Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-85/2023 15.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər X1 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 17 aprel 2023-cü il tarixli, e-2- 2(119)-283/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq baxaraq, müəyyən etdi: İddiaçı 06 fevral 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 7083,54 (yeddi min səksən üç manat 54 qəpik) manat əsas borcun, 24 dekabr 2020-ci il tarixdən faktiki ödəniş gününədək əsas borc məbləğindən hesablanmaqla 7083,54 manatın illik 8,5% bank faiz uçot dərəcəsinin, vəkil xidmətinə görə ödənilmiş 700 (yeddi yüz) manat vəsaitin, 1,87 (bir manat 87 qəpik) poçt xərcinin və 105 (yüz beş) manat mediasiya rüsumunun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 17 aprel 2023-cü il tarixli e-2-2(119)-283/2023 nömrəli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. (hakim Zülfüqar Sadiqov) İddiaçı həmin qərardaddan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə qəbul olunmuş xx.xx.2023-cü il tarixli qərardad səhv olmaqla yanaşı təhrif üzərində çıxarılmışdır. Belə ki, xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ünvanlansa da, məhkəmə "Ərizə baxılmamış saxlanıldı işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə" əsası ilə ərizəni baxılmamış qoymuşdur. E-kabinetdə ərizə sənədlər sırasında 21-ci sətirdə yerləşir. Məhkəmə aktı qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə görə yox, faktlar əsasında və qanuna uyğun çıxarılmalıdır. Məhkəmə isə bilərəkdən təkəbbür və inad göstərərək, tərəfi rüsum ödənilməsinə vadar edərək açıq-aşkar qanunsuz qərardad çıxarır. Bir daha, məhkəmənin AR MPM-in 10-1.5 maddəsinə zidd olaraq hərəkət etməsi, inad göstərməsi səlahiyyət pozuntusunun, onun aşmasının, üstünlük nümayişinin təzahüridir. Bu isə yolverilməzdir. Odur ki, səhv düzəldilərək işə baxılmalıdır. Sumqayıt Kommersiya Məhkəməsinin 20 aprel 2023-cü il tarixli e-2-2(119)-283/2023 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi və işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. (hakim Zülfüqar Sadiqov) Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə 02 mart 2023-cü il tarixinə, 16 mart 2023-cü il tarixinə, 07 aprel 2023cü il tarixinə və 17 aprel 2023-cü il tarixinə təyin edilmiş məhkəmə hazırlıq iclaslarının vaxtı və yeri barədə tərəflər lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən Cavabdeh MMC-nin nümayəndəsi həmin məhkəmə iclaslarına gəlməmişdir. Yuxarıda qeyd olunan iclaslardan 02 mart 2023-cü il tarixinə və 07 aprel 2023-cü il tarixinə təyin edilmiş məhkəmə hazırlıq iclaslarına iddiaçı "xxxx" MMC-nin nümayəndəsi qismində gəlmiş Vəkil isə hüquqi nəticələri izah edilməklə dəfələrlə tələb olunmasına baxmayaraq, iddiaçını (müvəkkilini) Sumqayıt Kommersiya Məhkəməsində təmsil etmək üçün tərtib edilmiş vəkil orderini qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəməyə təqdim etməkdən imtina etmiş və bu səbəbdən də onun iddiaçının səlahiyyətli nümayəndəsi və yaxud vəkili qismində tanınaraq, iştirakı ilə məhkəmə hazırlıq iclaslarının keçirilməsi mümkün olmamışdır Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: Maddə 66. Azərbaycan Respublikasının ərazisində mülki prosesdə vəkil kimi Azərbaycan Respublikasında müəyyən olunmuş qaydada səlahiyyəti təsdiq olunmuş vəkillər iştirak edirlər. Maddə 73.1. Nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Maddə 73.5. Vəkilin səlahiyyəti qanunla müəyyən olunmuş qaydada təsdiq edilir. Maddə 78.1-1. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslər yazılı sübutları yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edirlər. Bununla belə bu qaydada təqdim olunmuş yazılı sübutun həqiqiliyi şübhə doğurarsa, məhkəmə həmin yazılı sübutun əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edə bilər. "Vəkillərin Davranış Qaydaları" haqqında Əsasnamə: Maddə 4.1. Məhkəmələrdə, ibtidai istintaq və təhqiqat orqanlarında və digər dövlət qurumlarında öz peşə borcunu yerinə yetirən vəkil həmin məhkəmələrdə, ibtidai istintaq və təhqiqat orqanlarında və digər dövlət qurumlarında tələb olunan davranış qaydalarına riayət etməlidir. Maddə 4.2. Məhkəmə icraatının ədalətli həyata keçirilməsi üçün vəkil qanunauyğun davranış nümayiş etdirməlidir. Maddə 4.3. Vəkil məhkəməyə, ibtidai istintaq və təhqiqat orqanına və digər proses iştirakçılarına qarşı hörmət və nəzakətlə davranmaqla hüquqi yardım göstərdiyi şəxsin maraqlarını şərəflə, ləyaqətlə müdafiə etməli və bu zaman özünün və digər şəxslərin maraqlarını üstün tutmamalıdır. Maddə 4.5. Vəkil qabaqcadan müəyyən olunmuş məhkəmə iclasında, ibtidai istintaq və təhqiqat orqanlarında keçirilən istintaq hərəkətlərində vaxtında iştirak etməli, üzürlü səbəb və əsas olmadan məhkəmə proseslərinin və istintaq hərəkətlərini süni şəkildə uzadılmasına səbəb olmamalıdır. “Vəkil orderi və ondan istifadə qaydası haqqında” Əsasnamə: Maddə 1.5. Vəkil orderi (bundan sonra - order) – müvəkkil ilə vəkil (vəkil qurumu) arasında bağlanmış müqavilə əsasında vəkilə verilən tapşırıq üzrə yalnız bir istintaq (təhqiqat) orqanında və ya bir məhkəmə instansiyasında təmsilçilik və hüquqi yardımın göstərilməsi, inzibati tapşırıq üzrə isə müqavilədə göstərilən idarə və təşkilatlarda təmsilçilik səlahiyyətlərinin verilməsini təsdiq edən unikal nömrəsi olan sənəddir. Maddə 4.1. Order vəkil qurumunda (fərdi qaydada fəaliyyət göstərən vəkildə) və təqdim olunacaq təşkilatda qalmaq şərtilə 2 (iki) nüsxədə tərtib olunmaqla vəkil qurumunun rəhbərinin və ya fərdi qaydada fəaliyyət göstərən vəkilin imza və möhürü ilə təsdiqlənir. Vəkil qurumunda (fərdi qaydada fəaliyyət göstərən vəkildə) qalacaq orderin nüsxəsi onun surətinin çıxarılması yolu ilə vəkil qurumunun rəhbəri (fərdi qaydada fəaliyyət göstərən vəkil) tərəfindən imza və möhürlə təsdiqlənir. Məhkəmə kollegiyası yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələbləri baxımından hesab edir ki, şikayətin dəlilləri əsassızdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən, tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Həmin Məcəllənin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə - məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 259.0.7-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə - məhkəmə ərizəni baxılmamış saxlayır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 10 nömrəli Qərarının 5-ci bəndində məhkəmələrə izah edilir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 398-ci maddəsinə əsasən аpellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 397.2, 400cü maddələrini maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraalır: İddiaçı şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 17 aprel 2023-cü il tarixli, e-2-2(119)-283/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(105)-85/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-85/2023
15.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver