Məhkəmə qərarları › İş №2-2(105)-89/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-89/2024

22.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-89/2024 22.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər X3 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 22 may 2024-cü il tarixli, e-2-2(119)- 368/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdehnə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehndən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 8844 (səkkiz min səkkiz yüz qırx dörd) manat məbləğində borcun, mediasiya ilə əlaqədar ödənilmiş 110 (yüz on) manat məbləğində mediasiya xərcinin və 9 (doqquz) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 10 dekabr 2020-ci il tarixli 558/2020 nömrəli müqaviləyə əsasən “Norm” sement məhsullarının nisyə alqı-satqısı həyata keçirilmişdir. Həmin müqaviləyə əsasən iddiaçı “Norm” sement məhsullarını cavabdehə sataraq onun satış ünvanına çatdırmağı, cavabdeh isə malları qəbul edərək onun dəyərini razılaşdırmış vaxta iddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən müəyyən edilmişdir ki, Cavabdehnə 30555,67 (otuz min beş yüz əlli beş manat altmış yeddi qəpik) manat dəyərində “Norm” sement məhsulları satılmış, cavabdeh isə 21711,67 (iyirmi bir min yeddi yüz on bir manat altmış yeddi qəpik) manat pul ödəmiş, qalıq 8844 (səkkiz min səkkiz yüz qırx dörd) manat isə bu günə kimi ödənilməmişdir. xx.xx.2023-cü il tarixdə cavabdehin elektron kabinetinə pretenziya məktubu və xx.xx.2023-cü il tarixdə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmişdir. xx.xx.2023-cü il tarixdə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 28-ci maddəsində uyğun olaraq ilkin mediasiya sessiyası təşkil edilmişdir. Lakin cavabdeh tərəf bu barədə məlumatlı olsa da, onun nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 22 may 2024-cü il tarixli, e-2-2(119)-368/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdehndən 8844 (səkkiz min səkkiz yüz qırx dörd) manat məbləğində bоrc, mediasiya ilə əlaqədar ödənilmiş 110 (yüz on) manat məbləğində mediasiya xərci və ödənilmiş 9 (doqquz) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 8963 (səkkiz min doqquz yüz altmış üç) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, Cavabdehndən dövlət nəfinə 99,44 (doxsan doqquz manat qırx dörd qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (hakim Həlimə Alıyeva). Sumqayıt Kommersiya Məhkəməsinin 22 may 2024-cü il tarixli, e-2-2(119)-368/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddianın qismən rədd olunması haqqında yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ APELLYASİYA ŞİKAYƏTİNƏ ETİRAZİN DƏLİLLƏRİ Cavabdeh tərəfindən apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ASC tərəfindən tələb olunan borc məbləğin müəyyən hissəsi məhkəmə prosesləri gedişində artıq Cavabdeh MTK tərəfindən iddiaçıya rəsmi şəkildə ödənilmişdir. Bu faktı təsdiq edən ödəniş qəbzləri də mövcuddur. Lakin iddiaçı tərəf borcun müəyyən hissəsinin ödənilməsinə baxmayaraq həmin faktı məhkəmədən gizlətmiş və iş üzrə mühüm əhəmiyyəti olan həmin qəbzləri məhkəməyə təqdim etməkdən yayınmışdır. Bu səbəblə məhkəmə qətnaməsində ödənilməmiş 8844 AZN borc məbləğinin qeyd olunması həqiqətə uyğun olmamaqla, iddia tələbinin tam həcmdə təmin olunması da tamamilə qanunsuz və əsassızdır. İddiaçı onlar tərəfindən ödəniş edilməsini məhkəmədən gizlətmişdir. Bu səbəblə də, məhkəmə iddia tələbinə mövqe bildirərkən yalnız iddiaçı tərəfindən təqdim edilən natamam sübutlara əsaslanaraq qərar çıxarmışdır. Halbuki cavabdehin ödənişi qismən həyata keçirməsini gizlətmək məqsədilə iddiaçının təqdim etməkdən yayındığı ödəniş qəbzləri mövcuddur. Lakin cavabdeh üzrlü səbəblərdən məhkəmə prosesində iştirak edə bilmədiyindən həmin sübutları məhkəməyə təqdim etmək imkanından məhrum olmuşdur. Nəticədə iddiaçı tərəfin isə həmin halı bildirməkdən yayınması məhkəmənin ədalətsiz qətnamə qəbul etməsinə gətirib çıxarmışdır. İşin mahiyyəti üzrə həlli üçün bütün sübutlar tam, hərtərəfli və obyektiv araşdırılmamışdır. İddiaçı tərəfindən zəruri sübutlar gizlədilərək təqdim edilmədiyindən iş üzrə bütün faktiki hallara lazımi hüquqi qiymət verilməmişdir. Onların iştirakının zəruri olmasına baxmayaraq məhkəmə prosesi təxirə salınmadan iddiaçının təqdim etdiyi sübutlarla kifayətlənərək əsassız qətnamə qəbul edilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən apellyasiya şikayətinə etiraz onunla əsaslandırılmışdır ki, apellyasiya şikayətinin surətindən görünür ki, cavabdeh heç bir hüquqi əsaslandırma olmadan, formal olaraq apellyasiya şikayəti yazmaqla süründürməçiliyə və vaxt qazanmağa çalışmışdır. Belə ki, ilk dəfə Sumqayıt Kommersiya Məhkəməsində iddia qaldırılan zaman cavabdeh borcu qısa zamanda ödəyəcəyini bildirmiş və bununla bağlı tərəflər arasında barışıq sazişi imzalanmışdır. Lakin, cavabdeh barışıq sazişində göstərdiyi vaxtda heç bir ödəniş etməmişdir. Yəni borcunu ödəməmişdir. Eyni zamanda cavabdeh apellyasiya şikayətində guya müəyyən məbləğdə ödəniş etməsini bildirsə də, bununla bağlı heç bir sübut təqdim etməmişdir. İddiaçı olaraq bütün sübutları məhkəməyə təqdim etmişlər və toplanmış sübutlar əsasında məhkəmə qanuni qətnamə çıxarmışdır. Cavabdehə göndərilmiş mallar elektron qaimə və nəqliyyat qaimə əsasında göndərilmiş və borc göndərilmiş mallara görə hesablanmışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Cavabdeh elektron kabinet vasitəsilə məlumat ünvanlayaraq cavabdehin nümayəndəsi olaraq X2 təyin edilmiş məhkəmə prosesində səhhəti ilə bağlı iştirak edə bilməyəcəyini bildirərək, bu səbəblə də məhkəmə prosesinin 20 gün müddətində təxirə salınmasını xahiş etmiş, lakin məlumata X1 ilə bağlı hər hansı sənəd əlavə edilməmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-368/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan satıcı İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə alıcı Cavabdeh arasında bağlanmış 10 dekabr 2020-ci il tarixli 558/2020 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı müqaviləyə əlavə olunan və onun ayrılmaz tərkib hissəsi sayılan hər bir əmtəə-nəqliyyat qaiməsində göstərilən “Norm” sement hazır məhsullarını alıcıya sataraq onun mülkiyyətinə verməyi, alıcı isə həmin malları qəbul edərək, müvafiq əmtəə-nəqliyyat qaiməsində və bu müqaviləyə əlavə (protokol) ilə malın müəyyənləşdirilmiş dəyərini satıcıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə görə alıcının tələbatına uyğun sifariş üzrə mallar ayrı-ayrı partiyalarla (hissələrlə) təchiz edilə bilər. Hər bir mal partiyası üzrə ayrıca elektron qaimə-faktura tərtib olunur. Həmin müqavilənin 2.1-ci bəndinə görə satılan malların bir vahidinin qiyməti və satılan malların ümumi dəyəri müvafiq əmtəə-nəqliyyat qaiməsi və müqaviləyə 1 saylı əlavə saziş ilə müəyyən edilir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən alıcı əmtəə-nəqliyyat qaiməsi üzrə qəbul etdiyi malların dəyərinin alqı-satqıda əvvəlcədən, nisyə alqı satqı zamanı isə malın alıcı tərəfindən öz anbarında təhvil alındığı andan etibarən 15 iş günü ərzində satıcıya tam ödənilməsini təmin etməlidir. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən alıcı tərəfindən malların dəyəri bu müqavilə ilə müəyyən edilmiş müddətdə nağdsız ödəniş formasında satıcıya ödənilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli əmtəə-nəqliyyat qaiməsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə 27200 kq çəkidə mal göndərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli əmtəə-nəqliyyat qaiməsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə 28800 kq çəkidə mal göndərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli əmtəə-nəqliyyat qaiməsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə 27200 kq çəkidə mal göndərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli əmtəə-nəqliyyat qaiməsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə 27200 kq çəkidə mal göndərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli əmtəə-nəqliyyat qaiməsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə 27200 kq çəkidə mal göndərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli əmtəə-nəqliyyat qaiməsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə 27200 kq çəkidə mal göndərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli əmtəə-nəqliyyat qaiməsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə 28800 kq çəkidə mal göndərilmişdir. İş materiallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə 4351,90 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2022-ci il tarixli EBBU seriyalı 709512 nömrəli, 4607,89 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2022-ci il tarixli EBBU seriyalı 867946 nömrəli, 4351,9 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2022-ci il tarixli EBCD seriyalı 470337 nömrəli, 4351,9 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2022-ci il tarixli EBCD seriyalı 865697 nömrəli,4351,9 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2022-ci il tarixli EBCG seriyalı 066043 nömrəli, 4148,09 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2022-ci il tarixli EBCİ seriyalı 480040 nömrəli və 4392,09 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2022-ci il tarixli EBCİ seriyalı 553669 nömrəli elektron qaimə təqdim olunmuşdur. İş materiallarında olan 20 oktyabr 2023-cü il tarixli maliyyə arayışında göstərilir ki, tərəflər arasında bağlanılmış 10 dekabr 2020-ci il tarixli 558/2020 nömrəli alqı-satqı müqaviləsi üzrə Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 8844 (səkkiz min səkkiz yüz qırx dörd) manat məbləğində qalıq borcu mövcuddur. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 29 noyabr 2023-cü il tarixli barışıq sazişində göstərilir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti, Sumqayıt Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Cavabdehndən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 8844 (səkkiz min səkkiz yüz qırx dörd) manat məbləğində pulun, habelə ilkin mediasiya sessiyasında iştirak etmək üçün ödənilmiş 110 (yüz on) manat xidmət haqqının və 9 (doqquz) manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarmasını xahiş etmişdir. Tərəflər razılığa gəlmişdir ki, cavabdeh 8844 (səkkiz min səkkiz yüz qırx dörd ) manat borcun, habelə ilkin mediasiya sessiyasında iştirak etmək üçün ödənilmiş 110 (yüz on) manat xidmət haqqının və 9 (doqquz) manat dövlət rüsumunun, 4481 (dörd min dörd yüz səksən bir) manat hissəsini xx.xx.2023-cü il tarixə kimi, qalıq 4481 (dörd min dörd yüz səksən bir) manat hissəsini isə xx.xx.2024-cü il tarixə kimi tam ödəməyi öhdəsinə götürür. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti vasitəsilə aparılmış ödəniş sənədindən görünür ki, Cavabdeh tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 27 may 2022-ci il tarixdə 15620 manat ödəniş edilmişdir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ƏDV sub-uçot hesabından çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixli EBBU seriyalı 709512 nömrəli və xx.xx.2022-ci il tarixli EBBU seriyalı 867946 nömrəli elektron qaimələr üzrə Cavabdeh tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 25 may 2022-ci il tarixdə 2811,6 manat ödəniş olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İş materiallarından da görünür ki, tərəflər 10 dekabr 2020-ci il tarixli 558/2020 nömrəli alqı-satqı müqaviləsi imzlayaraq “Norm” sement hazır məhsullarının alıcıya satılması və malın müəyyənləşdirilmiş dəyərinin ödənilməsi barədə öhdəliklər götürmüşlər. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 29 noyabr 2023-cü il tarixli barışıq sazişindən də görünür ki, cavabdehin 8844 (səkkiz min səkkiz yüz qırx dörd ) manat borcun, habelə ilkin mediasiya sessiyasında iştirak etmək üçün ödənilmiş 110 (yüz on) manat xidmət haqqının və 9 (doqquz) manat dövlət rüsumunun, 4481 (dörd min dörd yüz səksən bir) manat hissəsini xx.xx.2023-cü il tarixə kimi, qalıq 4481 (dörd min dörd yüz səksən bir) manat hissəsini isə xx.xx.2024-cü il tarixə kimi tam ödəməyi öhdəsinə götürməsi barədə tərəflər razılığa gəlmişlər. Göründüyü kimi cavabdeh 8844 (səkkiz min səkkiz yüz qırx dörd ) manat borcunun olduğunu barışıq sazişi ilə etiraf etmiş və imza və möhürlə təsdiq edilmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlili kimi qeyd etdiyi yalnız iddiaçının təqdim etdiyi sənədlərlə işə baxılması və onlar tərəfindən ödəniş edilməsi barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmiş və borc öhdəliyi ilə bağlı hər hansı ödənişi ödəməsi barədə sübutu elektron kabinet vasitəsilə məhkəməyə təqdim etməmişdir. Beləliklə, yuxarıda qeyd olunanlardan göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 22 may 2024-cü il tarixli, e-2-2(119)-368/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar