Məhkəmə qərarları › İş №2-2(105)-81/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-81/2024

16.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-81/2024 16.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim X1, hakimlər Məmmədov Zaur İkram oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, iddiaçı “Azin Oil" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Xaçmaz rayon Mənzil Kommunal Təsərrüfatı İdarəsinə qarşı “borcun tutulması tələbinə dair” kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin iddia ərizəsinin geri qaytarılması haqqında 12 iyun 2024-cü il tarixli, 2(119)-1083/2024 nömrəli qərardadından iddiaçı “Azin Oil" MMC tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh Xaçmaz rayon Mənzil Kommunal Təsərrüfatı İdarəsinə qarşı "borcun tutulması tələbinə dair” iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir Sumqayıt Kommersiya Məhkəməsinin 12 iyun 2024-cü il tarixli, e-2-2(119)- 1083/2024 nömrəli qərardadı ilə həmin iddia ərizəsinin iddiaçıya geri qaytarılması qərara alınmışdır (hakim Zülfüqar Sadıqov). Qərardaddan İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verərək, Sumqayıt Kommersiya Məhkəməsinin 12 iyun 2024-cü il tarixli, e-2-2(119)-1083/2024 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 25 iyun 2024-cü il tarixli e-2-2(119)-1083/2024 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi, iddiaçı “Azin Oil" MMC tərəfindən verilmiş şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Zülfüqar Sadıqov). Şikayət Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası tərəfindən yazılı icraat qaydasında baxılmağa qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilərək, Sumqayıt Kommersiya Məhkəməsinin 12 iyun 2024-cü il tarixli, e-2- 2(119)-1083/2024 nömrəli qərardadı ləğv edilməli və iddiaçı “Azin Oil" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Xaçmaz rayon Mənzil Kommunal Təsərrüfatı İdarəsinə qarşı “borcun tutulması tələbinə dair” iddia ərizəsinin icraata qəbul edilib baxılması üçün kommersiya işi həmin Məhkəməyə qaytarılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin geri qaytarılmalı olması barədə qənaətini onunla əsaslandırmışdır ki, əvvəla, Xaçmaz rayon Mənzil Kommunal Təsərrüfatı İdarəsi müstəqil hüquqi şəxs olmayıb Xaçmaz Rayon İcra Hakimiyyətinin tabeliyində olan bir idarədir. Mülki Məcəllənin 54-cü maddəsinə görə isə, idarə - hüquqi şəxs deyildir və idarə - hüquqi şəxsin təsdiq etdiyi əsasnamə üzrə fəaliyyət göstərir; idarənin öhdəlikləri üçün məsuliyyət idarəni yaratmış hüquqi şəxsin üzərinə düşür... Bu baxımdan Xaçmaz rayon Mənzil Kommunal Təsərrüfatı İdarəsinin öhdəliklərinə görə onun təsisçisi olan Xaçmaz Rayon İcra Hakimiyyəti cavabdehlik daşıyır. Digər tərəfdən, Xaçmaz rayon Mənzil Kommunal Təsərrüfatı İdarəsi təşkilati-hüquqi formasına görə “digər qeyri-kammersiya təşkilatı” təsnifatına aiddir, yəni o, sahibkarlıq fəaliyyəti ilə məşğul olan təşkilat deyil, onun təsisçisi olan Xaçmaz Rayon İcra Hakimiyyəti isə inzibati orqandır. Göründüyü kimi, nə Xaçmaz rayon Mənzil Kommunal Təsərrüfatı İdarəsi, nə də onun təsisçisi olan Xaçmaz Rayon İcra Hakimiyyəti kommersiya subyekti deyildir. Belə olduğu halda iddiaçı "xxxx" MMC kommersiya subyekti və sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi şəxs olsa da, onunla Xaçmaz rayon Mənzil Kommunal Təsərrüfatı İdarəsi arasında yaranmış mübahisə kommersiya mübahisəsi sayıla və həmin mübahisə üzrə işin baxılması kommersiya məhkəməsinə aid ola bilməz. Mülki Məcəllənin 25.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır... Qərardaddan belə başa düşülür ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisəyə kommersiya məhkəməsində baxılmalı olmaması qənaətindədir, buna görə də iddia ərizəsinin aidiyyəti məhkəməyə verilməsi üçün onu iddiaçıya qaytarmışdır. İddiaçı “Azin Oil" MMC isə şikayətində göstərir ki, Xaçmaz rayon Mənzil Kommunal Təsərrüfatı İdarəsi Mülki Məcəllənin 43.1-ci maddəsinə əsasən hüquqi şəxsə aid bütün əlamətlərə malikdir, Xaçmaz Rayon İcra Hakimiyyəti isə yalnız həmin idarənin təsisçisidir. Bu baxımdan Xaçmaz rayon Mənzil Kommunal Təsərrüfatı İdarəsini hüquqi şəxs hesab etməməyə əsas yoxdur. Onlar arasındakı mübahisə də adı çəkilən idarənin məhz sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmışdır... Ona görə də iddiaçı hazırkı işə kommersiya məhkəməsində baxılmalı olmasını hesab edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadının motivlərini və həmin qərardaddan şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə və tətbiq edilməli hüquq normaları baxımından araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi prosessual normaların tətbiqində səhvə yol vermiş və bununla əlaqədar iddia ərizəsinin geri qaytarılması barədə yanlış nəticəyə gəlmişdir. Belə ki, əvvəla, Mülki Prosessual Məcəllənin iddia ərizəsinin qaytarılması əsaslarından bəhs edən 152-ci maddəsində iddianın əsl olmayan cavabdehə qarşı irəli sürülməsinin iddia ərizəsinin geri qaytarılması üçün əsas olması nəzərdə tutulmamışdır. Məhkəmə iddia ərizəsini icraata qəbul etdikdən sonra hakim işin məhkəmədə baxılmağa hazırlanması mərhələsində, MPM-in 167.1.4-cü maddəsinə müvafiq olaraq, birgə cavabdehlərin və birgə iddiaçıların və ya üçüncü şəxslərin işə daxil olması məsələsini, habelə əsl olmayan tərəfin əvəz edilməsi məsələsini həll edir... Əsl olmayan cavabdehin əvəz edilməsi qaydası isə MPM-in 54-cü maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən: 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun; 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır… Hakim işin məhkəmədə baxılmağa hazırlanması mərhələsində iddiaçının razılığı ilə cavabdehi əvəz edərsə və bu zaman ərazi və ya məhkəmə aidiyyəti dəyişərsə, onda işi ya aidiyyəti üzrə başqa məhkəməyə göndərməli, ya da qanun buna yol vermədikdə iş üzrə icraata xitam verməlidir… Ona görə də konkret halda birinci instansiya məhkəməsi iddia ərizəsini icraata qəbul edib, sonra əsl cavabdehlə bağlı məsələni aydınlaşdırmalı idi. Digər tərəfdən, hazırkı iş üzrə mübahisənin məhkəmə aidiyyətini müəyyən etməyə zərurət yaranmışdır. Birinci instansiya məhkəməsi həmin mübahisəyə baxılmasının ümumi məhkəməyə aid olduğunu hesab etmişdir. MPM-in 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Hazırkı işə baxılmasının kommersiya məhkəməsinə aid olub-olmaması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu məsələnin həlli üçün “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarına müraciət edilməsi zəruridir. Qərarın 20-ci bəndində qeyd olunur ki, məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər. Həmin Qərarın 23-cü bəndində deyilir ki, qanunvericiliyin tələbinə görə dövlət və bələdiyyə orqanları hakimiyyət səlahiyyətlərini icra etməkdən başqa, mülki dövriyyənin bərabər hüquqlu subyektləri qismində malların (işlərin, xidmətlərin və s.) dövlət və bələdiyyə vəsaiti hesabına alınmasında, sahibkarlıq subyektləri ilə mülki-hüquqi əqdlərin bağlanmasında, həmçinin investisiya fəaliyyətinin həyata keçirilməsində eyni ilə digər hüquqi şəxslər kimi iştirak edə bilərlər. Bu zaman sahibkarlıq subyektləri tərəfindən dövlət orqanlarına və bələdiyyələrə qarşı və ya sonuncuların sahibkarlıq subyektlərinə qarşı tələbləri mahiyyət etibarı ilə iqtisadi məzmunlu olduğundan, habelə bu tələblərdən irəli gələn mübahisələrə tətbiq edilən maddi hüquq normalarının sahibkarlıq fəaliyyətini tənzimləyən normalara aid olduğundan həmin mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Ali Məhkəmənin hüquqi mövqeyindən göründüyü kimi, dövlət orqanları tərəfindən mülki dövriyyənin bərabər hüquqlu subyektləri qismində sahibkarlıq subyektlərindən dövlət vəsaiti hesabına malların (işlərin, xidmətlərin və s.) alınması, yaxud sahibkarlıq subyektləri ilə başqa mülki-hüquqi əqdlərin bağlanması ilə əlaqədar sahibkarlıq subyektləri tərəfindən dövlət orqanlarına və ya sonuncuların sahibkarlıq subyektlərinə qarşı tələblərinə dair mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Beləliklə, konkret halda cavabdeh istər Xaçmaz rayon Mənzil Kommunal Təsərrüfatı İdarəsi, istərsə də Xaçmaz Rayon İcra Hakimiyyəti olsun, iddiaçının tələbi tərəflər arasında neft məhsullarının alqı-satqısından irəli gəldiyinə görə bu mübahisəyə kommersiya məhkəməsində baxılmalıdır. Ona görə ki, tərəflər arasındakı münasibət iqtisadi məzmun daşımaqla kommersiya xarakterlidir. Həmin mübahisəyə baxılmasının inzibati və ya ümumi məhkəməyə aidiyyəti istisna olunur. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iddiaçının şikayəti əsaslı olduğundan təmin edilməli, Sumqayıt Kommersiya Məhkəməsinin “iddia ərizəsinin geri qaytarılması haqqında” 12 iyun 2024-cü il tarixli, e-2-2(119)-1083/2024 nömrəli qərardadı ləğv edilməli və iddiaçı “Azin Oil" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Xaçmaz rayon Mənzil Kommunal Təsərrüfatı İdarəsinə qarşı “borcun tutulması tələbinə dair” iddia ərizəsinin icraata qəbul edilib baxılması üçün kommersiya işi həmin Məhkəməyə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 32.7-ci maddəsinə əsasən, bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Həmin Məcəllənin 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb birinci instansiya məhkəməsinin qərardadını tam və ya qismən ləğv edərək, yaxud dəyişərək işin həmin məhkəməyə göndərilməsi barədə qərardad qəbul etmək hüququ vardır. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən, aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər kassasiya şikayəti verə bilərlər. Göstərilənlərə əsasən və Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 24, 26, 32, 263-264, 398, 400, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kоllegiyаsı QƏRARA ALDİ: İddiaçı “Azin Oil" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin “iddia ərizəsinin geri qaytarılması haqqında” 12 iyun 2024-cü il tarixli, e-2-2(119)-1083/2024 nömrəli qərardadı ləğv edilsin. İddiaçı “Azin Oil" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Xaçmaz rayon Mənzil Kommunal Təsərrüfatı İdarəsinə qarşı “borcun tutulması tələbinə dair” iddia ərizəsinin icraata qəbul edilib baxılması üçün kommersiya işi Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Hazırkı qərаrdаddаn işdə iştirak edən şəxslərə rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyаsına kassasiya şikayəti verilə bilər. Qərаrdаd ondan kassasiya şikayəti verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar