Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-72/2025 23.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil, cavabdeh, eyni zamanda digər Cavabdeh2 qanuni təmsilçisi Cavabdeh1 və cavabdehlərin vəkili-nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı “borcun tutulması tələbinə dair” kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2- 2(119)-182/2025 nömrəli qətnaməsindən Cavabdeh2 MMC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)-182/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh2ndən 4000 (dörd min) avro məbləğində borcun ödəniş anında Azərbaycan manatının məzənnəsilə və 96,80 manat (doxsan altı manat, səksən qəpik) məbləğində dövlət rüsumu əvəzinin İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Fərman Həmidli). Qətnamədən Cavabdeh2 MMC (vəkili-nümayəndəsi Nümayəndə) tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı “borcun tutulması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 15 may 2024-cü il tarixli müqaviləyə əsasən 4200 (dörd min iki yüz) avro məbləğində əsas borcun, 1000 (min) manat məbləğində cərimənin və ödənilən dövlət rüsumununun əvəzinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və Cavabdeh1 arasında Cavabdeh2 MMC-nin adından 15 may 2024-cü il tarixində “Whatsapp” sosial platformasındakı qrup vasitəsilə yazışmalar aparılmış və iddiaçı cavabdehin sifarişi (tapşırığı) ilə yükdaşıma xidməti göstərmişdir. Belə ki, cavabdeh “Whatsapp” qrupu vasitəsilə Rumıniya Respublikasında 370000 avro dəyərində Azərbaycana daşınmalı yükün olduğunu bildirərək iddiaçının sənədlərini tələb etmişdir. Həmin sənədlər cavabdeh tərəfindən Rumıniya şəhərində yerləşən zavoda göndərilmiş və rəy cavabı alınaraq həmin malın iddiaçının idarə etdiyi tır avtomobili vasitəsilə Bakı şəhərinə gətirilməli olduğu tapşırığı verilmişdir. Cavabdehin tapşırığı əsasında Rumıniya şəhərində yerləşən zavoda gedilərək 370000 avro dəyərində olan mallar iddiaçının tır avtomobilinə yüklənmiş və iddiaçı tərəfindən Bakı şəhərinə əskiksiz və salamat vəziyyətdə cavabdehin bildirdiyi yerə təhvil verilmişdir. Lakin cavabdeh öz öhdəliklərini sonadək icra etməmiş, aralarında olan şərtləri pozaraq, iddiaçıya görülən iş qarşılığında haqq ödəməmiş, müxtəlif bəhanələrlə öhdəlikdən yayınmağa çalışmışdır. Halbuki, Rumıniya şəhərində yerləşən zavod tərəfindən iddiaçıya çatası xidmət haqqının cavabdehə tam şəkildə ödənildiyi müəyyən edilmişdir. Ona görə də iddiaçı göstərdiyi yükdaşıma xidmətinin haqqını cavabdehlərdən məhkəmə yolu ilə tələb etməyə məcbur olmuşdur. Cavabdeh, eyni zamanda digər Cavabdeh2 MMC-nin qanuni təmsilçisi Cavabdeh1 12 dekabr 2024-cü il tarixdə iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, nə direktoru olduğu Cavabdeh2 MMC, nə də şəxsən özü iddiaçı ilə hansısa müqavilə bağlamamışdır. İş materiallarına iddiaçı tərəfindən əlavə edilmiş CMR sənədi beynəlxalq daşımalarda istifadə olunur. Həmin sənədin müvafiq xanalarında yükü göndərən firma olaraq “Tenaris Global Services S.A.”, yükün alıcısı “Caspian İndustry LLC”, yükün daşıyıcısı olaraq isə iddiaçının işlədiyi "xxxx" şirkəti göstərilmişdir. Yükdaşıma prosesi göstərilən 3 şirkət arasında həyata keçirilmişdir. Sənədlərdən göründüyü kimi, nə onun, nə də rəhbəri olduğu Cavabdeh2 MMC-nin bu proseslə hansısa əlaqəsi yoxdur. Yükü göndərən, yükün alıcısı və yükün daşıyıcısı olan şirkətlərlə hansısa müqavilə olmamışdır. İddiaçının istinad etdiyi 15 may 2024-cü il tarixli müqavilə mövcud deyildir. Cavabdeh, eyni zamanda digər Cavabdeh2 MMC-nin qanuni təmsilçisi 06 fevral 2025-ci il tarixdə iddia ərizəsinə “Etiraz-2” və “Etiraz-3” adlı sənədlərlə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı malı təhvil verərkən iki gün normadan artıq gözlədiyini və hər gün üçün ona 100 avro pul ödənilməli olduğunu bildirir. Məhkəməyə təqdim etdiyi “Whatsapp” yazışmasının 4-cü səhifəsində gömrük terminalına girişini göstərən bildirişin şəklini paylaşmışdır. Bildirişdən göründüyü kimi, iddiaçının idarə etdiyi **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobil 01 iyun 2024-cü il tarixində saat 21:42-də terminal ərazisinə daxil olmuşdur. Məhkəməyə təqdim etdiyi 000143 nömrəli CMR sənədində 24-cü qrafada 05 iyun 2024-cü il tarixində malın təhvil verildiyi qeyd olunmuşdur. 02 iyun 2024-cü il tarixi bazar gününə - qeyri iş gününə təsadüf etmişdir. 03 iyun - 05 iyun tarixlərində, yəni üç iş günündə gətirilən mal gömrük proseslərini keçərək boşaldılmışdır. Beynəlxalq daşımalarda yüklənmə və boşalma üçün 72 saatlıq normativ verilir. İddiaçının öz təqdim etdiyi sənədlər öz iddiasını inkar edir. Normadan artıq gözləmə olmamışdır. Həmçinin iddiaçının məhkəməyə təqdim etdiyi 000143 nömrəli CMR-in sol alt küncündə normadan artıq durma üçün MDB ölkələrində günlük 100 ABŞ dolları, Avropa ölkələrində 100 avro normativ cəza qeyd olunub. Əgər normativdən artıq gözləmə Azərbaycan Respublikasının ərazisində baş vermiş olsa idi, cərimə ABŞ dolları ilə olmalı idi. Daşıma prosesinin iki subyekti var: mal göndərən “Tenaris Global Services S.A.” və malı alan “Caspian İndustry LLC”. Daşıma prosesini iddiaçının sürücü olaraq işlədiyi "xxxx" şirkəti yerinə yetirmişdir. “Whatsapp” yazışmasının birinci səhifəsində iddiaçı pulu nağd və ya köçürmə ilə olduğunu soruşur. Köçürmə yolu ilə daşıma üçün pulu ya malı göndərən, ya da alan verməlidir. Cavabdeh2 MMC bu prosesdə iştirak etməmişdir. Nə malın alıcısı ilə, nə də malın satıcısı ilə hansısa müqaviləsi yoxdur. Həmçinin daşıma prosesini yerinə yetirmiş olan "xxxx" şirkətinə də sifariş verilməmişdir və həmin şirkət qarşısında müqavilə öhdəliyi yoxdur. Bu günə qədər həmin şirkət cavabdehə heç bir qaimə göndərməmiş və iş gördüyünə aid heç bir akta qol çəkməmişdir. Məhkəməyə təqdim edilmiş “Whatsapp” yazışmasının ikinci səhifəsində iddiaçının firmanın məlumatlarını sildiyi görünür. İddiaçı bu sifarişi "xxxx" MMC-nin yerinə yetirdiyini ört-basdır etməyə, məhkəməni aldatmağa və səhv istiqamətə yönəltməyə çalışır. CMR-in 16-cı qrafasında "xxxx" şirkətinin möhürü görünür. Daşıyıcı tərəf haqqında olan bu qrafanın davamında 17-ci qrafada sonrakı daşıyıcı xanası boşdur. Deməli, daşıma prosesi başdan-axıra kimi ancaq bir daşıyıcı tərəfindən yerinə yetirilmişdir. Əgər bu daşıma, iddiaçının iddia etdiyi kimi, Cavabdeh2 MMC-nin sifarişi əsasında həyata keçirilmiş olsa idi, 16-cı qrafada cavabdeh müəssisənin, 17-ci qrafada isə cavabdehin podratçısının adı qeyd olunardı… Həmçinin qeyd etmişdir ki, həm fiziki şəxs kimi, həm də Cavabdeh2 MMC-nin qanuni təmsilçisi olaraq hazırkı işə cavabdeh qismində cəlb edilmişdir və bununla razılaşmır. Cavabdeh, eyni zamanda digər Cavabdeh2 MMC-nin qanuni təmsilçisi 27 fevral 2025-ci il tarixdə iddia ərizəsinə “Etiraz-4” adlı sənədlə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçının nümayəndəsi tərəfindən iş materiallarına əlavə edilmiş sənəddə onun yazışdığı “Darius-dineda”nın hazırkı iş üzrə yükdaşıma prosesində hansı mövqeyi tutduğu məlum deyildir. Həmçinin ödəmə tapşırığı kimi göstərilən sənədlər dəlil ola bilməz, çünki ödəmə tapşırığı həmin formada olmur. Ödəmə tapşırıqlarının sağ aşağı tərəfində bankın sənədi təsdiq edən rəngli möhürləri olmalıdır və bununla bank köçürmənin həyata keçirildiyini təsdiq edir. Ödəmə tapşırığı kimi təqdim olunan sənəddə ödəyicinin “Dineda İnt SRL” şirkəti olduğu görünür. İddiaçı məhkəməyə həmin şirkətin bu prosesdə hansı mövqe tutduğunu bəyan etməyə borcludur. Həmçinin iddiaçının məhkəməyə təqdim etdiyi “Whatsapp” yazışmasının 15 may 2024-cü ildə başladığı görünür. 000143 saylı beynəlxalq qaimədə (yəni CMR-də) 4-cü qrafada yükləmə tarixi 20 aprel 2024-cü il göstərilmişdir. Bu tarixdə o, iddiaçını tanımırdı. Eyni sənədin 23-cü qrafasına yükü təhvil verən "xxxx" şirkətinin möhürünün solunda müvafiq olaraq göndərənin, sağında isə malı qəbul edənin müvafiq möhürləri durur. Bu qrafalardakı hər üç imza-möhür yük daşıma prosesinin sona çatdığını göstərir. Yük daşıma prosesinin hər üç subyekti açıq və aydın şəkildə bəyan edilir. Cavabdeh, eyni zamanda digər Cavabdeh2 MMC-nin qanuni təmsilçisi göstərilənlərin nəzərə alınaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsi iş üzrə yuxarıda qeyd olunan qətnaməni qəbul etmişdir. Həmin qətnamə ilə razılaşmayan Cavabdeh2 MMC ondan apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri Cavabdeh2 MMC (vəkili-nümayəndəsi Nümayəndə) apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Mülki Məcəllənin 851-ci maddəsinə əsasən, yük daşıma müqaviləsi yük göndərən, daşıyıcı və yük alan arasında qurulan bir hüquqi münasibətdir. İşə əlavə olunan CMR sənədindən də açıqca göründüyü kimi, iddiaçı və cababdeh bu hüquqi münasibətin tərəfləri deyildir. Yük göndərən “Tenaris Global Services SA” və yük alan "xxxx" MMC arasında bağlanan satınalma müqaviləsinə əsasən müqavilənin tərəfləri bu iki şirkətdir. Nə Cavabdeh2 MMC, nə də onun direktoru Cavabdeh1 ilə müqavilə bağlanmamışdır. Cavabdeh1 və ya Cavabdeh2 MMC-nin nə malın alıcısı ilə, nə də malın satıcısı ilə hansısa müqaviləsi yoxdur. Həmçinin daşıma prosesini yerinə yetirmiş olan "xxxx" şirkətinə də cavabdehlər tərəfindən sifariş verilməmiş və həmin şirkət qarşısında müqavilə öhdəliyi yoxdur. Bu günə qədər həmin şirkət cavabdehə heç bir qaimə göndərməmiş və iş gördüyünə aid heç bir akta qol çəkməmişdir. Məhkəməyə təqdim edilmiş “Whatsapp” yazışmasının ikinci səhifəsində iddiaçının şirkətə aid məlumatları sildiyi görünür. CMR-in 16-cı qrafasında "xxxx" şirkətinin möhürü görünür. Daşıyıcı tərəf haqqında olan bu qrafanın davamında 17-ci qrafada sonrakı daşıyıcı xanası boşdur. Deməli, daşıma prosesi başdan-axıra kimi ancaq bir daşıyıcı tərəfindən yerinə yetirilmişdir. Əgər bu daşıma, iddiaçının iddia etdiyi kimi, Cavabdeh2 MMC-nin sifarişi əsasında həyata keçirilmiş olsa idi, 16-cı qrafada cavabdeh müəssisənin, 17-ci qrafada isə cavabdehin podratçısının adı qeyd olunardı. Məhkəmə, qeyd olunan faktları nəzərə almamış, iddiaçı və cavabdehi yük daşıma müqaviləsinin tərəfləri olaraq qəbul etmişdir... İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2024-cü il tarixli 0001 №-li Xidmət müqaviləsinin 2.2.8-ci maddəsində "CROCUS LOGİSTİCS” MMC-dən alınmayan, MMC-nin razılıq vermədiyi və MMC-nin xəbəri olmadan sifarişçilərdən aldığı yüklərin daşınması zamanı yarana biləcək hər hansı bir ziyana və sair problemlərə görə bütün məsuliyyət İddiaçı üzərinə düşür. Buradan aydın olur ki, sözü gedən müqavilə ilə "CROCUS LOGİSTİCS MMC iddiaçıya səlahiyyəti vermişdir. AR Müllki Məcəlləsinin təmsiliçilik ilə bağlı müddəlarına əsasən təmsil edilən təmsil səlahiyyəti verdiyi şəxs tərəfindən bağlanan müqavilənin tərəfidir. Əgər təmsil səlahiyyəti yoxdursa və ya aşılmışdırsa təmsil edilən bu müqaviləni bəyənərsə onun tərəfi olur... Gerçəkləşən hadisədə CMR sənədində "xxxx" MMC-nin möhürü olması daşımanın "xxxx" MMC tərəfindən bəyənildiyini göstərir. Belə olan halda "xxxx" MMC daşıma müqaviləsinin tərəfidir. Dolayısıyla mübahisələndirilən daşıma müqaviləsinin tərəfi İddiaçı yox, "xxxx" MMC-dir və tələb hüququ da ona aiddir... Onu da qeyd etmək istəyir ki, iddiaçı özü məhkəmə iclasında cavabdehə ödəniş etməsi üçün "xxxx" MMC-nin rekvizitlərini göndərmişdir. Əgər ödəniş iddiaçıya edilməlidirsə, niyə şirkət rekvizitlərini vermişdir? Əgər ödəniş şirkətə edilməlidirsə, niyə şirkət yox, iddiaçı cavabdehlərdən ödəniş tələb edir və məhkəmədə iddia qaldırır? Məhkəmə qətnamə qəbul edərkən bu faktları dəyərləndirməmişdir... Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə verilmiş sorğuya cavabda qeyd edilir ki, İddiaçıla "xxxx" MMC arasında əmək münasibətləri olmuş və münasibətlərə 2024 cü ilin yanvar ayında xitam verilmişdir. Həmin ilin fevral ayında isə tərəflər arasında xidmət müqaviləsi bağlanmışdır. Əmək qanunvericiliyinin müddəalarından da aydın olur ki, davamlı münasibətdə olan şəxslər arasında mülki-hüquqi müqavilələr bağlana bilməz. Həmin münasibətlər əmək münasibətləri çərçivəsində rəsmiləşdirilməli idi. Xidmət müqaviləsinin müddəalarına diqqət yetirdikdə aydın olur ki, tərəflər arasında müqavilə sərbəstliyi prinsipi pozulmuşdur. Belə ki, müqavilənin 2.2.13-cü yarımbəndində sahibkara özbaşına olaraq başqa şirkətlərə keçməmək barədə öhdəlik qoyulmuşdur. Nəticə olaraq, tərtib edilən xidmət müqaviləsi qanunvericiliyə zidd olan bir müqavilədir. Əmək Məcəlləsinin 7.2-3.4-cü maddəsinə əsasən tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir. Həmin Məcəllənin 68-ci maddəsində əmək müqaviləsinə hansı əsaslarla xitam verilə biləcəyi tənzimlənmişdir... CMR sənədində (№000143) yük göndərən “SC Silcotub S.A.” (“Tenaris Global Services S.A.”-nın adından), yük alan “Caspian İndustry LLC”, daşıyıcı isə "xxxx" MMC kimi qeyd olunub. Cavabdeh2 MMC-nin adı sənəddə yoxdur (16-cı və 17-ci qrafalar). xx.xx.2024 tarixli satınalma müqaviləsi (PO No: Cİ-TNS-001) “Tenaris Global Services S.A.” və “Caspian İndustry LLC” arasında bağlanıb. Müqavilədə Cavabdeh2 MMC nə satıcı, nə alıcı, nə də logistika tərəfi kimi qeyd olunub. Çatdırılma şərti CPT Baku (İncoterms 2020) kimi müəyyənləşdirilib, logistika öhdəliyi isə “Tenaris”ə aiddir. Bu sənədlərə əsasən Cavabdeh2 MMC yükdaşıma prosesində tərəf deyildir. Bundan əlavə, CMR sənədində daşıyıcı "xxxx" MMC-dir, İddiaçı isə fiziki şəxs kimi qeyd olunmayıb. Onun "xxxx" adından iddia qaldırmaq hüququ yoxdur. Satınalma müqaviləsində də İddiaçı adı çəkilmir, bu da onun prosesdə tərəf olmadığını təsdiqləyir. Qeyd olunanlardan da göründüyü kimi, Zaur Abidinov mübahisənin tərəfi olduğunu iddia etsə də, bu iddiasını sübut etməmişdir. İşə onun tərəfindən əlavə olunan sənədlərdən də aydın şəkildə göründüyü kimi, o, mübahisənin tərəfi deyildir. Məhkəmə bu faktları diqqətə almamışdır. Yazışmalarda yükləmə tarixi 17 may 2024 (cümə günü) kimi qeyd olunub, lakin CMR sənədində 20 aprel 2024-cü ildir. Yəni yazışma başladıqdan, Cavabdeh2 MMC ilə təmas qurmadan bir ay əvvəl yüklər Zaur Abidinovun iddarə etdiyi nəqliyyat vasitəsinə yüklənib. Bu ziddiyyət yazışmaların bu yükdaşıma ilə əlaqəli olmadığını göstərir. Ayrıca yazışmaların bir hissəsi silinib (məsələn, 17 may 2024 tarixli 13:34-də iki mesaj), bu, onların tamlığını və həqiqiliyini şübhə altına alır. Məhkəmə təqdim edilən sübutları düzgün qiymətləndirməmiş, prosessual hüququ doğru tətbiq etməmiş, işə qərəzli yanaşmış və hüquqa zidd qərar vermişdir… Məhkəmə icraatının Azərbaycan dilində aparılmasına baxmayaraq iddiaçı məhkəməyə ingilis dilində sübutlar təqdim etmiş, həmin sübutların Azərbaycan dilinə tərcümə edilməsi məhkəmə tərəfindən də təmin edilməmişdir. Ancaq qanunvericiliyin açıq ifadəsinə əsasən sənədlər məhkəmə icraatının aparıldığı dildə təqdim edilməlidir. Məhkəmə bu prosessual pozuntunu da diqqətə almamışdır… Göstərilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddiaçının tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir. Apellyasiya şikayətinin təmin olunması xahiş edilir. Apellyasiya baxışı iclasında iştirak edən cavabdeh, eyni zamanda digər Cavabdeh2 qanuni təmsilçisi Cavabdeh1 və cavabdehlərin vəkili-nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, şikayətin dəlillərinə uyğun izahatlar verdilər və apellyasiya şikayətinin təmin olunmasını xahiş etdilər. Apellyasiya baxışı iclasında iştirak edən İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, şikayəti əsassız hesab etdiklərini bildirdilər, apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, iş üzrə tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib bu nəticəyə gəlir ki, Cavabdeh2 MMC (vəkilinümayəndəsi Nümayəndə) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)-182/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Hazırkı işin materiallarında olan 000143 nömrəli Beynəlxalq yükdaşıma qaiməsindən (CMR) görünür ki, yük göndərən “SC Silcotub S.A.” (“Tenaris Global Services S.A.”-nı təmsil edən) (SİLCO on the behalf of TGSU), yükü alan “Caspian İndustry LLC” olmuş, yükün yüklənmə yeri Rumıniya Respublikasının Zalau şəhəri, boşalma yeri isə Azərbaycan Respublikasının Bakı şəhəri qeyd edilmişdir. Həmin sənədin məzmunundan aydın olur ki, qaimə 20 may 2024-cü il tarixdə Rumıniya Respublikasının Zalau şəhərində tərtib edilmiş (sənədin 21-ci qrafası), 05 iyun 2024-cü il tarixdə isə yük Bakı şəhərində qəbul edilmişdir (sənədin 24-cü qrafası). İş materiallarında olan iddiaçı ilə Cavabdeh2 MMC (MMC-nin adından Cavabdeh1) arasında “Whatsapp” sosial platforması vasitəsilə 15 may 2024-cü il tarixdə aparılmış yazışmaların məzmunundan görünür ki, iddiaçı və cavabdeh Rumıniya Respublikasının Zalau şəhərindən yükün Bakı şəhərinə daşınmasını 4000 avroya daşınmasını razılaşdırmışlar. Həmin yazışmalarda cavabdeh iddiaçının suallarına cavab olaraq daşınma haqqının forması (“köçürmə yolu ilə”), yükləmənin vaxtı (“cümə günü”) və razılaşdırdıqları pul məbləğinin valyutası (“euro”) barədə məlumat vermiş, eyni zamanda ondan maşın və sürücü məlumatlarını istəmişdir. Həmin danışıqların sonrakı gedişindən aydın olur ki, cavabdeh iddiaçıdan Azərbaycan Respublikasının ərazisinə keçib-keçməməsini soruşmuş, iddiaçı buna müsbət cavab verdikdən sonra cavabdeh onda olan barkodun (ştrix-kodun) göndərilməsini xahiş etmişdir. Tərəflər arasında “Whatsapp” sosial platforması vasitəsilə 04 iyul 2024-cü il tarixdə aparılmış danışıqlar zamanı iddiaçı cavabdehdən yükdaşıma haqqının ödənilməsini tələb etmiş (“Mən pul gözləyirəm, axı belə etməyin”), cavabdeh buna cavab olaraq ona gözləməsini bildirmiş, iddiaçı nə vaxta qədər gözləməli olduğunu, cavabdehdən pul gözlədiyini bildirərək narazılığını ifadə etmiş, cavabdeh isə iddiaçıya zəng edəcəyini bildirmişdir. İş materiallarında olan İddiaçı və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 01 fevral 2024-cü il tarixli 0001 nömrəli xidmət müqaviləsinin 1.1-ci bəndinə əsasən, “firma” ("xxxx" MMC) “sahibkar”ı (İddiaçı) beynəlxalq yük daşımalarını həyata keçirmək üçün müəyyən edilmiş müvafiq sənədlərlə təmin etməyi (Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən ona ayrılmış müxtəlif ölkələrə məxsus olan icazə blanklarının və BNF kitabçalarının, Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiyası (ABADA) tərəfindən ayrılan TİR CORNET və CMR-in (Beynəlxalq əmtəənəqliyyat qaiməsinin), Dövlət gömrük-keçid məntəqələrindən keçid üçün şirkət adından lazımi sənədlərin (müqavilələrin, etibarnamələrin) verilməsini) öz öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, “sahibkar” isə “firma”nın göstərdiyi mütəmadi xidmətin əvəzində firmaya aylıq 50 manat məbləğində nağd və ya köçürmə yolu ilə xidmət haqqı ödəyir. Müqavilənin 1.3-cü bəndinə əsasən, “sahibkar” müqavilələr və etibarnamələr əsasında “firma”nın adı altında həm sərbəst şəkildə, həm də “firma”nın sifarişi ilə öz şəxsi riski əsasında şəxsən və ya sürücüsü vasitəsilə BYD-i həyata keçirməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.1.6-cı və 2.1.7-ci yarımbəndlərinə əsasən, “sahibkar”ın “ABADA”ya (Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası) üzvlüyə qəbul edilməsini təmin etmək və “sahibkar”ı BYD-də istifadə edilən bütün növ sənədlərlə təmin etmək (kamet - TİR, SMR) firmanın vəzifələridir. Həmin müqavilənin 2.2.2-2.2.4-cü yarımbəndlərinə əsasən, beynəlxalq yük daşımaları üçün sərbəst şəkildə sifarişçilər ilə müqavilə bağlayıb yüklərin daşınmasını həyata keçirmək, daşıma haqqı və ödəniş qaydalarını sərbəst şəkildə müəyyən etmək, firmadan beynəlxalq yük daşımalarında istifadə edilən bütün növ sənədlərlə təmin edilməsini tələb etmək “sahibkar”ın hüquqlarıdır. İş materiallarında olan “Confirmare electronica/Cyber receipt” (electron təsdiq qəbzi) adlanan 20 may 2024-cü il tarixli və 6 iyun 2024-cü il tarixli ödəniş sənədlərindən görünür ki, “DİNEDA İNT SRL” tərəfindən Cavabdeh2 MMC-nin bank hesabına (AZ33AİİB401500E**********123) həmin tarixlərdə hər biri 2300 avro olmaqla, cəmi 4600 avro pul məbləği köçürülmüşdür. İş materiallarında olan iddiaçı ilə Cavabdeh2 MMC arasında “Whatsapp” sosial platforması vasitəsilə aparılan yazışmalardan görünür ki, cavabdehin iddiaçıya göndərdiyi “Tenaris Silcotub” şirkətinin məlumatlarının əks olunduğu vəsiqədə “Compania: DİNEDA İNT” (yuxarıda istinad edilən ödəniş qəbzlərində cavabdehin hesabına pul köçürən təşkilat) qeyd edilmişdir. Həmin yazışmada cavabdeh iddiaçıya yüklənməyə dəvət olunacağı barədə məlumat verir. İş materiallarına əlavə edilmiş, Elektron ünvan elektron poçt ünvanından iddiaçının nümayəndəsinə 20 may 2024-cü il tarixli və 6 iyun 2024-cü il tarixli ödəniş sənədləri göndərilmiş və həmin ödənişlərin Cavabdeh2 MMC-yə edildiyi qeyd olunmuşdur. İş materiallarında olan iddiaçı və “X4” adlandırılmış nömrə arasında “Whatsapp” sosial platforması vasitəsilə aparılan yazışmalardan görünür ki, “X4” daşıma haqqının 2 dəfə 2300 avro olmaqla 20 may 2024-cü il (yük yükləndikdə) və 06 iyun 2024-cü il (yük boşaldıldıqda) tarixlərində Cavabdeh2 MMC-nin hesabına köçürüldüyünü və həmin məbləğin Cavabdeh2 MMC-dən tələb edilməli olduğunu bildirmişdir. İş materiallarında olan X3 Xidməti tərəfindən “Ekol” Vəkil bürosuna ünvanlanmış 18 mart 2025-ci il tarixli 3-17-5/2-25989/2025 nömrəli məktuba əlavə edilmiş sənəddən görünür ki, İddiaçıla "xxxx" MMC arasında 01 noyabr 2023-cü il tarixdə bağlanmış əmək müqaviləsinə 31 dekabr 2023-cü il tarixdə xitam verilmişdir. İş materiallarında olan Səbail Rayon Polis İdarəsinin 41-ci bölməsindən İddiaçı ünvanlanmış 13 avqust 2024-cü il tarixli 47-4/2-A-5498 nömrəli məktubda iddiaçının 31 iyul 2024-cü il tarixdə DİN-in “102” xidməti-zəng mərkəzinə daxil olmuş müraciətinin araşdırıldığı və qeyd olunan məsələ mülki xarakterli olduğundan aiddiyəti üzrə məhkəməyə müraciət edilməsinin məqsədəmüvafiq olduğu bildirilmişdir. Birinci instansiya məhkəməsi işdə olan sübutlara və işin müəyyən olunmuş hallarına hüquqi qiymət verərkən aşağıdakı maddi hüquq normalarının müddəalarını tətbiq etmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 329.2 və 329.3-cü maddələrinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş götməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 404.1-ci və 404.2-ci maddələrinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 407.1-ci maddəsinə əsasən, müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448-ci maddəsinə əsasən, (448.1) əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və (448.2) borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən, tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Həmin Məcəllənin 782.1-ci maddəsinə əsasən, vəkalət verən tapşırığın icrası gedişində vəkalət alana dəyən zərər üçün, əgər zərərin onun təqsiri üzündən yaranmadığını sübuta yetirməsə, vəkalət alan qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 850.1-ci maddəsinə əsasən, yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Birinci instansiya məhkəməsi qətnaməsində iş üzrə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iş materiallarından müəyyən edilir ki, iddiaçı və Cavabdeh2 MMC arasında Rumıniya Respublikasının Zalau şəhərindən Azərbaycan Respublikasının Bakı şəhərinə yük daşınmasının təşkil edilməsi ilə bağlı şifahi qaydada tapşırıq müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) qismində çıxış edən iddiaçı cavabdehin (vəkalət verənin) ona tapşırdığı xidməti (yükün daşınmasını) icra etsə də, cavabdeh həmin xidmətin müqabilində ona ödəməli olduğu haqqı (muzdu) ödəməyərək öhdəliyini pozmuşdur. Tərəflər arasında tapşırıq müqaviləsinin mövcudluğu və onların tapşırıq müqaviləsinin subyektləri qismində çıxış etməsi aralarında “Whatsapp” sosial platforması vasitəsilə aparılmış danışıqlarla tam sübut olunmaqdadır. Belə ki, həmin yazışmalarda cavabdeh iddiaçının suallarına cavab olaraq daşınma haqqının forması (“köçürmə yolu ilə”), yükləmənin vaxtı (“cümə günü”), razılaşdırdıqları pul məbləğinin valyutası (“euro”) və iddiaçıya yüklənməyə dəvət olunacağı barədə məlumat vermiş, ondan maşın və sürücü məlumatlarını istəmiş, daha sonrakı müddətdə isə Azərbaycan Respublikasının ərazisinə keçib-keçməməsini soruşmuş, iddiaçı buna müsbət cavabdeh verdikdən sonra onda olan barkodun göndərilməsini xahiş etmişdir… İddiaçı və Cavabdeh2 MMC (hüquqi şəxsin adından onun qanuni təmsilçisi olan digər Cavabdeh1) arasında “Whatsapp” sosial platforması vasitəsilə aparılan danışıqları Cavabdeh1 inkar etməmiş, əksinə, məhkəmə iclaslarında verdiyi izahatlar zamanı bilavasitə həmin danışıqların məzmununa istinad edərək öz dəlillərini irəli sürmüşdür. Bu isə ona dəlalət edir ki, həmin danışıqlar iş üzrə mötəbər sübutdur… Cavabdehin müqavilə öhdəliyini icra etməməsi sözügedən sosial platforma vasitəsilə tərəflər arasında 4 iyul 2024-cü il tarixdə aparılmış danışıqların məzmununa əsasən tam sübut edilməkdədir. Belə ki, iddiaçı həmin tarixdə cavabdehdən daşınma haqqının məbləğinin ödənilməsini tələb etmiş (“Mən pul gözləyirəm, axı belə etməyin”), cavabdeh buna cavab olaraq ona gözləməsini bildirmiş, iddiaçı nə vaxta qədər gözləməli olduğunu, cavabdehdən pul gözlədiyini bildirərək narazılığını ifadə etdikdə isə, cavabdeh iddiaçıya zəng edəcəyini bildirmişdir. Başqa sözlə, cavabdeh həmin danışıqlar zamanı tapşırıq müqaviləsi üzrə muzdun məbləğini ödəmək öhdəliyini bir dəfə də olsun inkar etməmiş, əksinə, yükün daşımaya qəbul edilməsindən (maşına yığılmasından) daha əvvəlki müddətdən başlayaraq cavabdehlə daşıma haqqını şərtləşdirmiş, iddiaçı tərəfindən xidmət göstərilərək yük boşaldıldıqdan sonra muzd tələb edildikdə isə, iddiaçıya gözləməsini, ona zəng edəcəyini bildirərək öhdəliyin icrasından yayınmışdır… İddianı qəbul etməyən cavabdehin əsas dəlili daşımanın "xxxx" MMC-nin adından həyata keçirilməsi səbəbindən iddiaçının hazırkı iş üzrə iddia tələbini irəli sürmək hüququnun olmamasıdır. Bu halla bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan X3 Xidmətinin 18 mart 2025-ci il tarixli məktubuna əlavə edilmiş sənəddən görünür ki, İddiaçıla (sahibkar) "xxxx" MMC (firma) arasında 1 noyabr 2023-cü il tarixdə bağlanmış əmək müqaviləsinə 31 dekabr 2023-cü il tarixdə xitam verilmişdir. Həmin tarixdən sonra, yəni 1 fevral 2024-cü il tarixində tərəflər arasında 0001 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilədən görünür ki, firma ("xxxx" MMC) sahibkarı (İddiaçı) beynəlxalq daşıma üçün zəruri olan sənədlərlə təchiz etməyi, sahibkar isə bunun müqabilində aylıq 50 manat məbləğində xidmət haqqı ödəməyi öhəsinə götürmüşdür. “Sahibkar” daşımaları öz adından həyata keçirir. Beynəlxalq yük daşımaları üçün sərbəst şəkildə sifarişçilər ilə müqavilə bağlayıb yüklərin daşınmasını həyata keçirmək, daşıma haqqı və ödəniş qaydalarını sərbəst şəkildə müəyyən etmək, “firma”dan beynəlxalq yük daşımalarında istifadə edilən bütün növ sənədlərlə təmin edilməsini tələb etmək “sahibkar”ın hüquqlarıdır. Qeyd olunanlardan göründüyü kimi, iddiaçı 31 dekabr 2023-cü il tarixdən etibarən adı çəkilən MMC-nin (firmanın) işçisi olmamışdır və tərəflər arasında xidmət müqaviləsindən irəli gələn münasibətlər mövcud olmuşdur. Buna görə də, iddiaçının hazırkı tələb üzrə subyektiv hüququ - həyata keçirdiyi yükdaşıma xidməti üzrə yaranan borcu tələb etmək hüququ vardır… Göstərilənlərdən savayı, məhkəmə qeyd edir ki, iş materiallarında olan “Cyber receipt” adlı 20 may 2024-cü il tarixli və 6 iyun 2024-cü il tarixli ödəniş sənədlərindən görünür ki, “DİNEDA İNT SRL” tərəfindən Cavabdeh2 MMC-nin hesabına (AZ33AİİB401500E**********123) həmin tarixlərdə hər biri 2300 avro olmaqla, cəmi 4600 avro pul köçürülmüş, Elektron ünvan elektron poçt ünvanından iddiaçının nümayəndəsinə yazılmış məktubda həmin pulların Cavabdeh2 MMC-yə ödənildiyi qeyd edilmiş, eyni zamanda, iddiaçı və “X4” adlandırılmış nömrə arasında “Whatsapp” sosial platforması vasitəsilə aparılan yazışmalardan görünür ki, daşıma haqqının 2 dəfə 2300 avro olmaqla 20 may 2024-cü il (yük yükləndikdə) və 06 iyun 2024-cü il (yük boşaldıldıqda) tarixlərində Cavabdeh2 MMC-nin hesabına köçürüldüyü və həmin məbləğin Cavabdeh2 MMC-dən tələb edilməli olduğu bildirilmişdir… Mülki qanunvericiliyə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə tərəfindən bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınmalıdır (Mülki Məcəllənin 404.2-ci maddəsi)… Məhkəmə “DİNEDA İNT SRL” tərəfindən göndərilmiş ödəniş qəbzlərini və iddiaçının nümayəndəsi ilə Elektron ünvan elektron poçt ünvanı arasındakı, o cümlədən digər yazışmaların işə aidiyyətini qiymətləndirərkən nəzərə alır ki, iddiaçı ilə Cavabdeh2 MMC arasında “Whatsapp” sosial platforması vasitəsilə aparılan yazışmada cavabdehin iddiaçıya göndərdiyi “Tenaris Silcotub” şirkətinin məlumatlarının əks olunduğu vəsiqədə “Compania: DİNEDA İNT” (yuxarıda istinad edilən ödəniş qəbzlərində cavabdehin hesabına pul köçürən təşkilat) qeyd edilmişdir. Həmin yazışmada, həmçinin cavabdeh iddiaçıya yüklənməyə dəvət olunacağı barədə məlumat vermişdir… Məhkəmə işin faktiki halları ilə iddiaçının təqdim etdiyi bütün sübutları məcmu halında qiymətləndirdikdə belə qənaətə gəlir ki, həmin sübutlar bir-biri ilə qarşılıqlı əlaqədə olmaqla biri digərini inkar etmir… Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin cavabdehlərdən 4200 avro məbləğində borcun iddiaçının xeyrinə tutulması barədə hissəsi qismən təmin edilməli, Cavabdeh2 MMC-dən 4000 avro məbləğində, ödəniş anında Azərbaycan manatının məzənnəsilə, pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin 200 avro məbləğində olan hissəsi iddiaçının yükü Azərbaycan Respublikasına gətirdikdən sonra 2 gün müddətində normadan artıq durması ilə əsaslandırılsa da, tələbin həmin hissədə əsaslılığını təsdiq edən müvafiq sübutlar təqdim edilməmişdir… Eyni zamanda, iddia tələbinin borc məbləğinin cavabdehlərdən müştərək qaydada tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin tərəfi qismində məhz Cavabdeh2 MMC çıxış etdiyindən və həmin müqavilə üzrə müvafiq hüquq və vəzifələrə Cavabdeh2 MMC malik olduğundan müqavilədən irəli gələn tələblər üzrə öhdəlik daşıyan da Cavabdeh2 MMC-dir və tələb olunan borc məbləği də ondan tutulmalıdır. Bundan başqa, iddia tələbinin 1000 manat məbləğində cərimənin cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə hissəsinə gəldikdə, məhkəmə qeyd edir ki, tərəflər arasında öhdəliklərin icra edilməməsinə və ya lazımınca icra edilməməsinə, o cümlədən onun icrasının gecikdirilməsinə görə cavabdehin iddiaçıya dəbbə pulu ödəməli olması barədə razılaşma nəzərdə tutulmamışdır. Eyni zamanda, Mülki Məcəllənin 463.1-ci maddəsinə əsasən, dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalı olduğundan iddia həmin hissədə təmin edilə bilməz… Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək, istinad edilən qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 MMC-dən 4000 avro məbləğində borc ödəniş anında Azərbaycan manatının məzənnəsilə və 96,80 manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə düzgün nəticəyə gəldiyini hesab edir. Kollegiyanın qənaətincə, işin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və mübahisənin xarakteri baxımından birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, tərəflər arasında şifahi formada tapşırıq müqaviləsi bağlanmış, həmin müqavilə üzrə Cavabdeh2 MMC (onun adından qanuni təmsilçisi Cavabdeh1) tərəfindən verilmiş tapşırıq əsasında İddiaçı idarə etdiyi yük avtomobili ilə Rumıniya Respublikasının Zalau şəhərindən 370.000 avro dəyərində yükü götürərək Azərbaycan Respublikasının Bakı şəhərinə gətirib təyinat yerinə (yük alana) təhvil vermişdir. Lakin cavabdeh iddiaçıya yükün daşınması üçün razılaşdırılmış muzdu (daşıma haqqını) ödəməmişdir. Cavabdeh iddia edir ki, nə o, nə də iddiaçı sözügedən yükdaşıma müqaviləsinin iştirakçıları deyillər; yük göndərən “Tenaris Global Services S.A.”, yük alan "xxxx" MMC, daşıma xidmətini yerinə yetirən isə "xxxx" şirkətidir. Cavabdeh2 MMC (yaxud onun direktoru Cavabdeh1) isə nə mal göndərənlə, nə mal alanla, nə də həmin malı daşıyan "xxxx" şirkəti ilə hansısa müqavilə bağlamamışdır. Ona görə də, əvvəla, daşıma haqqını sürücü İddiaçı tələb etməyə subyektiv hüququ yoxdur (belə tələb "xxxx" şirkəti tərəfindən irəli sürülə bilər), digər tərəfdən, daşıma haqqı tələbinə dair iddia Cavabdeh2 MMC-yə və (və ya) onun direktoru Cavabdeh1 qarşı irəli sürülə bilməz (həmin iddia yük göndərənə və ya yük alana qarşı qaldırıla bilər). Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri mahiyyətcə onun iddiaya etirazının dəlilləri ilə eyni məzmunlu olmaqla formal, eləcə də işin həqiqi hallarına və tərəflər arasındakı qarşılıqlı münasibətlərə uyğun olmayan mülahizələrdən ibarətdir. Bu dəlillərə birinci instansiya məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilmişdir. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 850.2-ci maddəsinə görə, bir qayda olaraq yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər (yəni tapşırıq müqaviləsinə aid olan müddəalar) tətbiq edilir. Bu normaya müvafiq olaraq Cavabdeh2 MMC-nin də fəaliyyəti əslində tapşırıq müqavilələrinin icrası ilə bağlıdır. MMC-nin direktoru Cavabdeh1 apellyasiya baxışı iclasında bildirmişdir ki, Cavabdeh2 MMC 20 idən artıq müddətdə ölkədaxili və beynəlxalq yük daşımaları (daşımaların təşkili) sahəsində fəaliyyət göstərir. Qeyd edilən fəaliyyət Mülki Məcəllənin “Ekspeditor. Nəqliyyat komisyonçusu” adlanan 852-ci maddəsi ilə tənzimlənir. Həmin maddədə deyilir: 852.1. Ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir. 852.2. Daşıyıcılar ilə münasibətlərdə ekspeditor yük göndərənin hüquq və vəzifələrinə malikdir. 852.3. Ekspeditor yük göndərənin göstərişlərinə əməl etməlidir. O, daşıyıcıları öz məsuliyyəti ilə seçir. Əgər ekspeditor daşımanı tamamilə və ya qismən özü həyata keçirirsə, daşıyıcının hüquq və vəzifələrinə malik olur. Əgər bir neçə yük göndərinin əşyalarının aralıq və son təyinat yerləri eynidirsə, ekspeditor bu əşyaları qruplaşdıraraq yığma nəqliyyat təşkil edə bilər. Bütün hallarda o, yük göndərənin mənafelərini qorumalı və göstərişlərinə əməl etməlidir. O, qarşıya çıxan bütün çətinliklər barəsində yük göndərənə məlumat verməlidir. 852.4. Ekspeditorun öz xidmətləri üçün muzd almaq və yük göndərən üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsi hüququ vardır. Ekspeditorun muzdu xüsusən aşağıdakılardan ibarət ola bilər: 852.4.1. daşıyıcıların muzdlarının məbləğindən faiz dərəcəsi (komisyon muzdu); 852.4.2. və (və ya) daşımanın dəyəri və ekspeditorun muzdu da daxil olmaqla, əvvəldən axıradək bütün daşıma xərcləri üçün muzd. 852.5. Ekspeditor yük göndərənin göstərişlərindən bütün kənaraçıxmalar üçün onun qarşısında məsuliyyət daşıyır. Ekspeditor daşıyıcıların təqsiri üçün də məsuliyyət daşıyır, amma daşıyıcıları seçərkən lazımi vicdanlılıq göstərdiyini sübuta yetirdiyi hallar istisna təşkil edir. Konkret halda da Cavabdeh2 MMC yük göndərən “Tenaris Global Services S.A.”-ya aralarındakı tapşırıq müqaviləsi əsasında ekspeditor xidməti göstərərək öz adından, lakin yük göndərənin hesabına daşıyıcı (iddiaçı) vasitəsilə yükün ilkin yerindən təyinat yerinə daşınmasını təşkil etmişdir. Qanunda nəzərdə tutulduğu kimi, belə halda yükün daşınmasına görə haqq (daşımanın dəyəri) və ekspeditorun muzdu da daxil olmaqla bütün daşıma xərcləri ekspeditora ödənilir; ekspeditor isə ona ödənilən daşıma xərclərindən həm öz xidmətləri üçün muzd götürür, həm də daşıyıcıya daşıma haqqını ödəyir. İşin müəyyən olunmuş hallarından görünür ki, yük göndərən “Tenaris Global Services S.A.”-nın tərkibində olduğu “DİNEDA İNT SRL” kompaniyası tərəfindən Cavabdeh2 MMC-nin bank hesabına 20 may 2024-cü il və 6 iyun 2024-cü il tarixlərdə hər dəfə 2300 avro olmaqla, cəmi 4600 avro pul köçürülmüşdür. Apellyasiya baxışı iclasında cavabdehin qanuni təmsilçisi (Cavabdeh1) həmin pul vəsaitinin Cavabdeh2 MMC-nin bank hesabına daxil olmasını təsdiqləməklə yanaşı, həmin vəsaitin iddiaçının daşıdığı yükə görə və həmin yükü göndərən tərəfindən deyil, başqa yükdaşımaya görə və başqa yük göndərən tərəfindən ödənildiyini bildirmişdir. Lakin belə olsaydı, Cavabdeh2 MMC-nin direktoru Cavabdeh1 müvafiq bank-ödəmə sənədlərini indiyədək məhkəməyə təqdim etməklə öz dəlilini əsaslandırmış olardı. Digər tərəfdən, iddiaçı tərəfindən məhkəməyə yük göndərənin pul ödəyən təşkilatın tərkibində olduğunu, habelə ödəmələrin məhz yükün daşımaya qəbul edildiyi və təyinat yerinə təhvil verildiyi günlərə təsadüf etdiyini təsdiqləyən sübutlar təqdim edilmişdir. Şərh olunanlar məhkəmə kollegiyasının da belə nəticəyə gəlməsinə əsas verir ki, iddiaçı tərəfindən icra edilmiş daşımanın dəyəri (haqqı) cavabdehə ödənilmiş, lakin cavabdeh iddiaçıya çatası pul vəsaitini sonuncuya verməkdən boyun qaçırmışdır. Daşıma haqqını tələb etmək hüququnun sürücü (fərdi sahibkar) İddiaçı, yoxsa "xxxx" MMC-yə aid olması məsələsinə gəlincə, bununla bağlı həmin subyektlər arasında mübahisə yoxdur. Onlar arasında bağlanmış Xidmət müqaviləsinin şərtlərinə görə isə fərdi sahibkar olan sürücü İddiaçı həm öz adından, həm də "xxxx" MMC-nin adından yük daşınması müqavilələri bağlaya və icra edə bilər. Qeyd edilən Xidmət müqaviləsinin qanuniliyini cavabdehin mübahisələndirməsi qəbulolunmazdır. Cavabdeh2 MMC tələb hüququnu mübahisələndirsə də, əslində daşıma pulunu (haqqını) nə sürücü İddiaçı, nə də "xxxx" MMC-yə ödəmək niyyətində olmamışdır (cavabdeh iddiaçı tərəfindən icra edilmiş yükdaşımaya görə ona daşıma xərci ödənilməsini ümumiyyətlə inkar edir). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli Qərarında qeyd olunur ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə müvafiq olaraq, birinci instansiya məhkəməsi tərəflər arasında “Whatsapp” sosial platforması vasitəsilə aparılmış danışıq və yazışmalara mötəbər sübutlar kimi istinad etməkdə haqlı olmuşdur. Birinci instansiya məhkəməsi məhkəmə xərclərinin (dövlət rüsumunun) tutulması məsələsini də qanuna müvafiq qaydada həll etmişdir. Məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, maddi hüquq normalarını düzgün tətbiq etmiş və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Məhkəmənin qətnaməsi qanuni və əsaslıdır. Ona görə də məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)-182/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 402.1-ci maddəsinə müvafiq olaraq, kommersiya mübahisələrinə dair işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə apellyasiya məhkəmələrinin kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilməz. Hazırkı iş üzrə də birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində iddianın qiyməti on min manatdan az (4.000 avro məbləğində) olduğundan apellyasiya məhkəməsinin bu qətnaməsindən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin iş üzrə xx.xx.2025-ci il tarixli, e-2-2(119)-182/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(105)-72/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-72/2025
23.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver