Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-83/2022 19.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Vəkil1 iştirakı ilə iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-26/2022 nömrəli, 12 aprel 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi 13 iyul 2021-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10 avqust 2016-cı il tarixli 04-LA/16 nömrəli müqavilə üzrə 17 may 2021-ci il tarixinə hesablanmış 840909 (səkkiz yüz qırx min doqquz yüz doqquz) manat gecikdirilmiş borc, hesablanmış 571661,44 (beş yüz yetmiş bir min altı yüz altmış bir manat 44 qəpik) manat cərimə, hüquqi yardımla bağlı ödənilmiş 500 (beş yüz) manat xidmət haqqı və 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 1413100,44 (bir milyon dörd yüz on üç min yüz manat 44 qəpik) manat məbləğində pul vəsaitinin cavabeh Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, lizinq verən "xxxx" ASC ("xxxx" ASC) ilə lizinq alan Cavabdeh arasında bağlanmış 10 avqust 2016-cı il tarixli 04-LA/16 nömrəli müqaviləyə əsasən borclu (lizinq alan) satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə Ödəniş Qrafikinə uyğun şəkildə ödəmək şərti ilə istixana avadanlıqlarını lizinqə götürmüşdür. Lakin, Cavabdeh həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və nəticədə cavabdehin məhkəməyə təqdim olunan Maliyyə arayışının tərtib edildiyi 17 may 2021-ci il tarixinə 10 avqust 2016-cı il tarixli 04-LA/16 nömrəli müqavilə üzrə 840909 (səkkiz yüz qırx min doqquz yüz doqquz) manat məbləğində gecikdirilmiş borcu və müvafiq olaraq həmin tarixə hesablanmış 571661,44 (beş yüz yetmiş bir min altı yüz altmış bir manat 44 qəpik) manat cərimə borcu yaranmışdır. Öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh tərəfindən ödənişlər yerinə yetirilməmişdir (Bundan sonra iddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427, 445, 748-1 və 465.2-ci maddələrinə istinad olunmuşdur). Tərəflər arasında bağlanmış Müqavilənin 4.2-ci maddəsinə görə Lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, Lizinq verən Lizinq alandan əsas borc məbləğini və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Eyni zamanda, hazırkı mübahisə üzrə hüquqi yardım göstərilməsi üçün vəkilə də müraciət edilmiş olduğundan, hüquqi yardıma görə 500 (beş yüz) manat məbləğində ödəniş aparılmış və bu məbləğ də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir (Qeyd: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanınından irəli gələrək "xxxx" ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmış və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir (ötürülmüşdür)). Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-26/2022 nömrəli, 12 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Cavabdeh (VÖEN **********) 17 may 2021-ci il tarixinə hesablanmış 840909 (səkkiz yüz qırx min doqquz yüz doqquz) manat məbləğində əsas borc, 9000 (doqquz min) manat məbləğində cərimə, hüquqi yardımla əlaqədar ödənilmiş 500 (beş yüz) manat məbləğində xidmət haqqı və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla - cəmi 850439 (səkkiz yüz əlli min dörd yüz otuz doqquz) manat məbləğində pul vəsaitinin iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan cəmi 200 (iki yüz) manat məbləğində pul vəsaitinin Cavabdeh dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir.(hakim Zülfüqar Sadiqov). Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: ekspertizanın təyin olunmasından xəbəri olmamış, onda olan qəbzlərə ekspert tərəfindən baxış keçirilməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyasının 26 aprel 2019-cu il tarixli qərarı ilə “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanının 7.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə”nin 12.2-ci bəndinə əsasən aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların siyahısı təsdiq edilmişdir. Həmin siyahıda istixana da yer almışdır. Məhkəmə iclaslarında iştirakı təmin edilməmişdir. İddiaçının izahatı özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki MPM-nin 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Mülki Məcəllənin 462.1cİmaddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Cərimə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddəni hazırki mübahisəyə tətbiq etməklə maddi hüquq normalarının tətbiqində pozuntuya yol vermişdir. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi və bildirdi ki, cavabdeh cərimə borcunu mübahisələndirsə də, məhkəmə tərəfindən həmin məbləğ kifayət qədər azaldılmışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “lizinq verən” "xxxx" Açıq Səhmdar Cəmiyyəti (hal-hazırda kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəliklər iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir) ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan “lizinq alan” Cavabdeh (VÖEN **********) arasında bağlanmış 10 avqust 2016-cı il tarixli 04-LA/16 nömrəli “ "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus istixana avadanlıqlarının lizinqə verilməsi barədə” Müqaviləyə əsasən Lizinq verən ümumi dəyəri ******* (iki milyon dörd yüz qırx min üç yüz) manat olan Xaçmaz rayonunda 2,0 ha (20160 m2) sahədə istixana avadanlıqlarının (bundan sonra Obyekt) dəyərini X1 (1 nömrəli Əlavə) göstərilən qaydada ödənildikdən va müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 10 (on) il müddətinə lizinqə verilmişdir (1.1-ci bənd). Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən, Lizinq alan Obyektin dəyərindən 154500 (yüz əlli dörd min beş yüz) manat məbləği əvvəlcədən Lizinq verənə ödəyir, qalan məbləği isə Ödəniş Qrafıkində göstərilən müddətdən gec olmayaraq ödəməyi öhdəsinə götürür. Əvvəlcədən ödənilmiş məbləğ Lizinq verən tərəfindən heç bir halda geri qaytarılmır. Həmin Müqavilənin 4.2-ci bəndinə əsasən, Lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə, Lizinq verən Lizinq alandan borc məbləği və gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. İddiaçı tərəfindən təqdim olunmuş 17 may 2021-ci il tarixli Maliyyə Arayışları ilə müəyyən olunur ki, 10 avqust 2016-cı il tarixli 04-LA/16 nömrəli müqavilə üzrə ödənilməli olan ******* (iki milyon dörd yüz qırx min üç yüz) manat müqavilə məbləğindən lizinq alan Cavabdeh tərəfindən ilkin ödəniş olaraq 154500 (yüz əlli dörd min beş yüz) manat məbləğində və qrafik ödənişi olaraq 220000 (iki yüz iyirmi min) manat məbləğində ödəniş edilmiş və 17 may 2021-ci il tarixinə lizinq alan Cavabdeh həmin Müqavilə üzrə 840909 (səkkiz yüz qırx min doqquz yüz doqquz) manat ödənilməyən gecikdirilmiş əsas borcu və 571661,44 (beş yüz yetmiş bir min altı yüz altmış bir manat 44 qəpik) manat məbləğində cərimə borcu vardır. Cavabdeh vəsatəti əsasında keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 21 fevral 2022-ci il tarixli 9/8239 nömrəli ekspert rəyində Cavabdeh 10 avqust 2016-cı il tarixli 04-LA/16 nömrəli müqavilə üzrə 17 may 2021-ci il tarixinə ödənilməmiş olan əsas borcunun miqdarının 840909 (səkkiz yüz qırx min doqquz yüz doqquz) manat məbləğində olduğu müəyyən edilmişdir (Rəydə qeyd olunmuşdur ki, mühasibat sənədləri təqdim edilmədiyindən cərimə borcunu müəyyən etmək mümkün olmamışdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747-2-ci maddəsinə əsasən, lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə Lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-10.2-ci maddəsinə əsasən, lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Həmin Məcəllənin 748-10.4-cü maddəsinə əsasən, lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Birinci instansiya məhkəməsi müqavilələr üzrə əsas borcun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbini əsaslı hesab etmiş və həmin hissədə iddianı tam təmin etmişdir. Müqavilə üzrə cərimə məbləğləri ilə bağlı hissədə isə məhkəmə iddia tələbini qismən təmin etmiş və hesab etmişdir ki, işin halları, o cümlədən də cavabdehin kənd təsərrüfatı sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olması nəzərə alınmaqla cərimə məbləğləri azaldılmalı və Cavabdeh 09 oktyabr 2015-ci il tarixli 1852-L/15 nömrəli müqavilə üzrə 40 (qırx) manat, 19 yanvar 2016-cı il tarixli 161-GL/16 nömrəli müqavilə üzrə 80 (səksən) manat, 15 oktyabr 2018-ci il tarixli 2353-GL/17 nömrəli müqavilə üzrə 300 (üç yüz) manat və 15 oktyabr 2018-ci il tarixli 452-GL/18 nömrəli müqavilə üzrə 200 (iki yüz) manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçı tərəfindən hesablanmış cərimə məbləği azaldılarkən digər hallarla yanaşı, tərəflər arasında bağlanmış Lizinq Müqavilələrinin tələblərinə görə lizinqə verilmiş avadanlığın dəyərinin ödənilmə müddətinin və qaydasının dəqiq müəyyən edilməsinə baxmayaraq, Ödəniş Qrafikinə riayət olunmadığı halda iddiaçı tərəfindən bununla bağlı tərəflər arasında bağlanmış Müqavilə şərtlərinə və qanunvericilik normalarına uyğun müvafiq tədbirlər vaxtında görülməyərək uzun müddət sonra məhkəməyə müraciət edilməsi və bununla əlaqədar hesablanan cərimə məbləğlərinin də artması və cərimə məbləğlərinin artmasına iddiaçı tərəfin də hərəkətsizliyinin səbəb olması nəzərə alınmalıdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəllənin 425.2-ci maddəsinin tələblərinə görə, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin cərimə məbləğinin müəyyən edilməsi ilə bağlı mövqeyini əsaslı və qanuni hesab edir. Cavabdehin apellyasiya şikayətinin cərimə məbləğinin müəyyən edilməsi zamanı maddi hüquq normalarının tətbiqində pozuntuya yol verilməsi barədə mövqeyi əsassızdır. Belə ki, məhkəmə işin halları, o cümlədən də cavabdehin kənd təsərrüfatı sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını nəzərə almaqla, tələb edilən cərimə məbləğinin azaldılaraq, cavabdehdən cəmi 9000 (doqquz min) manat məbləğində cərimə tutulmalı olması qənaətinə gəlmişdir. Apellyasiya şikayətinin digər bir dəlili isə cavabdehin ekspertiza keçirilməsindən xəbəri olmaması, təkrar ekspertiza keçirilməli olması barədədir. Məhkəmə kollegiyası bu dəlili də əsassız hesab edir. Belə ki, iş materiallarından görünür ki, məhz cavabdehin vəsatəti əsasında birinci instansiya məhkəməsinin qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş və borc məbləği ekspert rəyi ilə təsdiqlənmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnamə üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Göstərilənlərlə bağlı məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Sumqayıt Kommersiya Məhkəməsinin 12 aprel 2022-ci il tarixli, e-2-2(119)-26/2022 nömrəli qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 12 aprel 2022-ci il tarixli, e-2-2(119)- 26/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(105)-83/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-83/2022
19.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver