Məhkəmə qərarları › İş №2-2(105)-69/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-69/2021

19.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-69/2021 19.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər Hökümə Çingiz qızı Babayeva və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi ilə, İddiaçı «İddiaçı” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "Cavabdeh” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbi barədə kommersiya işi üzrə iddianın təmini tədbiri barədə ərizəsi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e- 2-2(119)-460/2021 saylı xx xxxx 2021-ci il tarixli qərardadından iddiaçı «İddiaçı” MMC tərəfindən verilmiş şikayətə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı xx xxxx 2021-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 53671,35 (əlli üç min altı yüz yetmiş bir manat 35 qəpik) manat əsas borc, 10734,27 (on min yeddi yüz otuz dörd manat 27 qəpik) manat dəbbə pulu və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 64435,62 (altmış dörd min dörd yüz otuz beş manat 62 qəpik) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı xx xxxx 2021-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə “iddianın təmin tədbirinin tətbiq edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, işə mahiyyəti üzrə baxılıb qurtaranadək iddianın təmin tədbiri olaraq Cavabdeh MMC-nin bank hesabına iddiaçı "İddiaçı” MMC-nin cəmi 64435,62 (altmış dörd min dörd yüz otuz beş manat 62 qəpik) manat tələbi həcmində həbsin qoyulması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh şirkət iddia təmin olunacağı təqdirdə ödənişlərdən yayınacağı ehtimalı və nəticədə daha bir qətnamənin icrası ilə əlaqədar çətinliyin olması ehtimalı mövcuddur. Hazırki prosessual addımın atılması üçün kifayət qədər zərurət və qanunvericiliklə nəzərdə tutulmuş əsaslar mövcuddur. Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxx 2021-ci il tarixli 2-2(119)- 460/2021 nömrəli qərardadı ilə iddiaçı «İddiaçı” Məhdud Məsuliyyətli Cəmiyyətinin “iddianın təmin tədbirinin tətbiq edilməsi” ərizəsi təmin olunmamışdır. Qərardaddan narazı qalan iddiaçı şikayət verərək, Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-460/2021 saylı xx xxxx 2021-ci il tarixli qərardadının ləğv edilməsini və ərizənin təmin olunması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, tədbirin tətbiq edilməsinin zəruriliyi danılmaz faktlara söykənir və kifayət qədər əsaslandırılmışdır. Həmçinin məhkəmə daha ciddi bir məqam olan iddia tələbinin həcmini nəzərə almalı idi. Yəni iddia predmeti kifayət qədər böyük məbləği təşkil edir və iddianın təmin olunacağı təqdirdə cavabdeh iddiaçıya pul məbləği ödəməli olacaq. Məhz bu səbəbdən iddiaçının həmin vəsatəti gələcəkdə qəbul olunacaq qətnamənin icrasının təmin edilməsinə yönəlmişdir. Məhkəmə cavabdehə məxsus bank hesabının üzərinə iddiaçının iddia tələbi həcmində olmasa belə, əsas borc məbləğində yəni, 53.671,35 AZN (əlli üç min altı yüz yetmiş bir manat otuz beş qəpik) məbləğində həbs qoymalı idi. Belə ki, cavabdehin qeyd olunan həcmdə borcunu əsaslandıran mötəbər sübutlar məhkəməyə təqdim olunmuşdur. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-460/2021 saylı xx xxxx 2021ci il tarixli qərardadı ilə şikayət ərizəsi təmin edilməmiş və işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir.(hakim Z.Sadiqov) İddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq, iddiaçı və cavabdehin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və iddianın təmin tədbiri haqqında ərizəni araşdıraraq hesab edir ki, şikayət ərizəsi təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. İddianı təmin etmə tədbirlərinin tətbiq olunmasının MPM-in 157.2-ci maddəsində göstərilən məqsədi (qətnamənin gələcəkdə icrasının təmin edilməsi) o halda realizə olunur ki, görülən tədbir məhz iddianın təmin edilməsinə yönəlmiş olsun. Qeyd olunan qanun normasının təhlilindən aydın olur ki, iddianın təmin tədbiri qəbul ediləcək qətnamənin icrasını çətinləşdirəcək və ya mümkünsüz edəcək halların aradan qaldırılması- daha dəqiq desək -qətnamənin icrasını təmin etmək məqsədilə tətbiq edilir. Qanunverici, məhkəməyə, hələ yekun qərar qəbul etmədən çıxarılacaq məhkəmə qərarının icrasının mümkünlüyünü realizə etmək üçün belə bir hüquq vermişdir və belə bir hüququnun həyata keçirilməsi işdə iştirak edən şəxslərin ərizəsi əsasında prosesin istənilən mərhələsində yol verilir. İstənilən mərhələ dedikdə, iddia ərizəsinin icraata qəbul olunmasından iş üzrə qəbul ediləcək yekun qərar çıxarılanadək dövr başa düşülməlidir. Həmçinin nəzərdən qaçırmaq olmaz ki, iddianın təmin edilməsi haqqında ərizələrə baxılarkən işin konkret halları nəzərə alınmalı və məsələyə iddianın əsaslılığı prezumpsiyası baxımından yanaşılmalıdır. Kollegiya qeyd edir ki, iddianın təmin tədbirləri məhkəmənin qəbul edəcəyi qətnamənin icrasının təmin edilməsi məqsədi ilə tətbiq edildiyi üçün, tətbiq edildiyi zaman həmin tədbirlərin zəruriliyi və əsaslılığı sübut olunmalıdır. Lakin hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malik olduğundan, zəruriliyi kifayət qədər əsaslandırılmadan iddianın təmin tədbirinin tətbiqi - mülkiyyət hüququnun əsassız olaraq məhdudlaşdırılmasını qadağan edən Azərbaycan Respublikasının müvafiq qanunvericilik normalarının tələblərinin pozulması ilə yanaşı, həm də İnsan Hüquqlarının və X1 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinin tələblərinə də ziddir. Qeyd olunması zəruridir ki, hüquqi şəxslər sahibkarlıq fəaliyyətini bank hesablarında olan pul vəsaitləri və mülkiyyətində olan əmlaklar vasitəsi ilə həyata keçirdiklərindən, kifayət qədər zəruriliyi müəyyən olunmadan hazırkı mərhələdə iddianın təmin tədbiri olaraq Cavabdeh MMC-nin bank hesabına iddia tələbi həcmində həbs qoyulması – həmin hüquqi şəxsin sahibkarlıq fəaliyyətini həyata keçirməsinə manelər yarada, həmin hüquqi şəxsin və onunla əlaqədar olan digər şəxslərin hüquqlarını və qanuni mənafelərini məhdudlaşdıra və eləcə də, ona və digər şəxslərə iqtisadi, maddi və s. zərər vura bilər. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” xx xxxx 2018-ci il tarixli Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin 2-ci hissəsinin, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Kollegiya qeyd edir ki, iddiaçı tərəfindən şikayət ərizəsində hazırkı iddianı təmin etmə tədbiri görülmədiyi təqdirdə, gələcəkdə bu iş üzrə qəbul ediləcək qətnamənin icrasının çətinləşəcəyi və ya qeyri-mümkün ola biləcəyinə əsaslı şübhələrin olması, beləliklə də iddianı təmin etmə tədbirinin zəruriliyi əsaslandırılmamışdır. Belə olan halda məhkəmə kollegiyası iddianı təmin etmə institutunun yuxarıda qeyd edilən məqsədlərinə, mahiyyətinə əsasən belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən iddianın təmin tədbirinin tətbiqi yetərincə zəruri əsaslandırılmadığından və müvafiq tədbirinin tətbiqini zəruri edəcək sübutlar məhkəməyə təqdim edilmədiyindən iddiaçının şikayəti təmin edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395- 396, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: İddiaçı «İddiaçı” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-460/2021 saylı xx xxxx 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar