Məhkəmə qərarları › İş №2-2(105)-8/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-8/2022

07.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-8/2022 07.02.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Qasımova Vüsalə Yadigar qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə2, Cavabdeh nümayəndəsi Nümayəndə1 və cavabdehin vəkili və nümayəndəsi Vəkil3 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar vurulmuş ziyanın tutulması tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 16.09.2021-ci il tarixli, e-2-2(119)-620/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Kommersiya Məhkəməsinin 16.09.2021-ci il tarixli, e-2-2(119)-620/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdehndən 125.145,90 (yüz iyirmi beş min yüz qırx beş manat 90 qəpik) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu, ümumulikdə 125.175,90 (yüz iyirmi beş min yüz yetmiş beş manat 90 qəpik) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir. (hakim Zahid Məmmədov) Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh MMC-dən 10.10.2018-ci il tarixli müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi səbəbindən vurulmuş ziyanın əvəzi kimi 125.145,90 (yüz iyirmi beş min yüz qırx beş manat doxsan qəpik) manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Satıcı” qismində Cavabdeh MMC ilə “Alıcı” qismində İddiaçı MMC arasında bağlanılmış 10.10.2018-ci il tarixli CGSA-002/2018 alğısatqı müqaviləsinə əsasən “Satıcı” “Alıcı”ya, “Alıcı”nın sifarişlərinə əsasən malları satır, “Alıcı” isə həmin malları alır və razılaşdırılmış məbləği müqavilə ilə müəyyən qaydada ödəyir. Həmin müqaviləyə 1 saylı əlavəyə əsasən qiymətlərin razılaşdırılması protokolu imzalanmış və satılan malların qiyməti həmin protokolla razılaşdırılmışdır. Həmin müqavilənin şərtlərinə əsasən iddiaçı tərəfindən cavabdehə sifariş verilən malların pulu təqdim edilmiş ödəmə sənədlərinə əsasən ödənilir və sifariş verənə mallar alıcının müəyyən etdiyi yerdə alıcıya təhvil-təslim aktına əsasən təhvil verilir. Müqavilənin 2.1-ci bəndinə əsasən “Satıcı” “Mallar”ı Əlavələr ilə müəyyən edilmiş vaxt ərzində “Alıcı”nın müəyyən etdiyi yerdə “Alıcı”ya təhvil verir. Daxili yoxlama aparılarkən məlum olmuşdur ki, cavabdeh tərəfindən 125.145,90 manat dəyərində olan malların pulu ödənilsə də, həmin mallar iddiaçıya təhvil verilməmişdir. Yəni, cavabdeh 125.145,90 manat dəyərində malları alıcıya təhvil vermədiyi üçün iddiaçıya həmin məbləğdə ziyan dəymişdir. Bu səbəbdən, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər pozulduğu üçün və bu hərəkətlər nəticəsində şirkətə ziyan vurulduğu üçün həmin ziyan cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi səbəbindən ödənilmiş 125.145,90 manat məbləğində pulun geri qaytarılması ilə bağlı pretenziya məktubu göndərilmişdir. Eyni zamanda cavabdehlə müqavilə üzrə ödənilmiş malların təhvil verilməməsi ilə bağlı şifahi danışıqlar aparılmışdır. Lakin, cavabdeh pulu ödənilmiş malların iddiaçıya təhvil verildiyini və bu səbəbdən hər hansı öhdəliyinin olmadığını iddia etmişdir. Buna baxmayaraq cavabdeh bununla bağlı hər hansı sübutu təqdim edə bilməmişdir. Müqavilə üzrə mübahisəli mallardan başqa digər malların təhvil-təslimi təsdiq olunsa da və bununla bağlı müvafiq sənədləşdirmələr mövcud olsa da, məhz dəyəri 125.145,90 manat olan malların cavabdeh tərəfindən iddiaçıya təhvil verilməsi hər hansı sənədlə təsdiq olunmur. Lakin, cavabdeh bunu inkar edir və iddiaçı tərəfindən göndərilən pretenziya məktubunu alsa da, bu vaxtadək həmin pretenziyaya cavab verməmişdir. İddiaçı şirkətin artıq həmin mallara marağı itmişdir və həmin malların cavabdeh tərəfindən təhvil verilməsinə lüzum yoxdur. Bu səbəbdən alıcı olaraq iddiaçının ödənilmiş pulun vurulmuş ziyan kimi geri tələb etmək hüququ var. Beləliklə, cavabdehin müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirilməməsi səbəbindən iddiaçıya vurulmuş ziyan cavabdehdən tutularaq ödənilməlidir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayət verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC tərəfindən mallar təqdim edilməmişdirsə, elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi qaydalarına əsasən İddiaçı MMC-nin elektron qaimələri geri qaytarmaq və ödəniş etməmək üçün yetərincə vaxtı olmuşdur, lakin birinci instansiya məhkəməsinə dəlil kimi təqdim olunmuş Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə malların satışı zamanı təqdim edilmiş 125.145,90 manat məbləğində malların elektron qaimələri İddiaçı MMC-nin “Asan İmza”-sı vasitəsi ilə təsdiq edilmiş və bank tərəfindən təsdiq olunmuş ödəniş tapşırıqlarında ödəniş təyinatına 125.145,90 manat məbləğində malların elektron qaimələrinə AVİS vasitəsi ilə verilmiş seriya və nömrəsi qeyd olunaraq İddiaçı MMC tərəfindən ödəniş olunmuşdur. Məhkəmə tərəfindən maddi sübut kimi qəbul edilmiş "xxxx" MMC-nin auditoru tərəfindən daxili sənədlər əsasında İddiaçı MMC ilə "xxxx" ASC-nin anbar nəzarətçisi Abbasova Məhluqənin iştirakı ilə yoxlama aparılmışdır. Audit aktından məlum olur ki, Cavabdeh MMC "xxxx" ASC-nin anbarına 125.145,90 manat məbləğində malları təqdim etməməsinə dair qərəzli akt çıxarılmışdır. Belə ki, “Satıcı” qismində Cavabdeh MMC ilə “Alıcı” qismində İddiaçı MMC arasında bağlanılmış 10.10.2018-ci il tarixli CGSA002/2018 alğı-satqı müqaviləsinə əsasən Cavabdeh MMC-nin "xxxx" ASC-nin anbarına malları çatdırması ilə bağlı üçtərəfli müqavilə şərtləri qeyd olunmamışdır və Cavabdeh MMC belə bir öhdəlik götürməmişdir. Audit rəyindən aydın olur ki, İddiaçı MMC ilə "xxxx" ASC arasında yaranmış öhdəlik Cavabdeh MMC-nin üzərinə atmaqla qərəzli və saxta rəy çıxarılmışdır. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin kollegiyasi tərəfindən qəbul olunmuş 30 iyun 2017-ci il tarixli Q-08 nömrəli qərarın malların təhvil-təslim aktı formasının 2-ci hissəsinin məzmunundan bəlli olur ki, bu blankdan həm alışda, həm də satışda istifadə etmək olar. İddiaçı iddia edir ki, Cavabdeh MMC tərəfindən təqdim olunmuş təhvil-təslim aktları saxtadır və hüquqi sənəd sayıla bilməz. Belə ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 2018-ci ildən bəri 300733.13 manat dəyərində malların satışı olmuşdur. Bütün təhvil-təslim aktlarında Şükürov Elvinin malları qəbul etməsi ilə bağlı imzası vardır. Əgər təhvil-təslim aktları saxtadırsa və ya sonradan tərtib olunmuşdursa 175587.23 manatlıq malın İddiaçı MMC-nin anbarına hansı hüquqi sənədlər əsasında daxil olması əvvəlki məhkəmə zamanı araşdırılmamışdır. Əgər təhvil-təslim aktları yoxdursa, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin kollegiyasi tərəfindən qəbul olunmuş 30 iyun 2017-ci il tarixli Q-08 nömrəli qərara əsasən İddiaçı MMC tərəfindən tərtib olunmalı idi. Lakin, İddiaçı MMC tərəfindən tərtib olunmuş təhvil-təslim aktları məhkəməyə təqdim olunmamışdır. 2018-ci ildən bəri Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə təqdim olunmuş mallar Şükürov Elvinin imzasıyla təhvil-təslim aktları və elektron qaimələr vasitəsi ilə anbarlarına daxil olmuş və İddiaçı MMC-nin bütün ödənişləri zamanı təyinatda elektron qaimələrin seriyası və nömrəsi yazılmaqla ödəniş olunmuşdur, ödəniş üçün əsas hüquqi sənəd hesab olunmuşdur. Belə ki, iş materiallarında olan 11.01.2019-cu il tarixli 232053 nömrəli, 28.02.2019-cu il tarixli 232056 nömrəli, 08.01.2019-cu il tarixli 232051 nömrəli, 08.01.2019-cu il tarixli 232052 nömrəli, 13.03.2019-cu il tarixli 232060 nömrəli, 29.03.2019-cu il tarixli 232061 nömrəli, 23.04.2019-cu il tarixli 232064 nömrəli, 08.04.2019-cu il tarixli 232062 nömrəli, 02.07.2019-cu il tarixli 232078 nömrəli, 18.07.2019-cu il tarixli 232080 nömrəli, 13.12.2019-cu il tarixli 232092 nömrəli, 26.12.2019-cu il tarixli 232093 nömrəli malların təhvil-qəbul aktlarının əsassız olduğunu hesab edərək onlara qiymət verməmişdir. Həmin aktlardan da məlum olur ki, cavabdeh müqavilə öhdəliyini yerinə yetirərək malları təhvil vermişdir. Bu və digər malların sifarişini iddiaçının adından Elvin Şükürov verdiyindən cavabdeh onu məsul şəxs bilmişdir, çünki, o, hər sifarişi qəbul etmiş və müqabilində malların dəyəri iddiaçı tərəfindən ödənilmişdir. Tərəflər arasında alğı-satqı müqaviləsi bağlanmış və işgüzar etibarlılıq olduğundan hər dəfə iddiaçının sifarişlərini qəbul edib onların müəyyən etdiyi yerə təslim etmişdirlər. İddiaçı ilə aralarında alğı-satqı iddia ərizəsində tələb edilən məbləğdən bir neçə dəfə çoxdur. İşin mübahisəli hallarından başqa təhvil verdikləri malları yenə iddiaçının adından Elvin qəbul etmişdir. Bundan əlavə 09.03.2021-ci il tarixli aktda qeyd olunmuş 13.05.2019cu il tarixli EAAU 083924 saylı, 22.05.2019-cu il tarixli EAAU 759950 saylı, 19.06.2019-cu il tarixli EAAV 938946 saylı, 30.07.2019-cu il tarixli EAAX 501389 saylı, 16.12.2019-cu il tarixli EBAD 474870 saylı elektron qaimələr üzrə malların təqdim edildiyi halı cavabdeh tərəfindən 11.01.2019-cu il tarixli 232053 nömrəli, 28.02.2019-cu il tarixli 232056 nömrəli, 08.01.2019-cu il tarixli 232051 nömrəli, 08.01.2019-cu il tarixli 232052 nömrəli, 13.03.2019-cu il tarixli 232060 nömrəli, 29.03.2019-cu il tarixli 232061 nömrəli, 23.04.2019-cu il tarixli 232064 nömrəli, 08.04.2019-cu il tarixli 232062 nömrəli, 02.07.2019-cu il tarixli 232078 nömrəli, 18.07.2019-cu il tarixli 232080 nömrəli, 13.12.2019-cu il tarixli 232092 nömrəli, 26.12.2019-cu il tarixli 232093 nömrəli malların təhvil-qəbul aktları ilə sübut edirlər. Belə ki, iddiaçı tərəfindən həyata keçirilən ödənişlər onların təsdiqlədikləri elektron qaimələr əsasında ödənilmişdir. Tərəflər arasında təsdiqlənmiş 6 elektron qaimə mövcuddur ki, bu elektron qaimələr də müxtəlif tarixlərdə tərtib olunmuşdur. Əgər elektron qaiməni təsdiq etdikdən sonra göstərilən xidmətlə bağlı qarşı tərəfin narazılığı var idisə, digər ödənişlərin həyata keçirməsini dayandıra bilərdi. Əgər qarşı tərəf mal verilməzdən əvvəl avans ödənişi edirdisə, elektron qaimələrdə hesab fakturaların əsasında hazırlanması qeyd oluna bilməzdi. Belə olan halda, elektron qaimələrdə əsas kimi avans ödəniş qeyd olunmalı idi. Birinci və ikinci elektron qaimələr arasında 6 ay fərq vardır. Bu müddət ərzində iddiaçının onlara təhvil verilmiş məhsullarla bağlı irad bildirməyə kifayət qədər vaxtı olmuşdur. Müxtəlif şirkətlərə əməkdaşlıq etdikləri üçün, təhvil-təslim aktlarını 6 aydan çox müəssisələrində saxlamırlar. Ödəmələrin heç biri avans deyil, hazırki problem iddiaçının anbarı ilə maliyyə şöbəsi arasında olan problemin nəticəsidir. Cavabdeh əlavə olaraq qeyd etmişdir ki, hər il vergi qanunvericiliyi əsasında aidiyyatı orqanlara iki ildir hesabat verirlər. Anbarlarında məhsul qalsa idi, onlar aidiyyatı qurumlar tərəfindən cərimələnərdilər. Həmçinin, məhkəmə qətnamənin əsaslandırıcı hissəsində iş üçün əhəmiyyət kəsb edən fakt kimi iddiaçı tərəfindən təqdim edilmiş audit rəyini əsas götürərək cavabdeh tərəfindən təqdim edilmiş rəsmi sənədləri dəlil kimi qəbul etməmişdir. Azərbaycan Respublikası MPM-in 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli sübutlarla təsdiq edilir. Eyni zamanda məhkəmənin qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun gəlmir. Belə ki, məhkəmə qətnaməsində göstərilir: “qeyd edilən rəsmi elektron qaimələr və təhvil təslim aktı dəlil qəbul edilə bilməz. Eyni zamanda iddiaçının səlahiyyətli şəxsi, yəni malları sifariş verən və qəbul edən Elvin Şükürovdur. Halbuki, iş materiallarından da göründüyü kimi iddiaçının təqdim etdiyi audit rəyində "xxxx" MMC-nin mühasibi Sona Kərimova audit yoxlanmasına təqdim etdiyi izahatında göstərmişdir ki, 2018 və 2019-cu illər ərzində Cavabdeh MMC-yə "xxxx" ASC-nin təchizat üzrə mütəxəssisi Elvin Şükürov tərəfindən göndərilmiş e-maillər əsasında xammal alışı üçün İddiaçı MMC-dən ödənişlər etmişdir. İddiaçı tərəfindən təqdim edilmiş sübutlar ziddiyyət təşkil edir. "xxxx" ASC-nin təchizat üzrə mütəxəssisi Elvin Şükürov tərəfindən göndərilən e-maillara əsasən İddiaçı MMC-dən ödənişlər edilmişdirsə demək ki, Elvin Şükürovun səlahiyyətli şəxs kimi də malları qəbul etməyə səlahiyyəti vardır. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə1 və cavabdehin vəkili və nümayəndəsi Vəkil3 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən, mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alğısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarixli 89 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 2.5.3-cü yarımbəndinə əsasən, elektron qaimə-faktura mallar (işlər, xidmətlər) barədə məlumatları özündə əks etdirən sənədlər (qəbzlər, çeklər və digər ödəniş sənədləri, müqavilələr (əqdlər), təhvil-təslim aktları, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaiməfakturanın “Əsas” sətrində qeyd olunur. İş materiallarından olan “Satıcı” Cavabdeh MMC ilə “Alıcı” İddiaçı MMC arasında bağlanmış 10.10.2018-ci il tarixli, CGSA-002/2018 saylı alğı-satqı müqaviləsinə əsasən “Satıcı” “Alıcı”ya “Alıcı”nın sifarişlərinə əsasən malları satır, “Alıcı” isə həmin malları alır və razılaşdırılmış məbləği müqavilə ilə müəyyən edilmiş qaydada ödəyir. Qeyd edilən müqavilənin 1.3-cü bəndinə əsasən müqavilə üzrə alınan mallar alıcı tərəfindən satıcının elektron poçt ünvanına göndərdiyi sifarişlərdə göstərilir və bu müqavilə ilə ayrı qayda nəzərdə tutulmayıbsa tərəflərin razılığı ilə bu sifarişlər müqavilənin ayrılmaz hissəsi olan müvafiq əlavələrin bağlanması yolu ilə rəsmiləşdirilir. Həmin müqavilənin malların qəbul edilməsi və çatdırılması şərtlərini müəyyənləşdirən 2.1-2.4-cü bəndlərinin tələblərinə əsasən satıcı malları əlavələri ilə müəyyən edilmiş vaxt ərzində alıcının müəyyən etdiyi yerdə alıcıya təhvil verir. Satıcı malların təhvil verilməsi tarixi barədə alıcıya azı 3 təqvim günü əvvəl bu müqavilədə göstərilən poçt ünvanına və ya faks nömrəsinə və ya elektron ünvanına göndərməklə yazılı məlumat verir. Satıcı malları müvafiq hesab-faktura, mənşə, keyfiyyət və uyğunluq sertifikatıları ilə birgə alıcıya təhvil verir. Təhvil-təslim tərəfləri səlahiyyətli şəxslərin müvafiq aktını imzalamaqla rəsmiləşdirilir. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən müqavilədə nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi hallarında təqsirli tərəf Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq, zərərçəkmiş tərəfə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində vurulmuş maddi və ya mənəvi zərərə görə məsuliyyət daşıyır. Bundan əlavə, “Satıcı” Cavabdeh MMC ilə “Alıcı” İddiaçı arasında CGSA-002/2018 saylı, 10.10.2018-ci il tarixli, alğı-satqı müqaviləsinə 1 nömrəli əlavə - 10.10.2018-ci il tarixli qiymətlərin razılaşdırılması protokolu bağlanmışdır. Həmin protokola əsasən əlavədə göstərilən qiymətlər CGSA-002/2018 saylı 10.10.2018-ci il tarixli alğı-satqı müqaviləsinin qüvvədə olduğu bütün müddət ərzində dəyişməz olaraq qalır. İşdən göründüyü kimi tərəflər arasında alğı-satqı əməliyyatlarının olması işin mübahisəsiz halıdır. İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 125.145,90 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsini xahiş edir və iddia tələbinin əsası kimi dəyəri ödənilmiş malların iddiaçıya təhvil verilmədiyinə istinad edir. Cavabdeh isə malların təhvil verildiyini və hər hansı borcun olmadığını göstəririr. Göründüyü kimi, tərəflər 125.145,90 manat məbləğində malın təhvil-təslimini mübahisələndirirlər. İş materiallarından görünür ki, sifarişçi İddiaçı MMC ilə icraçı "xxxx" Baku ASC arasında tütün məmulatlarının istehsalı üzrə 01.09.2017-ci il tarixli xidmət müqaviləsi bağlanmışdır. İşdə olan 09.03.2021-ci il tarixli audit yoxlamasının nəticələrinə dair aktda qeyd olunmuşdur ki, "xxxx" MMC-nin auditoru tərəfindən İddiaçı MMC-nin Cavabdeh MMC ilə 10.10.2018-ci il tarixdən 26.12.2019-ci il tarixə qədər alğı-satqı müqaviləsinə dair audit yoxlaması aparılmışdır. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 10.10.2018-ci il tarixdən 26.12.2019-cu il tarixə qədər müxtəlif tarixlərdə 19 halda 254858 manat 89 qəpik məbləğində karton məhsulları almaq məqsədi ilə pul vəsaiti köçürülmüşdür. İddiaçı MMCnin təqdim etdiyi sənədlərdən və "xxxx" ASC-nin qeyri-tütün materialları anbarının nəzarətçisi Məhluqə Abbasovanın izahatından görünür ki, 10.10.2018-ci il tarixdən 26.12.2019-cu il tarixə kimi Cavabdeh MMC-dən cəmi müxtəlif tarixlərdə 15 halda 131615 manat 39 qəpik məbləğində mal (karton məmulatları) alınmışdır. Malların təhvil-qəbul aktına əsasən iddiaçının səlahiyyətli nümayəndəsi olan Elvin Şükürova təhvil verildiyini bildirən cavabdehin nümayəndəsi Nümayəndə1 birinci instansiya məhkəməsinə 11.01.2019-cu il tarixli 232053 nömrəli, 28.02.2019-cu il tarixli 232056 nömrəli, 08.01.2019-cu il tarixli 232051 nömrəli, 08.01.2019-cu il tarixli 232052 nömrəli, 13.03.2019-cu il tarixli 232060 nömrəli, 29.03.2019-cu il tarixli 232061 nömrəli, 23.04.2019-cu il tarixli 232064 nömrəli, 08.04.2019-cu il tarixli 232062 nömrəli, 02.07.2019-cu il tarixli 232078 nömrəli, 18.07.2019-cu il tarixli 232080 nömrəli, 13.12.2019-cu il tarixli 232092 nömrəli, 26.12.2019-cu il tarixli 232093 nömrəli malların təhvil-qəbul aktlarının əslini təqdim etmişdir. İddiaçının nümayəndəsi tərəfindən təqdim olunmuş "xxxx" MMC 16.07.2021-ci il tarixli 47 nömrəli məktubunda isə "xxxx" MMC (HHƏ 232051-232100, 50 ədəd) HHƏ 232068, HHƏ 232090, HHƏ 232074, HHƏ 232070 və HHƏ 232085 seriyalı (FORMA MTQA-1) “Malların təhvil-Təslim Aktı” adlı ciddi hesabat blanklarını 2021-ci ilin yanvar ayında aldığı göstərilmişdir. İddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş "xxxx" ASC-nin İdarə Heyətinin sədrinin 01.09.2020-ci il tarixli 114/Ş saylı əmrinin surətindən isə görünür ki, "xxxx" ASCnin satınalmalar üzrə mütəxəssisi E.Şükürovla bağlanmış əmək müqaviləsi 01.09.2020-ci il tarixdən xitam verilmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər prokurorunun böyük köməkçisi, kiçik ədliyyə müşaviri X1 tərəfindən qəbul edilmiş 27 dekabr 2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi və materialın aidiyyəti üzrə göndərilməsi haqqında qərarın surətindən görünür ki, Cavabdeh MMC-nin vəzifəli şəxslərinin hərəkətlərində cinayət tərkibi olmadığından barələrində olan hissədə cinayət işinin başlanılmasının rədd edilməsi, İddiaçı MMC və "xxxx" (ETB) Baku ASC-nin maddi məsul şəxslərin hərəkətlərinə hüquqi qiymət verilməsi üçün toplanmış materialın araşdırmanın davam etdirilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğu vasitəsi ilə Bakı şəhərinin Nizami rayon prokurorluğuna göndərilməsi qərara alınmışdır. Qərarın surətindən həmçinin görünür ki, X2 izahatında bildirmişdir ki, o, 2015-ci ildən 2020-ci ilədək aralarında üç dəfə Keşlə qəsəbəsində yerləşən "xxxx" ASC-də müxtəlif vəzifələrdə, yəni 2015-2017-ci illərdə, 27.04.2017-ci il tarixdən 30.07.2018-ci il tarixədək ehtiyat hissələri anbarının nəzarətçisi, 01.08.2018-ci il tarixdən 01.09.2020-ci ilədək isə Marketinq və Satış şöbəsinin satınalmalar üzrə mütəxəssisi işləmiş və həmin tarixdə işdən öz ərizəsi ilə çıxmış, işi həmin ASC-də siqaretin istehsal olunması üçün xammalın sifarişi, hesabatlara nəzarət və sairdən ibarət olmuşdur. O, ona təqdim olunan 5 ədəd 2019-cu ilin may, iyun və dekabr aylarını əhatə edən HHƏ №232090, HHƏ №2232085, HHƏ №232074, HHƏ №232070, HHƏ №232060 qaimələrin surətlərini diqqətlə nəzərdən keçirmiş və bildirmişdir ki, heç vaxt anbardar işləməmiş, 27.04.2017-ci il tarixdən 30.07.2018-ci il tarixədək ehtiyat hissələri anbarının nəzarətçisi isə siqaret xətlərinin ehtiyat hissələri olmuş, gündəlik tələbat malları, arko kranlar, yuyucu toz və sair, yəni həmin anbarda qutular saxlanılmamış, qaimələrdə isə soyadı yazılan xətt və imza onun xətt və imzasına oxşadılmış, qaimələrdə göstərilən tarixlərdə və ümumiyyətlə anbardar vəzifəsində işləmədiyindən qaimələrdə soyadı qarşısında olan imzalar ona məxsus deyil. Məhkəmə kollegiyası qeyd edir ki, alğı-satqı müqavilələrindən irəli gələn münasibətlərin mahiyyətinə uyğun olaraq, satıçı əşyanı alıcıya vemək öhdəliyini daşıyır, alıcının öhdəliyi əşyanı qəbul etməklə onun qiymətinin ödənilməsindən ibarətdir. İşdən isə görünür ki, cavabdeh müqavilə üzrə öhdəliyini lazımınca yerinə yetirməyərək tələb olunan miqdarda malları iddiaçıya təhvil verməmişdir. Cavabdeh malları Elvin Şükürovun təhvil aldığına və təhvil-təslim aktlarına istinad etsə də, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Elvin Şükürov "xxxx" ASC-nin işçisi olmuş, onunla əmək müqaviləsinə 01.09.2020-ci il tarixdə xitam verilmişdir. Bundan başqa, E.Şükürov istinad edilən qaimələr üzrə malları təhvil almadığını bildirmişdir. "xxxx" MMC-nin istinad etdiyi təhvil-təslim aktları 2021-ci ilin yanvar ayında alınmışdır. Tərəflər arasında alğı-satqı münasibətləri isə həmin tarixdən əvvəl olmuşdur. Göründüyü kimi, cavabdeh malları təhvil verdiyini hər hansı mötəbər sənədlə sübut edə bilməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, müqavilə öhdəliklərini lazımınca yerinə yetirmədiyi üçün Cavabdeh iddiaçıya təhvil verilməmiş mallara görə ödənilmiş pul vəsaitini qaytarmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyini nəticəni əsaslı hesab etsə də, cavabdehdən tutulan məbləğlə razılaşmır. Belə ki, məhkəmə iclasında iş materialları və iddiaçı tərəfin izahatı ilə müəyyən edildi ki, iddiaçı tərəfindən cavabdehə 238999 nömrəli faktura üzrə 1902,4 manat pul vəsaiti ödənilməmişdir. Bundan başqa, iş materiallarında olan 09.03.2021-ci il tarixli audit yoxlamasının nəticələrinə dair aktdan görünür ki, iddiaçı tərəfindən Cavabdeh MMC-yə 10.10.2018-ci il tarixdən 26.12.2019-cu il tarixə qədər müxtəlif tarixlərdə 254.858,89 manat məbləğində karton məhsulları almaq məqsədi ilə pul vəsaiti köçürülmüşdür. 10.10.2018-ci il tarixdən 26.12.2019-cu il tarixə kimi Cavabdeh MMC-dən müxtəlif tarixlərdə 131.615,39 manat məbləğində mal alınmışdır. Həmin aktdan da müəyyən olunur ki, cavabdehdən tələb edilməli məbləğ 125.145,9 manat deyil 123.243,5 manat olmalıdır (254.858,89- 131.615,39=123.243,5 və ya 125.145,9-1902,4=123.243,5). Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Kommersiya Məhkəməsinin 16.09.2021-ci il tarixli, e-2-2(119)- 620/2021 nömrəli qətnaməsi dəyişdirilməli, Cavabdehndən 123.243,5 (bir yüz iyirmi üç min iki yüz qırx üç manat əlli qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdiriə bilər. Qeyd edilənləri və Azərbaycan Respublikası MPM-in 384.0, 384.0.3, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin 16.09.2021-ci il tarixli, e-2-2(119)-620/2021 nömrəli qətnaməsi dəyişdirilsin. Cavabdehndən 123.243,5 (bir yüz iyirmi üç min iki yüz qırx üç manat əlli qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar