəfindən təqdim edilmiş elektron qaimə-faktura alıcı tərəfindən alındıqdan sonra 7 iş günü ərzində həmin sənəd əsasında satıcıya ödəniş edilməlidir. Lakin 16 yanvar 2024-cü il tarixdə göndərilmiş elektron qaimə-fakturaya görə 5450,43 manat məbləğində borc cavabdeh tərəfindən ödənilməmiş və müqavilənin şərtləri pozulmuşdur. İddiaçı tərəfindən cavabdehə qeyd olunan borcun ödənilməsi üçün dəfələrlə yazılı və şifahi xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, elektron qaimə-fakturaya əsasən ƏDV daxil olmaqla 5450,43 manat məbləğində borc bu günə kimi iddiaçıya ödənilməmişdir. Bu səbəbdən borcun alınması üçün cavabdehə qarşı məhkəmyə hazırkı iddia ərizəsi ilə müraciət olunmuşdur. Sumqayıt Kommersiya Məhkəməsi iş üzrə yuxarıda qeyd olunan qətnaməni qəbul etmişdir. Həmin qətnamə ilə razılaşmayan Cavabdeh MMC ondan apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə mübahisəni araşdırarkən tərəflər arasında imzalanmış müqavilələrin 4.2 və 5.3-cü bəndlərini nəzərə almamışdır. Belə ki, həmin bəndlərə əsasən malın təhvil verilməsi öhdəliyi satıcının üzərinə qoyulmuş, satıcının malı alıcıya təhvil verilməsi isə sübuta yetrilməmişdir. Bu da öz növbəsində məhkəmənin öz səlahiyətlərini aşaraq qərəzli, birtərəfli qətnamə qəbul etməsinə gətirib çıxarmışdır. Məhkəmə müqaviləni təfsir edərkən iddiaçının mövqeyini üstün tutmaqla kifayətlənmişdir. Lakin malların alıcıya təqdim edilməsi ilə bağlı müqavilənin təfsir hissəsinə münasibət bildirilməmişdir. Konstitusiya Məhkəməsi Plenumunun “"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə” xx.xx.2022-ci tarixli Qərarında müəyyən olunan hüquqi mövqeyə görə, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi hesab-fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir… Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın (Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli 26 nömrəli Qərarı ilə dəyişiklik edilmiş redaksiyasında) 2.5.3-cü yarımbəndinə əsasən, elektron qaimə-faktura mallar (işlər, xidmətlər) barədə məlumatları özündə əks etdirən sənədlər (qəbzlər, çeklər və digər ödəniş sənədləri, müqavilələr (əqdlər), təhvil-təslim aktları, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaiməfakturanın “Əsas” sətrində qeyd olunur… Lakin iddiaçının iddia etdiyi elektron qaimənin “Əsas” sətrində hər hansısa məlumat qeyd edilməmişdir. İş materiallarındakı iddiaçı tərəfindən təqdim edilmiş sübutlara hakim tərəfindən düzgün qiymət verilməmişdir. Cavabdeh tərəfindən məhkəməyə bu işlə bağlı müstəqil audit rəyi təqdim edilməsinə baxmayaraq, məhkəmə bu rəyi də diqqətdən kənar saxlamışdır, halbuki, həmin rəydə 1 hal üzrə malların sifarişçiyə verilməməsi və anbara qəbul edilməməsi barədə qeyd edilmişdir. Malın cavabdehə təqdim edilmədiyini təsdiq edən kifayət qədər sübutların olmasına baxmayaraq, məhkəmə tərəfindən bu hallara düzgün qiymət verilməmişdir. Digər tərəfdən, malın təhvil verilməsini sübut etmək vəzifəsi iddiaçının üzərindədir. Məhkəmənin qətnaməsi qanuni olmamaqla yanaşı, həm də iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamışdır… Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci bəndinə əsasən, satıcı malın təhvil verilməsi ilə birlikdə qaimə-faktura və digər zəruri sənədləri alıcıya təqdim etməlidir. İddiaçı tərəfindən təqdim edilmiş elektron-qaimə faktura “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 2.5.3-cü yarımbəndinə uyğun tərtib edilməmişdir. Həmin qaimədə hansı müqavilə üzrə qaimənin verilməsini müəyyən etmək mümkün olmur. Baxmayaraq ki, cavabdeh tərəfindən ödəniş tapşırıqlarında verilmiş qaimələrin hansı müqavilə üzrə göndərilməsi əks olunmuşdur. Bundan əlavə, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş audit rəyinə də məhkəmə tərəfindən düzgün qiymət verilməmişdir. Audit rəyində 2024-cü il ərzində 6 elektron qaiməfakturanın göndərilməsi və qəbul edilmiş mallar üzrə 3 elektron qaimənin dəyərinin tam şəkildə ödənilməsi, 1 hal üzrə tam şəkildə qaytarılma, 1 hal üzrə qismən qaytarılma, 1 hal üzrə isə ümumiyyətlə, mal qəbul edilməməsinin və həmin malın cavabdehin anbarına verilməsini təsdiq edən sənədə rast gəlinməməsinin qeyd edilməsinə baxmayaraq, məhkəmə rəyi də nəzərə almamışdır. Məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, formal əsaslandırmadan ibarət qətnamə qəbul edilmişdir. Məhkəmə mübahisənin mahiyyətinə dərindən yiyələnmədiyi üçün, qanunsuz və əsassiz qətnamə qəbul etməklə yanlış nəticəyə gəlmişdir. Beləliklə də, məhkəmə qətnaməsi məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması ilə qəbul edilmişdir… Ona görə də Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(119)-330/2025 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılması xahiş edilir. Apellyasiya baxışı iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə3 cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, şikayətin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb, iş üzrə tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib bu nəticəyə gəlir ki, Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)-330/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Birinci instansiya məhkəməsi iddianı təmin edərək, Cavabdeh MMC-dən 5450,43 manat borc və 74,50 manat dövlət rüsumunun əvəzi olmaqla cəmi 5524,93 manat məbləğində pul vəsaitinin İddiaçı MMC-nin xeyrinə tutulmasını qət etmişdir Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəldiyini hesab edir. Belə ki, iş materiallarında olan 08 yanvar 2023-cü il tarixli 15 nömrəli alqı-satqı müqaviləsinin (o cümlədən məzmunları eyni olan 29 iyun 2020-ci il tarixli alqı-satqı müqaviləsinin) 1.1-ci bəndinə əsasən, müqavilə üzrə satıcı (İddiaçı MMC) alıcıya (Cavabdeh MMC-yə) karton qutular satır. Alıcı isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəyir. Həmin müqavilənin: - 1.2-ci bəndinə əsasən, malın növü, çeşidi, tərkibi, rəngi, digər əlamətləri və xarakterik xüsusiyyətləri əlavə razılaşma ilə müəyyən olunur; - 2.1-ci bəndinə əsasən, malın qiyməti müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə Razılaşma ilə, miqdarı və dəyəri (məbləği) isə hər dəfə alıcı tərəfindən verilmiş sifarişə satıcının qaimə əsasında təhvil verdiyi malın miqdarı ilə müəyyənləşir; - 3.1-ci bəndinə əsasən, müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödəniş həyata keçirilməsini alıcıdan tələb etmək satıcının hüququdur; - 3.4-cü bəndinə əsasən, malı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəmək alıcının vəzifəsidir; - 4.1-ci bəndinə əsasən, satıcı alıcı tərəfindən sifariş verilmiş malı 7 təqvim günü ərzində alıcıya təhvil verməyi öhdəsinə götürür; - 4.2-ci bəndinə əsasən, satıcı malın təhvil verilməsi ilə birlikdə qaimə-faktura və digər zəruri sənədləri alıcıya təqdim etməlidir; - 5.1-ci bəndinə görə, alıcı müqavilə üzrə verdiyi sifarişə əsasən satıcıdan cari ay ərzində bir dəfə mal alarsa, bu zaman alıcı qəbul etdiyi malın dəyərini satıcının təqdim etdiyi hesab sənədlərini (qaimə-faktura, hesab-faktura və EVHF) aldıqdan sonra 7 iş günü ərzində nağd və ya köçürmə yolu ilə ödəyir; - 5.2-ci bəndinə əsasən, alıcı verdiyi sifarişə əsasən satıcıdan cari ay ərzində bir neçə dəfə mal alarsa, bu zaman alıcı qəbul etdiyi malların dəyərini ay bitdikdən sonra satıcının təqdim etdiyi hesab sənədlərini (qaimə-faktura, hesab-faktura və EVHF) aldıqdan sonra 7 iş günü ərzində nağd və ya köçürmə yolu ilə ödəyir. İş materiallarında olan iddiaçının möhürü ilə təsdiqlənmiş və nümayəndələri tərəfindən imzalanmış 16 dekabr 2024-cü il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, cavabdehə xx.xx.2024-cü il tarixdə EBDX 059120 saylı qaimə-faktura üzrə göndərilən ƏDV daxil 5828,62 manat məbləğində mala görə iddiaçıya 378,19 manat pul ödənilmiş, cavabdehin xx.xx.2024-cü il tarixə qalıq borcu ƏDV daxil 5450,43 manat məbləğində qalmışdır. İş materiallarında olan iddiaçı tərəfindən “Onlayn kargüzarlıq” vasitəsilə cavabdehə 07 noyabr 2024-cü il, 26 noyabr 2024-cü il və 27 noyabr 2024-cü il tarixlərində göndərilmiş məktubların məzmunundan görünür ki, iddiaçı tərəfindən cavabdehə 5450,43 manat məbləğində borcun ödənilməsi ilə bağlı xəbərdarlıqlar edilmişdir. İş materiallarında olan (apellyasiya şikayətinə etiraza əlavə olunmuş) “Göndərilən qaimələrin siyahısı” adlanan sənəddən görünür ki, iddiaçı tərəfindən cavabdehə 2024-cü ildə yanvar ayı ərzində 6 ədəd qaimə-faktura əsasında ümumi dəyəri 27.852,71 manat məbləğində (ƏDV daxil) mal göndərilmiş və həmin malların ödənişi üçün müvafiq elektron qaimə-fakturalar təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş 04 yanvar 2025-ci il çap tarixli İnternet Vergi İdarəsindən çıxarış sənədindən görünür ki, 08 yanvar 2024-cü il tarixli MT2401 seriyalı 00078297 nömrəli, 09 yanvar 2024-cü il tarixli EBDW seriyalı 612979 nömrəli, 10 yanvar 2024-cü il tarixli EBDW seriyalı 752432 nömrəli, 10 yanvar 2024-cü il tarixli EBDW seriyalı 752492 nömrəli, 16 yanvar 2024-cü il tarixli EBDX seriyalı 059679 nömrəli və 16 yanvar 2024-cü il tarixli EBDX seriyalı 059120 nömrəli elektron qaimə-fakturalar cavabdehə məxsus “ASAN İmza” ilə təsdiqlənmişdir. İş materiallarında olan ödəniş tapşırıqlarından görünür ki, cavabdeh tərəfindən iddiaçıya 17 yanvar 2024-cü il tarixdə 8757,81 manat, 26 yanvar 2024-cü il tarixdə 3906,48 manat, 06 fevral 2024-cü il tarixdə 4465,53 manat məbləğində ödənişlər həyata keçirilmişdir. İş materiallarında olan 02 oktyabr 2024-cü il tarixli MQ2410 seriyalı 10149459 nömrəli “malların qaytarılması barədə elektron qaimə-faktura”dan görünür ki, 10 yanvar 2024-cü il tarixli EBDW seriyalı 752432 nömrəli elektron qaimə-fakturaya əsasən cavabdehə satılmış mallar iddiaçıya geri qaytarılmışdır. İş materiallarında olan 02 oktyabr 2024-cü il tarixli MQ2410 seriyalı 10148467 nömrəli və 02 oktyabr 2024-cü il tarixli MQ2410 seriyalı 10150185 nömrəli “malların qaytarılması barədə elektron qaimə-faktura”lardan görünür ki, 16 yanvar 2024-cü il tarixli EBDX seriyalı 059679 nömrəli elektron qaimə-faktura əsasında cavabdehə satılmış mallar iddiaçıya geri qaytarılmışdır. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında karton məhsulların (qutuların) alqı-satqısına dair əvvəlcə xx.xx.2020-ci il tarixli 01 saylı müqavilə bağlanmış və bu müqavilə xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş, müddəti bitdiyinə görə xx.xx.2023-cü il tarixdə tərəflər arasında 15 saylı yeni alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilə üzrə tərəflər arasındakı kommersiya münasibətləri 2024-cü ildə də davam etmiş, 2024-cü ilin yanvarında iddiaçı tərəfindən cavabdehə 6 ədəd qaimə-faktura əsasında ümumi dəyəri 27.852,71 manat məbləğində (ƏDV daxil) mal satılmış və malların ödənişi üçün müvafiq elektron qaimə-fakturalar təqdim edilmişdir. Həmin elektron qaimə-fakturalar elektron vergi sistemində cavabdehə məxsus “ASAN İmza” ilə təsdiqlənmişdir ki, bu da cavabdeh tərəfindən həmin qaimə-fakturalar üzrə malların alındığını və müvafiq qaiməfakturaların ödənişə qəbul olunduğunu ehtiva etmişdir. Sözügedən electron qaiməfakturalardan heç birini cavabdeh müəyyən olunmuş qaydada və müddətdə geri qaytarmamış və ya mübahisələndirməmişdir. Sonrakı dövrdə cavabdeh tərəfindən mal alınması üçün iddiaçıya sifariş verilməmişdir. xx.xx.2024-cü il tarixə cavabdehin aldığı mallara görə iddiaçıya cəmi 33.796,66 manat məbləğində borcu olmuşdur. Cavabdeh həmin borcundan xx.xx.2024-cü il tarixdə 8757,81 manat, xx.xx.2024-cü il tarixdə 3906,48 manat, xx.xx.2024-cü il tarixdə 4465,53 manat olmaqla cəmi 17.129,82 manat məbləğində (o cümlədən xx.xx.2024-cü il tarixli MT2***-*******7 nömrəli, xx.xx.2024-cü il tarixli EBDW- 612979 nömrəli və xx.xx.2024-cü il tarixli EBDW-752492 nömrəli elektron qaimə-fakturalar üzrə) ödəniş həyata keçirmişdir. Bundan sonra cavabdehin iddiaçıya 16.666,84 manat məbləğində debitor borcu qalmışdır. Cavabdeh qalan karton malları uzun müddət ərzində sata və həmin malların pulunu ödəyə bilmədiyinə görə iddiaçı təşkilatın rəhbərliyi məcbur olub 10.838,22 manat məbləğində malı cavabdehdən geri qəbul etməyə razılaşmışdır. xx.xx.2024-cü il tarixdə 3 ədəd “malların qaytarılması barədə elektron qaimə-faktura”lara əsasən 10.838,22 manat dəyərində mallar cavabdehdən geri qəbul edilmiş, bundan sonra cavabdehin iddiaçıya 5828,62 manat məbləğində borcu qalmışdır. İddiaçı tərəfindən verilmiş 16 dekabr 2024-cü il tarixli maliyyə arayışında isə qeyd edilmişdir ki, cavabdehin həmin tarixə qalıq borcu ƏDV daxil 5450,43 manat məbləğində təşkil edir (bu arada debitor borcundan daha 378,19 manat ödənilmişdir). İddiaçı tərəfindən 5450,43 manat məbləğində borcun ödənilməsi tələbi ilə 2024-cü ilin noyabr ayında cavabdehə 3 dəfə pretenziya məktubu göndərilmiş (onlar elektron vergi sisteminə yerləşdirilmiş) və cavabdeh bu məktubları almış (elektron sistemdə görmüş), lakin həmin pretenziya məktublarına hər hansı münasibət bildirməmişdir. Birinci instansiya məhkəməsi iddianın təmin edilməli olması barədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında uzun müddət əməkdaşlıq olmuş, malların verilməsi və onlara görə ödənişlərin məbləği elektron qaimə-fakturalar vasitəsilə rəsmiləşdirilmişdir. İddiaçı tərəfindən cavabdehə 2024-cü ildə 6 ədəd elektron qaimə-faktura təqdim edilmiş, həmin elektron qaimə-fakturaların 3 ədədi (08 yanvar 2024-cü il tarixli MT2401 seriyalı 00078297 nömrəli, 09 yanvar 2024-cü il tarixli EBDW seriyalı 612979 nömrəli, 10 yanvar 2024-cü il tarixli EBDW seriyalı 752492 nömrəli) üzrə cavabdeh tərəfindən ödənişlər həyata keçirilmişdir; 2 ədədi (10 yanvar 2024-cü il tarixli EBDW seriyalı 752432 nömrəli, 16 yanvar 2024-cü il tarixli EBDX seriyalı 059679) isə 02 oktyabr 2024-cü il tarixli MQ2410 seriyalı 10149459 nömrəli, 02 oktyabr 2024-cü il tarixli MQ2410 seriyalı 10148467 nömrəli və 02 oktyabr 2024-cü il tarixli MQ2410 seriyalı 10150185 nömrəli “malların qaytarılması barədə elektron qaimə-faktura”lar əsasında iddiaçıya geri qaytarılmışdır; 16 yanvar 2024-cü il tarixli EBDX seriyalı 059120 nömrəli elektron qaimə-faktura (hazırda mübahisələndirilən) üzrə isə cavabdeh tərəfindən nə ödəniş edilməmiş, nə də mallar geri qaytarılmamışdır. Cavabdehin nümayəndəsi 16 yanvar 2024-cü il tarixli EBDX seriyalı 059120 nömrəli elektron qaiməfaktura üzrə ödəniş edilməməsinin ilkin səbəbini həmin malların cavabdeh tərəfindən alınmaması, malların təhvil verilməsini təsdiq edən təhvil-təslim aktının və ya digər zəruri sənədlərin təqdim edilməməsi ilə izah etmiş, cavabdehə göndərilmiş həmin elektron qaimə-fakturanın geri qaytarılmamasını isə həmin dövrdə qarışıqlıq olması ilə izah etmişdir. Məhkəmə cavabdehin istinad etdiyi dəlilləri tamamilə əsassız hesab edir. Belə ki, cavabdeh həmin elektron qaimə-fakturada qeyd olunan malları təhvil almadığı halda elektron qaimə-fakturanı qəbul etməyərək onu geri qaytarmaq hüququna və imkanına malik olsa da, bunu etməmişdir. Cavabdehin nümayəndəsi bu halı “həmin dövrdə qarışıqlıq olması” ilə izah etsə də, bu dəlil əsaslı və ağlabatan hesab edilə bilməz. Bununla əlaqədar o da qeyd edilməlidir ki, sözügedən 16 yanvar 2024-cü il tarixli EBDX seriyalı 059120 nömrəli elektron qaimə-faktura ilə eyni tarixdə iddiaçı tərəfindən cavabdehə 16 yanvar 2024-cü il tarixli EBDX seriyalı 059679 nömrəli elektron qaimə-faktura da göndərilmiş və bu elektron qaimə-faktura (ona əsasən verilmiş mallar) cavabdeh tərəfindən geri qaytarılmışdır (həm də 9 aydan artıq müddət keçəndən sonra – 02 oktyabr 2024-cü il tarixdə). Başqa sözlə, eyni tarixdə təqdim edilmiş elektron qaimə-fakturalardan biri cavabdeh tərəfindən icra olunmadan geri qaytarılmış, digəri üzrə isə hər hansı ödəniş edilməmiş, eyni zamanda həmin qaimə qəbuledən (cavabdeh) tərəfindən qaytarılmamış və ya onunla bağlı hər hansı etiraz irəli sürülməmişdir. Nəzərə alınmalıdır ki, ödəniş edilməyən 16 yanvar 2024-cü il tarixli EBDX seriyalı 059120 nömrəli elektron qaiməfaktura cavabdeh təşkilatın təmsilçisinə məxsus elektron imza ilə təsdiqlənmiş, həmin qaimə-faktura ilə eyni dövrdə - 2024-cü ilin yanvar ayında - 08 yanvar 2024-cü il tarixli MT2401 seriyalı 00078297 nömrəli, 09 yanvar 2024-cü il tarixli EBDW seriyalı 612979 nömrəli və 10 yanvar 2024-cü il tarixli EBDW seriyalı 752492 nömrəli elektron qaiməfakturalar üzrə cavabdeh tərəfindən müvafiq ödənişlər həyata keçirilmiş, 2 elektron qaiməfaktura (və onlara əsasən verilmiş mallar) isə geri qaytarılmışdır… Bundan başqa, tərəflərin hər ikisi izahatlarında daha əvvəllər aralarında malların alqı-satqısı zamanı təhvil-təslim aktı və ya buna bənzər digər sənədlərin tərtib edilmədiyini qeyd etmişlər. Yəni tərəflər arasında işgüzar praktika və ya işgüzar adətlər belə formalaşmışdır ki, əməkdaşlıqları dövründə hər iki tərəf müqavilə üzrə elektron qaimə-fakturanın göndərilməsini müqavilənin realizəsi baxımından kifayət hesab etmiş və bununla razılaşmışlar. Mülki Məcəllənin 404.1-ci və 404.2-ci maddələrində qeyd edilir ki, müqavilə şərtlərini təfsir edərkən məhkəmə digər hallarla yanaşı, həm də tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktikanı, işgüzar adətləri, tərəflərin sonrakı hərəkətlərini nəzərə almalıdır… Məhkəmə yuxarıda göstərilən işin faktiki hallarını, tərəflərin qarşılıqlı münasibətlərinin xarakterini, onların arasında formalaşmış işgüzar praktikanı nəzərə alaraq hesab edir ki, cavabdeh ona təqdim edilmiş 16 yanvar 2024-cü il tarixli EBDX seriyalı 059120 nömrəli elektron qaimə-faktura üzrə müvafiq ödəniş etməli olsa da, bu öhdəliyini yerinə yetirməmişdir, bununla əlaqədar onun irəli sürdüyü yuxarıda göstərilən dəlillər isə mülki-hüquqi məsuliyyətdən yayınmaq məqsədi güdür… Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən 5450,43 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflər arasındakı qarşılıqlı münasibətlər fonunda mübahisənin həlli üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 10.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilibedilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 567-ci madəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İşin müəyyən olunmuş faktiki halları belə nəticəyə gəlməyə əsas verir ki, cavabdehin mübahisələndirdiyi 16 yanvar 2024-cü il tarixli EBDX seriyalı 059120 nömrəli elektron qaimə-faktura üzrə ona iddiaçı tərəfindən mal verilmədiyi barədə dəlili inandırıcı və həqiqətə uyğun deyildir. Əgər cavabdehin anbar qalığında mübahisəli malın çatışmazlığı (əskikliyi) aşkar olunubsa (17 mart 2025-ci il tarixli müstəqil auditor hesabatına əsasən), bu heç də çatışmayan malın iddiaçı tərəfindən cavabdehə verilməməsi nəticəsinə gəlməyə əsas vermir; çatışmayan malın anbara qəbul ediləndən sonra da oradan qeydsiz çıxarılması (satılması və ya talanması) mümkündür. Digər tərəfdən, cavabdeh 16 yanvar 2024-cü il tarixli EBDX seriyalı 059120 nömrəli elektron qaimə-fakturada göstərilən malın iddiaçı tərəfindən ona verilmədiyini yalnız 02 oktyabr 2024-cü il tarixdən sonra, yəni uzun müddət sata bilmədiyi malları iddiaçıya geri qaytarandan, mübahisəli malı isə qaytara bilməyəndən (anbarında aşkar edilməyəndən) sonra iddia etməyə başlamışdır. Bu qədər uzun (9 aydan artıq) müddət keçəndən sonra malın alınmamasının mübahisələndirilməsi qəbulolunmazdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdehin 16 yanvar 2024-cü il tarixli EBDX seriyalı 059120 nömrəli elektron qaimə-fakturada göstərilən malın iddiaçı tərəfindən ona verilməməsini iddia etməsi əsassızdır. Təsvir olunan vəziyyətdə mübahisəli mal faktiki olaraq iddiaçı tərəfindən satılmış, cavabdeh tərəfindən isə alınmış (naturada qəbul edilmiş) kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri mahiyyətcə onun iddiaya etirazının dəlilləri ilə eyni məzmunlu olmaqla formal, mücərrəd, eyni zamanda işin həqiqi hallarına və tərəflər arasındakı qarşılıqlı işgüzar münasibətlərə uyğun olmayan mülahizələrdən ibarətdir. Bu dəlillərə birinci instansiya məhkəməsi də düzgün hüquqi qiymət vermişdir. Cavabdehin qeyd olunan dəlilləri apellyasiya şikayətinin təmin edilməsinə və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Ona görə də cavabdehin apellyasiya şikayəti təmin edilməməlidir. Birinci instansiya məhkəməsi dövlət rüsumunun tutulması ilə bağlı məsələni də qanuna müvafiq qaydada həll etmişdir. Beləliklə, məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, maddi hüquq normalarını düzgün tətbiq etmiş və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Məhkəmənin qətnaməsi qanuni və əsaslıdır. Ona görə də məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)-330/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 402.1-ci maddəsinə müvafiq olaraq, kommersiya mübahisələrinə dair işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə apellyasiya məhkəmələrinin kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilməz. Hazırkı iş üzrə də birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində iddianın qiyməti on min manatdan az olduğundan apellyasiya məhkəməsinin bu qətnaməsindən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin iş üzrə xx.xx.2025-ci il tarixli, e-2-2(119)- 330/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(105)-68/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-68/2025
23.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver