Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-85/2020 04.08.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası, Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər Fuad Əli oğlu Məmmədov və X1 ibarət tərkibdə, Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə kommersiya işi ilə bağlı Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-430/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadından İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə xx xxxxxx 2020-ci il tarixdə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3093,28 manat əsas borcun və 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin kommersiya işi üzrə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə iddiaçının adından xx xxxx 2020-ci ildə “iddia tələbinin həcminin artırılması” barədə ərizə daxil edilmişdir (04 iyul və 05 iyul qeyri-iş günləri olduğu üçün həmin ərizə baxılması üçün xx xxxx 2020-ci ildə qəbul edilmişdir). İddiaçının nümayəndəsi və vəkili Vəkil həmin ərizə ilə məhkəməyə müraciət edib, iddia tələbinin həcmini artıraraq, “3459,28 manat əsas borcun və 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi“ barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-430/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadı ilə “iddia tələbinin həcminin artırılması” barədə ərizə iddiaçıya geri qaytarılmışdır. (hakim Z.Sadiqov) Qərardaddan narazı qalan iddiaçı “İddiaçı“ Açıq Səhmdar Cəmiyyəti şikayət verərək, Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-430/2020 saylı xx xxxx 2020ci il tarixli qərardadının ləğv edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, işin məhkəmə baxışında olduğu dövrdə sübutların və ərizələrin cavabdehə göndərilməsi və çatdırılması iddiaçı deyil, məhkəmə tərəfindən həyata keçirilməlidir. İddia tələbinin həcminin artırılması və ya azaldılması barədə ərizənin iddiaçı tərəfindən cavabdehə göndərilməsi barədə MPM-də hər hansı tələb nəzərdə tutulmamışdır. Əksinə sənədlərin və bildirişlərin tərəflərə çatdırılması ilə bağlı məhkəmənin hüquq və vəzifələri MPM-də geniş təsbit edilmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-430/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir.(hakim Z.Sadiqov) Sumqayıt Apelyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq icraata qəbul edilmişdir. İddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq, iddiaçı və cavabdehin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayəti araşdıraraq hesab edir ki, şikayət ərizəsi təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı “İddiaçı“ Açıq Səhmdar Cəmiyyəti 3093,28 (üç min doxsan üç manat iyirmi səkkiz qəpik) manat əsas borcu və 30 (otuz) manat məbləğində dövlət rüsumunu mübahisələndirmişdir. Daha sonra iddiaçı “iddia tələbinin həcminin artırılması” barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iş məhkəmənin icraatında olduğu dövr ərzində cavabdeh vaxtı çatmış öhdəliklərini icra etməməyə davam etmiş və nəticədə gecikdirilmiş əsas borcun məbləği artaraq 3459.28 (üç min dörd yüz əlli doqquz manat iyirmi səkkiz qəpik) manat olmuşdur. Bu səbəbdən MPM-in 53-cü maddəsinə əsasən 3459.28 manat əsas borc və 30 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli e-2-2(119)- 430/2020 saylı qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. Kollegiya qeyd edir ki, iddiaçının adından “iddia tələbinin həcminin artırılması” barədə məlum ərizə məhkəməyə təqdim edilsə də, həmin ərizənin surətinin Cavabdeh tərəfindən alınmasını təsdiq edən hər hansı bir sənəd (sübut) ərizəyə əlavə edilərək məhkəməyə təqdim olunmamışdır (həmin ərizə ilə birlikdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə daxil edilməmişdir). Halbuki, Mülki- Prosessual Məcəllənin tələblərinə görə kommersiya mübahisələri ilə əlaqədar işlər üzrə iddiaçı məhkəməyə müraciət edərkən iddia ərizəsinin surətini və ona əlavə edilmiş sənədləri cavabdehə çatdırmalı və bununla bağlı müvafiq sənədi (sübutu) iddia ərizəsinə əlavə edərək məhkəməyə təqdim etməlidir. Belə təqdim olunmanın əsas məqsədi - cavabdehin kommersiya mübahisələri üzrə ona qarşı verilmiş iddia tələbinin bütün hallarından, eləcə də iddia tələbinin həcmindən əvvəlcədən məlumatlı olmasına imkan yaradılmasıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150.0.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 152.1.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. İddianın dəyişdirilməsini nəzərdə tutan Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələblərinə görə iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Kommersiya mübahisələri üzrə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin məhkəməyə müraciət etməzdən əvvəl qarşı tərəfə çatdırılma zərurəti barədə qanunvericiliyin tələbi - eyni qaydada iddia ərizəsində göstərilən tələbə edilən istənilən dəyişikliyə, o cümlədən də “iddia tələbinin həcminin artırılması” barədə ərizələrə də şamil olunur. Çünki iddiaçı tələbinin həcmini artırdığı halda, məhkəmə mübahisəyə məhkəmə prosesi başlanmamışdan öncə cavabdehə təqdim edilmiş iddia ərizəsində verilən tələb üzrə deyil, həcmi artırıldığı üçün bilavasitə cavabdehin mənafeyinə toxunan fərqli tələb üzrə baxmalıdır. Şikayətin dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, kommersiya mübahisələrinə dair işlər üzrə “iddia ərizəsinin cavabdehə (digər tərəfə) çatdırılması” və bu çatdırılma əsasında “qarşı tərəfin iddia ərizəsini almasını təsdiq edən sübutu (sənədi) məhkəməyə təqdim etmək” vəzifələri birmənalı olaraq iddiaçıya aid edildiyindən - iddia ərizəsinin əsas hissəsi olmaqla, bilavasitə məhkəmə araşdırmasının predmeti olan iddia tələbinin həcminin artırılması (iddianın dəyişdirilməsi) barədə ərizələrin də cavabdehə çatdırılması və həmin çatdırmanı təsdiq edən sənədin məlum ərizə ilə birlikdə məhkəməyə təqdim olunması da iddiaçının vəzifəsidir. Çünki iddia ərizəsi və yaxud, iddianın dəyişdirilməsi barədə ərizələr məhkəmə sənədləri deyil, iddiaçıya aid sənədlərdir və Mülki-Prosessual Qanunvericilikdə mülki işlər üzrə icraatdan fərqli olaraq, kommersiya mübahisələrinə dair işlər üzrə icraatda iddia ərizəsinin, iddianın dəyişdirilməsi barədə ərizələrin və iddia ərizəsinə əlavə edilmiş sənədlərin qarşı tərəfə təqdim olunması məhkəmənin deyil, iddiaçının vəzifəsi kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 398-ci maddəsinə əsasən аpellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149-152, 263- 264, 395-396, 398, 400-cü, 401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-430/2020 saylı xx xxxx 2020ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Zaur Məmmədov Hakimlər Fuad Məmmədov Fərmayıl Zeynallı
Məhkəmə qərarları › İş №2-2(105)-85/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-85/2020
04.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver