Məhkəmə qərarları › İş №2-2(105)-79/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-79/2024

02.09.2024 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-79/2024 02.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Operativ X4 Uçotun Təşkili Baş İdarəsi tərəfindən xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, hakimlər X2 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Məmmədova Samirə Zahid qızının katibliyi ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Operativ X4 Uçotun Təşkili Baş İdarəsi tərəfindən xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı verilmiş "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-555/2024 nömrəli, 06 may 2024-cü il tarixli qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2024-cü il tarixə vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 2581,89 manat məbləğində (o cümlədən, vergilər üzrə 2183,49 manat, faizlər üzrə 398,4 manat) olmaqla, ümumilikdə 2581,89 manat borcu vardır və onlara həmin borclarının ödənilməsinə dair xəbərdarlıq edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

2. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) 02 mart 2024-cü il tarixinə hesablanmış dövlət büdcəsinə olan 2581,89 (iki min beş yüz səksən bir manat səksən doqquz qəpik) manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri - xx xxxx 1956-cı il təvəllüdlü Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırlması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

3. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-555/2024 nömrəli, 06 may 2024cü il tarixli qətnaməsi ilə (hakim Həlimə Alıyeva) ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi tərəfindən Maraqlı şəxs qarşı verilmiş "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizənin rədd edilməsi qət edilmişdir.

4. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni iş materiallarında olan 08 iyun 2019cu il tarixli K/2 nömrəli əmrə istinad etməklə əsaslandırmışdır.

5. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.

6. Qətnamədən ərizəçi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və ərizənin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ərizənin təmin edilməməsi barədə qətnamə qəbul edərkən Maraqlı şəxs hüquqi şəxs "xxxx" MMC-nin direktoru vəzifəsində əvvəllər işlədiyini, halhazırda pensiyaçı olduğunu və həmin cəmiyyət ilə heç bir bağlılığının olmadığını əsas gətirməklə Baş İdarənin həmin şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsini rədd etmişdir. Azərbaycan RespublikasıVergi Məcəlləsinin 33.4-cü maddəsinə əsasən - vergi orqanlarında uçota alınmaq üçün vergi ödəyiciləri tərəfindən (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) onların olduğu və ya yaşadığı yer üzrə vergi orqanına ərizə verilir. Bundan başqa, Azərbaycan RespublikasıMülki Məcəlləsinin 91.3.2-ci maddəsinə əsasən, cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. Həmçinin, Mülki Məcəlləsinin 89-cu maddəsinə əsasən, məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsində, cəmiyyəti idarəetmə orqanlarının tərkibi və səlahiyyəti, onların qərarlar qəbul etməsi, o cümlədən barəsində yekdilliklə və ya şərtləşdirilmiş səs çoxluğu ilə qərarlar qəbul edilən məsələlərə dair qərarlar qəbul etməsi qaydası haqqında şərtlər göstərilməlidir. Lakin Maraqlı şəxs "xxxx" MMC-nin icra orqanın rəhbəri vəzifəsindən azad edilməsi və ya yeni rəhbər dəyişkənliyinin edilməsi barədə cəmiyyətin təsisçilərinin müvafiq qərarı vergi orqanına daxil olmamışdır. Göründüyü kimi, məhkəmə vergi orqanı tərəfindən təqdim edilmiş sübutları nəzərə almadan əsassız qətnamə qəbul etmişdir. Beləliklə, Məcəllənin qeyd olunan maddəsinin tələblərini nəzərə alaraq ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizədə qeyd olunmuş 2581,49 manat məbləğində olan borcu qalmaqdadır. Yuxarıda göstərilən ödənilməmiş dövlət büdcəsinə ümumilikdə 2581,49 manat borc məbləğinin sübut edilməsinə dair məlumatların əks olunduğu Dövlət Vergi Xidmətinin X1 Sistemində qeydiyyatdan keçmiş Maraqlı şəxs rəhbəri olduğu "xxxx" MMC-nin şəxsi hesab vərəqəsi və F.İ. İsayevanın həmin cəmiyyətin rəhbəri olmasına dair vergi orqanına təqdim edilmiş sübutlar hazırki kommersiya işinin materiallarına əlavə olunmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlı şəxs apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. 10.Ərizəçinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq, iddiaçının iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikası Konstitusiyası Maddə 28. Azadlıq hüququ ... İİİ. Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər.

12. Azərbaycan Respublikası Əmək Məcəlləsi Maddə 17. Məcburi əməyin qadağan edilməsi 17.1. Hər hansı qayda və üsulla zor işlətməklə, həmçinin əmək müqaviləsinə xitam veriləcəyi hədə-qorxusu ilə işçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etmək qadağandır. İşçini məcburi əməyə cəlb edən təqsirkar şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilirlər. 17.2. Hərbi və ya fövqəladə vəziyyətlə əlaqədar müvafiq qanunvericilik əsasında, habelə qanuni qüvvəyə minmiş məhkəmə hökmlərinin icrası zamanı müvafiq dövlət orqanlarının nəzarəti altında yerinə yetirilən işlərdə məcburi əməyə yol verilir.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...) Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..) Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 305. Məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlər 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: ...305.1.12. vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında; Fəsil 40-2. Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat Maddə 355-5. Ərizənin verilməsi 355-5.1. Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Maddə 355-7. Ərizəyə baxılması və qətnamənin qəbul edilməsi 355-7.4. Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...) Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

14. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 20 iyun 2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

15. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsi tərəfindən verilmiş hüquqi dəyərləndirmə ilə razılaşaraq qeyd edir ki, məhkəmə hazırki iş üzrə düzgün nəticəyə gəlimişdir.

17. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş, qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmamışdır.

18. Apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Belə ki, ərizıçi apellyasiya şikayətində Maraqlı şəxs "xxxx" MMC-nin icra orqanın rəhbəri vəzifəsindən azad edilməsi və ya yeni rəhbər dəyişkənliyinin edilməsi barədə cəmiyyətin təsisçilərinin müvafiq qərarı vergi orqanına daxil olmamasına əsaslanmışdır. Lakin maraqlı şəxs tərəfindən təqdim olunmuş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 08 iyun 2019-cu il tarixli K/2 nömrəli əmrindən və həmin tarixli təsisçi qərarından görünür ki, 08 iyun 2019cu il tarixdə Maraqlı şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direltoru vəzifəsindən azad edilmişdir.

19. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab bedir ki, şəxsin, hüquqi şəxsin icra orqanının rəhbəri vəzifəsindən azad edilməsi və ya yeni rəhbər dəyişkənliyinin edilməsi barədə cəmiyyətin təsisçilərinin müvafiq qərarının vergi orqanına daxil olmaması araşdırılan mübahisə üzrə maraqlı şəxsin hüquqlarının pozulması ilə nəticələnə bilməz. Belə ki, qeyd olunan məsələnin həlli təsisçilərin səlahiyyətinə aid olmaqla, heç bir şəxs əmək münasibətlərində məcburi saxlanıla bilməz, müvafiq qərarın vergi orqanına təqdim edilməməsi isə maraqlı şəxsin əmək münasibətlərinə xitam verilən hüquqi şəxsin öhdəliklərinin icrası ilə bağlı mülki məsuliyyətə cəlb edilməsinə səbəb ola bilməz.

20. Kollegiya belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-555/2024 nömrəli, 06 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar