Məhkəmə qərarları › İş №2-2(105)-87/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-87/2024

01.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-87/2024 01.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər X1 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə qarşı verilmiş borcun tutulması tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 03 iyul 2024-cü il tarixli, e-2-2(119)-1172/2024 nömrəli qərardadından İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək 13208,70 (on üç min iki yüz səkkiz manat, yetmiş qəpik) manat məbləğində borc, 2000 (iki min) manat məbləğində faiz borcu, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş 540 (beş yüz qırx) manat pulun əvəzi, cəmi 15748,70 (on beş min yeddi yüz qırx səkkiz manat, yetmiş qəpik) manat pul vəsaitinin və ödənilmiş 138 (yüz otuz səkkiz) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-1172/2024, 03 iyul 2024-cü il tarixli nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması qərara alınmışdır (hakim Fərman Həmidli). İddiaçı “Elektron məhkəmə” İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Sumqayıt Kommersiya Məhkəməsinin 03 iyul 2024-cü il tarixli, e-2-2(119)- 1172/2024 nömrəli qərardadından şikayət verərək həmin qərardadın ləğv edilməsini, əks halda isə şikayətin işlə birlikdə baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə Bakı Kommersiya Məhkəməsi tərəfindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarıldıqdan sonra iddiaçı tərəfindən aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edilmişdir. Müraciət edilərkən “880” qaynar xətti ilə əlaqə saxlanılmış, oradan 03 may 2024-cü il tarixli ödəniş qəbzinin istifadə edilmədiyi bildirilmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, e-2-2(119)-1172/2024 nömrəli qərardadı ilə Sumqayıt Kommersiya Məhkəməsinin 03 iyul 2024-cü il tarixli e-2- 2(119)-1172/2024 nömrəli qərardadından İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Fərman Həmidli). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, iddiaçı iddia tələbi ilə daha əvvəl Bakı Kommersiya Məhkəməsinə müraciət etmiş, Bakı Kommersiya Məhkəməsinin 07 may 2024-cü il tarixli, e-2-2(113)-3376/2024 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Mülki Prosessual Məcəllənin 152.1.3-cü maddəsinə əsasən qaytarılmışdır. Eyni zamanda, həmin qərardadla iddia ərizəsi verilərkən iddiaçı tərəfindən ödənilmiş 138 manat məbləğində dövlət rüsumunun İddiaçı QSC-yə qaytarılması qərara alınmışdır. Göründüyü kimi, hazırda qüvvədə olan Bakı Kommersiya Məhkəməsinin istinad edilən qərardadı ilə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun ona qaytarılması qərara alındığı üçün iddiaçı Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərkən yenidən dövlət rüsumu ödəyərək məhkəməyə müraciət etməli olsa da, buna riayət etməmişdir. O, eyni məzmunlu iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərkən ödədiyi dövlət rüsumunun Bakı Kommersiya Məhkəməsinin qüvvədə olan qərardadına əsasən ona qaytarılmalı olduğunu nəzərə almadan Bakı Kommersiya Məhkəməsinə müraciət etdiyi zaman iddia ərizəsinə əlavə etdiyi ödəniş qəbzindən, yəni qüvvədə olan məhkəmə aktı ilə ona qaytarılması nəzərdə tutulan məbləğin əks edildiyi ödəniş qəbzindən (03 may 2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzi) istifadə etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadı ilə razılaşır və qeyd edir ki, iddiaçı Bakı Kommersiya Məhkəməsinə müraciət edərkən dövlət rüsumu ödəsə də, Bakı Kommersiya Məhkəməsinin qərardadı ilə iddiaçının ödədiyi həmin dövlət rüsumunun ona geri qaytarılması qərara alındığından həmin qəbzdən artıq istifadə edilə bilməz və buna görə də, o, yenidən məhkəməyə müraciət edərkən Sumqayıt Kommersiya Məhkəməsi üçün ayrıca ödəniş etməlidir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytararkən doğru qənaətə gəlmiş, mahiyyətcə düzgün qərardad çıxarmışdır. Ona görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-1172/2024 nömrəli, 03 iyul 2024cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar