Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-85/2025 17.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər X1 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “pul” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)-134/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İşin halları:
1. Alıcı Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə satıcı İddiaçı arasında bağlanmış 13 may 2020-ci il tarixli AS 005/20 nömrəli alqı-satqı müqaviləsinin 1-ci bəndinə əsasən satıcı özünün mülkiyyətində olan “soya şrotu”nu bu müqavilə ilə müəyyən olunmuş şərtlərə uyğun olaraq alıcının mülkiyyətinə verir, alıcı isə satılmış malların dəyərini bu müqavilə ilə müəyyən olunmuş qaydada, müddətdə və məbləğdə satıcıya ödəyir, əks halda alıcının təqdim edəcəyi bank zəmanəti əsasında bank tərəfindən satıcıya ödənilir. Müqavilənin 3.4-cü bəndinə əsasən alıcı malların dəyərini təhvil-təslim aktının (və ya qaimənin) imzalandığı gündən başlayaraq 15 (on beş) təqvim günü ərzində satıcıya ödəməlidir və bu müddət hər bir təhvil-təslim aktı (və ya qaimə) üzrə ayrıca hesablanır. Müqavilənin 5.3-cü bəndinə əsasən alıcı satılmış malların dəyərini bu müqavilədə göstərilən vaxtda, qaydada və tam ödəməlidir.
2. 13 may 2020-ci il tarixli AS 005/20 nömrəli alqı-satqı müqaviləsinin xx.xx.2020-ci il tarixli 1 nömrəli, xx.xx.2020-ci il tarixli 2 nömrəli, xx.xx.2020-ci il tarixli 3 nömrəli, xx.xx.2020-ci il tarixli 4 nömrəli, xx.xx.2020-ci il tarixli 5 nömrəli, xx.xx.2020-ci il tarixli 6 nömrəli, xx.xx.2021-ci il tarixli 9 nömrəli, xx.xx.2021-ci il tarixli 10 nömrəli, xx.xx.2021-ci il tarixli 11 nömrəli, xx.xx.2022-ci il tarixli 12 nömrəli, xx.xx.2022-ci il tarixli 13 nömrəli, xx.xx.2022-ci il tarixli 14 nömrəli, xx.xx.2022-ci il tarixli 15 nömrəli, xx.xx.2022-ci il tarixli 16 nömrəli, xx.xx.2022-ci il tarixli 17 nömrəli, xx.xx.2022-ci il tarixli 18 nömrəli və xx.xx.2022-ci il tarixli 19 nömrəli qiymət razılaşma protokollarına əsasən müqavilə malların qiyməti və miqdarı tərəflər arasında razılaşdırılmışdır.
3. İddiaçı tərəfindən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə müxtəlif dəyərdə soya şrotunun satılması ilə əlaqədar olaraq xx.xx.2020-xx.xx.2023-cü il tarixlərdə elektron qaimə-fakturalar təqdim olunmuşdur.
4. İddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş cədvəldən görünür ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin İddiaçınə 24 oktyabr 2024-cü il tarixə əsas borcu 193175,80 (yüz doxsan üç min yüz yetmiş beş manat səksən qəpik) manat təşkil edir.
5. Qanuni nümayəndə@sabgroup.az mail adresindən çıxarışda Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçınə 193175,80 manat borc qaldığı qeyd olunmuş və həmin çıxarış Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən təsdiq olunmuşdur.
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən 193175,80 (yüz doxsan üç min yüz yetmiş beş manat səksən qəpik) manat məbləğində əsas borcun, 169979,92 (yüz altmış doqquz min doqquz yüz yetmiş doqquz manat doxsan iki qəpik) manat məbləğində cərimənin və bank uçot dərəcəsi (7,75%) əsasında hesablanmış 36852,42 (otuz altı min səkkiz yüz əlli iki manat qırx iki qəpik) manat məbləğində faiz borcunun tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında 13 may 2020-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı alıcıya soya şrotunu satır, alıcı alınmış malın dəyərini ödəməyi öhdəsinə götürür. Müqavilə qüvvədə olduğu müddətdə satıcı kimi İddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirərək alıcıya müqavilə üzrə malları təhvil vermişdir. Lakin Cavabdeh Açıq Səhmdar Cəmiyyəti müqavilə üzrə aldığı malların dəyərini hazırkı vaxtadək Agro-Sell Service Məhdud Məsuliyyətli Cəmiyyətinə tam şəkildə ödəməmişdir. İddia ərizəsinə əlavə olunmuş qiymət razılaşma protokollarından görünür ki, alqı-satqı müqaviləsi üzrə müvafiq mallar cavabdeh X4 Cəmiyyətinə təhvil verilmiş, cavabdeh sözügedən protokolu imza və möhürlə təsdiq etmişdir. Lakin bugünki tarixədək Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən alınmış malların dəyəri tam ödənilməmişdir. Müqavilə üzrə qismən ödəniş etmələrinə baxmayaraq cavabdeh tərəfindən təminat və öhdəliklərinə tam əməl olunmur, alqı-satqı müqaviləsi üzrə alınmış malların dəyərini ödəməkdən yayınır. Cavabdehlə uzunmüddətli davam edən işgüzar münasibətlər elektron qaimələr üzərindən həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilən elektron qaimələrin siyahısından görünür ki, cavabdehin faktiki borcu 193175,80 manat, müqavilə üzrə hesablanmış cərimə 169979,92 manat təşkil edir. Mərkəzi bankın rəsmi saytında bank uçot dərəcəsi 7,75% müəyyən edilmiş, buna görə Mülki Məcəllənin 449-cu maddəsinə əsasən hesablanmış 36091,45 manat cavabdehdən tutulub iddiaçının xeyrinə ödənilməlidir.
8. İddiaçının nümayəndəsi 24 aprel 2025-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək cavabdehdən 193175,80 manat məbləğində əsas borcun, 169979,92 manat məbləğində cərimənin (illik 5%-lə hesablanmış 8049 manat, müqavilənin 6.1-ci maddəsinə əsasən hesablanmış 96587 manat əldən çıxmış fayda və 65343,02 manat zərər) və bank uçot dərəcəsi (7,75%) əsasında hesablanmış 36852,42 manat məbləğində faiz borcunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)-134/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən 193175,80 (yüz doxsan üç min yüz yetmiş beş manat səksən qəpik) manat məbləğində əsas borcun tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
10. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Sumqayıt Kommersiya Məhkəməsinin qətnaməsinin təmin edilməyən hissəsində ləğv edilərək, həmin hissədə yeni qətnamə qəbul edilməsini, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
11. İddiaçı apellyasiya şikayətində göstərir ki, məhkəmənin iddianın təmin olunmayan hissəsində qətnaməsi qanunsuz və əsassız olduğu, maddi hüquq normaları pozulmaqla, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olmuş bütün faktiki hallar aydınlaşdırılmadan qəbul olunduğu, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsinə və faktlar nöqteyi-nəzərindən əsassız qətnamə qəbul edilməsinə səbəb olduğu üçün qətnamə təmin olunmayan hissədə ləğv olunmalı, həmin hissədə iddia tam təmin edilməlidir. Şikayət onunla əsaslandırılmışdır ki, müqavilənin 6.1-ci maddəsinə əsasən “Bu müqavilənin şərtlərinin pozulması və ya yerinə yetirilməməsi nəticəsində tərəflər bir-birinə vurduqları zərərə görə mülki-hüquqi məsuliyyət daşıyırlar.” Eyni zamanda tərəflərindən məhkəməyə təqdim edilmiş “ərizə”də “169.979,92 manat cərimə məbləğinin açıqlanması” hissəsində xüsusilə qeyd etmişlər ki, “iddia tələbində ümumi olaraq 169.979,92 manat cərimənin tutulmasını xahiş etmişlər. Həmin məbləğə illik 5% cərimənin hesablanması, müqavilənin 6.1-ci bəndində əsasən müqavilənin şərtlərinin pozulması və yerinə yetirilməməsinə görə zərər, əldən çıxmış fayda daxildir.” Ona görə də əsas borca illik 5 faiz hesablanmaqla 9.658,79 (193.175,80x5/100=9.658,79 (1 il üçün), 9.658,79/12=804,90 (1 ay üçün), 804,90x10= 8.049 (10 ay üçün) manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalı idi. Lakin məhkəmə tərəfindən Mülki Məcəllənin 445.7-ci maddənin tələbləri kobud şəkildə pozulmuşdur. Həmin hissədə iddia tələbi təmin edilməmişdir. Bundan başqa cavabdeh tərəfindən artıq 10 aydır ki, əsas borc ödənilmir. Sahibkarlıq fəaliyyətinin subyekti olan iddiaçı alqı-satqı müqaviləsindən qazanc əldə etdiyindən, uzun müddət cavabdeh tərəfindən öhdəliyin icra edilməməsi nəticəsində mənfəət itirmişdir. Əsas borc məbləğindən istifadə edə bilməməklərinə görə şirkətə zərər dəymişdir. Həm MM-nin 464-cü maddəsinə, həm də müqavilənin 6.1-ci bəndinə əsasən cavabdehdən 65.343.02 manat zərər tutulub iddiaçıya ödənilməli idi. Lakin bu hissədə də məhkəmə tərəfindən iddia təmin edilməmişdir. Əldən çıxmış fayda dedikdə isə hüququ pozulan şəxsin hüququ pozulmasaydı, adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Göründüyü kimi cavabdeh tərəfindən öhdəlik vaxtında icra edilməmişdir. Əgər öhdəlik vaxtında icra edilmiş olsa idi, bu zaman Cəmiyyət sahibkarlıq fəaliyyətini daha da genişləndirə, daha çox gəlir əldə edə bilərdi. Ona görə də cavabdehdən əldən çıxmış faydaya görə (əsas borcun 50%-i miqdarında) 96.587.90 manat tutulub iddiaçıya ödənilməli idi. Bu hissədə məhkəmə tərəfindən mülki hüquq normasının tələbləri pozulmuşdur. Cavabdeh tərəfindən müqavilə öhdəliyinin pozulması nəticəsində iddiaçıya vurduğu zərər müqavilə bağlanarkən ümid etməyə haqqları çatanlardan xeyli dərəcədə məhrum olmuşlar. Cavabdeh iddiaçıya məxsus pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə iddiaçının 3-cü şəxslər qarşısında öhdəliyini icra etməsində çətinlik yaratmışdır. Belə ki, Cəmiyyətləri bank qarşısında olan öhdəliyini icra edə bilməmişdir. Eyni zamanda Cəmiyyət satdığı mallardan əldə etdiyi qazanc əsasında öz sahibkarlıq fəaliyyətini qurur, öz işçilərinə əmək haqqı ödəyir, dövlət büdcəsinə vergi ödəyir və öhdəliklərini icra edir. Cavabdeh isə yalnız iddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra, bank hesablarında olan həbsə görə qismən ödəniş etmiş, dəfələrlə məhkəmədən öhdəliyi icra etməsi üçün vaxt istəmişdir. Bütün bunlar cavabdehin öhdəliyi icra etməsi üçün kifayət qədər maddi imkanın olmasını, qərəzli olaraq Cəmiyyətlərinə ödəməli olduğu vəsaiti qanunsuz olaraq özündə saxlamasını, həmin pul vəsaitindən istifadə etməsini təsdiq etmişdir. Göstərilənlərə əsasən bank uçot dərəcəsi (7.75%) əsasında iddiaçı tərəfindən 36 852,42 manat faiz borcu hesablanmışdır. Lakin, məhkəmə bu hissədə də iddia tələbini təmin etməmiş, Konstitusiya Məhkəməsinin müvafiq qərarını sadalamaqla kifayətlənmişdir. Halbuki MM-nin 449.1-ci maddəsinə görə “faiz” kompensasiya xarakterlidir və kreditor pul vəsaitindən məhrum qalmaq faktını sübut etməklə kifayətdir; borclunun ondan “gəlir götürməsi” ayrıca sübut predmeti deyil. Bundan başqa məhkəmənin dəbbə pulunun hesablanması barədə yazılı razılığın olmamasına dair mövqeyi ilə qəti şəkildə razılaşmaq mümkün deyildir. Belə ki, yuxarıda qeyd etdikləri kimi Müqavilənin 6.1-ci bəndi özü MM-nin 463.1-ci maddəsinin tələb etdiyi “yazılı razılaşma”dır. Ayrı sənəd tələb etmək bu maddənin mətninə zidd təfsirdir.
Məhkəmə prosesi iştirakçılarının izahatları:
12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş iddiaçı "Agro Sell-Service” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq şikayətin tam təmin edilməsini və məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmiş, eləcə də Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini və şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımıkreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; ...445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Mülki Məcəlləyə 24 fevral 2023-cü il tarixli 822-VİQD nömrəli Qanunla edilmiş dəyişikliklərə qədər olan redaksiyada: 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... ....462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Maddə 463.1. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. 463.2. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Maddə 464.1. Kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulub-tutulmadığından asılı olmayaraq, tələb edə bilər. 464.2. Əgər qanunla qadağan edilməyibsə, tərəflər qanun üzrə dəbbə pulunun miqdarını artıra bilərlər. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri ...14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 47. İşdə iştirak edən şəxslərin hüquq və vəzifələri 47.1. İşdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
15. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilməyən hissəsində qismən ləğv edilərək Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən 3434,24 (üç min dörd yüz otuz dörd manat 24 qəpik) məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
16. Belə ki, işin mübahisəsiz hallarına əsasən tərəflər arasında 13 may 2020-ci il tarixli AS 005/20 nömrəli alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı tərəfindən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2020-xx.xx.2023-cü il tarixlərdə müxtəlif dəyərdə soya şrotu satılmış, cavabdeh tərəfindən müxtəlif tarixlərdə ödənişlər edilsə də, o müqavilə ilə üzərinə düşən öhdəliklərini lazımi qaydada yerinə yetirməyərək malların dəyərini tam ödəməmiş, nəticədə iddiaçıya 193175,80 (yüz doxsan üç min yüz yetmiş beş manat səksən qəpik) manat məbləğində borcu qalmışdır.
17. İş materiallarından görünür ki, hazırkı iddia birinci instansiya məhkəməsinin icraatında olan dövrdə cavabdeh borc məbləğini mübahisələndirməmiş, tərəflər mübahisənin məhkəmədənkənar həlli məqsədi ilə məhkəmə iclaslarının dəfələrlə təxirə salınmasını xahiş etmiş, o cümlədən cavabdehin nümayəndəsi xx.xx.2025-ci il tarixli ərizəsində bildirmişdir ki, “..."xxxx" ASC ilə - "X3" MMC-yə aid olan və törəmə şirkətləri sayılan "xxxx" MMC və "xxxx" MMC " arasında olan kreditor borc üzrə məhkəmədə yaranmış mübahisə zamanından indiyədək ödənişlər olunmuşdur. "xxxx" ASC-nin məqsədi yuxarıda qeyd olunan 3 hüquqi şəxsə olan bütün borcları ödəyib bitirməkdir. Bu baxımdan "xxxx" ASC ilə qeyd olunan 3 hüquqi şəxslər arasında məhkəmədən kənar Barışıq Sazişi bağlanmalıdır. Barışıq müqaviləsi (Sazişi) hazırlanması və qarşı şirkətlərin direktorları ilə razılaşıb təsdiq edilməsi, möhürlənib imzalanması üçün müəyyən vaxt lazımdır. Bu baxımdan bizə 15 gün müddət verməyinizi sizdən xahiş edirik”.
18. Göründüyü kimi cavabdeh əsas borcun məbləğini mübahisələndirməmiş, habelə həmin borcdan hər-hansı məbləğin ödənilməsini təsdiq edən sübutu birinci instansiya məhkəməsinə təqdim etməmiş və iş üzrə qətnamə ilə razılaşaraq onu mübahisələndirməmişdir.
19. İddianı qismən təmin edən birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyini lazımi qaydada yerinə yetirməmişdir. Buna görə məhkəmə hesab etmişdir ki, iddia tələbi 13 may 2020-ci il tarixli AS 005/20 nömrəli alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 193175,80 (yüz doxsan üç min yüz yetmiş beş manat səksən qəpik) manat məbləğində əsas borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. İddia tələbinin cavabdehdən 169979,92 manat məbləğində cərimənin tutulmasına dair hissəsinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin pozulması ilə bağlı cərimə tutulması tələbini irəli sürsə də, tərəflər arasında cərimə barədə yazılı razılaşmanın mövcudluğunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, eləcə də qanun üzrə cərimənin tutulması üçün əsas verən hər hansı qanunvericilik normasına istinad etməmişdir. Bank uçot dərəcəsi kimi hesablanmış 36852,42 (otuz altı min səkkiz yüz əlli iki manat qırx iki qəpik) manat məbləğində pul vəsaitinin tutulması ilə bağlı hesab etmişdir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilə bilməz. Belə ki, iddiaçı tələbin bu hissəsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsi ilə əsaslandırmışdır. Lakin iddiaçı ona məxsus pul vəsaitindən normada sadalandığı kimi cavabdeh tərəfindən hər hansı gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əldə edilməsi halını məhkəmə prosesi zamanı sübuta yetirə bilməmiş, buna dair hər hansı sübut təqdim etməmişdir.
20. Hazırkı apellyasiya şikayətində iddiaçı məhz iddianın təmin olunmayan 169979,92 manat məbləğində cərimənin (illik 5%-lə hesablanmış 8049 manat, müqavilənin 6.1-ci maddəsinə əsasən hesablanmış 96587 manat əldən çıxmış fayda və 65343,02 manat zərər) və bank uçot dərəcəsi (7,75%) əsasında hesablanmış 36852,42 manat məbləğində faiz borcunun) hissəsində birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, tərəflər arasında Mülki Məcəllənin 462-463-cü maddələrində nəzərdə tutulmuş qaydada öhdəliyin icra edilmədiyi, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləği barədə yazılı formada razılaşma olmadığından apellyasiya şikayətinin müvafiq dəlilləri əsaslı hesab edilə bilməz. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 6.1-ci bəndi müqavilənin şərtlərinin pozulması və ya yerinə yetirilməməsi nəticəsində tərəflərin bir-birinə vurduğu zərərə görə mülki hüquqi məsuliyyət daşımasını nəzərdə tutur. Lakin nə həmin bənddə, nə də müqavilənin digər bəndlərində konkret olaraq cərimə və onun məbləği barədə hər hansı qayda müəyyənləşdirilməmişdir. Bu halda tələbin “6.1-ci maddəsinə əsasən hesablanmış 96587 manat”a dair hissəsində iddianı təmin etməyən birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur.
21. Bundan əlavə iddiaçının “bank uçot dərəcəsi (7,75%) əsasında hesablanmış 36852,42 manat məbləğində faiz borcu”na münasibətdə istinad etdiyi Mülki Məcəllənin 449-cu maddəsi adından da göründüyü kimi, pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyətin əsaslarını və qaydasını müəyyən edir. Həmin maddə məhz özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən bank uçot dərəcəsi ilə müəyyənləşdirilən faizlər ödənilməsini nəzərdə tutur. Hazırkı halda isə cavabdeh iddiaçıdan alğı-satqı müqaviləsi üzrə aldığı malların dəyərinin bir hissəsini ödəməmişdir ki, bu da pul öhdəliyinin icra edilməməsi kimi qiymətləndirilə bilməz. Digər tərəfdən birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçı ona məxsus pul vəsaitindən cavabdeh tərəfindən hər hansı gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əldə edilməsi halını məhkəmə prosesi zamanı sübuta yetirə bilməmiş, buna dair hər hansı sübut təqdim etməmişdir.
22. İddiaçı həmçinin cavabdehdən 65343,02 manat zərərin tutulmasına dair tələb irəli sürsə də, həmin tələbin əsaslılığına dair hər-hansı mötəbər sübut təqdim etməmiş, bunu ancaq cavabdeh tərəfindən öhdəliyin icra edilməməsi nəticəsində mənfəətin itirilməsi, əsas borc məbləğində istifadə edə bilmədiklərinə görə şirkətə zərər dəyməsi ilə izah etmiş, bu tələbin qanuni əsası kimi Mülki Məcəllənin 464-cü maddəsinə və tərəflər arasında bağlanmış müqavilənin 6.1-ci maddəsinə istinad etmişdir. Halbuki, Mülki Məcəllənin qeyd edilən maddəsi qanun üzrə dəbbə pulunun ödənilməsi hallarını tənzimləyir ki, tərəflər arasında mövcud olan müqavilə üzrə öhdəliklərinin icra edilməməsi halına dair qanunda xüsusi dəbbə pulu müəyyən edilməmişdir.
23. Nəhayət iddiaçının “illik 5%-lə hesablanmış 8049 manat” tələbinə gəldikdə kollegiya qeyd edir ki, iddia həmin hissədə qismən əsaslı olduğundan birinci instansiya məhkəməsi qeyd edilən hissədə iddia tələbinə münasibət bildirmədən onu tam rədd etməkdə düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, qeyd edilən tələbin qanuni əsasını təşkil edən Mülki Məcəllənin 445.7-ci maddəsinin tərəflər arasında müqavilənin bağlanıldığı zaman qüvvədə olan 445.7-ci maddəsi nəzərdə tuturdu ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
24. Hazırkı işdə cavabdehin öhdəliyini icra etməyərək iddiaçıya pul məbləğini ödəməsini gecikdirməsi işin mübahisəsiz halıdır. Lakin, iddiaçı digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb etsə də, həmin tələbin əsaslılığına dair mötəbər sübut təqdim etməmişdir. Belə olan halda cavabdehdən gecikdirilmiş vaxt üçün illik beş faiz tutulmasına dair tələb əsaslıdır.
25. Bununla belə, iddiaçının nümayəndəsi xx.xx.2025-ci il tarixli ərizəsində də illik 5%-lə hesablanmış 8049 manatı əsaslandırarkən borcun xx.xx.2024-cü il tarixdə yarandığını və həmin ərizənin verildiyi tarixədək 10 ay vaxt keçməsini əsas götürərək əsas borca illik 5 faiz hesablamaqla (193.175,80x5/100=9.658,79 (1 il üçün), 9.658,79/12=804,90 (1 ay üçün), 804,90x10= 8049 (10 ay üçün) müvafiq məbləği tələb etmişdir. Lakin, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz ərizəsində 193175,80 (yüz doxsan üç min yüz yetmiş beş manat səksən qəpik) borcun xx.xx.2024-cü il tarixdən yarandığını, cavabdehə müvafiq pretenziya təqdim olunmasına baxmayaraq həmin borcu ödəmədiyini əsas gətirərək müvafiq iddia ərizsi ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə, yəni 4 aydan sonra müraciət etmişdir. İş məhkəmənin icraatında olduğu dövrdə isə iddiaçının nümayəndəsi dəfələrlə məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclaslarının təxirə salınmasını, o cümlədən xx.xx.2025-ci il tarixli ərizəsində cavabdehin borcdan bir qisim ödəniş etdiyini bildirərək tərəflərin razılaşması və borcun tam ödənilməsi üçün əlavə vaxt verilməsini xahiş etmişdir. Belə olan halda kollegiya hesab edir ki, iddiaçının qeyd edilən tələbi yalnız 4 aya münasibətdə təmin olunmaqla cavabdehdən 3434,24 manat (804,90x4=3434,24) Mülki Məcəllənin 445.7-ci maddəsinin tələblərinə uyğun olaraq tutulmaqla iddiaçıya ödənilməlidir.
26. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilməyən 3434,24 manat hissəsində qismən ləğv edilməli, mübahisələndirilən digər hissədə isə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır.
27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)-134/2025 nömrəli qətnaməsi iddianın təmin edilməyən hissəsində qismən ləğv edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən 3434,24 (üç min dörd yüz otuz dörd manat 24 qəpik) məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.