Məhkəmə qərarları › İş №2-2(105)-84/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-84/2023

15.05.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-84/2023 15.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi tərəfindən maraqlı şəxs X2 qarşı (Açar sözlər: ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması) X5 Süleymanovanın sədrliyi və məruzəsi, X6 Məmmədov və X3 ibarət tərkibdə, Ramilə Camaləddin qızı Məmmədovanın katibliyi ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi tərəfindən maraqlı şəxs X2 qarşı verilmiş “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə kommersiya mübahisəsinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 07 aprel 2023-cü il tarixli, e-2-2(119)-498/2023 nömrəli qərardadından ərizəçi tərəfindən verilmiş şikayətə 15 may 2023-cü il tarixdə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.

2. Sumqayıt Kommersiya Məhkəməsinin 07 aprel 2023-cü il tarixli e-2-2(119)- 498/2023 nömrəli qərardadı ilə həmin iddia ərizəsi Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinin tələblərinə əsasən iddiaçıya geri qaytarılmışdır.

3. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Sumqayıt Kommersiya Məhkəməsinin 07 aprel 2023-cü il tarixli e-2-2(119)-498/2023 nömrəli qərardadından şikayət verərək, həmin qərardadın ləğv olunmasını xahiş etmişdir.

4. Sumqayıt Kommersiya Məhkəməsinin 20 aprel 2023-cü il tarixli e-2-2(119)- 498/2023 nömrəli qərardadı ilə ərizəçi tərəfindən verilmiş şikayət əsassız hesab edilərək şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

5. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1, 355-5.2, 40.1, 152.1.3, 152.4, 149-152, 263, 264, 267 və 268-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

6. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

a) Şikayətin dəlilləri Şikayət onunla əsaslandırılmışdır ki, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. Mülki Prosessual Məcəllənin müddəalarına uyğun olaraq vergi orqanı tərəfindən məhkəməyə təqdim edilmiş ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair ərizənin təmin edilməməsi üçün yeganə əsas maraqlı şəxsin yaşayış yerinin müəyyən olunması olmuşdur. Sumqayıt Kommersiya Məhkəməsi qərardadında, məhkəməyə təqdim edilmiş ərizəyə əlavə edilmiş Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş arayışda Maraqlı şəxs “Sabirabad rayonu, məcburi köçkünlər üçün tikilmiş 161 ailəlik ünvan 1 ünvanında faktiki məskunlaşmasını və maraqlı şəxsin Şirvan Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan Sabirabad rayonu ərazisində yaşadığının müəyyən olunması əsas gətirilərək “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə ərizəçiyə geri qaytarılmışdır. Qeyd olunmalıdır ki, MPMnin 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. Bildirir ki, ilkin olaraq Baş İdarə tərəfindən Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edilmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli e-2-2(119)-190/2023 nömrəli qərardadı ilə ərazi aidiyyəti əsas gətirilərək qeyd olunan ərizə əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır. Qərardadda qeyd olunmuşdur ki, Maraqlı şəxs ünvanı “ünvan 3 ərizə Sumqayıt Kommersiya Məhkəməsinə verilmişdir. Lakin həmin ünvan Maraqlı şəxs yaşadığı (olduğu) ünvan deyil, rəsmi qeydiyyatda olduğu ünvandır və uzun illər bu ərazi işğal altında olduğuna görə o, həmin ünvanda yaşamır. Azərbaycan Respublikası MPM-nin tələbinə görə “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilməli olduğundan, ərizəçinin təqdim etdiyi hazırkı ərizə və sənədlərlə Maraqlı şəxs Sumqayıt Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidlərinin hər hansı birində yaşaması təsdiq olunmadığı üçün - həmin ərizəyə ərazi aidiyyəti üzrə bu məhkəmədə baxılmalı olması müəyyən olunmur. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e- 2-2(119)-190/2023 nömrəli qərardadından Baş İdarə tərəfindən verilmiş şikayət Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(105)-38/2023 nömrəli qərardadı ilə təmin edilməyərək, 1-ci instansiya məhkəməsinin qərardadı qüvvədə saxlanılmışdır. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-190/2023 nömrəli qərardadında qeyd olunan “yaşadığı (olduğu) yerin” müəyyən edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Qaçqınlar və X4 üzrə Dövlət Komitəsindən alınmış xx.xx.2023-cü il tarixli 3-36/2-458/2023 nömrəli məktuba əsasən Maraqlı şəxs “Sabirabad rayonu, məcburi köçkünlər üçün tikilmiş 161 ailəlik ünvan 1 ünvanında faktiki məskunlaşdığı müəyyən edilmişdir. Bununla əlaqədar Baş İdarə tərəfindən Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edilmiş, həmin məhkəmənin xx.xx.2023-cü il tarixli e-2-2(121)-664/2023 nömrəli qərardadı ilə vergi orqanı tərəfindən verilmiş ərizə geri qaytarılmışdır. Qərardadda qaytarılmanın əsası kimi qeyd olunmuşdur ki, “Elektron Məhkəmə İnformasiya Sistemindən” çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, iş üzrə Maraqlı şəxs “Zəngilan rayonu, Mincivan qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 17” ünvanında rəsmi qeydiyyatdadır və Zəngilan rayonu Sumqayıt Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Şirvan Kommersiya Məhkəməsinin qərardadından Baş İdarə tərəfindən verilmiş şikayət Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(106)-45/2023 nömrəli qərardadı ilə təmin edilməmiş və 1-ci instansiya məhkəməsinin qərardadı qüvvədə saxlanılmışdır. Daha sonra təkrarən Baş İdarə tərəfindən ərizə ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edilmiş və məhkəmənin xx.xx.2023-cü il tarixli e-2-2(119)- 498/2023 nömrəli qərardadı ilə ərizə yenidən geri qaytarılmışdır. Bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək vergi orqanlarının vəzifəsinə aid edilmişdir. Göründüyü kimi, borc məbləği tam ləğv ediləcəyi və ödəniləcəyi təqdirdə vergi orqanı dərhal məhdudlaşdırılmanın götürülməsi üçün aidiyyəti tədbirləri həyata keçirəcəkdir. Ərizələrin məhkəmələr tərəfindən rədd edilməsi borclu fiziki şəxslərin və hüquqi şəxslərin icra orqanlarının rəhbərlərinin ölkədən sərbəst giriş-çıxışına, onların vergi ödəməkdən yayınmasına, beləliklə, büdcə daxil olmalarının azalmasına səbəb ola bilər. Göründüyü kimi, ərizəçi vergi orqanı mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəməyə müraciət etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(119)-498/2023 nömrəli qərardadını ləğv edərək dövlət büdcəsinə olan vergi borcunun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

b) Şikayətə qarşı etirazın dəlilləri Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

7. Apellyasiya baxışının hədləri

Şikayətdən görünür ki, apellyator Sumqayıt Kommersiya Məhkəməsinin 07 aprel 2023-cü il tarixli e-2-2(119)-498/2023 nömrəli nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Sumqayıt Kommersiya Məhkəməsinin 07 aprel 2023-cü il tarixli e- 2-2(119)-498/2023 nömrəli qərardadının tam yoxlanılmasını vacib hesab edir.

Tətbiq edilən hüquq

8. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır.

9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM):

Maddə 355-5.2. Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. Maddə 40.1. Ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Maddə 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 152.1.3. Əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Maddə 357.1 Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər.

10. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Kommersiya Məhkəməsinin 07 aprel 2023-cü il tarixli e-2-2(119)- 498/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Ərizədə maraqlı şəxs X1 ünvanı “ünvan 6v 17” kimi göstərilərək, həmin ərizə Sumqayıt Kommersiya Məhkəməsinə verilmişdir. Lakin həmin ünvan Maraqlı şəxs yaşadığı (olduğu) ünvan deyil, rəsmi qeydiyyatda olduğu ünvandır və uzun illər bu ərazi işğal altında olduğuna görə o, həmin ünvanda yaşamır. Ərizəyə vergi orqanının özü tərəfindən əlavə edilən Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş arayışda Maraqlı şəxs “Sabirabad rayonu, məcburi köçkünlər üçün tikilmiş 161 ailəlik ünvan 1 ünvanında faktiki məskunlaşdığı qeyd olunmuşdur. Yəni, ərizəçinin özü tərəfindən ərizəyə əlavə edilmiş sənədlərlə Maraqlı şəxs Şirvan Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan Sabirabad rayonu ərazisində yaşadığı müəyyən olunur. Birinci instansiya məhkəməsi iddia ərizəsi və əlavə edilmiş sənədlərin qaytarılmasına dair qərardad qəbul edərək, mövqeyini iddia ərizəsinin ərazi aidiyyətinə riayət edilmədən təqdim olunması ilə əsaslandırmışdır. Apellyator birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmamış və şikayətin dəlili olaraq ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizənin fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilidiyini göstərmişdir. Məhkəmə kollegiyası şikayətin dəlilini əsassız hesab edir və bununla bağlı qeyd edir: Konstitusiyada əsas insan hüquqlarından biri kimi müəyyən edilmiş hüquq və azadlıqların məhkəmə təminatı hüququ, ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Konstitusiyanın 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Bu normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir. Konstitusiyanın bu maddəsinə uyğun olaraq aidiyyət qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Aidiyyət qaydalarının qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Eyni zamanda məhkəmə sistemi daxilində mülki işlərə mahiyyəti üzrə tez bir zamanda baxılıb həll edilməsinin təmin olunması üçün aidiyyət qaydalarına riayət edilməsi müstəsna əhəmiyyət kəsb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Çerniçkin Rusiya Federasiyasına qarşı iş üzrə 2010-cu il 16 sentyabr tarixli Qərarda qeyd edilmişdir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi prosesual normaların tətbiqində pozuntuya yol verməmiş, iddia ərizəsi və əlavə edilimş sənədlərin geri qaytarılması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, MPM-nin 355-5.2-ci maddəsinin məzmunundan göründüyü kimi qanunverici hüquqi şəxsin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə ərzənin verilməsinə dair göstərişi nəzərdə tutur. Eyni zamanda ifadə olunan hüquq normasının məzmunundan görünür ki, qanunverici «yaşadığı» yer anlayışına aydınlıq gətirərək həm də «olduğu» ifadəsini əks etdirmişdir ki, bu hal həmin normanın təfsiri baxımından yaşadığı yer dedikdə şəxsin olduğu yer nəzərdə tutulduğu nəticəsinə gəlməyə əsas verir. İşin müəyyən edilmiş həqiqi halları ilə müəyyən edilir ki, şəxsin olduğu yer hazırkı halda Sabirabad rayonu ərazisindədir. Belə olan halda araşdırılan mübahisəyə baxılmasında səlahiyyətli məhkəmə qismində Şirvan Kommersiya Məhkəməsi çıxış etməlidir. Beləliklə, məhkəmə kollegiyası işin yuxarıda sadalanan müəyyən edilmiş hallarını nəzərə alaraq hesab edir ki, mübahisələndirilən məhkəmə qərardadını qəbul edərkən birinci instansiya məhkəməsi hər hansı bir yanlışlığa yol verməmiş, prosessual normanı düzgün tətbiq etmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas yoxdur. Odur ki, şikayət təmin edilməməlidir.

11. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 07 aprel 2023-cü il tarixli e-2-2(119)-498/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar