Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-8/2025 04.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər X1 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə3, Cavabdeh1 nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “lizinq müqaviləsinə xitam verilməsi, lizinq predmetinin geri qaytarılması və borcun tutulması” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli, e-2-2(119)-635/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi: İŞİN HALLARİ
1. 28 oktyabr 2020-ci il tarixli AS1345 nömrəli alqı-satqı müqaviləsinin 2.1-ci bəndinə əsasən satıcı ("xxxx" MMC) lizinq obyektini bu müqavilədə müəyyən edilmiş şərtlərlə alıcıya (İddiaçı QSC-yə) satmağı, alıcı isə xüsusi olaraq lizinq alana lizinqə vermək məqsədilə lizinq obyektini qəbul etməyi və qiymətini bu müqavilə ilə müəyyənləşdirilmiş qaydada və şərtlərlə satıcıya ödəməyi öhdəsinə götürür.
2. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 28 oktyabr 2020-ci il tarixli GL542 nömrəli lizinq müqaviləsinin 2.1-ci bəndinə əsasən lizinq verən lizinq obyektini lizinq alanın müraciəti əsasında lizinq ödənişlərinin həyata keçirilməsi müqabilində və Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə və bu müqavilənin müddəalarına uygun olaraq lizinq alanın istifadəsinə təqdim edir. 28 oktyabr 2020-ci il tarixli GL542 nömrəli lizinq müqaviləsinə eyni tarixli 1 saylı əlavəyə əsasən, 1 ədəd dəyəri 41200 manat olan “10049 Agritrac” markalı traktoru, 1 ədəd dəyəri 9785 manat olan 2000lt dərmansəpəni, 1 ədəd dəyəri 9270 manat olan diskli mala avadanlığı lizinq obyektinin predmetini təşkil edir.
3. 28 oktyabr 2020-ci il tarixli GL542 nömrəli lizinq müqaviləsinə 3 saylı əlavə olan Təhvil-təslim protokoluna əsasən, 1 ədəd “10049 Agritrac” Traktor (Seriya XLTGAKİ004SK3320007 Motor X2P490-00040), 1 ədəd dərman səpən 2000lt (Seriya İ- 9264) və 1 ədəd diskli mala (Seriya **********) Cavabdeh1 təqdim edilmişdir.
4. 28 oktyabr 2020-ci il tarixli GL542 nömrəli lizinq müqaviləsinin ödəniş cədvəlinə əsasən Cavabdeh1 müqavilə üzrə sonuncu ödəniş tarixi 28 oktyabr 2024-cü il tarixidir.
5. 16 noyabr 2020-ci il tarixli GZ131 nömrəli zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən, zamin (Cavabdeh2), lizinq müqaviləsi üzrə lizinq alanın (Cavabdeh1) bütün öhdəliklərinin tamamilə icrası üçün bu müqavilədə nəzərdə tutulmuş qaydada, həcmdə və şərtlərlə lizinq verən (İddiaçı ASC) qarşısında məsuliyyət daşıyır.
6. 26 fevral 2024-cü il tarixli 41 nömrəli maliyyə arayışına əsasən, Cavabdeh1 28 oktyabr 2020-ci il tarixli GL542 nömrəli lizinq müqaviləsi üzrə iddiaçıya 12072,34 manat məbləğində gecikdirilmiş əsas borcu vardır və 4129,79 manat məbləğində cərimə hesablanmışdır.
7. Məhkəmə-mühasibatlıq ekspertizasının 29 avqust 2024-cü il tarixli 9/4664 nömrəli ekspert rəyinin nəticə hissəsinə əsasən iş materiallarında olan ödənişlərə dair çıxarış, ilkin ödəniş, maliyyə arayışı məlumatları, ödəniş qrafiki və 28 oktyabr 2020-ci il tarixli GL542 nömrəli lizinq müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1 xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə 12072,34 manat məbləğində gecikdirilmiş əsas borcu və 4129,79 manat məbləğində cərimə borcunun olduğu müəyyən edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “lizinq müqaviləsinə xitam verilməsi, lizinq predmetinin geri qaytarılması və borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ilə aralarında bağlanmış 28 oktyabr 2020-ci il tarixli GL542 nömrəli lizinq müqaviləsinə xitam verilməsi, lizinq predmeti olan 1 (bir) ədəd “10049 Agritrac” markalı traktorun, 1 (bir) ədəd 2000lt dərmansəpənin, 1 (bir) ədəd diskli mala avadanlığının saz və işlək vəziyyətdə geri qaytarılması və 12072,34 (on iki min yetmiş iki manat, otuz dörd qəpik) manat məbləğində borcun, 4129,79 (dörd min yüz iyirmi doqquz manat, yetmiş doqquz manat) məbləğində cərimənin və 138,61 (yüz otuz səkkiz manat, altmış bir qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçi ilə Cavabdeh1 arasında bağlanmış 28 oktyabr 2020-ci il tarixli GL542 nömrəli lizinq müqaviləsinə əsasən ödəniş tapşırığına uyğun olaraq 48 ay müddətinə ödəmə şərti ilə 26416,01 manat kredit məbləğində kənd təsərrüfatı texnikası həmin cavabdehə lizinqə verilmişdir. Müqavilənin şərtlərinə əsasən cavadeh tərəfindən 13455 manat ilkin ödəniş və 264,16 manat məbləğində müqavilənin rəsmiləşdirmə komissiyası iddiaçının xeyrinə ödənilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixinə lizinq müqaviləsi üzrə 12072,34 manat gecikdirilmiş borcu yaranmışdır. Həmin lizinq müqaviləsinin təminatı olaraq, iddiaçı ilə digər Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixli GZ131 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə lizinq alan bu müqavilə üzrə aylıq ödənişlərini vaxtında və tam həcmdə yerinə yetirmədiyi təqdirdə lizinq verən hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0,1 faizi miqdarında cərimə hesablamaq hüququna malikdir. Bu şərtə əsasən cavabdehlərə xx.xx.2024-cü il tarixinə 4129,79 manat məbləğində cərimə hesablanmışdır. Cavabdehlərlə mübahisənin pretenziya qaydasında həll edilməsinə cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
10. Sumqayıt Kommersiya Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli, e-2-2(119)- 635/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh1 ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 28 oktyabr 2020-ci il tarixli GL542 nömrəli lizinq müqaviləsinə xitam verilməsi və lizinq predmeti olan 1 (bir) ədəd “10049 Agritrac” Traktor (Seriya XLTGAKİ004SK3320007, Motor X2P490-00040), 1 ədəd dərman səpən 2000 İt (Seriya İ-9264) və 1 ədəd diskli mala avadanlığının (Seriya **********) işlək vəziyyətdə iddiaçıya geri qaytarılması, 28 oktyabr 2020-ci il tarixli GL542 nömrəli lizinq müqaviləsi üzrə 12072,34 (on iki min yetmiş iki manat, otuz dörd qəpik) manat məbləğində borcun, 4129,79 (dörd min yüz iyirmi doqquz manat, yetmiş doqquz manat) manat məbləğində cərimənin və 138,61 (yüz otuz səkkiz manat, altmış bir qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 16340,74 (on altı min üç yüz qırx manat, yetmiş dörd qəpik) manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə tutulması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
11. Məhkəmə öz qətnaməsini Mülki Məcəllənin 385.1, 389.1, 421.2, 425.1, 427.3, 442, 470.1, 472.1, 472.2, 443.1, 445.1, 747.1, 748-1.12.4, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 217.4, 218.3, 107, 119.1, 115.0.1, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
12. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
13. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməmiş və dəlillərini məhkəməyə təqdim edə bilməmişdir. Lizinq müqaviləsi bağlandıqdan və traktor ona təhvil verildikdən sonra traktorun arxa tərəfindəki qaldırıcı və endirici qolların (dirsəklər) işlək vəziyyətdə olmadığı aydın olmuşdur. Bu barədə lizinq təşkilatına məlumat verilmişdir. Bundan sonra aidiyyatı üzrə şəxslər, o cümlədən Türkiyədən mühəndis gələrək traktora baxış keçirmiş, faktı təsdiq etmişlər. Daha sonra isə iddiaçı təşkilatın nümayəndəsi Azər Zəkiyev dəfələrlə təkrar baxış keçirib, yuxarı instansiyaya müraciət ünvanlamışdır. Nasazlığın aradan qaldırılacağı onlara bildirilmişdir. Amma bunların heç bir nəticəsi olmamışdır. Lizinq təşkilatından gəlib traktoru təmir etməyiblər. Halbuki, bunu etmək onların müqavilə üzrə öhdəliklərinə aiddir. Bütün bunlara baxmayaraq bu müddət ərzində ödənişlər tərəfindən icra olunmuşdur. Lizinq təşkilatı öz hesabına nasazlığı aradan qaldırmalı olduğu halda təmir üçün xidmət haqqı olaraq 2000 manat pul tələb olunmuş, o etirazını bildirmişdir. Beləliklə lizinq təşkilatının öz vəzifəsini icra etməməsi səbəbindən ödənişlərdə də gecikmələr olmuşdur. Yenidən avqustnoyabr aylarında tərəfindən ödənişlər həyata keçirilmişdir. Həmin ödənişləri davam etdirir, hal-hazırda iddia ərizəsində göstərilən məbləğdə borcu yoxdur. Həmçinin hesablanmış 4129,79 manat məbləğində cərimə borc məbləğinin üçdə birindən də çoxdur ki, bununla da razılaşmaq olmaz. Beləliklə lininq müqaviləsinə xitam verilməsi, lizinq predmeti avadanlıqların geri qaytarılması və qeyd olunan 12079 manat borcun, 4129,79 manat cərimənin ödənilməsi ilə razılaşmır. Çünki ödənişlərin mühüm hissəsini etmiş və halhazırda da davam etdirir. Hazırki iş üzrə dəbbə pulu müəyyənləşdirilərkən tənasübsüz surətdə yüksək məbləğdə dəbbə pulu müəyyənləşdirilmişdir. Belə ki, iddia ərizəsində tutulması tələb edilən 12072,34 manat məbləğində borca münasibətdə, 4129,79 manat məbləğində cərimənin hesablanmasını düzgün hesab etmir. Nəzərə alınsa ki, o, bu borcdan 1000 manatdan çoxunu da ödəmişdir, cərimənin nə qədər çox hesablandığı aydın olar. Hazırki iş üzrə qərar qəbul edilərkən sübutlara düzgün qiymət verilməmişdir. Son ödənişlər nəzərə alınmamışdır, əlavə olaraq artıq cərimə borcu hesablanmışdır.
Məhkəmə prosesi iştirakçılarının izahatları:
14. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edib onun məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi.
15. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə Cavabdeh2 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir , kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. ... 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.” Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” Maddə 747. Lizinq müqaviləsi 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. ...” Maddə 748-10. Lizinq ödənişləri 748-10.1. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Maddə 748-1. Lizinq müqaviləsi iştirakçılarının hüquq və vəzifələri 748-1.4. Lizinq verən müvəqqəti sahibliyə və istifadəyə verilən lizinq obyektinin lizinq müqaviləsi bağlanarkən şərtləşdirilmiş və ya lizinq alana əvvəlcədən məlum olan, yaxud lizinq alanın lizinq obyektini nəzərdə keçirərkən və ya lizinq müqaviləsinin bağlanması zamanı onun sazlığını yoxlayarkən aşkar oluna bilən çatışmazlıqlar üçün məsuliyyət daşımır. Maddə 748-2. Lizinq zamanı mülkiyyət münasibətləri 748-2.1. Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. 748-2.5. Maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
20. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommmersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehlərdən tutulmalı olan borc və cərimə məbləğinə dair hissədə dəyişdirilməli, qətnamə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılmalıdır.
22. Tərəflər arasında bu qətnamənin 2-ci bəndində göstərilmiş lizinq və 5-ci bəndində göstərilmiş zaminlik müqavilələrinin bağlanması, lizinq predmetinin lizinq alana təhvil verilməsi, cavabdehlərin müqavilə üzrə öhdəlikləri yerinə yetirməyərək lizinq ödənişlərini tam həyata keçirməmələri işin mübahisəsiz haldır.
23. İddiaçı da məhkəməyə müraciət edərək cavabdehlərin xx.xx.2024-cü il tarixə iddiaçıya 12072,34 manat məbləğində gecikdirilmiş borcu və 4129,79 manat məbləğində cərimə borcu olmasına istinad edərək iddianın təmin olunmasını xahiş edir.
24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakı qaydada dəyərləndirmənin aparılmasını zəruri hesab edir.
25. İlk öncə kollegiya texnikanın nasaz olması, iddiaçının öz vəzifəsini icra etməməsi səbəbindən ödənişlərdə gecikmələr olmasına münasibətdə cavabdehin dəlili ilə bağlı qeyd edir ki, həmin dəlil hazırki məhkəmə araşdırmasının predmetini təşkil etmir. Hazırki iddia tələbinin “əsas borc, cərimə borcunun tutulması” tələbi olduğu nəzərə alınsa, cavabdeh nasazlıqla bağlı özünün dəlili üzrə qanunvericiliyin yol verdiyi hüquqi müdafiə vasitələrindən istifadə etməklə-qarşılıqlı iddia verməklə, yaxud ayrıca icraatda müvafiq iddianın qaldırılması ilə araşdırmanın aparılmasına nail ola bilərdi. Bu səbəbdən apellyasiya şikayətinin həmin dəlili əsassızdır.
26. Əsas borcun həddindən artıq çox hesablanması ilə bağlı cavabdehin dəlilinə münasibətdə qeyd olunmalıdır ki, cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə borcun daha az olması ilə bağlı əks sübutlar təqdim olunmamışdır. Bununla belə, apellyasiya baxışı zamanı təqdim olunmuş ödəniş qəbzlərinə əsasən Sumqayıt Kommersiya Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli qətnaməsi qəbul olunmazdan əvvəl xx.xx.2024-cü il tarixdə, qətnamə qəbul olunduqdan sonra isə cavabdeh tərəfindən xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2025-ci il tarixli qəbzlərlə cəmi 1751 manat (4x300+551=1751) ödəniş edildiyi müəyyən olunmuşdur. Bu isə əsas borc məbləğinin müəyyən edilməsi zamanı nəzərə alınmalı və əsas borcun həmin məbləğdə azaldılmasına əsas verən haldır. Yəni əsas borc məbləği 10321.34 (120xx.xx-1751=10321.34) manat məbləğində müəyyən edilməlidir.
27. Kollegiya vurğulayır ki, bu fakt iş üzrə birinci instansiya məhkəməsi qətnamə qəbul etdikdən sonra yaranmışdır. Məhkəmə bu faktı qətnamə qəbul edərkən mövcud olmadığı üçün nəzərə ala bilməzdi. Həmin fakt hazırki icraat zamanı aşkar edilmişdir.
28. Bundan əlavə, apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının suallarını cavablandıran cavabdehin nümayəndəsi kollegiyanın iclasında bildirmişdir ki, onun oğlu Cavabdeh1 öz oğlunun yüksək gərginlikli elektrik şəbəkəsindən aldığı zədə nəticəsində xəstəliyi, bununla da əlil olması səbəbilə dərin stress keçirmiş, özü də xəstələnmiş, bu səbəbdən birinci instansiya məhkəməsinin iclaslarında iştirak etməmişdir. Nümayəndə olaraq o yalnız sonradan məhkəmə mübahisəsinin olduğunu bilmiş, qətnamədən apellyasiya şikayəti vermiş və ödənişləri davam etdirmişdir. Cavabdehin nümayəndəsi tərəfindən bununla bağlı cavabdehin və oğlunun səhhəti ilə bağlı tibbi sənədlər kollegiyaya təqdim olunmuşdur.
29. İşin yuxarıda qeyd edilən hallarını və qanunvericiliyin tələblərini nəzərə alan məhkəmə kollegiyası apellyasiya şikayətinin 4129,79 manat məbləğində cərimənin yüksək həddə təyin olunması ilə bağlı dəlilləri ilə qismən razılaşır. Belə ki, cavabdeh öhdəliyi lazımınca icra etmədiyi üçün Mülki Məcəllənin 462.1-ci maddəsi iddiaçının dəbbə (cərimə) pulu almaq tələbinin qanuni əsasını təşkil edir.
30. Tərəflər arasında bağlanılmış lizinq müqaviləsinin 4.9-cu bəndinə əsasən, lizinq alan ödəniş cədvəlində göstərilmiş tarixdə ödənişi həyata keçirməzsə lizinq alan hər bir gecikdirilmiş gün üçün ödənilməsi gecikdirilən lizinq ödənişinin 0.1%-nə bərabər həcmdə dəbbə pulu ödəməlidir. Göründüyü kimi, dəbbə ödənilməsini tərəflər müqavilə ilə müəyyən etmişlər. Bu baxımdan, iddiaçının cavabdehdən dəbbə pulu almaq tələbi qanuni tələbdir. Lizinq müqaviləsi üzrə cavabdehin ödənişi tam həyata keçirməməsi də öz təsdqini tapır.
31. Bununla belə Mülki Məcəllənin 467-ci maddəsinə görə də məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə müraciət edən zaman cavabdehdən 4129,79 manat cərimə borcu tələb etmiş, birinci instansiya məhkəməsi müqavilə üzrə tərəflərin razılaşmasını əsas gətirərək iddianı həmin hissədə tam təmin etmişdir. Məhkəmə kollegiyasının yuxarıda qeyd olunan araşdırmasından görünür ki, lizinqə verilmiş texnikalara görə lizinq alan tərəfindən xeyli məbləğdə ödəmələr həyata keçirmiş, cavabdeh tərəfindən ödənilməmiş 12072,34 manat ısas borc qalmış, məhkəmə baxışı zamanı da ödənişlər davam etmişdir.
32. Mülki Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Lizinq müqaviləsinin 19.6.3-cü bəndinə əsasən lizinq alan tərəfindən lizinq ödənişlərinin ən azı 2 ay ardıcıl olaraq ödənilməməsi defolt halı hesab edilir və müqavilənin 19.2-ci bəndinə əsasən defolt halının baş verməsi zamanı lizinq verən müqaviləyə vaxtından əvvəl xitam vermək hüququna malikdir. İş materialları ilə müəyyən olunur ki, cavabdeh tərəfindən ödənişlər ardıcıl olaraq uzun müddət edilmədikdən sonra iddiaçı məhkəməyə müraciət etmiş və bu hal da dəbbə pulunun əsassız olaraq artmasına səbəb olmuşdur.
33. Bundan əlavə, qeyd olunmalıdır ki, hər hansı müqavilə, o cümlədən lizinq müqaviləsi münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsulu, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır. Bu səbəbdən dəbbənin məbləği tənasübsüz surətdə yüksək ola bilməz. Bu baxımdan, kollegiya hesab edir ki, 12072 manat əsas borc məbləğinə münasibətdə dəbbə pulu üzrə iddia tələbini tam - 4129,79 manat məbləğində təmin edərkən birinci instansiya məhkəməsi qeyd olunan halları nəzərə almamışdır.
34. Bu səbəbdən məhkəmə kollegiyası əsas borcun məbləğinə mütənasiblik prinsipini rəhbər tutaraq, cavabdehin həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısını almaq məqsədi ilə hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəbbə pulunun tutulması hissəsində dəyişdirilərək, həmin məbləğ 600 (altı yüz) manat müəyyən edilməlidir. Bu əsasla da cavabdehlərdən tutulmalı cəmi məbləğ 11.059.95 manat (10321.34 manat əsas borc+600 manat cərimə borcu+138.61 manat dövlət rüsumu =11059.95) müəyyən olunur.
35. Kollegiya apellyasiya şikayətinin digər bir dəlili olan texnikanın iddiaçıya qaytarlmalı olmaması barədə dəlilini də əsassız hesab edir. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 21.1-ci bəndinə əsasən, müqavilənin 19.2-ci maddəsinə uyğun olaraq defolt halının baş verməsi zamanı lizinq verən lizinq obyektini lizinq alandan geri almaq hüququna malikdir.
36. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Kommersiya Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli, e-2-2(119)- 635/2024 nömrəli qətnaməsi cavabdehlərdən tutulmalı olan borc və cərimə məbləğinə dair hissədə dəyişdirilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 10321,34 (on min üç yüz iyirmi bir manat 34 qəpik) əsas borc, 600 (altı yüz) manat cərimə borcu, 138,61 (yüz otuz səkkiz manat 61 qəpik) manat dövlət rüsumu olmaqla cəmi 11059,95 (on bir min əlli doqquz manat 95 qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, qətnamə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılmalıdır.
37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli, e-2-2(119)- 635/2024 nömrəli qətnaməsi cavabdehlərdən tutulmalı olan borc və cərimə məbləğinə dair hissədə dəyişdirilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 10321,34 (on min üç yüz iyirmi bir manat 34 qəpik) əsas borc, 600 (altı yüz) manat cərimə borcu, 138,61 (yüz otuz səkkiz manat 61 qəpik) manat dövlət rüsumu olmaqla cəmi 11059,95 (on bir min əlli doqquz manat 95 qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasısı vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasısına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.