Məhkəmə qərarları › İş №2-2(105)-72/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-72/2024

03.06.2024 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-72/2024 03.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı kommersiya işi üzrə (Açar sözlər: ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması) X2 Süleymanovanın sədrliyi və məruzəsi, X3 Məmmədov və X1 ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair kommersiya mübahisəsi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 09 aprel 2024-cü il tarixli, e-2-2(119)-654/2024 nömrəli qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (VÖEN: **********) 26 fevral 2024-cü il tarixinə hesablanmış dövlət büdcəsinə olan 46859,1 (qırx altı min səkkiz yüz əlli doqquz manat, on qəpik) manat məbləğində vergi borcu və Dövlət Sosial Müdafiə Fonduna olan 149252,99 (yüz qırx doqquz min iki yüz əlli iki manat, doxsan doqquz qəpik) manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri - xx xxxx 1971-ci il təvəllüdlü Maraqlı şəxs “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

2. Sumqayıt Kommersiya Məhkəməsinin 09 aprel 2024-cü il tarixli, e-2-2(119)- 654/2024 nömrəli qətnaməsi ilə (hakim Fərman Həmidli) ərizənin təmin edilməsi, 26 fevral 2024-cü il tarixinə hesablanmış 46859,1 (qırx altı min səkkiz yüz əlli doqquz manat, on qəpik) manat məbləğində vergi borcu dövlət büdcəsinə, 149252,99 (yüz qırx doqquz min iki yüz əlli iki manat, doxsan doqquz qəpik) manat məbləğində borc Dövlət Sosial Müdafiə Fonduna ödənilənədək "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (VÖEN: **********) icra orqanının rəhbəri - xx xxxx 1971-ci il təvəllüdlü Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qət edilmişdir.

3. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1 və 23.1.15-3-cü maddələri, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.3.6-1-ci madəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.12, 355-5.1, 355-7.4, 14.2, 88, 217.4, 216-220, 227, 305, 355-5, 355-6, 355-7, 358- 360 və 362-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya şikayəti və onun dəlilləri

4. Maraqlı şəxs apellyasiya şikayəti verərək, Sumqayıt Kommersiya Məhkəməsinin 09 aprel 2024-cü il tarixli, e-2-2(119)-654/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və ərizənin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, qətnamə ilə razı deyil, ondan apellyasiya şikayəti verərək ləğv edilib, ərizənin rədd olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı, yeri barədə xəbərdar edilmədiyindən və bunun səbəbləri barədə məlumat verilmədiyindən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında iştirakını təmin etməməklə çəkişmə prinsipi pozulmuşdur. Belə ki, əvvəla ərizəçi 26 fevral 2024-cü il tarixinə hesablanmış dövlət büdcəsinə olan 46859,1 (qırx altı min səkkiz yüz əlli doqquz manat, on qəpik) manat məbləğində vergi borcu və Dövlət Sosial Müdafiə Fonduna olan 149252,99 (yüz qırx doqquz min iki yüz əlli iki manat, doxsan doqquz qəpik) manat məbləğində borcun ödənilməsini təmin etmək üçün onun ölkədən getmək hüququnu müvəqqəti məhdudlaşdırılmasını xahiş etmişdir. Həmin borc "xxxx" ASC-yə aid borcdur. Ona görə də qeyd edir ki, hazırkı ərizənin əsaslığı "xxxx" ASC-nin icra orqanın rəhbərinə münasibətdə yoxlanılır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron axtarış sistemindən xx.xx.2024-cü il tarixli çıxarışa əsasən müəyyən olunur ki, "xxxx" ASC-nin icra orqanının rəhbəri Rusudan Surmanıdzedir. Belə olan halda isə ərizəçi "xxxx" ASC-nin icra orqanının rəhbəri kimi onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını tələb edilə bilməz. Ona görə də, ərizə rədd edilməlidir. Sumqayıt Kommerssiya Məhkəməsinin qeyd edilən qətnaməsi qəbul edilərkən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (VÖEN: **********) uzun illlərdir ki, fəaliyyətini dayandırdığından cəmiyyətlə heçbir əlaqəsi olmamışdır. xx.xx.2024-cü il tarixindən etibarən həmin Cəmiyyətin rəhbəri deyil və tamam başqa bir işlə məşğuldur. Buna görə də qanunvericiliyə əsasən barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qoyulmuş qadağa götürülməlidir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (VÖEN: **********) həyata keçirdiyi sahibkarlıq fəaliyyəti nəticəsində faktiki gəlirlər əldə edən, onun pul vəsaitinə, əmlakına faktiki sərəncam verən şəxs vergi ödəyicisi qismində vergi öhdəliklərini yerinə yetirən şəxs hesab edilir. Ərizəçinin qanuni təmsilçi kimi məsuliyyətə cəlb etmək istədiyi maraqlı şəxs, rəhbəri olduğu irəli sürülən hüquqi şəxslə heç bir əlaqəsi olmamışdır. Sumqayıt Kommersiya Məhkəməsi işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verib, bu qəbildən mübahisələr üzrə formalaşmış məhkəmə təcrübəsini nəzərə almamışdır. Belə ki, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələb olunan maraqlı şəxs olaraq artıq istinad olunan kommersiya qurumlarının qanuni təmsilçisi deyil və bu barədə dəyişikliklər dövlət reyestrində qeydiyyata alınmışdır. Bu baxımdan qanuni təmsilçi olmadığı və bununla bağlı dəyişiklik dövlət qeydiyyatına alındığı halda əvvəllər rəhbəri olduğu hüquqi şəxslərin dövlət büdcəsinə olan borcuna görə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, hesablanmış borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə tutulmasının səmərəliliyini istisna etməklə, şirkətlərin borclarının vaxtında ödənilməsindən yayınmasına, onun isə hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Göstərilən ünvanda yaşayır. Məhkəmə iclasnın yeri və vaxtı barədə məlumatı olmayıb, məhkəmə iclasında iştirak edə bilmədiyindən, sübutları təqdim edə bilməmişdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

6. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

7. Maraqlı şəxs apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.

8. Ərizəçinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.

Apellyasiya baxışının hədləri

9. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi Maraqlı şəxs verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 1.4. Bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Maddə 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək - vergi ödəyicisinin vəzifəsidir. Maddə 23.1.15-3. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək - vergi orqanın hüququdur.

11. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi: Maddə 9.3.6-1. Vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcları və faizləri, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarını ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək vətəndaşın ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər.

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 305.1.12. Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işə baxır. Maddə 355-5.1. Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Maddə 355-7.4. Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

13. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətinin dəlillərini və materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Kommersiya Məhkəməsinin 09 aprel 2024-cü il tarixli, e-2-2(119)-654/2024 nömrəli qətnaməsi ləğv olunmalı və iddia rədd edilməlidir.

14. Belə ki, işin faktiki hallarından müəyyən edilir ki, ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (VÖEN: **********) 26 fevral 2024-cü il tarixinə hesablanmış dövlət büdcəsinə olan 46859,1 (qırx altı min səkkiz yüz əlli doqquz manat, on qəpik) manat məbləğində vergi borcu və Dövlət Sosial Müdafiə Fonduna olan 149252,99 (yüz qırx doqquz min iki yüz əlli iki manat, doxsan doqquz qəpik) manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri - xx xxxx 1971ci il təvəllüdlü Maraqlı şəxs “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

15. Sumqayıt Kommersiya Məhkəməsinin 09 aprel 2024-cü il tarixli, e-2-2(119)- 654/2024 nömrəli qətnaməsi ilə ərizə təmin edilmişdir.

16. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, vergi ödəyicisi olan hüquqi şəxs "xxxx" ASC vergi və məcburi dövlət sosial sığorta haqları üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyindən ərizəçinin ərizəsi əsaslıdır və təmin olunmalıdır.

17. Qətnamədən narazı qalan maraqlı şəxs apellyasiya şikayəti vermişdir.

18. Apellyator şikayətin dəlili olaraq xx.xx.2024-cü il tarixindən etibarən həmin Cəmiyyətin rəhbəri olmadığını, qanuni təmsilçi olmadığı və bununla bağlı dəyişikliyin dövlət qeydiyyatına alındığı halda əvvəllər rəhbəri olduğu hüquqi şəxsin dövlət büdcəsinə olan borcuna görə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının qanunsuz və əsassız olduğunu, məhkəmə tərəfindən işin faktiki hallarının tam şəkildə araşdırılmadığını, düzgün hüquqi qiymət verilmədiyini göstərmişdir.

19. Məhkəmə kollegiyası şikayətin dəlillərini əsaslı hesab edir.

20. Belə ki, ölkədən getmək hüququnun məhdudlaşdırılmasına əsas yaradan borc "xxxx" ASC-yə aid borcdur. Ona görə də hazırkı ərizənin əsaslığı "xxxx" ASC-nin icra orqanın rəhbərinə münasibətdə yoxlanılır.

21. Qeyd olunmalıdır ki, yuxarıda sadalann maddi hüquq normalarının tələblərinə görə hüquqi şəxsin vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə yalnız hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun məhdudlaşdırılması imkanı nəzərdə tutulmuşdur.

22. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron axtarış sistemindən xx.xx.2024-cü il tarixli çıxarışa əsasən müəyyən olunur ki, "xxxx" ASC-nin icra orqanının rəhbəri maraqlı şəxs deyil, Rusudan Surmanıdzedir. Belə olan halda isə ərizəçi "xxxx" ASC-nin icra orqanının rəhbəri kimi Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının tələb edilməsi qanunauyğun deyildir.

23. Kollegiya həmçinin vurğulayır ki, bu fakt iş üzrə birinci instansiya məhkəməsi qətnamə qəbul etdikdən sonra yaranmışdır. Məhkəmə bu faktı qətnamə qəbul edərkən mövcud olmadığı üçün nəzərə ala bilməzdi. Həmin fakt hazırki icraat zamanı aşkar edilmişdir.

24. Qeyd olunmalıdır ki, həmin faktın mövcudluğu artıq hüquqi şəxslə hər hansı bağlantısı olmayan şəxsin ölkədən getmək hüququnun lüzümsüz məhdudlaşdırılmasına, eyni zamanda borcun ödənilməsinin təmininə yönəlmiş tədbirin əhəmiyyətini itirməsinə səbəb ola bilər.

25. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi işə baxan zaman maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməsə də, qətnamə qəbul edildikdən sonra meydana çıxan fakt işin həllinə təsir edən və ərizənin təmin olunmasını istisna edən hal kimi qiymətləndirilməlidir.

26. Kollegiyanın qənaətincə sonradan yaranmış faktın nəzərə alınmaması qanuni təmsilçi olmayan şəxsin hərəkət etmək azadlığının əsassız və qanunsuz olaraq məhdudlaşdırılması ilə nəticələnə bilər. Bu isə işin qanuni həlli baxımından yolverilməzdir.

27. Qanunvericiliyin tələbinə görə məhkəmənin qətnaməsi o halda əsaslı sayılır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün əhəmiyyətli olan butun faktiki hallar aydınlaşdırılsın, məhkəmə tərəfindən müəyyən edilmiş və iş üçün əhəmiyyətli olan hallar sübut olunsun, qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin.

28. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Kommersiya Məhkəməsinin 09 aprel 2024-cü il tarixli, e-2-2(119)-654/2024 nömrəli qətnaməsi ləğv olunmalı və ərizə rədd edilməlidir.

29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378- 382, 398.0.3, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin 09 aprel 2024-cü il tarixli, e-2-2(119)-654/2024 nömrəli qətnaməsi ləğv olunsun, iş üzrə yeni qətnamə qəbul edilsin. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair ərizəsi rədd olunsun. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar