Məhkəmə qərarları › İş №2-2(105)-73/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-73/2022

15.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-73/2022 15.08.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Bəhruz Fizuli oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair Sumqayıt Kommersiya Məhkəməsinin 12 aprel 2022-ci il tarixli, e-2-2(119)-25/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi 12 iyul 2021-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18 may 2021-ci il tarixinə hesablanmış 12 iyul 2019-cu il tarixli 01-LA/19 nömrəli müqavilə üzrə 75110 (yetmiş beş min yüz on) manat gecikdirilmiş borc, hesablanmış 25011,63 (iyirmi beş min on bir manat 63 qəpik) manat cərimə, hüquqi yardımla bağlı ödənilmiş 500 (beş yüz) manat xidmət haqqı və 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 100651,63 (yüz min altı yüz əlli bir manat 63 qəpik) manat məbləğində pul vəsaitinin cavabeh Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, lizinq verən "xxxx" ASC ("xxxx" ASC) ilə lizinq alan Cavabdeh arasında bağlanmış 12 iyul 2019-cu il tarixli 01-LA/19 nömrəli müqaviləyə əsasən borclu (lizinq alan) satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə meyvə və giləmeyvələrin şok soyutma avadanlıqlarını lizinqə götürmüşdür. Lakin, Cavabdeh həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və nəticədə cavabdehin məhkəməyə təqdim olunan Maliyyə arayışının tərtib edildiyi 18 may 2021-ci il tarixinə 12 iyul 2019-cu il tarixli 01-LA/19 nömrəli müqavilə üzrə 75110 (yetmiş beş min yüz on) manat məbləğində gecikdirilmiş borcu və müvafiq olaraq həmin tarixə hesablanmış 25011,63 (iyirmi beş min on bir manat 63 qəpik) manat cərimə borcu yaranmışdır. Öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Tərəflər arasında bağlanmış Müqavilənin 4.2-ci maddəsinə görə Lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, Lizinq verən Lizinq alandan əsas borc məbləğini və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Eyni zamanda, hazırkı mübahisə üzrə hüquqi yardım göstərilməsi üçün vəkilə də müraciət edilmiş olduğundan, hüquqi yardıma görə 500 (beş yüz) manat məbləğində ödəniş aparılmış və bu məbləğ də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir (Qeyd: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanınından irəli gələrək "xxxx" ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmış və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir (ötürülmüşdür)). Sumqayıt Kommersiya Məhkəməsinin 12 aprel 2022-ci il tarixli, e-2-2(119)-25/2022 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh Cavabdeh (VÖEN **********) 18 may 2021- ci il tarixinə hesablanmış 75110 (yetmiş beş min yüz on) manat məbləğində əsas borcun, 2000 (iki min) manat məbləğində cərimənin, hüquqi yardımla əlaqədar ödənilmiş 500 (beş yüz) manat məbləğində xidmət haqqının və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla - cəmi 77640 (yetmiş yeddi min altı yüz qırx) manat məbləğində pul vəsaitinin iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan cəmi 200 (iki yüz) manat məbləğində pul vəsaitinin Cavabdeh dövlətin nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir (hakim Zülfüqar Sadiqov ). Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt Kommersiya Məhkəməsinin 12 aprel 2022-ci il tarixli, e-2-2(119)-25/2022 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən işin hallarına obyektiv qiymət verilməmiş,məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun olmamış və nəticədə maddi və prosessual hüquq normalarının kobud şəkildə pozuntusuna yol verilmişdir.Belə ki, meyvə soyutma avadanlığı cavabdehdən qabaq üç sahibkara verilmiş, onlardan müxtəlif vaxtlarda müəyyən məbləğ pullar alınmışdır.Lakin işə baxan məhkəmə bunları nəzərə almamış və ədalətsiz qətnamə çıxarmışdır. Cavabdeh həmçinin qeyd etmişdir ki, ekspertizanın təyin olunmasından onun xəbəri olmamış,onda olan qəbzlərə ekspert tərəfindən baxış keçirilməmişdir. Bundan əlavə olaraq Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyasının 26 aprel 2019-cu il tarixli qərarı ilə “Kənd təsərrüfatına dövlət dəstəyininn və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanının 7.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə” nin 12.2-ci bəndinə əsasən aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların siyahısı təsdiq edilmişdir. Həmin siyahıda soyuducu avadanlıq da yer almışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlməmişlər. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ərizə ilə, Cavabdeh teleqram ilə müraciət edərək işin təxirə salınmasını məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 376.2ci maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddəyə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur.Bununla əlaqədar məhkəmə kollegiyası məhkəmə iclaslarının dəfələrlə təxirə salınmasını nəzərə alaraq verilmiş vəsatətləri əsassız hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən sübutlara mülki prosessual qanunvericiliyin tələbləri baxımından aşağıdakı kimi qiymət verilmişdir: Birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən olunmuşdur ki, “lizinq verən” "xxxx" Açıq Səhmdar Cəmiyyəti (hal-hazırda kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəliklər iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir) ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan “lizinq alan” Cavabdeh (VÖEN **********) arasında bağlanmış 12 iyul 2019-cu il tarixli 01-LA/19 nömrəli “ "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus meyvə və giləmeyvələrin şok soyutma avadanlıqlarının lizinqə verilməsi barədə” Müqaviləyə əsasən Lizinq verən ümumi dəyəri 132300 (yüz otuz iki min üç yüz) manat olan 1 (bir) dəst meyvə və giləmeyvələrin şok soyutma avadanlıqlarını (bundan sonra - Mallar) dəyəri X1 (1 nömrəli Əlavə) göstərilən müddətdə və həcmdə ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 3 (üç) il müddətinə lizinqə verilmişdir (1.1-ci bənd). Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən, Lizinq alan Malların dəyərindən 25000 (iyirmi beş min) manat məbləği əvvəlcədən Lizinq verənə ödəyir, qalan məbləği isə Ödəniş Qrafikində göstərilən müddətdən gec olmayaraq ödəməyi öhdəsinə götürür. Əvvəlcədən ödənilmiş məbləğ Lizinq verən tərəfindən heç bır halda geri qaytarılmır. Həmin Müqavilənin 4.2-ci bəndinə əsasən, Lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə, Lizinq verən Lizinq alandan borc məbləğini və gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. İddiaçı tərəfindən tərtib edilərək məhkəməyə təqdim olunmuş 18 may 2021-ci il tarixli Maliyyə Arayışında göstərilir ki, 12 iyul 2019-cu il tarixli 01-LA/19 nömrəli müqavilə üzrə ödənilməli olan 132300 (yüz otuz iki min üç yüz) manat müqavilə məbləğindən lizinq alan Cavabdeh tərəfindən cəmi 25000 (iyirmi beş min) manat məbləğində ilkin ödəniş edilmiş və 18 may 2021-ci il tarixinə lizinq alan Cavabdeh həmin Müqavilə üzrə 75110 (yetmiş beş min yüz on) manat məbləğində ödənilməmiş əsas borcu və 25011,63 (iyirmi beş min on bir manat 63 qəpik) manat məbləğində cərimə borcu vardır. Lakin, birinci instansiyanın məhkəmə baxışı zamanı 18 may 2021-ci il tarixli Maliyyə Arayışında hesablanan borcun məbləğinin müəyyən edilməsi ilə razı olmayan Cavabdeh vəsatəti əsasında iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmişdir. Cavabdeh vəsatəti əsasında keçirilmiş həmin məhkəmə-mühasibatlıq ekspertizasının 21 fevral 2022ci il tarixli 9/8240 nömrəli ekspert Rəyində Cavabdeh 12 iyul 2019-cu il tarixli 01-LA/19 nömrəli müqavilə üzrə 18 may 2021-ci il tarixinə ödənilməmiş olan əsas borcunun miqdarının 75110 (yetmiş beş min yüz on) manat məbləğində olduğu müəyyən edilmişdir (Rəydə qeyd olunmuşdur ki, mühasibat sənədləri təqdim edilmədiyindən cərimə borcunu müəyyən etmək mümkün olmamışdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747-2-ci maddəsinə əsasən, lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə Lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-10.2-ci maddəsinə əsasən, lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Həmin Məcəllənin 748-10.4-cü maddəsinə əsasən, lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Göründüyü kimi, yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, “lizinq verən” "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus “meyvə və giləmeyvələrin şok soyutma avadanlıqlarının” lizinqə verilməsi ilə əlaqədar bağlanmış 12 iyul 2019-cu il tarixli 01-LA/19 nömrəli müqavilə üzrə “Lizinq alan” - Cavabdeh 18 may 2021-ci il tarixinə 75110 (yetmiş beş min yüz on) manat məbləğində əsas borcu yaranmış və iddiaçı tərəfindən həmin borca 25011,63 (iyirmi beş min on bir manat 63 qəpik) manat məbləğində cərimə hesablanmışdır. İş materiallarından görünür ki, cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. Yuxarıda qeyd olunanlarla əlaqədar birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməli olması ilə bağlı həmçinin aşağıdakı maddi hüquq normalarına istinad etmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Eyni zamanda birinci instansiya məhkəməsi cərimənin azaldılması məsələsi ilə bağlı qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmçinin, iddiaçı tərəfindən hesablanmış cərimə məbləği azaldılarkən digər hallarla yanaşı, tərəflər arasında bağlanmış Lizinq Müqaviləsinin tələblərinə görə lizinqə verilmiş avadanlığın dəyərinin ödənilmə müddətinin və qaydasının dəqiq müəyyən edilməsinə baxmayaraq, Ödəniş Qrafikinə riayət olunmadığı halda - iddiaçı tərəfindən bununla bağlı tərəflər arasında bağlanmış Müqavilə şərtlərinə və qanunvericilik normalarına uyğun müvafiq tədbirlər görülməyərək (hətta, 18 may 2021-ci il tarixli maliyyə arayışı tərtib edilənədək Lizinq alana borcun ödənilməsi ilə əlaqədar hər hansı bir rəsmi müraciətin olmasını təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamışdır) uzun müddət sonra məhkəməyə müraciət edilməsi və bununla əlaqədar hesablanmış cərimə məbləğinin də yüksək həddə artması və cərimə məbləğinin artmasına iddiaçı tərəfin də hərəkətsizliyinin səbəb olması nəzərə alınmalıdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəllənin 425.2-ci maddəsinin tələblərinə görə, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Yuxarıda qeyd olunanlardan göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin müqavilə üzrə qarşılıqlı hüquq münasibətlərinə uyğun əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası məhz cavabdehin vəsatəti üzrə aparılmışdır.Buna görə ekspertizanın aparılmasından cavabdehin məlumatı olmamasına dair apellyasiya şikayətinin dəlili əsassızdır.Bundan əlavə cavabdeh onda pulun ödənilməsinə dair qəbzlərin olmasını bildirsə də, birinci instansiya məhkəməsi tərəfindən buna müvafiq şərait yaradılsa da, cavabdeh bununla əlaqədar hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.Əksinə cavabdeh onun tərəfindən ödəmələrin həyata keçirilməsi üçün şərait yaradılması məqsədi ilə birinci instansiya məhkəməsində iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir (i/v 81). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 12 aprel 2022-ci il tarixli, e-2-2(119)-25/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar