Məhkəmə qərarları › İş №2-2(105)-78/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-78/2024

08.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-78/2024 08.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər X1 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "borcun tutulması" tələbi barədə kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-64/2024 nömrəli, 16 aprel 2024-cü il tarixli qətnaməsindən cavabdeh X4 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı (VÖEN **********) ilə Cavabdeh (VÖEN **********) arasında bağlanmış 13 sentyabr 2022-ci il tarixli 536/BFM22 nömrəli nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı alıcıya tələb olunan malı satır, alıcı isə həmin malı qəbul edir və hazırkı müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəyir.

2. 13 sentyabr 2022-ci il tarixli 537/BFM22 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı alıcıya tələb olunan malı satır, alıcı isə həmin malı qəbul edir və hazırkı müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəyir.

3. İddiaçı ilə Cavabdeh arasında imzalanmış "F/Ş Cavabdeh” EMSSİ tort ləvazimatları" qeydi aparılmış 14 mart 2023-cü il tarixli Qarşılıqlı üzləşmə aktından görünür ki, alıcı Cavabdeh 14 mart 2023-cü il tarixinə satıcı İddiaçınə 2958,13 (iki min doqquz yüz əlli səkkiz manat on üç qəpik) manat məbləğində borcu vardır.

4. İddiaçı ilə Cavabdeh arasında imzalanmış 14 mart 2023-cü il tarixli "F/Ş Cavabdeh” ESSİ tort ləvazimatları" qeydi aparılmış Qarşılıqlı üzləşmə aktından görünür ki, alıcı Cavabdeh 14 mart 2023-cü il tarixinə satıcı İddiaçınə 1141,25 (min yüz qırx bir manat iyirmi beş qəpik) manat məbləğində borcu vardır.

5. İddiaçı tərəfindən tərtib edilərək məhkəməyə təqdim olunmuş 20 dekabr 2023-cü il tarixli maliyyə arayışında göstərilir ki, İddiaçı ilə Cavabdeh arasında 1309,25 manat məbləğində mal dövriyyəsi olmuş, sonuncu tərəfindən 168 manat məbləğində ödəniş edilmişdir. Sonuncu qaimə cavabdehə 10 noyabr 2022-ci il tarixdə göndərilmiş və həmin vaxtdan heç bir dövriyyə olmamışdır. Son qalıq borc 1141,25 manat məbləğindədir.

6. İddiaçı tərəfindən tərtib edilərək məhkəməyə təqdim olunmuş 20 dekabr 2023-cü il tarixli digər maliyyə arayışına əsasən, İddiaçı ilə Cavabdeh arasında 19758,13 manat məbləğində mal dövriyyəsi olmuş, sonuncu tərəfindən 16800 manat məbləğində ödəniş edilmişdir. Sonuncu qaimə cavabdehə 08 fevral 2023-cü il tarixdə göndərilmiş və həmin vaxtdan heç bir dövriyyə olmamışdır. Son qalıq borc 2958,13 manat məbləğindədir.

7. 06 mart 2024-cü il tarixli 4/222 nömrəli ekspert rəyində göstərilir ki, ekspertizaya təqdim edilmiş, kommersiya işinin 29-cu və 64-cü vərəqlərində İddiaçı ilə Cavabdeh adlarından olan 2958,13 manat və 1141,25 manat borcun olması barədə tərtib olunmuş 14 mart 2023-cü il tarixli qarşılıqlı üzləşmə aktlarında “Sahibkar:” qrafalarındakı “Cavabdeh” yazıları, “İmza:” qrafalarındakı imzalar və “Qeyd" qrafalarındakı “Borcumu təsdiq etdim öz imzamla” yazıları - Cavabdeh tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, kommersiya işinin 30-cu vərəqində olan 13 sentyabr 2022-ci il tarixli 5 37/BFM22 nömrəli alıq-satqı müqaviləsinin sonunda “Alıcı” qrafasındakı “Cavabdeh, ESSİ tort ləv. Biləcəri, **********, Biləcəri” yazıları və imza, 65-ci vərəqində olan 13 sentyabr 2022-ci il tarixli 5 36/BFM22 nömrəli alıq-satqı müqaviləsinin sonunda “Alıcı” qrafasındakı “Cavabdeh, EMMSİ tort ləvazimatları, Xırdalan, **********” yazıları və imza-Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.

BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏKİ İCRAAT

8. İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək cavabdehdən 1141,25 (min yüz qırx bir manat iyirmi beş qəpik) manat məbləğində borcun və 60 (altmış) manat məbləğində mediasiya xərcinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə fiziki şəxs Cavabdeh arasında 13 sentyabr 2022-ci il tarixli 537/BFM22 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. 13 sentyabr 2022-ci il tarixli 537/BFM22 nömrəli alqı-satqı müqaviləsinə əsasən şirniyyat bişirilməsi üçün tələb edilən ləvazimatlar cavabdeh tərəfindən alınmışdır. Göstərilən müqavilə üzrə Cavabdeh İddiaçınə 14 mart 2023-cü il tarixinə 1141, 25 (min yüz qırx bir manat iyirmi beş qəpik) manat borcu mövcuddur. Bununla bağlı cavabdehə pretenziya göndərilmiş, lakin borc məbləğinin ödənİlməsinə dair heç bir tədbir görülməmişdir. Bundan sonra İddiaçı tərəfindən mübahisənin həlli məqsədi ilə Sumqayıt 1 saylı Mediasiya təşkilatına müraciət edilmiş, lakin ilkin mediasiya sessiyası zamanı razılıq əldə olunmamışdır.

10. İddiaçı 23 oktyabr 2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən 2958,13 (iki min doqquz yüz əlli səkkiz manat on üç qəpik) manat məbləğində borcun və 60 (altmış) manat məbləğində mediasiya xərcinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə fiziki şəxs Cavabdeh arasında 13 sentyabr 2022-ci il tarixli 536/BFM22 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. 13 sentyabr 2022-ci il tarixli 536/BFM22 nömrəli alqı-satqı müqaviləsinə əsasən şirniyyat bişirilməsi üçün tələb edilən ləvazimatlar cavabdeh tərəfindən alınmışdır. Göstərilən müqavilə üzrə Cavabdeh İddiaçınə xx.xx.2023-cü il tarixinə 2958,13 (iki min doqquz yüz əlli səkkiz manat on üç qəpik) manat borcu mövcuddur. Bununla bağlı cavabdehə pretenziya göndərilmiş, lakin borc məbləğinin ödənilməsinə dair heç bir tədbir görülməmişdir. Bundan sonra İddiaçı tərəfindən mübahisənin həlli məqsədi ilə Sumqayıt 1 saylı Mediasiya təşkilatına müraciət edilmiş, lakin ilkin mediasiya sessiyası zamanı razılıq əldə olunmamışdır.

12. Cavabdeh 01 noyabr 2023-cü il tarixdə məhkəməyə “Etiraz” ərizəsi ünvanlayaraq onunla İddiaçı arasında 2018-ci ilin sonu 2019-cu ilin əvvəllərindən alqı-satqı münasibətlərinin olmasına və 2022-ci ilin sonuna kimi ümumilikdə 300000 manatdan artıq alış-veriş edilməsinə baxmayaraq, aralarında yazılı müqavilə bağlanmadığını, heç bir müqaviləyə imza etmədiyini bildirmişdir. O, iddiaçıya cəmi 2850 manat məbləğində borcunun olduğunu, həmin borcu ödəməkdən boyun qaçırmadığını qeyd etmiş və işə iddia icraatı qaydasında onun iştirakı ilə baxılmasını xahiş etmişdir.

13. Məhkəmənin 02 noyabr 2023-cü il tarixli e-2-2(119)-1403/2023 nömrəli və 02 noyabr 2023-cü il tarixli e-2-2(119)-1404/2023 nömrəli qərardadlarına əsasən İddiaçı tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizələrinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.

14. Sumqayıt Kommersiya Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli e-2- 2(119)1404/2023 nömrəli qərardadı ilə iddiaçının vəkili və nümayəndəsinin vəsatəti əsasında İddiaçı Cavabdeh qarşı "borcun tutulması" tələbi barədə e-2-2(119)-1404/2023 nömrəli kommersiya işinin Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı "borcun tutulması" tələbi barədə olan e-2-2(119)1403/2023 nömrəli kommersiya işinə birləşdirilməsi qərara alınmışdır.

15. İddiaçının vəkili və nümayəndəsi Vəkiln iddia tələblərini müdafiə edib, iddia ərizələrinin məzmununa uyğun izahat verərək, iddia tələblərinin təmin olunmasını xahiş etmişdir. O, tərəflər arasında qarşılıqlı üzləşmə aktları imzalandıqdan sonra cavabdeh tərəfindən hər hansı məbləğdə ödəniş edilmədiyini bildirmişdir.

16. Cavabdeh izahatında bildirmişdir ki, onun iki ayrı mağazası olduğuna görə 14 mart 2023-cü il tarixdə iki qarşılıqlı üzləşmə aktı imzalanmışdır. Qarşılıqlı üzləşmə aktları imzalandıqdan sonrakı 3-4 ay ərzində iddiaçı tərəfindən ona nağd pulu ödənilməklə yenə də mal verildiyini, şifahi razılaşmaları əsasında hər dəfə mal verilərkən aldığı malın pulunu nağd ödəməklə yanaşı, həmin aktlarda qeyd olunan borclara görə müəyyən məbləğlərdə əlavə ödənişlər etdiyini və buna görə hal-hazırda iddiaçıya ümumilikdə cəmi 2850 manat məbləğində borcu qaldığını bildirmişdir.

17. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-64/2024 nömrəli, 16 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakim Həlimə Alıyeva) iddianın qismən təmin edilməsi, Cavabdeh 4099,38 (dörd min doxsan doqquz manat otuz səkkiz qəpik) manat məbləğində borc və mediasiya ilə əlaqədar ödənilmiş 65 (altmış beş) manat məbləğində mediasiya xərci olmaqla, cəmi 4164,38 (dörd min yüz altmış dörd manat otuz səkkiz qəpik) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçınə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 126 (yüz iyirmi altı) manat məbləğində pul vəsaitinin cavabdеh Cavabdeh tutularaq X2 ödənilməsi, Cavabdeh dövlət nəfinə 60,99 (altmış manat doxsan doqquz qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh arasında alqı-satqı münasibətləri mövcud olmuş, iddiaçı tərəfindən cavabehdə məxsus iki mağazaya tərəflər arasında hər hansı bir yazılı müqavilə bağlanmadan (iddiaçı tərəfin iddia tələblərini əsaslandırdığı 13 sentyabr 2022-ci il tarixli 536/BFM22 nömrəli və 13 sentyabr 2022-ci il tarixli 537/BFM22 nömrəli alqı-satqı müqavilələrinin “alıcı” qismində Cavabdeh tərəfindən imzalanmadığı 06 mart 2024-cü il tarixli 4/222 nömrəli ekspert rəyi ilə təsdiq olunmuşdur) müxtəlif vaxtlarda müxtəlif dəyərdə nisyə mallar verilmişdir. Cavabdeh tərəfindən müxtəlif məbləğlərdə ödənişlər edilsə də, o, öhdəliyini lazımi qaydada icra etməyərək malların dəyərini iddiaçıya tam ödəməmişdir. Buna görə Cavabdeh iki mağazaya (“EMSSİ tort ləvazimatları” və “ESSİ tort ləvazimatları”) verilən mallara görə İddiaçınə 1141,25 manat və 2958,13 manat məbləğində borcunun olması barədə tərəflər arasında 14 mart 2023-cü il tarixdə qarşılıqlı üzləşmə aktları imzalanmışdır. Cavabdeh izahatında qarşılıqlı üzləşmə aktları imzalandıqdan sonrakı 3-4 ay ərzində iddiaçı tərəfindən ona nağd pulu ödənilməklə yenə də mal verildiyini, şifahi razılaşmaları əsasında hər dəfə mal verilərkən aldığı malın pulunu nağd ödəməklə yanaşı, həmin aktlarda qeyd olunan borclara görə müəyyən məbləğlərdə əlavə ödənişlər etdiyini, buna görə hal-hazırda iddiaçıya ümumilikdə cəmi 2850 manat məbləğində borcu qaldığını bildirsə də, məhkəməyə qarşılıqlı üzləşmə aktlarında qeyd olunan borc məbləğlərindən hər hansı ödənişin həyata keçirildiyini təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. İddiaçının nümayəndəsi izahatında qarşılıqlı üzləşmə aktları imzalandıqdan sonra cavabdeh tərəfindən həmin borc məbləğlərindən hər hansı ödənişin həyata keçirilmədiyini bildirmişdir.

19. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 329, 385.1, 425.1,427.3, 442, 567, 600.1, 600.4, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 36.5, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1-1, 9.4, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 88, 119.1, 119.2-ci maddələri ilə əsaslandırmışdır.

20. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, mediasiya ilə əlaqədar ödənilmiş 65 manat məbləğində mediasiya xərcinin, iş üzrə keçirilmiş ekspertiza tədqiqatına görə ödənilmiş 126 manat vəsaitin, dövlət nəfinə tutulmalı olan 60.99 dövlət rüsumunun və apellyasiya şikayəti üçün ödənilmiş 32 manat dövlət rüsumunun İddiaçı MMC tərəfindən ödənilməsi, iddianın qismən təmin edilməsi və iddianın qalan hissədə təmin edilməməsinə dair qətnaməni ləğv edib, 2850 manata dair borca görə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri: 01 noyabr 2023-cü il tarixdə məhkəməyə “Etiraz” ərizəsi ünvanlayaraq İddiaçı arasında 2018-ci ilin sonu 2019-cu ilin əvvəllərindən alqı-satqı münasibətlərinin olmasına və 2022-ci ilin sonuna kimi ümumilikdə 300000 manatdan artıq alış-veriş edilməsinə baxmayaraq, aralarında yazılı müqavilə bağlanmadığını, heç bir müqaviləyə imza etmədiyini bildirmişdir. İddiaçı MMC-yə cəmi 2850 manat məbləğində borcunun olduğunu, həmin borcu ödəməkdən boyun qaçırmadığını qeyd etmiş və işə iddia icraatı qaydasında baxılmasını xahiş etmişdir. Aktı imzaladıqdan sonra 3-4 ay ərzində MMC-yə nağd ödəməklə mal verməsini, şifahi razılaşmalar əsasında isə hər dəfə mal verilərkən aldığı mala görə ödənişlər etməklə yanaşı, əlavə ödənişlər də etmişdir. Bununla bağlı məhkəmə baxışı zamanı da sənədlər və qəbzlər təqdim etmişdir. İki ayrı mağazası olduğuna görə 14 mart 2023-cü il tarixdə iki qarşılıqlı üzləşmə aktı imzalamışdır. Qarşılıqlı üzləşmə aktları imzalandıqdan sonrakı 3-4 ay ərzində İddiaçı MMC tərəfindən ona nağd pulu ödənilməklə yenə də mal verildiyini, şifahi razılaşmaları əsasında hər dəfə mal verilərkən aldığı malın pulunu nağd ödəməklə yanaşı, həmin aktlarda qeyd olunan borclara görə müəyyən məbləğlərdə əlavə ödənişlər etdiyini və buna görə hal-hazırda İddiaçı MMC-yə ümumilikdə cəmi 2850 manat məbləğində borcun qaldığını bildirmişdir. Qeyd edilən müqavilələr üzrə bildirdiyi kimi xx.xx.2023-cü il tarixdə qarşılıqlı üzləşmə aktının tərəfindən imzalandığını bildirmişdir. Digər müqavilələrdəki imzaların ona aid olmadığını bildirmiş və bununla bağlı xətt və imzaların tədqiqinə dair xəttşünaslıq ekspertzasının keçirilməsinin məhkəmədən xahiş etmişdir. Bununla yanaşı həmin mülki iş üzrə borcun ödənilməsinə dair də qəbzləri təqdim etmişdir. 06 mart 2024-cü il tarixli 4/222 nömrəli ekspert rəyində göstərilir ki, ekspertizaya təqdim edilmiş, kommersiya işinin 29-cu və 64-cü vərəqlərində İddiaçı ilə Cavabdeh adlarından olan 2958,13 manat və 1141,25 manat borcun olması barədə tərtib olunmuş 14 mart 2023-cü il tarixli qarşılıqlı üzləşmə aktlarında “Sahibkar:” qrafalarındakı“Cavabdeh” yazıları,“İmza:” qrafalarındakı imzalar və “Qeyd" qrafalarındakı“Borcumu təsdiq etdim öz imzamla” yazıları - Cavabdeh tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, kommersiya işinin 30-cu vərəqində olan 13 sentyabr 2022-ci il tarixli 5 37/BFM22 nömrəli alqı-satqı müqaviləsinin sonunda “Alıcı” qrafasındakı“Cavabdeh, ESSİ tort ləv. Biləcəri, **********, Biləcəri” yazıları və imza, 65-ci vərəqində olan 13 sentyabr 2022-ci il tarixli 5 36/BFM22 nömrəli alqı-satqı müqaviləsinin sonunda “Alıcı” qrafasındakı “Cavabdeh, EMMSİ tort ləvazimatları, Xırdalan, **********” yazıları və imza-Cavabdeh tərəfindən başqa şəxs tərəfindən imza olunmuşdur. Ekspert rəyindən göründüyü kimi xx.xx.2023-cü il tarixli qarşılıqlı üzləşmə aktı onun tərəfindən icra edilmişdir. Digər alqı-satqı müqavilələri isə onunla həyata keçirilməmişdir. Məhkəmə prosesi zamanı baş verən qanun pozuntusu ilə bağlı İddiaçı saxta sənədlər tərtib etməklə, imzalanmaqla bağlı əməllərində cinayət tərkibinin olmasını məhkəmənin diqqətinə çatdırmaqla həmin sənədlərlə bağlı prokurorluq orqanına göndərilməsinə dair vəsatət versə də vəsatəti təmin edilməmişdir. Sumqayıt Kommersiya Məhkməsində hakim Zülfüqar Sadiqovun icraatında olan e-2-2(119)-62/2024-023 saylı mülki işdə eyni şirkət rəhbərinə məxsus olan lakin, NH Group MMC ilə bağlıda ekspertiza keçirilmiş, həmin ekspertiza rəyində qeyd edilmişdir, alqı-satqı müqavilələrində olan imzalar ona məxsus olmamışdır. Məhkəmə işdə olan sübutlara hüquqi qiymət verərək ədalətli qərar qəbul etmişdir. Bununla yanaşı baş verən qanun pozuntusu ilə bağlı mülki işdə olan qanunsuz sənədlərin tərtibi və imzaların həqiqəti əks edirməməsi ilə bağlı prokurorluq orqanlara göndərilmişdir. xx.xx.2023-cü il tarixli üzləşmə aktında qeyd edilən məbləğə dair şirkətə olan borcu 2850 manat təşkil etmişdir və məhkəmədən həmin məbləğə dair qətnamə qəbul etməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin təmin edilməsini və qətnamənin qismən ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 329. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Susmaq bu Məcəllədə və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda əqdi bağlamaq iradəsinin ifadəsi sayılır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...) Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..) Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...) Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

24. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin Kommmersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi qismən mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı iddianın təmin edilmiş mübahisələndirilən hissəsində yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası məruzəçi-hakimi, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

26. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili onunla bağlıdır ki, xx.xx.2023-cü il tarixli qarşılıqlı üzləşmə aktı onun tərəfindən icra edilmişdir. Digər alqı-satqı müqavilələri isə onunla həyata keçirilməmişdir. xx.xx.2023-cü il tarixli üzləşmə aktında qeyd edilən məbləğə dair şirkətə olan borcu 2850 manat təşkil etmişdir.

27. İş materialları ilə müəyyən olunur ki, iddiaçı ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan cavabdeh arasında alqı-satqı münasibətləri mövcud olmuş, iddiaçı tərəfindən cavabehdə məxsus iki mağazaya tərəflər arasında hər hansı bir yazılı müqavilə bağlanmadan müxtəlif vaxtlarda müxtəlif dəyərdə nisyə mallar verilmişdir. Belə ki, iddiaçı tərəfin iddia tələblərini əsaslandırdığı 13 sentyabr 2022-ci il tarixli 536/BFM22 nömrəli və 13 sentyabr 2022-ci il tarixli 537/BFM22 nömrəli alqı-satqı müqavilələrinin “alıcı” qismində Cavabdeh tərəfindən imzalanmadığı 06 mart 2024-cü il tarixli 4/222 nömrəli ekspert rəyi ilə təsdiq olunmuşdur. Cavabdeh tərəfindən müxtəlif məbləğlərdə ödənişlər edilsə də, o, öhdəliyini lazımi qaydada icra etməyərək malların dəyərini iddiaçıya tam ödəməmişdir. Buna görə Cavabdeh iki mağazaya (“EMSSİ tort ləvazimatları” və “ESSİ tort ləvazimatları”) verilən mallara görə İddiaçınə 1141,25 manat və 2958,13 manat məbləğində borcunun olması barədə tərəflər arasında 14 mart 2023-cü il tarixdə qarşılıqlı üzləşmə aktları imzalanmışdır.

28. Beləliklə, tərəflər arasında şifahi alqı-satqı münasibətləri mövcud olmuş, bunu cavabdeh də təkzib etməmişdir.

29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır.

30. Belə ki, 06 mart 2024-cü il tarixli 4/222 nömrəli ekspert rəyində göstərilir ki, ekspertizaya təqdim edilmiş, kommersiya işinin 29-cu və 64-cü vərəqlərində İddiaçı ilə Cavabdeh adlarından olan 2958,13 manat və 1141,25 manat borcun olması barədə tərtib olunmuş 14 mart 2023-cü il tarixli qarşılıqlı üzləşmə aktlarında “Sahibkar:” qrafalarındakı “Cavabdeh” yazıları, “İmza:” qrafalarındakı imzalar və “Qeyd" qrafalarındakı “Borcumu təsdiq etdim öz imzamla” yazıları - Cavabdeh tərəfindən icra olunmuşdur.

31. Göründüyü kimi, 14 mart 2023-cü il tarixli iki qarşılıqlı üzləşmə aktında imzaların cavabdeh tərəfindən icra olunduğu göstərilmişdir. Cavabdeh isə ekspert rəyinə istinad edərək xx.xx.2023-cü il tarixli qarşılıqlı üzləşmə aktının onun tərəfindən icra edildiyini, borcun 2850 manat təşkil etdiyini bildirsə də, 1141,25 manatla bağlı üzləşmə aktının onun tərəfindən imzalanması da ekspert rəyi ilə təsdiqlənmişdir. Bundan başqa, borcun məhz 2850 manat olduğunu bildirsə də, cavabdeh qarşılıqlı üzləşmə aktlarında qeyd olunan borc məbləğlərindən hər hansı ödənişin həyata keçirilməsi barədə məhkəmələrə heç bir sübut təqdim etməmişdir.

32. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.

34. İşin istinad olunan halları ilə müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında müqavilə münasibətləri olmuş, iddiaçı üzərinə düşən öhdəlikləri tam yerinə yetirmiş, cavabdehin isə müqavilə üzrə ödənilməmiş borcu qalmışdır. Məhkəmə kollegiyası hesab edir ki, işin araşdırılan halları ilə cavabdehin dəlilləri öz təsdiqini tapmamışdır.

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-64/2024 nömrəli, 16 aprel 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar