Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-75/2024 25.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim X2, hakimlər X7 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağayeva Elnarə Nəriman qızının katibliyi ilə, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə” ərizəsinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 28 avqust 2023-cü il tarixli, e-2- 2(119)-981/2023 nömrəli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Kommersiya Məhkəməsinin 28 avqust 2023-cü il tarixli, e-2-2(119)- 981/2023 nömrəli qətnaməsi ilə 2 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs qarşı "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə” ərizəsi təmin edilərək, 25 iyun 2023-cü il tarixinə hesablanmış 1982,04 manat məbləğində vergi borcu Dövlət Büdcəsinə və 2937,49 manat məbləğində məcburi sosial sığorta borcu Dövlət Sosial Müdafiə Fonduna ödənilənədək vergi ödəyicisi "Çinar" X1 icra orqanının rəhbəri xx xxxxxx 1983-cü il təvəllüdlü Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qət edilmişdir (hakim Zülfüqar Sadiqov). Həmin qətnamədən Maraqlı şəxs apellyasiya şikayəti vermişdir. İşin halları Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə” ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi "Çinar" X1 (VÖEN **********) 25 iyun 2023-cü il tarixinə hesablanmış Dövlət Büdcəsinə olan 1982,04 manat (min doqquz yüz səksən iki manat 04 qəpik) məbləğində vergi borcunun və Dövlət Sosial Müdafiə Fonduna olan 2937,49 manat (iki min doqquz yüz otuz yeddi manat 49 qəpik) məbləğində məcburi sosial sığorta borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri - xx xxxxxx 1983-cü il təvəllüdlü Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsi iş üzrə yuxarıda qeyd olunan qətnaməni qəbul etmişdir. Məhkəmə hüquqi mövqeyini Vergi Məcəlləsinin 1.4, 16.1.1, 23.1.15-3, Miqrasiya Məcəlləsinin 9.3.6-1, Mülki-Prosessual Məcəllənin 305.1.12, 355-5.1, 355-7.4, 14.2, 88, 217.4-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsindən maraqlı şəxs apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi, vergi orqanının ərizəsi təmin edilməməklə iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 16 oktyabr 2023-cü il tarixli, 2-2(105)-134/2023 nömrəli qətnaməsi ilə Maraqlı şəxs apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 28 avqust 2023-cü il tarixli, e-2- 2(119)-981/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 16 oktyabr 2023cü il tarixli, 2-2(105)-134/2023 nömrəli qətnaməsi ilə də razılaşmayan Maraqlı şəxs vəkili X5 vasitəsilə həmin qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 18 aprel 2024-cü il tarixli, 2-2(102)-121/2024 nömrəli qərarı ilə maraqlı şəxsin kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 16 oktyabr 2023-cü il tarixli, 2-2(105)-134/2023 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarmışdır. Ali Məhkəmənin Kommersiya Kollegiyasının 18 aprel 2024-cü il tarixli, 2-2(102)- 121/2024 nömrəli qərarında qeyd olunur ki, Vergi Məcəlləsinin 23.1.15-3-cü və MPM-in 355-5.1-ci maddələrinin tələblərinə görə hüquqi şəxsin vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədilə yalnız hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun məhdudlaşdırılması imkanı nəzərdə tutulmuşdur. Bununla belə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron axtarış sistemindən görünür ki, "Çinar" X1 (VÖEN **********) qanuni təmsilçisi 2023-cü il 2 noyabr tarixdən etibarən maraqlı şəxs deyil, X4r. Həmin fakt isə iş üzrə hazırda mübahisələndirilən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qəbul edildikdən sonra yaranmışdır. Belə olan vəziyyətdə həmin məhkəmə bu faktı o mövcud olmadığı üçün nəzərə ala bilməzdi. Bununla yanaşı, həmin fakt hazırki icraat zamanı aşkarlanmışdır. Belə olan təqdirdə onun kassasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınması MPM-in tələbləri baxımından onun öz səlahiyyətlərini aşması kimi dəyərləndirilə bilər… Digər tərəfdən, mövcud olan bu faktın inkar edilməsi (və ya nəzərə alınmaması) artıq hüquqi şəxslə hüquqi cəhətdən hər hansı bağlantısı olmayan şəxsin ölkədən getmək hüququnun lüzumsuz məhdudlaşdırılması, borcun ödənilməsinin təmininə yönəldilmiş həmin tədbirin isə əhəmiyyətsizləşdirilməsinə gətirib çıxara bilər… Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi işə baxan zaman hər hansı maddi və prosessual hüquq pozuntusu ilə qətnamə qəbul etməsə də, qətnamə çıxarıldıqdan sonra meydana gələn həmin fakt işin həllinə əhəmiyyətli dərəcədə təsir edən və ərizənin təmin olunmasını istisna edən hal kimi qiymətləndirilə bilər. Bu baxımdan kollegiya hesab edir ki, işə qeyd olunan fakt əsasında yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri Göründüyü kimi, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 16 oktyabr 2023-cü il tarixli, 2-2(105)-134/2023 nömrəli qətnaməsinin ləğvinə və işin təkrar apellyasiya baxışına qaytarılmasına səbəb apellyasiya şikayəti üzrə işə düzgün baxılmaması olmamışdır. Əksinə, kassasiya instansiyası məhkəməsi də qərarında apellyasiya instansiyası məhkəməsinin işə baxan zaman hər hansı maddi və prosessual hüquq pozuntusu ilə qətnamə qəbul etmədiyini qeyd etmişdir. Lakin qətnamə qəbul ediləndən sonra ortaya çıxmış yeni hal həmin qətnamənin qüvvədə saxlanılmasını mümkünsüz etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi qətnamə çıxardıqdan 15 gün sonra - 02 noyabr 2023-cü il tarixdə Maraqlı şəxs “Çinar” STB-nin direktoru vəzifəsindən azad olunmuşdur. Halbuki, hüquqi şəxsin vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədilə yalnız hüquqi şəxsin icra orqanının fəaliyyətdə olan rəhbəri barəsində “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tədbiri tətbiq oluna bilər. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul ediləndən sonra ortaya çıxmış bu yeni hal həmin qətnamənin kassasiya qaydasında ləğvini və işin yeni apellyasiya baxışına qaytarılmasını şərtləndirmişdir. Təkrar apellyasiya baxışı iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 18 aprel 2024-cü il tarixli, 2-2(102)-121/2024 nömrəli qərarının hüquqi mövqeyi və dəyərləndirməsi kontekstində iş materiallarını yenidən araşdırıb, işdə olan sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib bu nəticəyə gəlir ki, Maraqlı şəxs apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 28 avqust 2023-cü il tarixli, e-2-2(119)-981/2023 nömrəli qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilməli və ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs qarşı "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair” ərizəsi təmin edilməməlidir. Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələb və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 420-ci maddəsinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli Qərarında qeyd olunur ki, qanunvericiliklə kassasiya məhkəməsinin məcburi olan göstərişlər vermək səlahiyyətinin müəyyənləşdirilməsinin məqsədlərindən biri apellyasiya məhkəməsinin aktlarının çıxarılması zamanı yol verilmiş səhvlərin işə apellyasiya qaydasında yenidən baxılarkən təkrarlanmasının qarşısının alınmasından ibarətdir. Digər tərəfdən, kassasiya məhkəməsi qanunun tətbiqinin düzgünlüyünü yoxlayarkən və onu təfsir edərkən yalnız iş üzrə buraxılan səhvləri düzəltmir, həmçinin məhkəmə təcrübəsini hüquq normalarının dəqiq və vahid qaydada tətbiq olunmasına istiqamətləndirir... Kassasiya məhkəməsi apellyasiya məhkəməsinin qərarını ləğv edərkən, bu məhkəməni işin düzgün həllinə istiqamətləndirərək hüquq normalarını təfsir etməli, buraxılmış səhvlərin mahiyyətinin nədən ibarət olduğunu və qanunun normasının necə başa düşülməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etməlidir... İşin müəyyən olunmuş hallarından görünür ki, Sumqayıt Kommersiya Məhkəməsinin 28 avqust 2023-cü il tarixli, e-2-2(119)-981/2023 nömrəli qətnaməsi ilə 2 saylı Ərazi Vergilər Baş İdarəsinin ərizəsi təmin edilərək, 25 iyun 2023-cü il tarixinə hesablanmış 1982,04 manat məbləğində vergi borcu Dövlət Büdcəsinə və 2937,49 manat məbləğində məcburi sosial sığorta borcu Dövlət Sosial Müdafiə Fonduna ödənilənədək vergi ödəyicisi "Çinar" X1 icra orqanının rəhbəri - xx xxxxxx 1983-cü il təvəllüdlü Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 16 oktyabr 2023-cü il tarixli, 2-2(105)-134/2023 nömrəli qətnaməsi ilə Maraqlı şəxs apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 28 avqust 2023-cü il tarixli, e-2-2(119)-981/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi qətnamə çıxardıqdan 15 gün sonra - 02 noyabr 2023-cü il tarixdə Maraqlı şəxs “Çinar” STB-nin direktoru vəzifəsindən azad olunmuşdur. Bunu nəzərə alan Ali Məhkəmənin Kommersiya Kollegiyası Maraqlı şəxs kassasiya şikayətini təmin edib Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 16 oktyabr 2023-cü il tarixli, 2-2(105)-134/2023 nömrəli qətnaməsini ləğv edərək, ortaya çıxmış bu yeni hal baxımından vergi orqanının ərizəsi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 28 avqust 2023-cü il tarixli, e-2-2(119)- 981/2023 nömrəli qətnaməsindən maraqlı şəxsin apellyasiya şikayətinə apellyasiya icraatında yenidən (təkrar) baxılması üçün işi Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən vergi orqanlarının hüququ var ki, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etsin. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-7.4-cü maddəsinə görə, vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron axtarış sistemindən görünür ki, "Çinar" X1 (VÖEN **********) qanuni təmsilçisi 2023-cü il 2 noyabr tarixdən X6 adlı şəxsdir. Maraqlı şəxs özü də kassasiya şikayətində qeyd etmişdir ki, Dövlət Vergi Xidmətinin elektron axtarış sistemində olan 2023-cü il 2 noyabr tarixli **********780800 nömrəli çıxarışa əsasən o, “Çinar” STB-nin direktoru vəzifəsindən azad olunmuşdur. Göründüyü kimi, Maraqlı şəxs xx.xx.2023-cü il tatrixdən etibarən “Çinar” STB-nin icra orqanının rəhbəri deyildir. Qeyd edildiyi kimi, Vergi Məcəlləsinin 23.1.15-3-cü və MPM-in 355-5.1-ci maddələrinin tələblərinə görə hüquqi şəxsin vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədilə yalnız hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun məhdudlaşdırılması imkanı nəzərdə tutulmuşdur. Maraqlı şəxs isə 2023-cü il 2 noyabr tarixdən etibarən "Çinar" X1 (VÖEN **********) qanuni təmsilçisi deyil; həmin tarixdən “Çinar” STB-nin direktoru vəzifəsindən azad olunmuşdur. Belə olduğu halda artıq hüquqi şəxslə hüquqi cəhətdən hər hansı bağlantısı olmayan şəxsin (Maraqlı şəxs) ölkədən getmək hüququnun məhdudlaşdırılması hüquqi şəxsin vergi borclarının ödətdirilməsinin təmininə yönəldilmiş tədbir kimi əhəmiyyətsizdir. Digər tərəfdən, hazırda həmin tədbirin Maraqlı şəxs barəsində tətbiq olunması qanuni borclu hüquqi şəxsin təmsilçi (rəhbəri) olmayan bir şəxsin təməl azadlıqlardan olan hərəkət etmək azadlığının əsassız və qanunsuz olaraq məhdudlaşdırılması kimi təzahür etmiş olar. Bu isə ədalət mühakiməsi və işin qanuni həlli baxımından yolverilməzdir. Birinci instansiya məhkəməsi işə baxarkən və qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tətbiqində hər hansı pozuntuya yol verməsə də, lakin həmin qətnamə ilə maraqlı şəxs barəsində tətbiq olunmuş ölkədən getmək hüququnun müvəqqəti (“Çinar” STB-nin vergi borcları ödənilənədək) məhdudlaşdırılması tədbiri hazırkı vəziyyətdə qüvvəsində saxlanıla bilməz. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan əsas hal, yəni barəsində tədbir görülmüş şəxsin qanunla tələb olunan statusa malik olmaqla icra olunmamış vəzifəyə görə cavabdehlik daşıyan şəxs olması hazırda təsdiq (sübut) olunmur. Maraqlı şəxsin apellyasiya şikayətinə münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərinə görə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvinə əsas olmasa da, lakin maraqlı şəxsin hüquqi marağı həmin qətnamənin ləğvinə yönəldiyindən və sonradan ortaya çıxmış əsasa (fakta) görə də qətnamənin ləğvi labüd olduğundan apellyasiya şikayəti qismən təmin olunmuş kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 385.1.3-cü maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. MPM-in 384.0.2-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, maraqlı şəxsin apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 28 avqust 2023-cü il tarixli, e-2-2(119)-981/2023 nömrəli qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul olunmalı və ərizəçi 2 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs qarşı "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə” ərizəsi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384,385, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Maraqlı şəxs apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 28 avqust 2023-cü il tarixli, e-2- 2(119)-981/2023 nömrəli qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilərək, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs qarşı "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə” ərizəsi təmin edilməsin. Hazırkı qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində tələbləri təmin olunmayan şəxslər tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(105)-75/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-75/2024
25.06.2024 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver