Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-88/2023 02.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdeh “D.X3” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı kommersiya işi üzrə (Açar sözlər: borcun tutulması) X4 Süleymanovanın sədrliyi və məruzəsi, X6 Məmmədov və X2 ibarət tərkibdə, Nigar Natiq qızı Təhməzlinin katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı1 Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh “D.X3” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 09 mart 2023-cü il tarixli e-2-2(119)-8/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti 06 yanvar 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh "D.X3" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "D.X3" Məhdud Məsuliyyətli Cəmiyyətindən 524748,46 (beş yüz iyirmi dörd min yeddi yüz qırx səkkiz manat 46 qəpik) manat əsas borc və 50000 (əlli min) manat zərər olmaqla, ümumilikdə 574748,46 (beş yüz yetmiş dörd min yeddi yüz qırx səkkiz manat 46 qəpik) manat məbləğində borcun, iş üzrə ödənilmiş 400 (dörd yüz) manat mediasiya xidməti xərcinin və vəkilə ödənilmiş 360 (üç yüz altmış) manat xidmət haqqının iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 Qapalı Səhmdar Cəmiyyəti 21 iyun 1996-cı ildən kənd təsərrüfatı sahəsində dərman preparatlarının satışı ilə məşğul olmaqla, sahibkarlıq fəyaliyyəti ilə məşğul olur və o, kənd təsərrüfatı sahəsində istifadə olunan dərman preparatlarını xarici dövlətlərdən alaraq Azərbaycan Respublikasına gətirir və onların satışını həyata keçirir (İddiaçı1 Məhdud Məsuliyyətli Cəmiyyəti 04 iyun 2020-ci il tarixdə təşkilatı-hüquqi formasını dəyişərək İddiaçı1 Qapalı Səhmdar Cəmiyyəti olmuşdur). İddiaçı1 QSC tərəfindən cavabdeh “D.X3” Məhdud Məsuliyyətli Cəmiyyətinə 2018-ci ildən 2020-ci il ilin sonlarınadək müxtəlif vaxtlarda kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün dəyərinin sonradan ödənilməsi şərtilə dərman preparatları satılmışdır. Lakin, cavabdeh iddiaçıdan aldığı preparatların dəyəri olan 524748,46 (beş yüz iyirmi dörd min yeddi yüz qırx səkkiz manat 46 qəpik) manat pulu bu günə qədər ödəməmişdir. Cavabdeh ilə iddiaçı arasında 25 fevral 2021-ci il tarixdə “Qarşılıqlı borcların üzləşdirilməsi barədə” Akt tərtib olunmuş və hər iki tərəf həmin aktı imzalamaqla möhürləmiş və təsdiqləmişlər. Bu Akt tərib edildikdən sonra da dəfələrlə İddiaçı1 QSC-yə olan 524748,46 manat borcun ödənilməsi tələb olunsa da, cavadeh “D.X3” MMC hər dəfə müxtəlif bəhanələr gətirməklə borcu ödəməkdən yayınmışdır. 25 oktyabr 2021-ci il tarixdə rəsmi qaydada cavabdeh “D.X3” MMC-yə həmin borcun 10 gün müddətinə ödənilməsi barədə yazılı təklif verilsə də, bu günədək həmin yazılı məktuba hər hansı bir münasibət bildirilməmiş və iddiaçıya olan borc ödənməmişdir. Borcun alınması ilə əlaqədar “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq, iddiaçı tərəfindən müvafiq qaydada cavabdehə və Mediasiya Şurasına müraciət edilmiş olsa da, cavabdehin nümayəndəsi gəlmədiyinə görə bu mübahisənin mediasiya vasitəsi ilə həll edilməsi də mümkün olmamışdır. Bununla bağlı mediator tərəfindən 09 oktyabr 2021-ci il tarixli 2021-002273 saylı “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayış təqdim edilmiş və ilkin mediasiyanın keçirilməsi üçün iddiaçı tərəfindən mediatorun hesabına 400 manat mediasiya xərci də ödənilmişdir. Bundan əlavə, rəsmi qaydada cavabdehə həm pretenziya, həm də iddia ərizəsi çatdırılmışdır. Odur ki, İddiaçı1 QSC cavabdeh “D.X3” MMC-dən 524748,46 manat məbləğində borcu başqa qaydada ala bilmədiyindən, məhkəməyə müraciət etmişdir. Eyni zamanda, cavabdeh “D.X3” Məhdud Məsuliyyətli Cəmiyyəti 524748,46 manat pulu qanunsuz olaraq özündə saxlamaqla, İddiaçı1 QSC-nə zərər də vurmuşdur. İddiaçı tərəf bu zərəri 50000 manat olaraq dəyərləndirir və həmin zərərin də tutulmasını tələb edir.
3. Cavabdeh "D.X3" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi tərəfindən 28 fevral 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “iddia tələbinə qarşı etiraz” daxil olmuşdur.
4. Etiraz onunla əsaslandırılmışdır ki, “Elektron məhkəmə” portalı vasitəsi ilə iş materialları ilə tanış olarkən hazırkı məhkəmə mübahisəsi üçün əhəmiyyət kəsb edəcək bir sıra sənədlər, o cümlədən də, mübahisənin əsası kimi çıxış edən müqavilə aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Yenə həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Həmin Məcəllənin 407.2-ci maddəsinə əsasən isə, sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. İddia ərizəsində qeyd edilmişdir ki, “iddiaçı tərəfindən cavabdehə 2020-ci ilin sonlarınadək, müxtəlif vaxtlarda kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün dərman preparatları verilmiş, cavabdeh isə onların dəyərini ödəməmişdir”. Lakin, iddiaçı qeyd edilən malların hansı müqavilə və yaxud digər hüquqi əsasla verildiyini qeyd etməmişdir. İş materiallarında da bu cür müqaviləyə rast gəlinmir. İddia ərizəsində qeyd edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında 25 fevral 2021- ci il tarixində “Qarşılıqlı borcların üzləşdirilməsi” barədə Akt tərtib olunmuş və hər iki tərəf həmin Aktı imzalamaqla möhürləmiş və təsdiqləmişdir. İddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş həmin Akt cavabdeh "D.X3" MMC-in adından imzalanıb möhürlənsə də, onu kimin və hansı vəzifəli şəxsin imzaladığı əks olunmamışdır. İddia ərizəsinə malların, işlərin və xidmətlərin təqdim edilməsinə dair elektron qaiməfakturalar əlavə olunmuşdur. Lakin, onların heç biri nə iddiaçı, nə də ki cavabdeh tərəfindən imzalanmamışdır.
5. Elekton Qaimələr ilə müəyyən olunur ki, satıcı "xxxx" QSC tərəfindən alıcı "D.X3" MMC-yə 24 aprel 2018-ci il tarixli EAAİ 621133 nömrəli Elektron Qaimə üzrə 20868 manat dəyərində, 31 may 2018-ci il tarixli EAAJ 500254 nömrəli Elektron Qaimə üzrə 29927,04 manat dəyərində, 11 iyul 2019-cu il tarixli EAAX 021277 nömrəli Elektron Qaimə üzrə 4236 manat dəyərində, 19 noyabr 2019- cu il tarixli EBAC 600224 nömrəli Elektron Qaimə üzrə 69165,40 manat dəyərində, 31 mart 2020-ci il tarixli EBAİ 230133 nömrəli Elektron Qaimə üzrə 65608,05 manat dəyərində, 12 may 2020-ci il tarixli EBAJ 776390 nömrəli Elektron Qaimə üzrə 19384,40 manat dəyərində, 29 may 2020-ci il tarixli EBAK 447830 nömrəli Elektron Qaimə üzrə 13441,50 manat dəyərində, 01 iyun 2020-ci il tarixli EBAK 563457 nömrəli Elektron Qaimə üzrə 14570,40 manat dəyərində, 09 iyun 2020-ci il tarixli EBAK 923871 nömrəli Elektron Qaimə üzrə 5263,36 manat dəyərində, 19 iyun 2020-ci il tarixli EBAL 347226 nömrəli Elektron Qaimə üzrə 35337,68 manat dəyərində, 15 iyul 2020-ci il tarixli EBAM 395161 nömrəli Elektron Qaimə üzrə 8220,60 manat dəyərində, 22 iyul 2020-ci il tarixli EBAM 689728 nömrəli Elektron Qaimə üzrə 15152,40 manat dəyərində, 24 iyul 2020-ci il tarixli EBAM 777089 nömrəli Elektron Qaimə üzrə 1383,96 manat dəyərində, 25 avqust 2020-ci il tarixli EBAP 097640 nömrəli Elektron Qaimə üzrə 229728,13 manat dəyərində və 26 noyabr 2020-ci il tarixli EBAT 114265 nömrəli Elektron Qaimə üzrə 131961,47 manat dəyərində olmaqla, ümumilikdə cəmi 664248,39 (altı yüz altmış dörd min iki yüz qırx səkkiz manat 39 qəpik) manat dəyərində müxtəlif dərman preparatlarının (bitki mühafizə vasitələrinin) satılması ilə əlaqədar yuxarıda qeyd olunan elektron qaimələr təqdim olunmuşdur.
6. Alıcı "D.X3" MMC tərəfindən satıcı "xxxx" QSC-yə göndərilmiş və təyinatı "malların qismən geri qaytarılması qaiməsi" kimi qeyd olunmuş 25 fevral 2021-ci il tarixli EBAX 927353 nömrəli Elektron Qaimədən görünür ki, alıcı "D.X3" MMC tərəfindən satıcı "xxxx" QSC-yə 756,30 (yeddi yüz əlli altı manat 30 qəpik) manat dəyərində malın geri qaytarılması ilə əlaqədar elektron qaimə təqdim olunmuşdur.
7. Qeyd olunan "xxxx" QSC tərəfindən "D.X3" MMC-yə təqdim olunmuş elektron qaimələrin “Əsas” qrafasındakı (sətrindəki) qeydlərlə müəyyən olunur ki, 24 aprel 2018-ci il tarixli EAAİ 621133 nömrəli Elektron Qaimədə "Əsas: 24 aprel 2018-ci il tarixli Hesab-Faktura № 99", 31 may 2018-ci il tarixli EAAJ 500254 nömrəli, Elektron Qaimədə "Əsas: 24 aprel 2018-ci il tarixli 1/07-63 AZ saylı müqavilə", 11 iyul 2019-cu il tarixli EAAX 021277 nömrəli və 19 noyabr 2019-cu il tarixli EBAC 600224 nömrəli Elektron Qaimələrdə "Əsas: Müqavilə № 1/19-053 AZ", 31 mart 2020-ci il tarixli EBAİ 230133 nömrəli, 12 may 2020-ci il tarixli EBAJ 776390 nömrəli, 29 may 2020-ci il tarixli EBAK 447830 nömrəli, 01 iyun 2020-ci il tarixli EBAK 563457 nömrəli, 09 iyun 2020-ci il tarixli EBAK 923871 nömrəli və 19 iyun 2020-ci il tarixli EBAL 347226 nömrəli Elektron Qaimələrdə "Əsas: 11 iyul 2019cu il tarixli 1/19-053 nömrəli müqavilə", 15 iyul 2020-ci il tarixli EBAM 395161 nömrəli, 22 iyul 2020-ci il tarixli EBAM 689728 nömrəli, 24 iyul 2020-ci il tarixli EBAM 777089 nömrəli, 25 avqust 2020-ci il tarixli EBAP 097640 nömrəli və 26 noyabr 2020-ci il tarixli EBAT 114265 nömrəli Elektron Qaimələrdə isə "Əsas: 15 iyul 2020-ci il tarixli 1/20-118 AZ nömrəli müqavilə" qeydləri aparılmışdır. Həmçinin, "D.X3" MMC tərəfindən "xxxx" QSC təqdim olunmuş 25 fevral 2021-ci il tarixli EBAX 927353 nömrəli Elektron Qaimədə isə "Əsas: 15 iyul 2020-ci il tarixli 1/20-118 AZ nömrəli müqavilə" qeydi aparılmışdır.
8. İddiaçı1 Qapalı Səhmdar Cəmiyyəti və cavabdeh “D.X3” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən imzalanaraq möhürlənmiş 25 fevral 2021-ci il tarixli “Qarşılıqlı borcların üzləşdirilməsi barədə” Aktda göstərilir ki, tərəflər arasında olan alqı-satqı üzrə alıcı “D.X3” Məhdud Məsuliyyətli Cəmiyyətinin 25 fevral 2021-ci il tarixinə satıcı İddiaçı1 Qapalı Səhmdar Cəmiyyətinə cəmi 524748,46 (beş yüz iyirmi dörd min yeddi yüz qırx səkkiz manat 46 qəpik) manat məbləğində borcu vardır.
9. Kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 08 aprel 2022-ci il tarixli qərardadı ilə cavabdeh “D.X3” MMC-nin vəsatətinə əsasən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Həmin qərardad əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 02 noyabr 2022-ci il tarixli 9/5541 nömrəli Ekspert Rəyinin “Nəticə” hissəsində göstərilmişdir ki, “İddiaçı1 Qapalı Səhmdar Cəmiyyəti cavabdeh “D.X3” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “D.X3” Məhdud Məsuliyyətli Cəmiyyətindən tələb etdiyi 524748,46 manat məbləğində borcun olmasını, ümumiyyətlə bitki mühafizə vasitələrinin təhvil verilməsini, nəticədə 25 fevral 2021-ci il tarixli “Qarşılıqlı borcların üzləşdirilməsi barədə" Aktdakı göstəricilərin doğru olmasını məhkəmə-mühasibat ekspertizası ilə müəyyən etmək mümkün olmadı”.
10. İddiaçı tərəf həmin Ekspert Rəyi ilə razılaşmayaraq, “təkrar məhkəməmühasibatlıq ekspertizasının təyin edilməsi” barədə vəsatətlə məhkəməyə müraciət etmiş və Sumqayıt Kommersiya Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli e-2-2(119)-135/2022 nömrəli qərardadı ilə iddiaçının həmin vəsatəti əsasında iş üzrə təkrar məhkəməmühasibatlıq ekspertizası təyin edilərək, təkrar ekspertiza keçirilmişdir.
11. Təkrar məhkəmə-mühasibatlıq ekspertizasının 13 yanvar 2023-cü il tarixli 9/8603 nömrəli Ekspert Rəyində göstərilmişdir ki, təqdim edilmiş iş materiallarında 138743,65 manat məbləğində ödəniş edilməsi öz əksini tapmışdır. O cümlədən, Bank ödənişləri "Access Bank":-xx.xx.2019 - 10000, xx.xx.2019 – 3000, xx.xx.2020 – 33898,3, xx.xx.2019 – 6000, xx.xx.2020 - 8474,58 = cəmi 61372,88 manat; "Kapital Bank": xx.xx.2020 – 19916, xx.xx.2020 – 7900 = cəmi 27816 manat; "Azər-Türk Bank": xx.xx.2018 – 6260,40, xx.xx.2018 – 8978,11, xx.xx.2018 – 4444,57, xx.xx.2018 – 4444,57, xx.xx.2018 – 5000, xx.xx.2018 – 5000, xx.xx.2019 – 5000 = cəmi 39127,65 manat; "Kapital Bank": - xx.xx.2020-ci il – 2800 (İsaməddin Dəmirov tərəfindən aparılan ödəniş qəbzə əsasən); 25 fevral 2021-ci il tarixli AKT-da olan cədvələ əsasən ƏDV depozit hesabı üzrə ödəniş xx.xx.2020-ci il – 1525,42 manat, xx.xx.2020-ci il – 6101,70 manat. Eyni zamanda bildirilir ki, yuxarıda qeyd edilən ödənişlərin əksər hissəsinə dair elektron qaimələr üzrə məlumatlar təqdim edilmiş iş materiallarında olan bank çıxarışlarında öz əksini tapmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
12. Sumqayıt Kommersiya Məhkəməsinin 09 mart 2023-ci il tarixli e-2-2(119)- 8/2023 nömrəli qətnaməsi ilə (hakim Zülfüqar Sadiqov) iddianın qismən təmin edilməsi, cavabdeh “D.X3” Məhdud Məsuliyyətli Cəmiyyətindən 524748,46 (beş yüz iyirmi dörd min yeddi yüz qırx səkkiz manat 46 qəpik) manat məbləğində əsas borc, mediasiya ilə əlaqədar ödənilmiş 400 (dörd yüz) manat məbləğində xidmət haqqı, hüquqi yardımla əlaqədar ödənilmiş 360 (üç yüz altmış) manat məbləğində xidmət haqqı və 444,75 (dörd yüz qırx dörd manat 75 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 525953,21 (beş yüz iyirmi beş min doqquz yüz əlli üç manat 21 qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı1 Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, cavabdeh “D.X3” Məhdud Məsuliyyətli Cəmiyyətindən dövlət rüsumunun qalığı kimi 370 (üç yüz yetmiş) manat məbləğində pul vəsaitinin dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan cəmi 150 (yüz əlli) manat məbləğində pul vəsaitinin cavabdeh “D.X3” Məhdud Məsuliyyətli Cəmiyyətindən dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 329, 567, 600.1, 600.4, 385.1, 425.1, 425.2, 427.3, 442, 443.1, 445.1 və 448-ci maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 77.1, 88, 103.1, 106.1, 106.3, 217.3, 217.4, 121.1, 119.1, 119.2, 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələri, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.4, 9.1-1-ci maddələri, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
14. Cavabdeh “D.X3” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X5 apellyasiya şikayəti verərək, Sumqayıt Kommersiya Məhkəməsinin 09 mart 2023-ci il tarixli e-2-2(119)-8/2023 nömrəli qətnaməsinin iddianın təmin olunduğu hissədə ləğv edilməsi, iddianın bütövlükdə rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə öz qətnaməsini İddiaçı1 QSC tərəfindən cavabdehə göndərilmiş heç bir hüquqi əsası olmayan və qanunvericiliklə hər hansı bir öhdəlik yaratmayan 24 aprel 2018-ci il, 31 may 2018ci il, 11 iyul 2019-cu il, 19 noyabr 2019-cu il, 31 mart 2020-ci il, 12 may 2020-ci il, 29 may 2020-ci il, 01 iyun 2020-ci il, 09 iyun 2020-ci il, 19 iyun 2020-ci il, 15 iyul 2020-ci il, 22 iyul 2020-ci il, 24 iyul 2020-ci il, 25 avqust 2020-ci il və 26 noyabr 2020-ci tarixli Elektron qaimələrin mövcudluğu ilə əsaslandırmağa çalışmışdır. Qeyd edilən elektron qaimələr tərəflərin heç biri tərəfindən imzalanmamışdır. Əgər məhkəmə həmin elektron qaimələrin heç bir yazılı müqavilə olmadan sadəcə göndərilməsini müqavilə münasibətlərinin mövcudluğu üçün əsas hesab edirsə, onda belə nəticə çıxır ki, istənilən bir sahibkarlıq subyekti heç bir əlavə təsdiqedici sənəd olmadan digər subyektə, hətta fəaliyyətini dayandırmış (dondurmuş) hüquqi şəxsə elektron qaimə göndərərək ondan müvafiq vəsaiti tələb edə bilər. Göründüyü kimi, məhkəmənin yanaşması çox absurd təsir bağışlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49.2-ci maddəsinə əsasən, hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər. Qeyd edilən müddəanın məzmunundan çıxan nəticəyə görə, hüquqi şəxsi təmsil etmək və onun adından çıxış etmək səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmış sənəd həmin hüquqi şəxs üçün öhdəlik yarada bilməz. Əgər iddiaçı lazımi qaydada rəsmiləşdirilməmiş müqavilə olmadan cavabdehin onun qarşısında öhdəlik daşımasını qeyd edilən aktla əsaslandırmağa çalışırsa, onda bu sənədin cavabdeh hüquqi şəxsi təmsil etmək səlahiyyəti olan şəxs tərəfindən və yaxud onun tərəfindən səlahiyyət verilmiş digər şəxs tərəfindən imzalanması zəruridir. Bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli, 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydalarının (Qaydalar iddiaçının iş materiallarına əlavə etdiyi elektron qaimələr tərtib edilərkən qüvvədə olmuşdur) 1.3-cü bəndinə görə, bu Qaydalara uyğun tərtib edilməyən elektron qaimə-faktura mal (iş, xidmət) təqdim edilməsinin rəsmiləşdirilməsinə əsas vermir. Qaydaların elektron qaimə-fakturanın doldurulması qaydasını tənzimləyən 2.6-cı bəndinin tələblərinə görə, elektron qaimə faktura malların (işlərin, xidmətlərin) alıcıya təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər (müqavilələr (əqdlər), təhvil-təslim aktları, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaimə-fakturanın “Əsas” rekvizitində öz əksini tapır. İş materiallarına əlavə edilmiş elektron qaimələrdə 14 iyul 2020ci il tarixli, 1/20-118AZ nömrəli “Bitki mühafizə vasitələrinin satışına dair” Müqaviləyə istinad olunmuşdur. Halbuki, artıq qeyd olunduğu kimi, həmin “müqavilənin” heç bir hüquqi əsası yoxdur və tərəflərə hər hansı öhdəlik yaratmır, başqa sözlə, göstərilən elektron qaimələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli, 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”na uyğun tərtib edilməmişdir. Bu səbəbdən, mal (iş, xidmət) təqdim edilməsinin rəsmiləşdirilməsinə əsas vermədiyi üçün mötəbər sübut kimi qəbul edilib qiymətləndirilə bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. İş üzrə üç dəfə məhkəmə mühasibatlıq ekspertizası keçirilmiş və hər üç ekspertizanın nəticəsi olaraq ekspertlər iddia olunan borcun mövcud olmadığı qənaətinə gəlmişlər. Lakin buna baxmayaraq, məhkəmə özünün əsassız və heç bir mötəbər sübutla əsaslandırılmayan mülahizələrinə əsaslanmaqla, iddianı faktiki olaraq tam həcmdə təmin etmişdir (təmin olunmayan hissə tam formal mahiyyət kəsb edir). Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş birinci (02 noyabr 2022-ci il tarixli 9/5541) ekspertizanın nəticələrinə dair rəyə görə, iddia olunan borcun mövcudluğunu, ümumiyyətlə bitki mühafizə vasitələrinin təhvil verilməsini, nəticədə 25 fevral 2021ci il tarixli “Qarşılıqlı borcların üzləşdirilməsi barədə" Aktdakı göstəricilərin doğru olmasını məhkəmə-mühasibatlıq ekspertizası ilə müəyyən etmək mümkün deyildir. Həmin Mərkəz tərəfindən keçirilmiş xx.xx.2023-cü il tarixli, 9/8603 nömrəli təkrar ekspertizanın nəticələrinə dair rəydə də borcun olmasını təsdiq edən heç bir müddəa əks etdirilməmişdir. Sonuncu, üçüncü təkrar mühasibatlıq ekspertizası zamanı isə ümumiyyətlə, cavabdeh tərəfindən iddiaçıya 138,743.65 AZN məbləğində ödəniş olunması faktı müəyyən olunmuşdur. Lakin təəssüf ki, məhkəmə bu vacib fakta ümumiyyətlə düzgün hüquqi qiymət verməmiş, iddia olunan məbləğin heç olmazsa, göstərilən həddə azaldılması qənaətinə gəlməmişdir (məhkəmə həmin məbləği iddia tələbinə heç bir aidiyyəti olmayan hansısa 664248,39 (altı yüz altmış dörd min iki yüz qırx səkkiz manat otuz doqquz qəpik) manatdan çıxmışdır).Bir sözlə, məhkəmə, iş materiallarında olan ekspert rəyləri və digər sənədləri (iddianı əsasını sübut etməyən sənədləri) obyektiv və düzgün qiymətləndirməmişdir. Belə ki, iş materiallarında borc faktını təsdiq edən mötəbər sübutlar olmadığı halda, məhkəmə öz mülahizəsinə əsaslanaraq iddianı qismən təmin etmişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
16. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
17. Cavabdehin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
18. İddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi.
19. Cavabdeh MMC-nin direktoru və qanuni təmsilçisi X5 izahatında bildirdi ki, 25 fevral 2021-ci il tarixli “Qarşılıqlı borcların üzləşdirilməsi barədə” Aktı onun tərəfindən imzalanmış və möhurlə təsdiq edilmişdir. Göstərilən borc məbləği doğru yazılmışdır. Aktın tərtib edildiyi tarixə qeyd olunan məbləğdə borc olmuşdur. Hazırki vaxtadək həmin borcun yarısı ödənilmişdir, təxminən iddiaçıya 200-250 min manat verilməmiş borc qalmışdır. Lakin ödənşlərlə bağlı heç bir sübutu yoxdur, ödənişlər nəğd şəkildə əlbə-əl ödənilmişdir. Həmçinin bildirdi ki, Aktdakı imzanın və möhurun həqiqiliyini mübahisələndirmir. Möhurun üçüncü şəxslərin əlinə keçməsi, oğurlanması, itirilməsi və s. bu kimi hallar olmamışdır.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh tərəf verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunduğu hissədə ləğv edilməsi, iddianın bütövlükdə rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında mübahisələndirilən hissədə yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Maddə 329.3. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Maddə 329.4. Susmaq bu Məcəllədə və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda əqdi bağlamaq iradəsinin ifadəsi sayılır. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmalıdır.
24. Belə ki, məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, iddiaçı (satıcı) "xxxx" QSC tərəfindən kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən cavabdeh (alıcı) "D.X3" MMC-yə bitki mühafizə vasitələri kimi müxtəlif dərman preparatları verildiyini, lakin həmin məhsulların dəyərinin alıcı tərəfindən ödənilmədiyini, öhdəliyin tam icra edilmədiyini iddia edir və iddi tələbinin əsası olaraq İddiaçı1 Qapalı Səhmdar Cəmiyyəti və cavabdeh “D.X3” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən imzalanaraq möhürlənmiş 25 fevral 2021-ci il tarixli “Qarşılıqlı borcların üzləşdirilməsi barədə” Akta, elektron qaimələrə istinad edərək tərəflər arasında olan alqı-satqı üzrə alıcı “D.X3” Məhdud Məsuliyyətli Cəmiyyətindən 25 fevral 2021-ci il tarixinə satıcı İddiaçı1 Qapalı Səhmdar Cəmiyyətinə cəmi 524748,46 (beş yüz iyirmi dörd min yeddi yüz qırx səkkiz manat 46 qəpik) manat məbləğində yaranmış borcun və pul vəsaitini qanunsuz saxlamağa görə vurulmuş zərərin əvəzi olaraq 50.000 manat tutulmasını tələb etmişdir.
26. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmişdir.
27. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən məhkəməyə təqdim olunan "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (VÖEN **********) - “Satıcı”, "D.X3" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) – “Alıcı” olaraq tərtib olunmuş 14 iyul 2020-ci il tarixli 1/20- 118AZ nömrəli “Bitki mühafizə vasitələrinin satışına dair” Müqavilə “Satıcı” "xxxx" QSC tərəfindən imzalanıb-möhürlənsə də, həmin Müqavilə “Alıcı” "D.X3" MMC tərəfindən imzalanmamışdır. Lakin, məhkəmə araşdırması zamanı təsdiq olunmuşdur ki, satıcı "xxxx" QSC tərəfindən kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən alıcı "D.X3" MMC-yə bitki mühafizə vasitələri kimi müxtəlif dərman preparatları verilmiş və bununla əlaqədar satıcı "xxxx" QSC tərəfindən 24 aprel 2018-ci il, 31 may 2018-ci il, 11 iyul 2019-cu il, 19 noyabr 2019-cu il, 31 mart 2020-ci il, 12 may 2020-ci il, 29 may 2020-ci il, 01 iyun 2020-ci il, 09 iyun 2020-ci il, 19 iyun 2020-ci il, 15 iyul 2020-ci il, 22 iyul 2020-ci il, 24 iyul 2020-ci il, 25 avqust 2020-ci il və 26 noyabr 2020-ci tarixlərində alıcı "D.X3" MMC-yə müvafiq qaydada tərtib olunmuş Elektron qaimələr təqdim olunmuşdur. Eyni zamanda, İddiaçı1 Qapalı Səhmdar Cəmiyyəti və cavabdeh “D.X3” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən imzalanaraq möhürlənmiş 25 fevral 2021-ci il tarixli “Qarşılıqlı borcların üzləşdirilməsi barədə” Aktda göstərilir ki, tərəflər arasında olan alqı-satqı üzrə alıcı “D.X3” Məhdud Məsuliyyətli Cəmiyyətinin 25 fevral 2021-ci il tarixinə satıcı İddiaçı1 Qapalı Səhmdar Cəmiyyətinə cəmi 524748,46 (beş yüz iyirmi dörd min yeddi yüz qırx səkkiz manat 46 qəpik) manat məbləğində borcu vardır. Həmin Aktda əks olunmuş məlumatlar araşdırılmış sənədlərdə təsbit olunmuş hesabatı inkar etmir. Odur ki, iddia tələbi iddiaçı "xxxx" QSC-nin xeyrinə cavabdeh "D.X3" Məhdud Məsuliyyətli Cəmiyyətindən “524748,46 manat məbləğində əsas borcun tutulması” hissəsində əsaslı hesab edilmişdir.
28. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, məhkəmə qanunvericiliyin verdiyi bütün mümkün imkanlardan istifadə etməklə işi tam, hərtərəfli və obyektiv araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.
29. Cavabdeh iddianın təmin edilməsi hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayaraq apellyasiya şikayəti vermişdir.
30. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
31. Məhkəmə kollegiyası tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq aşağıda şərh olunanları qeyd etməyi zəruri hesab edir:
32. Apellyasiya şikayətinin dəlili olaraq apellyator tərəflər arasında müqavilə münasibətlərinin olmadığını, müqavilə bağlanılmadığını, iddia tələbinin əsası kimi istinad olunan sənədlərin (elektron qaimə, üzləşmə aktı) müqavilə münasibətlərinin əsası kimi qəbul edilmənin yol verilməz olduğunu göstərmişdir.
33. Məhkəmə kollegiyası şikayətin dəlilini əsassız hesab edir və bu bununla bağlı bildirir:
34. İlk növbədə qeyd olunmalıdır ki, azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində əmlak və əmlakla bağlı qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrasının böyük iqtisadi-sosial əhəmiyyəti vardır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir.
35. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır.
36. Mülki Məcəllənin müqavilənin forması ilə bağlı qaydaları müəyyən edən 406-cı maddəsinə əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.
37. Mülki Məcəllə ilə müəyyən edilmiş formalar, belə formalar müəyyən edilmədikdə isə tərəflərin qarşılıqlı razılığı ilə şərtləşdirilmiş formaya riayət edilməlidir. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi müqavilə onu bağlamaq iradəsi şəxsin rəftarından məlum olduqda bağlanmş hesab olunur (maddə 329).
38. Göründüyü kimi mülki qanunvericilikdə müqavilələrin şifahi və yazılı formada bağlanması nəzərdə tutulmuşdur. Qeyd etmək lazımdır ki, mülki qanunvericilikdə yazılı formada bağlanması tələb olunan müqavilələrə dair imperativ göstərişin olması, digər mülki-hüquqi əqdlərin yazılı və ya şifahi formada bağlanmasını qadağan etmir.
39. İşin müəyyən edilmiş hallarından göründüyü kimi tərəflər arasında yazılı müqavilə bağlanılmamışdır. Lakin yazılı müqavilənin bağlanılmaması tərəflər arasında şifahi razılaşmaya əsaslanan müqavilə münasibətlərinin olmasını inkar edən hal kimi qiymətlədirilə bilməz. Araşdırılan mübahisədən göründüyü kimi tərəflər arasında nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri olmuşdur. Mülki qanunvericikdə qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla alqı-satqı müqasilənin yazılı formada bağlanmasının imperativ olaraq göstərilməməsi həmin müqavilənin şifahi qaydada icrasını qadağa etmir.
40. Eyni zamanda qeyd edilməlidir ki, qanunvericilik müqavilənin yazılı olmasını tələb edərsə belə müqaviləsinin şifahi forması bir qayda olaraq həmin müqavilənin etibarlılığını şübhə altına alan müstəqil əsas hesab edilə bilməz. Belə ki, mülki hüquq nəzəriyyəsinə görə mülki-hüquqi əqd bağlamaq niyyətini açıq şəkildə göstərən müəyyən hərəkətlər edildikdə şifahi müqavilə bağlanmış hesab edilə bilər.
41. İşin hallarından göründüyü kimi cavabdeh tərəf dərman preparatlarının alqısatqısına dair verilmiş elektron qaimələri qəbul etmiş, ödənişlər etmiş, “Qarşılıqlı borcların üzləşdirilməsi barədə” Aktı səlahiyyətli nümayəndəsi imza etməklə tərəflər arasında müqavilə münasibətlərinin yarandığını göstərən aşkar hərəkətlər etmişdir. Qarşılıqlı borcların razılaşdırılması barədə akt və elektron qaimələrin mövcudluğu tərəflər arasında şifahi razılaşma əsasında faktiki müqavilə münasibətlərinin mövcudluğuna dəlalət edən və inkar olunmayan haldır.
42. Bu şərh olunanlara əsasən məhkəmə kollegiyası cavabdehin tərəflər arasında bağlanmış müqavilənin olmaması və bu səbəbdən müqavilə münasibətlərdən irləi gələn öhlədəlik hüquq münasibətlərinin yaranmamasına dair dəlili ilə razılaşmır.
43. Apelyator şikayətin dəlilində həmçinin “Qarşılıqlı borcların üzləşdirilməsi barədə” Aktın müqavilə olmadan cavabdehin öhdəlik daşımasının əsası kimi qəbul edilməsinin meyarı kimi bu sənədin cavabdeh hüquqi şəxsi təmsil etmək səlahiyyəti olan şəxs tərəfindən və yaxud onun tərəfindən səlahiyyət verilmiş digər şəxs tərəfindən imzalanması zəruriliyini mübahisələndirmişdir.
44. Apellyasiya araşdırması zamanı mübahisələndirilən həmin hala aydınlıq gətirilməsi üçün məhkəmə iclasına çağrılaraq dindirilmiş "D.X3" MMC-nin direktoru və qanuni təmsilçisi X5 izahatında bildirmişdir ki, 25 fevral 2021-ci il tarixli “Qarşılıqlı borcların üzləşdirilməsi barədə” Aktı onun tərəfindən imzalanmış və möhurlə təsdiq edilmişdir. Göstərilən borc məbləği doğru yazılmışdır. Aktın tərtib edildiyi tarixə qeyd olunan məbləğdə borc olmuşdur. Hazırki vaxtadək həmin borcun yarısı ödənilmişdir, təxminən iddiaçıya 200-250 min manat verilməmiş borc qalmışdır. Həmçinin bildirdi ki, Aktdakı imzanın və möhurun həqiqiliyini mübahisələndirmir. Möhurun üçüncü şəxslərin əlinə keçməsi, oğurlanması, itirilməsi və s. bu kimi hallar olmamışdır.
45. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
46. Məhkəmə kollegiyası cavabdehin qanuni təmsilçisinin izahatında verdiyi məlumatları sübut növü olaraq qiymətləndirir və birinci instansiya məhkəməsi tərəfindən iddianın qeyd olunan hissədə təmin edilməsinin əsaslığını təsdiq edən xüsusat olaraq nəzərə alır.
47. Apellyator şikayətin digər dəlili olaraq iş materiallarına əlavə edilmiş elektron qaimələrdə 14 iyul 2020ci il tarixli, 1/20-118AZ nömrəli “Bitki mühafizə vasitələrinin satışına dair” Müqaviləyə istinad olunduğunu, lakin həmin “müqavilənin” heç bir hüquqi əsası olmadığını və tərəflərə hər hansı öhdəlik yaratmadğını, bu qeyd olunanlara əsasən elektron qaimələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli, 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”na uyğun tərtib edilmədiyini və mötəbər sübut kimi qəbul edilməsinin yolverilməzliyini göstərmişdir.
48. Məhkəmə kollegiyası şikayətin bu dəlilini də əsaslı hesab etmr. Belə ki, məhkəmə kollegiyası xüsusilə vurğulamağı zəruri hesab edir ki, mübahisələndirilən sənədlərin tərtibatı ilə bağlı prosedur qaydaların pozulması əqd üzrə tərəflərin məsuliyyət sferasına daxil olmamaqla, onların iradə ifadəsinin zədələnməsinə dəlalət etmir və tərəflər arasında müqavilə münasibətlərinin yaranmasını inkar edən hal kimi qəbul edilə bilməz.
49. Şikayətin başqa bir dəlili olaraq apellyator 25 fevral 2021ci il tarixli “Qarşılıqlı borcların üzləşdirilməsi barədə" Aktdakı göstəricilərin doğru olmasının iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası ilə təsdiqini tapmadığını, ekspert rəyləri və digər sənədlərin obyektiv və düzgün qiymətləndirmədiyinə istinad etmşdir.
50. Məhkəmə kollegiyası şikayətin bu dəlili ilə bağlı qeyd edir ki, iş materiallarından göründüyü kimi araşdırılan mübahisə üzrə birinci instansiy məhkəməsi tərəfindən iki dəfə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmişdir. 02 noyabr 2022-ci il tarixli 9/5541 nömrəli Ekspert rəyinindən görünür ki, cavabdeh “D.X3” Məhdud Məsuliyyətli Cəmiyyətindən tələb etdiyi 524748,46 manat məbləğində borcun olmasını, ümumiyyətlə bitki mühafizə vasitələrinin təhvil verilməsini, nəticədə 25 fevral 2021-ci il tarixli “Qarşılıqlı borcların üzləşdirilməsi barədə" Aktdakı göstəricilərin doğru olmasını məhkəmə-mühasibat ekspertizası ilə müəyyən etmək mümkün olmadı” göstərilmişdir. Rəyin məzmunundan görünür ki, ekspertin bu nəticəyə gəlməsinin əsası qaimə, təvil-təslim aktı, malların alınması üçün vəkalətnamə və s. sənədlərin təqdim olunan sənədlərdə öz əksini tapmaması ilə bağlı olmuşdur. Təkrar məhkəmə-mühasibatlıq ekspertizasının 13 yanvar 2023-cü il tarixli 9/8603 nömrəli Ekspert Rəyində göstərilmişdir ki, təqdim edilmiş iş materiallarında 138743,65 manat məbləğində ödəniş edilməsi öz əksini tapmışdır. Eyni zamanda bildirilir ki, yuxarıda qeyd edilən ödənişlərin əksər hissəsinə dair elektron qaimələr üzrə məlumatlar təqdim edilmiş iş materiallarında olan bank çıxarışlarında öz əksini tapmışdır.
51. Apellyator şikayətdə həmçinin mübahisələndirmişdir ki, təkrar mühasibatlıq ekspertizası zamanı cavabdeh tərəfindən iddiaçıya 138,743.65 AZN məbləğində ödəniş olunması faktı müəyyən olunmuşdur. Lakin, məhkəmə bu vacib fakta ümumiyyətlə düzgün hüquqi qiymət verməmiş, iddia olunan məbləğin heç olmazsa, göstərilən həddə azaldılması qənaətinə gəlməmişdir.
52. Məhkəmə kollegiyası şikayətin bu dəlilini də əsassız hesab edir və bildirir ki, ekspert rəyinin məzmunundan, hesablanmış hesabat sənədlərindən görünür ki, ödənişlər 2018-2020-ci illəri əhatə etməklə, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018-ci il tarixlərə dair 6 ədəd ödəniş qəbzi vardır. Göründüyü kimi nəzərə alınmış ödənişlərin bir qismi 2018-ci illərə aiddir. 25 fevral 2021ci il tarixli Akt üzrə tələb olunan məbləğ isə xx.xx.2019-cu il tarixdən yaranmış borc məbləğləri ilə bağlıdır (həmin məbləğ üzrə 16.667,39 manat əvvəlki illərdən keçmiş borcdur). Bu göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, 2018-ci illər üzrə aparılmış ödənişlər mübahisələndirilən borc məbləği hesabına nəzərə alınaraq borcun azaldılması üçün əsas ola bilməz.
53. Məhkəmə kollegyiası həmçinin qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəf apellyasiya şikayətinin dəlillərində tərəflər arasında müqavilə münasibətlərinin olmamasını, tələb olunan borcu və onun miqdarını mübahiləndirsə də məhkəm iclasında dindirlmiş MMC-nin direktoru və qanuni təmsilçisi X1 izahatı ilə müəyyən edildi ki, tərəflər arasında dərman preparatlarının alqı-satqısı ilə bağlı müqavilə münasibətləri olmuş, verilən məhsulların dəyəri tam ödənilməmiş, Aktn bağlandığı tarixə cavabdein iddiaçıya göstərilən məbləğdə borcu olmuşdur.
54. Məhkəmə kollegiyası onu da qeyd edir ki, MMC-nin qanuni təmsilçisi Famil Yaqubov 25 fevral 2021ci il tarixli “Qarşılıqlı borcların üzləşdirilməsi barədə" Akta göstərilmiş 524748,46 manat borc məbləğindən təxminən yarısının MMC tərəfindən ödənildiyini bildirsə də bu göstərilənlər yalnız özünün şifahi məlumatından ibarət olmaqla heç bir sübuta əsaslanmır. Məhkəməyə heç bir sübut təqdim edilməmişdir.
55. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanıb, heç bir sübutla öz təsdiqini tapmadığına görə birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsaslı hesab edilə bilməz.
56. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
57. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-382, 384.0.1, 392,393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh “D.X3” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 09 mart 2023-ci il tarixli e-2-2(119)-8/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.