Məhkəmə qərarları › İş №2-2(105)-71/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-71/2023

28.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-71/2023 28.07.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, hakimlər X8 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi, İddiaçı X1, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı verilmiş “pul tələbinə” dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-836/2022 nömrəli, 04 noyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 23 yanvar 2019-cu il tarixli ******* nömrəli Qaimə-Fakturaya əsasən, satıcı X3 (VÖEN **********) tərəfindən alıcı Cavabdeh (VÖEN **********) hər kiloqramı 7,50 (yeddi manat 50 qəpik) manatdan olmaqla, cəmi 9360 (doqquz min üç yüz altmış) manat dəyərində 1248 kq miqdarında "Orqanika" gübrə məhsulları satılmış və həmin Qaimədə sadalanan və ümumi qiyməti 9360 (doqquz min üç yüz altmış) manat olan həmin məhsullar alıcı Cavabdeh tərəfindən təhvil alınmışdır.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı X10 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qaimə faktura ilə verilmiş “Orqanika” gübrəsinin dəyəri olan 9360 manat məbləğində borcun, məhkəməyə müraciət etmək üçün dövlət rüsumu və mediasiya xərci kimi ödənilmiş 120 manat məbləğində pulun və vəkilə ödənilmiş 400 manat məbləğində pulun Cavabdeh alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X4 təsərrüfatı üçün gübrələrin və dərmanların ölkəyə idxalı və satışı ilə məşğul olur. Bunun üçün iddiaçıya Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən 18 aprel 2017-ci il tarixli xususi lisenziya da verilmişdir. İddiaçı X2 Respublikasında fəaliyyət göstərən “X15 LTD” şirkətinin istehsalı olan “Orqanika” gübrəsinin Azərbaycan Respublikasına idxalı və satışı üçün dövlət qeydiyyatına alınmış və bu barədə Kənd Təsərrüfatı Nazirliyi X11 Xidməti tərəfindən ona 002237 saylı şəhadətnamə verilmişdir. Cavabdeh 23 yanvar 2019-cu il tarixində iddiaçıdan 9360 (doqquz min üç yüz altmış) manat dəyərində “Orqanika” gübrəsi almış və qeyd olunan həmin məbləği iki ay müddətinə qaytaracağına söz vermişdir. Qeyd edilməlidir ki, Cavabdeh həmin malın satılmasına dair tərtib edilmiş ******* nömrəli qaiməni öz imzası ilə təsdiq etmişdir. Artıq Cavabdeh gübrənin pulunu qaytaracağına söz verdiyi vaxtdan üç il keçmişdir. Üç il ərzində cavabdeh qanunsuz və əsassız olaraq 9360 manat pulu verməmiş və bunun nəticəsində də sahibkar kimi iddiaçıya zərər vurulmuşdur. Belə ki, iddiaçıya məxsus “Orqanika” gübrəsinin pulunu qanunsuz və əsassız olaraq üç il müddətə özündə saxladığına görə iddiaçı sahibkarlıq fəaliyyətini dayandırmağa məcbur olmuşdur. İki ildir ki, cavabdeh qanunsuz əməllərini iddiaçıya qarşı davam etdirmiş və bununla da iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. İddiaçı dəfələrlə cavabdehə zəng etsə də, sonuncu borcunu ödəməmişdir. Həmçinin, məhkəməyə müraciət olunmamışdan əvvəl bu mübahisə ilə əlaqədar mediasiya prosesinin də təşkil olunmasına baxmayaraq, mediasiya vasitəsi ilə də mübahisənin həll edilməsi və borcun alınması mümkün olmamışdır.

4. İş üzrə təyin olunmuş məhkəmə iclaslarında cavabdehin nümayəndəsi Nümayəndə2 iddianı qəbul etmədiyini bildirmişdir.

5. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-836/2022 nömrəli, 04 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Zülfüqar Sadiqov) iddianın qismən təmin edilməsi, cavabdeh Cavabdeh (VÖEN **********) 9360 (doqquz min üç yüz altmış) manat məbləğində əsas borc, mediasiya ilə əlaqədar ödənilmiş 100 (yüz) manat məbləğində xidmət haqqı və 10 (on) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 9470 (doqquz min dörd yüz yetmiş) manat məbləğində pul vəsaitinin iddiaçı X7 (VÖEN **********) xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh dövlət rüsumunun qalığı kimi 103,60 (yüz üç manat 60 qəpik) manat məbləğində pul vəsaitinin dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh 23 yanvar 2019-cu il tarixli ******* nömrəli qaimə-faktura əsasında təhvil almış olduğu cəmi 9360 manat dəyərində 1248 kq miqdarında "Orqanika" gübrə məhsullarının dəyərini ödəməyərək, iddiaçı X10 qarşısında öz öhdəliyini lazımi qaydada yerinə yetirməmiş və buna görə də, həmin qaimə-faktura üzrə ödənilməmiş 9360 (doqquz min üç yüz altmış) manat məbləğində əsas borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Lakin, cavabdehdən “vəkilə ödənilmiş 400 manat məbləğində pulun tutulması” hissəsində isə iddianın əsaslılığı müəyyən olunmamışdır. Çünki, belə bir iddia tələbi verilməsinə baxmayaraq, bu mübahisə üzrə hüquqi xidmət və yaxud yardımla əlaqədar hər hansı bir məbləğdə, o cümlədən də iddia tələbində qeyd olunan “400 manat” miqdarında pul vəsaitinin nümayəndəyə (vəkilə) ödənilmiş olmasını təsdiq edən heç bir sübut iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamışdır.

7. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 567, 600.1, 600.4, 385.1, 425.1, 427.3, 442, 448, Mülki Prosessual Məcəllənin 121.1, 14.2, 77.1, 88, 217.3, 217.4, 218.3, 119.1, 119.2, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1-1,-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.

8. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-2(105)-53/2023 nömrəli qərardadı ilə Cavabdeh ərizəsi təmin edilmiş, Sumqayıt Kommersiya Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli e-2-2(119)-836/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin Cavabdeh tərəfindən buraxılması üzürlü sayılaraq prosessual müddət bərpa edilmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki,: - iş üzrə keçirilmiş məhkəmə hazırlıq iclaslarında iştirak edən Nümayəndə2 iddiaçının yeganə sübut kimi təqdim etdiyi 23 yanvar 2019-cu il tarixli ******* nömrəli Qaimə- Fakturanın saxta olduğunu, həmin Qaimə-Fakturada olan imzanın ona aid olmadığını bildirmiş və bunun müəyyənləşdirilməsini tələb etmişdir. Lakin məhkəmə hazırlıq iclaslarında iddiaçı və onun nümayəndəsi iştirak etməmişdir. Nümayəndə işin obyektiv araşdırılmaqla yekunlaşdırılmasını və iş üzrə qətnamə çıxarılmasını tələb etmişdir. - işə baxılmasının davam etdirilməsi ilə bağlı nə ona, nə də nümayəndəyə məlumat verilməmiş, yalnız saxta qaimə-faktura əsasında hüquqlarını pozan qanunsuz qətnamə qəbul edilmişdir. - işə baxan birinci instansiya məhkəməsi, tərəflər arasında gübrə alqı-satqısı ilə bağlı müqavilənin olmadığını nəzərə almamışdır. Tərəflər arasında müqavilənin mövcud olmadığı və iddiaçı tərəfindən təqdim edilmiş qaimə-fakturadakı imzanın ona aid olmadığı nümayəndə tərəfindən məhkəmənin diqqətinə çatdırılsa da, məhkəmə bütün bunları nəzərə almamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etdi.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X3 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...) Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..) Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 101. Ekspert rəyi. 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 106. İşdə iştirak edən şəxslərin izahatları 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar (...)385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; Maddə 388. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...) Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

16. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommmersiya Kollegiyasının 28 mart 2023cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

17. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir.

18. Cavabdehin apellyasiya şikayətinin dəlilləri nəzərə alınaraq məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-2(105)-71/2023 nömrəli qərardadı ilə məhkəməxəttşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmış, rəy alınanadək iş üzrə icraat dayandırılmışdır. İş materialının 41-ci səhifəsində ******* nömrəli qaimə-fakturada edilən imzanın Cavabdeh iş materialında olan sərbəst xətt nümunəsində göstərilən imzaları ilə eynilik təşkil edib-etmədiyi, həmin imzaların eyni şəxs tərəfindən icra edilibedilməməsi barədə ekspert qarşısında suallar qoyulmuşdur.

19. Məhkəməyə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən 16 may 2023-cü il tarixli, 4/694 nömrəli ekspert rəyi daxil olmuşdur. Ekspert rəyi ilə müəyyən olunur ki, ekspertizaya təqdim edilmiş, kommersiya işinin 41 -ci vərəqində olan 23 yanvar 2019-cu il tarixli ******* nömrəli qaimə-fakturada “Təhvil aldı” qrafasındakı imza-Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.

20. Göründüyü kimi, həmin sənədi cavabdehin imzalaması ekspert rəyi ilə təsdiqlənməmiş, iddiaçı tələb etdiyi borc məbləğinin həqiqətən də cavabdeh tərəfindən ödənilməli olması barədə məhkəmə kollegiyasına hər hansı başqa sübut təqdim etməmişdir.

21. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

22. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə qəbul etdiyi xx.xx.2007-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, nəzərə alınmalıdır ki, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qeyd edilən prosessual hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında təsbit olunmuş hüquqi mövqenin mövcud mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür.

23. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslıdır və təmin olunmalıdır.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilsin. İş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(119)- 836/2022 nömrəli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia rədd edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 138 manat pul iddiaçı X5 tutularaq X6 (Müxbir hesab: AZ41NABZ********************, kod: 210005,VÖEN:**********), Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE******************** saylı hesaba ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar