Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-76/2024 02.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim X2, hakimlər Məmmədov Zaur İkram oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Ağayeva Elnarə Nəriman qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “borcun tutulması tələbinə dair” kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Kommersiya Məhkəməsinin 23 aprel 2024-cü il tarixli e-2-2(119)- 62/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh (VÖEN **********) 3500 manat borc və mediasiya ilə əlaqədar ödənilmiş 120 manat xidmət haqqı olmaqla cəmi 3620 (üç min altı yüz iyirmi) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, habelə Cavabdeh 55 manat məbləğində dövlət rüsumunun və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 124 manat məbləğində pul vəsaitinin tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (hakim Zülfüqar Sadiqov). Qətnamədən İddiaçı MMC tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı 23 oktyabr 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “borcun tutulması tələbinə dair” iddia ərizələri ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 13 sentyabr 2022-ci il tarixli 536/NHFM22 nömrəli alqı-satqı müqaviləsi üzrə Cavabdeh 2936,60 manat məbləğində əsas borcun və 60 manat məbləğində mediasiya xərcinin (e-2-2(119)- 1397/2023 nömrəli kommersiya işi üzrə iddia ərizəsi) və eləcə də, tərəflər arasında bağlanmış 13 sentyabr 2022-ci il tarixli 537/NHFM22 nömrəli alqı-satqı müqaviləsi üzrə Cavabdeh 2276,40 manat məbləğində əsas borcun və 60 manat məbləğində mediasiya xərcinin (e-2-2(119)-1394/2023 nömrəli kommersiya işi üzrə iddia ərizəsi) tutularaq, İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir (həmin iddia tələbləri ayrı-ayrı iddia ərizələri ilə verilmiş olsa da, məhkəmə hazırlıq mərhələsində e-2- 2(119)-1397/2023 nömrəli kommersiya işi 29 noyabr 2023-cü il tarixli qərardadla e-2- 2(119)-1394/2023 nömrəli kommersiya işinə birləşdirilmişdir). İş materialları ilə müəyyən olunur ki, İddiaçı hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh məxsus 2 mağazaya (“EMSSİ tort ləvazimatları” və “ESSİ tort ləvazimatları” mağazalarına) nisyə mallar (tort ləvazimatları) satmış, sonuncu həmin malların mağazalardan istehlakçılara pərakəndə satışını həyata keçirdikcə İddiaçı MMC-yə nisyə aldığı mallara görə ödənişlər etmiş, tərəflər arasında 14 mart 2023-cü il tarixinə mal-pul dövriyyəsinin üzləşməsi aparılarkən Cavabdeh bir mağaza üzrə 2936,60 manat və digər mağaza üzrə 2276,40 manat olmaqla, cəmi 5213 manat məbləğində borcunun olması məlum olmuşdur. 14 mart 2023-cü il tarixdə hər iki mağaza üzrə ayrılıqda Qarşılıqlı üzləşmə aktı tərtib olunaraq qeyd edilən borclar həmin aktlarda göstərilmiş və tərəflər bu aktların doğruluğunu lazımi qaydada təsdiqləmişlər. İddiaçı MMC onun xeyrinə cavabdehdən 5213 manat məbləğində borcun tutulması tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Birinci instansiya məhkəməsində araşdırma zamanı iddiaçı tərəf 14 mart 2023-cü ildə tərtib edilmiş Qarşılıqlı üzləşmə aktlarında qeyd olunan 2936,60 manat və 2276,40 manat olmaqla ümumilikdə 5213 manat məbləğində borcdan sonralar hər hansı bir ödəniş edilmədiyini bildirmiş, cavabdehdən həmin məbləğdə borcun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh isə məlum aktlar tərtib edildikdən sonra, yəni 2023-cü ilin mart ayının sonlarından iyun ayının sonlarınadək iddiaçı tərəfindən nağd pulu ödənilməklə ona yenə də mal verildiyini və qarşılıqlı razılaşmaları əsasında hər dəfə verilən malın pulu ilə yanaşı, həmin aktlarda göstərilən borcundan da müəyyən məbləğlərdə əlavə ödənişlər etdiyini, buna görə də hazırda iddiaçıya cəmi 3500 manat məbləğində borcunun qaldığını bildirərək, iddiaçının tələb etdiyi borcun miqdarını mübahisələndirmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin bu mövqeyinə görə iddiaçı tərəf hüquqi şəxs olaraq qarşı tərəfin dəlilləri ilə razılaşmadığı halda, həmin dəlillərin əsassızlığının sübutu kimi tərəflər arasında mal alqı-satqısı üzrə dövriyyəni təsdiq edən maliyyə-mühasibatlıq sənədlərini, yəni hansı miqdarda malların verilməsini və verilən mallara görə qarşı tərəfin ödənişlərini təsdiq edən sənədləri (bank hesabından çıxarışı, elektron qaimələri, hesab-fakturaları, ödəniş qəbzlərini və s.) məhkəməyə təqdim etməlidir. Çünki, bu kimi sənədlərlə tərəflər arasında olan mal dövriyyəsinin həcmi, ö cümlədən də verilən malın və ödənilən pulun miqdarını, əməliyyatın vaxtını və s. zəruri halları müəyyən etmək olardı. Lakin, məhkəmə araşdırması zamanı bu kimi sübutların və yaxud sənədlərin məhkəməyə təqdim olunmasının vacibliyi iddiaçı tərəfin diqqətinə çatdırılsa da, iddiaçı tərəf bununla bağlı hər hansı bir mötəbərliyi şübhə doğurmayan rəsmi sənədləri, tərəflər arasında mal alqı-satqısını və alınan mallara görə ödənişin üsulunu, miqdarını və xüsusiyyətlərini müəyyən etməyə imkan verən sənədləri məhkəməyə təqdim etməmişdir. Halbuki, hüquqi şəxsin maliyyə-təsərrüfat fəaliyyətinin xüsusiyyətləri və xarakterinin onun bank hesabından çıxarış və digər maliyyə-mühasibatlıq sənədlərində əks olunan məlumatlarla müəyyən edilməsi mümkün olduğundan, iddiaçı tərəfindən bank hesabından çıxarış və s. bu kimi rəsmi sənədlər təqdim olunduğu halda, cavabdehin dəlillərinin əsassız olub-olmamasını müəyyən etmək olardı. Qeyd etmək lazımdır ki, iddiaçı tərəfindən təqdim olunmuş maliyyə arayışlarında göstərilən məlumatları təsdiq edən müvafiq maliyyə-mühasibatlıq sənədləri, o cümlədən də cavabdehin faktiki olaraq hansı miqdarda malları qəbul etməsini, cavabdeh tərəfindən nə qədər ödəniş edilməsini və ödənişlərin hansı hesaba köçürülməsini təsdiq edən rəsmi sənədlər məhkəməyə təqdim olunmadığından, həmin maliyyə arayışlarında qeyd olunan məlumatların düzgünlüyünün yoxlanılması da mümkün olmamışdır. Cavabdeh isə məhkəmə araşdırması zamanı təqdim etmiş olduğu yazılı etirazında, eləcə də məhkəmə iclaslarında vermiş olduğu izahatlarında almış olduğu mallara görə məlum aktlarda qeyd olunan ümumi borcun cəmi 3500 manat hissəsini ödəmədiyini bildirərək, bu iş üzrə iddiaçıya 3500 manat məbləğində pul qaytarmalı olduğunu etiraf etmişdir. Bu halda, yəni mübahisənin həlli üzrə ödənilməli borcun miqdarının rəsmi sənədlər (mötəbər sübutlar) əsasında hesablanması mümkün olmadığına, cavabdeh isə alqı-satqı münasibətləri üzrə iddiaçıya cəmi 3500 manat məbləğində pul vəsaitini qaytarmadığını etiraf etdiyinə görə, tərəflər arasında mövcud olmuş münasibətlər nəzərə alınmaqla, işin halları Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 77 və 106-cı maddələrinin tələbləri baxımından qiymətləndirilməlidir. Göründüyü kimi, yuxarıda təsvir olunanlar və işin konkret halları belə qənaətə gəlməyə əsas verir ki, hazırkı mübahisə üzrə iddiaçıya olan borcun məbləği cavabdehin etirafına və MPM-in 77 və 106-cı maddələrinin tələblərinə uyğun olaraq 3500 (üç min beş yüz) manat məbləğində müəyyən edilməlidir. Birinci instansiya məhkəməsi şərh etdiyi mövqedən çıxış edərək 5213 manat məbləğində borc tələbinə dair iddianı qismən, yəni 3500 manat məbləğində təmin etmişdir. Məhkəmənin qətnaməsi ilə razılaşmayan İddiaçı MMC ondan apellyasiya şikayəti verərək, həmin qətnamənin iddianın təmin olunmayan hissəsində ləğv edilməsini və iddianın tam həcmdə təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Kommersiya Məhkəməsinin 23 aprel 2024-cü il tarixli e-2-2(119)- 62/2024 nömrəli qətnaməsi əsassız olduğu üçün ləğv edilməlidir. Belə ki, məhkəmə əsassız olaraq İddiaçı MMC-nin iddia tələbini tam təmin etməmişdir. Halbuki, iddia tələbi üzrə ödənilməli olan 2936,60 manat və 2276,40 manat məbləğlərdə borcun olmasına dair üzləşmə aktları məhkəməyə təqdim edilmiş, lakin məhkəmə yalnız cavabdehin etiraf etdiyi hissədə iddianı təmin etmişdir. Qanuna görə hər bir tərəf öz mövqeyini əsaslandırmaqla sübut etməlidir. İddiaçı tərəfindən təqdim edilmiş üzləşmə aktlarından göründüyü kimi, cavabdehin İddiaçı MMC-yə 2936,60 manat və 2276,40 manat məbləğlərdə borcu mövcuddur. Cavabdehin isə öz mövqeyini əsaslandıracaq heç bir sübut təqdim etməməsinə baxmayaraq məhkəmə iddianı yalnız cavabdehin etiraf etdiyi hissədə təmin etmişdir. Hesab edir ki, məhkəmənin mövqeyi düzgün deyil və iddia ərizəsi tam təmin edilməli idi. Apellyasiya baxışı iclasında İddiaçı vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, şikayətin dəlillərinə uyğun izahat verdi və apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Apellyasiya baxışı iclasında Cavabdeh iddiaçının apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İzahatında qeyd etdi ki, o, iddiaçıya üzləşmə aktlarına əsasən 14 mart 2023-cü il tarixinə müəyyən olunmuş cəmi 5213 manat məbləğində borcunun olması ilə razılaşmış və həmin aktları imzalayıb təsdiqləmişdir. Lakin, borc müəyyən olunandan sonra o, 2023-cü ilin aprel-iyun aylarında iddiaçıdan pulu nağd ödənilməklə yenə də mal almış və qarşılıqlı razılaşmaları əsasında hər dəfə verilən malın pulu ilə yanaşı, həmin aktlarda göstərilən borcundan da müəyyən məbləğlərdə əlavə ödənişlər etmişdir. Bu yolla o, borcundan 1713 manat ödəmiş və iddiaçıya cəmi 3500 manat məbləğində borcu qalmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib bu nəticəyə gəlir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Kommersiya Məhkəməsinin 23 aprel 2024-cü il tarixli e-2-2(119)- 62/2024 nömrəli qətnaməsi iddianın təmin olunmayan hissəsində ləğv edilməli və həmin hissə üzrə yeni qətnamə qəbul edilərək iddia tam təmin edilməlidir. Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələb və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İşin mübahisəsiz halları ilə müəyyən olunur ki, İddiaçı hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh məxsus 2 mağazaya (“EMSSİ tort ləvazimatları” və “ESSİ tort ləvazimatları” mağazalarına) nisyə mallar (tort ləvazimatları) satmış, sonuncu həmin malların mağazalardan istehlakçılara pərakəndə satışını həyata keçirdikcə İddiaçı MMC-yə nisyə aldığı mallara görə ödənişlər etmiş, tərəflər arasında 14 mart 2023-cü il tarixinə mal-pul dövriyyəsinin üzləşməsi aparılarkən Cavabdeh bir mağaza üzrə 2936,60 manat və digər mağaza üzrə 2276,40 manat olmaqla, cəmi 5213 manat məbləğində borcunun olması məlum olmuşdur. 14 mart 2023-cü il tarixdə hər iki mağaza üzrə ayrılıqda Qarşılıqlı üzləşmə aktı tərtib olunaraq qeyd edilən borclar həmin aktlarda göstərilmiş və tərəflər bu aktların doğruluğunu lazımi qaydada təsdiqləmişlər. Cavabdeh borcu könüllü surətdə ödəmədiyinə görə İddiaçı MMC 5213 manat məbləğində borcun onun xeyrinə cavabdehdən tutulması tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Birinci instansiya məhkəməsi iddianı cavabdehin etirafı həddində, yəni 3500 manat məbləğində təmin etmiş, iddia tələbinin qalan 1713 manat məbləğini isə, cavabdehin həmin məbləği ödədiyini bildirməsinə baxmayaraq, iddiaçı tərəfindən məhkəməyə mübahisəli məbləğin ona ödənilmədiyini təsdiqləyən sübutlar təqdim olunmaması səbəbindən təmin etməmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı hüquqi şəxs olduğundan və maliyyə-təsərrüfat fəaliyyətini qanunvericiliyin tələblərinə uyğun olaraq sənədləşdirmək vəzifəsi daşıdığından, tərəflər arasında mal alqı-satqısı üzrə dövriyyəni təsdiq edən sənədləri, yəni hansı miqdarda malların verilməsi və verilən mallara görə qarşı tərəfin ödənişləri barədə sənədləri (bank hesabından çıxarışı, elektron qaimələri, hesabfakturaları, ödəniş qəbzlərini və s.) məhkəməyə məhz iddiaçı təqdim etməlidir; iddiaçı tərəfindən müvafiq rəsmi sənədlər təqdim olunduğu halda cavabdehin dəlillərinin əsassız olub-olmamasını müəyyən etmək olardı. Lakin iddiaçı məhkəməyə cavabdehin dəlillərini təkzib edən sübutlar təqdim etməmişdir ki, bu da həmin dəlilləri haqlı hesab etməyə əsas vermişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşmır. Belə ki, əvvəla, Cavabdeh da fərdi sahibkar və vergi ödəyicisi olmaqla qanunvericiliyə əsasən “vəzifəli şəxs” statusuna malikdir. Bu baxımdan cavabdeh də sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı özünün mal-pul dövriyyəsini lazımi qaydada sənədləşdirmək, pul vəsaitlərinin mədaxil-məxaric əməliyyatlarını bank hesabı vasitəsilə icra etmək vəzifəsi daşıyır. Ona görə də borc müəyyən olunandan sonra əgər cavabdeh iddiaçıdan nağd ödəniş etməklə yenə də mal almışdırsa, onda malın alınmasını və dəyərinin nağd ödənilməsini, habelə əvvəl yaranmış borcdan da ödəniş etməsini lazımi qaydada sənədləşdirməli idi. Xüsusən də, əgər borc barədə yazılı sənəd (üzləşmə aktları) tərtib olunmuşdursa, onda cavabdeh borcun qaytarılması ilə bağlı ödənişlərə dair yazılı sübut (qəbz, akt və s.) verilməsini iddiaçıdan (və ya başqa ixtiyarlı şəxsdən) tələb etməli idi. Belə sübutun olmaması mübahisə halında ödənişin edilməməsi (borcun qaytarılmaması) kimi qiymətləndirilir. Digər tərəfdən, iddiaçı xx.xx.2023-cü il tarixdə üzləşmə aktları tərtib olunandan sonra cavabdehə nə mal vermədiyini, nə də ondan pul qəbul etmədiyini bildirir. Belə olduğu halda iddiaçının məhkəməyə xx.xx.2023-cü il tarixdən sonra cavabdehlə mal-pul dövriyyəsinə dair sənədlər təqdim etməməsi (edə bilməməsi) başa düşüləndir. Yəni iddiaçı təqdim edilməsi təklif olunan sənədləri vermək istəmədiyinə görə deyil, belə sənədlər mövcud olmadığına görə təqdim edə bilməmişdir. Bu vəziyyətdə də əgər cavabdeh əksini iddia edirsə, onda xx.xx.2023-cü il tarixdən sonra iddiaçıdan mal alması və ona pul ödəməsi barədə sübutları məhz özü məhkəməyə təqdim etməlidir. Bundan başqa, cavabdeh izahatlarında bildirmişdir ki, o, nağd pulla mal alarkən, hər dəfə 50-80 manat da artıq ödəniş edirdi ki, köhnə borcundan çıxılsın. İddiaçı isə ona heç vaxt hər hansı bir rəsmi sənəd və yaxud elektron qaimə təqdim etməmiş və o, ödənişlərini iddiaçının işçisinə, ya da sürücüsünə vermişdir. O, üzləşmə aktları imzalanandan sonra, yəni 2023-cü ilin mart ayının sonundan iyun ayının sonuna qədər nağd pul ödəməklə mal alarkən pulları İddiaçı MMC-nin ekspeditoru Cəmilin bank kartına ödəmişdir. Lakin cavabdeh məhkəməyə izahatında qeyd etdiyi dəlilləri təsdiqləyən hər hansı sübut (məsələn, Cəmil adlı şəxsin bank kartına ödəmələr etməsi barədə sənədlər və s.) təqdim etməmişdir. Halbuki, iddiaçı həmin dəlilləri qəbul etmədiyi halda onların doğruluğunu sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Birinci instansiya məhkəməsi qətnaməsində iddiaçı tərəfindən sübut kimi təqdim və istinad olunmuş alqı-satqı müqavilələrində cavabdehin imzasının başqası tərəfindən icra olunmasını, yəni imzanın saxta olmasını, cavabdehin həmin müqavilələri imzalamamasını xüsusi vurğulayaraq bununla iddiaçının müqavilə münasibətlərində vicdanlı tərəf olmamasına, cavabdehi qəsdən daha çox borclandırmasına işarə etmişdir. Bu xüsusatla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının cavabdehə qarşı borc tələbinə dair iddia qaldıra bilməsi üçün tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanıb-bağlanmamasının heç bir təsiri və əhəmiyyəti yoxdur. Tərəflər arasında illərlə davam etmiş işgüzar münasibətlər, bir neçə yüz min manat həcmində mal-pul dövriyyəsi özlüyündə onların uzun müddət qarşılıqlı sahibkarlıq fəaliyyətində olmalarına dəlalət edən sübutdur. Tərəflər arasında tərtib olunmuş üzləşmə aktları isə hər iki tərəfin qarşılıqlı əməliyyatların (verilib-alınan malların və ödənilən pulların) qeydiyyatını aparmasını təsdiqləyir. Tərəflərin lazımi qaydada təsdiq etdikləri üzləşmə aktları onlar arasındakı əməliyyatlar üzrə borcun olub-olmaması və kimin, nə qədər borclu olması barədə kifayət qədər mötəbər sübut vasitəsidir. Tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanıbbağlanmaması isə onlar arasında borcun olub-olmamasının sübutu üçün hər hansı əhəmiyyət kəsb etmir. Digər tərəfdən, Mülki Məcəllənin 406-cı maddəsinə əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə bu Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq məktubların, teleqramların, elektron sənədlərin və ya digər verilənlərin mübadiləsi yolu ilə bağlana bilər. Qanunvericilik daşınmaz əşyaların alqı-satqısı müqaviləsi üçün də konkret forma müəyyənləşdirməmişdir. Əlbəttə, sahibkarlıq subyektləri arasında belə müqavilələrin yazılı formada bağlanmasına üstünlük verilməlidir. Bununla yanaşı, Mülki Məcəllənin 406-cı maddəsinin mənasına görə, alqı-satqı müqaviləsi elektron qaimənin, hesab-fakturanın, sadə qaimənin və s. sənədlərin mübadiləsi yolu ilə də bağlana bilər. Ona görə də konkret halda demək olmaz ki, tərəflər arasında alqı-satqı müqaviləsi olmamış və iddiaçı sonradan saxta müqavilə hazırlamışdır. Xüsusən də, iddiaçının sonradan saxta müqavilə hazırlamasına heç bir zərurət olmamışdır. MPM-in 77-ci mаddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir... İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Mülki Məcəllənin 433.3-cü maddəsinə görə isə, öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. İstinad edilən normaların mənası kontekstində hazırkı iş üzrə iddia tələbini, yəni cavabdehin ona cəmi 5213 manat məbləğində borclu olmasını iddiaçı sübut etməlidir. İddiaçı öz tələbini hər iki tərəfin təsdiqlədiyi üzləşmə aktları ilə əsaslandırmışdır. Cavabdeh də həmin aktların doğruluğunu və iddiaçıya cəmi 5213 manat məbləğində borcunun olmasını mübahisələndirməmişdir. Eyni zamanda, cavabdeh sonradan həmin borcdan 1713 manatını ödədiyini və 3500 manat məbləğində borcunun qaldığını bildirmişdir. Borcdan iddiaçıya 1713 manat məbləğdə ödəməsini isə məhz cavabdeh sübut etməlidir. Lakin cavabdeh həmin halı təsdiq edən sübutlar təqdim edə bilməmişdir. Qanun isə öhdəliyin icrası barədə sübut təqdim etmək vəzifəsini borclunun üzərinə qoymuşdur. Ona görə ki, borclu öhdəliyini icra edərkən kreditordan bunu təsdiq edən sübut təqdim olunmasını tələb etməyə haqlıdır və əlində bu cür sübut olmadıqda, kreditor isə öhdəliyin icra olunmasını inkar etdikdə, öhdəlik icra edilməmiş sayılacaqdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnaməni apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməklə qəbul etmiş, ona görə də həmin hissədə işin halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının qənaətincə, iddiaçının apellyasiya şikayəti əsaslıdır və həmin şikayətlə mübahisələndirilən, yəni iddianın təmin olunmadığı hissədə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddianın tam təmin olunması barədə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. MPM-in 384.0.2-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməklə birinci instansiya məhkəməsinin qətnaməsi qismən (iddianın təmin olunmadığı hissədə) ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi tam təmin edilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.5-ci maddəsinə görə isə, apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Həmin Məcəllənin 402.1-ci maddəsinə müvafiq olaraq, kommersiya mübahisələrinə dair işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384,385, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 23 aprel 2024-cü il tarixli e-2-2(119)- 62/2024 nömrəli qətnaməsi qismən, yəni iddia üzrə 5213 manat məbləğində borc tələbindən 1713 manat məbləğinin təmin olunmaması hissəsində ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi tam təmin edilsin. Cavabdeh nisyə mal alqı-satqısı üzrə yaranmış borca görə 5213 manat və mediasiya ilə əlaqədar ödənilmiş 120 manat xidmət haqqı olmaqla cəmi 5333 (beş min üç yüz otuz üç) manat məbləğində pul vəsaiti alınıb İddiaçı MMC-yə ödənilsin. Sumqayıt Kommersiya Məhkəməsinin 23 aprel 2024-cü il tarixli e-2-2(119)-62/2024 nömrəli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(105)-76/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-76/2024
02.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver