Məhkəmə qərarları › İş №2-2(105)-91/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-91/2021

16.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-91/2021 16.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və Babayeva Hökümə Çingiz qızından ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, İddiaçı MMC-nin vəkili və nümayəndəsi Nümayəndə və Cavabdeh MMC-nin vəkili və nümayəndəsi Vəkil iştirakları ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 07.05.2021-ci il tarixli e-2-2(119)-398/2021 saylı qərardadından iddiaçı və cavabdeh tərəfindən verilmiş şikayətlərə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında, apelyasiya qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı 3.121.354,83 (üç milyon yüz iyirmi bir min üç yüz əlli dörd manat, səksən üç qəpik) manat əsas borc, 3.818.504,68 (üç milyon səkkiz yüz on səkkiz min beş yüz dörd manat, altmış səkkiz qəpik) manat cərimə, cəmi 6.939.859,51 (altı milyon doqquz yüz otuz doqquz min səkkiz yüz əlli doqquz manat, əlli bir qəpik) manat borcun və 30 manat dövlət rüsumunun, vəkillə bağlanan müqavilə üzrə 20.000 (iyirmi min) manatın alınıb İddiaçı MMC-yə verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı daha sonra iddia tələbinin artırılmasına dair ərizə ilə müraciət edərək cavabdehdən 3 121 354,83 AZN (üç milyon yüz iyirmi bir min üç yüz əlli dörd manat, səksən üç qəpik) əsas, müqavilənin 6.3-cü bəndinə əsasən 4 878 706.76 (dörd milyon səkkiz yüz yetmiş səkkiz min yeddi yüz altı manat, yetmiş altı qəpik) AZN cərimə, cəmi 8 000 061,60 (səkkiz milyon altmış bir manat, altmış qəpik) AZN borcun və 30 manat dövlət rüsumunun və vəkillə bağlanan müaqvilə üzrə 20 000 (iyirmi min) manatın alınıb İddiaçı MMC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı həmçinin iddianın təmin edilməsi barədə ərizə ilə müraciət edərək, işə mahiyyəti üzrə baxılıb yekun məhkəmə qətnaməsi çıxarılanadək Cavabdeh MMC-yə (VÖEN: **********) məxsus daşınar və daşınmaz əmlaklar, avadanlıqlar, o cümlədən əsas vəsaitlərin (şikayətə əlavə edilən sənədlər) üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizədə hazırkı iş üzrə əvvəllər qəbul edilmiş iddianın təmini tədbiri barədə qərardada və cavabdeh tərəfindən həmin qərardaddan verilmiş şikayət, həmin şikayətin nəticəsi üzrə məhkəmə qərardadlarına istinad edilmiş və ərizə onunla əsaslandırılmışdır ki, cavabdehin real borc məbləğinin olduğu halda və qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə cavabdehə məxsus daşınar və daşınmaz əmlaklar, avadanlıqlar, o cümlədən əsas vəsaitlərin üzərinə həbs qoyulmalıdır. Sumqayıt Kommersiya Məhkəməsinin 07.05.2021-ci il tarixli, e-2-2(119)-398/2021 saylı qərardadı ilə iddiaçının iddianın təmin tədbiri barədə ərizəsinin qismən təmin edilməsi, hazırkı işə mahiyyəti üzrə baxılıb yekunlaşanadək hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesterindən seriya RX, №0163179 saylı çıxarışa əsasən Cavabdeh MMC-yə məxsus olan Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən əmlak kompleksi kimi müəssisənin üzərinə həbs qoyulmaqla həmin əmlak üzərində sərəncam vermək hüququnun Cavabdeh MMC-yə qadağan olunması, ərizənin qalan hissədə təmin olunmaması qərara alınmışdır. Qərardaddan İddiaçı MMC şikayət verərək, qərardadın təmin edilməyən hissədə ləğv edilməsini, iddianın təmin tədbiri haqqında ərizənin tam təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddianın təmini tədbiri qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi daşıdığından, iddia həcmi kifayət qədər böyük olduğundan iddianın təmin tədbiri barədə ərizə tam təmin edilməlidir. Belə ki, cavabdeh iş bitib yekun məhkəmə qərarı qəbul edənə kimi özünə məxsus əmlakları özgəninkiləşdirə bilər və qətnamənin icrası çətinləşə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 157-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair» 14.03.2018-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Konstitusiya Məhkəməsinin həmin qərarda əks olunan hüquqi mövqeyinə görə, «İddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə, Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır. Lakin iddianı təmin etmək haqqında ərizə ilə müraciət edən şəxsin üzərinə sübutların təqdim edilməsi ilə bağlı həddindən artıq vəzifə də qoyulmamalıdır. Sadəcə olaraq, hakim belə bir qənaətə gəlməlidir ki, işdə iştirak edən şəxsin ərizəsində göstərilən dəlillər belə tədbirlərin görülməsi üçün əsasların olmamasını deyil, daha çox mövcudluğunu sübut edir. Belə sübutlara cavabdehin vicdansızlığına dəlalət edən istənilən məlumatları, məsələn tərəflərin yazışmalarını, cavabdehin prosesi aşkar surətdə uzatmağa yönəlmiş hərəkətlərini, əmlak və maliyyə vəsaitlərini digər şəxslərin üzərinə rəsmiləşdirməyə yönəlmiş hərəkətlərini, əmlakın satışı barədə elanların verilməsini və s. aid etmək olar.» Qərardaddan Cavabdeh MMC şikayət verərək, qərardadın ərizənin təmin olunan hissəsində ləğv edilməsi və iddiaçının iddianın təmin etmə tədbirinə dair ərizəsinin rədd olunması haqqında yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddianı təmin etmək üçün tədbirlər görülən zaman hakim yalnız iddia tələbi həcmində cavabdehin əmlakları üzərinə həbs qoya bilər. İş materiallarından da görünür ki, üzərinə həbs qoyulan əmlak hər biri kifayət qədər böyük sahəyə malik olan ayrı-ayrı binalardan ibarət bazar qiyməti yüksək olan əmlak kompleksi kimi müəssisədir. Lakin iş materiallarında həmin əmlak kompleksinin dəyəri ilə bağlı hər hansı bir sübut yoxdur. Buna baxmayaraq məhkəmə qanunvericiliyin tələblərini pozmuş və cavabdehin əmlakı üzərinə iddia tələbi həcmindən artıq həbs qoymuşdur. Həmçinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 mart 2018-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Lakin iddia tələbində göstərilən məbləğlə bağlı kifayət qədər təsdiqedici sübutlar olmamasına və iddianın təmin etmə tədbirinə dair ərizə kifayət qədər əsaslandırılmamasına baxmayaraq məhkəmə prosessual pozuntuya yol vermiş və əsassız olaraq ərizəni təmin etmişdir. Belə ki, iddianı təmin tədbirlərinin məhkəmə tərəfindən tətbiqi üçün sübutların mübahisənin mahiyyəti üzrə həlli üçün zəruri olan həcmdə təqdim olunmasına ehtiyac yoxdur. Lakin bununla belə, iddianı təmin tədbirlərinin görülməsi üçün məhkəməyə iddia ilə bağlı ilkin zəruri sübutların təqdim edilməsinə və ərizədə cavabdeh kimi qoyulmuş şəxslərə qarşı yönəldilmiş tələblərin ilkin əsaslandırılmasına və bununla bağlı iddianın uğurluluğuna dəlalət edən ilkin dəlillərin təqdim edilməsinə ehtiyac vardır, əks halda, görülmüş belə tədbirlərin cavabdehin hüquqlarının pozulması halını yaratması mümkündür. Buna görə, iddianı təmin etmə tədbirlərinin tətbiqinin zəruriliyi üçün belə tədbirin tətbiqinə dair ərizə vermiş şəxsin irəli sürdüyü dəlillər onların ilkin əsaslılığı və ağlabatanlılığı, eləcə də iddianın uğurluluq ehtimalının nəzərə alınması baxımından qiymətləndirilməlidir. Belə dəyərləndirmə zamanı məhkəmə iddianı təmin etmə tədbiri tətbiq olunarkən cavabdehin mənafeyini nəzərə almalıdır. Məhz buna görədir ki, qanunverici hətta iş üzrə cavabdehlərə qarşı verilsə belə, hər bir halda iddianı təmin tədbirinə dair ərizələrin təmin ediləcəyinə dair imperativ norma nəzərdə tutmur. Əksinə, yuxarıda göstərilənləri nəzərə almaqla qanunverici iddianı təmin tədbirlərinin görülməsinə dair ərizələrin təmin edilməsini MPM-in 157.1-ci maddəsində “bilər” ifadəsini işlətməklə məhkəmənin səlahiyyətinə verir. Beləliklə, iddianı təmin etmə tədbirlərinin tətbiqinə dair ərizələrin zərurilik meyarı baxımından qiymətləndirilməsi ona imkan verir ki, iddiaçı cavabdeh kimi göstərdiyi şəxsə qarşı yönəltdiyi tələbini ilkin olaraq əsaslandırmadan və iddianın əsaslılığına və uğurluluğuna dair ilkin dəlillər təqdim etmədən cavabdehin əmlakının üzərinə həbs qoymaq və ya ona münasibətdə digər təmin tədbirləri görmək mümkün olmur və bununla da, onun mənafelərinin müdafiəsi təmin edilmiş olur. Sumqayıt Kommersiya Məhkəməsinin 19.05.2021-ci il tarixli qərardadı ilə şikayətlər təmin edilməmiş, şikayətlərin işlə birlikdə baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. (hakim Zahid Məmmədov) Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı MMC-nin vəkili və nümayəndəsi Nümayəndə şikayətin dəlilləri ilə eyni məzmunlu izahat verərək, iddiaçı tərəfindən verilmiş şikayətin təmin edilməsini, cavabdeh tərəfindən verilmiş şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh MMC-nin vəkili və nümayəndəsi Vəkil şikayətin dəlilləri ilə eyni məzmunlu izahat verərək, cavabdeh tərəfindən verilmiş şikayətin təmin edilməsini, iddiaçı tərəfindən verilmiş şikayətin təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, eləcə də, şikayətin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin şikayət qismən təmin edilməli, Sumqayıt Kommersiya Məhkəməsinin 07.05.2021-ci il tarixli e-2-2(119)-398/2021 saylı qərardadı qismən ləğv edilməli, iddiaçının şikayəti təmin edilməməlidir. İlkin olaraq məhkəmə kollegiyası iddiaçının şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı qərardadı iddianın təmin tədbiri barədə ərizənin təmin edilməyən hissədə (daşınar əmlaklar, vəsaitlərin, avadanlıqların üzərinə həbs qoyulması) mübahisələndirir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni həmin hissədə təmin etməyərək düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 158.1.1-ci maddəsinə əsasən, iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyula bilər. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə görə, iddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək kimi tədbir görülə bilər. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 mart 2018-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Qərarda həmçinin göstərilmişdir ki, Mülki Prosessual Məcəlləsinin 158-ci maddəsinin mənasından aydın olur ki, məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Buna görə məhkəmə, irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, iddia tələbinin təmin olunması halında Mülki Prosessual Məcəllənin 158-ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin qəbul olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər. Təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş əsas tələbə mütənasibliyi prinsipinin mahiyyəti bundan ibarətdir ki, hakim cavabdehin əmlakına iddia məbləğindən çox olmayan ölçüdə həbs qoya və yaxud cavabdehə və ya digər şəxslərə müstəsna olaraq irəli sürülmüş tələb həddində müəyyən hərəkətləri icra etməyi qadağan edə bilər. Hazırkı iş üzrə iddia tələbinin məbləği 8.000.061,60 manat məbləğindədir. Məhkəmə iclasında tərəflərin nümayəndələrinin izahatları ilə də cavabdehə məxsus həmin əmlakın iddia tələbinə mütənasib olması müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, digər əmlakların və ya avadanlıqların üzərinə həbs qoyulması hissəsində ərizəni təmin etməyərək birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və qərardadın göstərilən hissədə mübahisələndirilməsi əsassızdır. Cavabdehin şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddianın təmin edilməsi çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157-ci maddəsinə əsasən, 157.1. Hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı (bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. 157.2. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh MMC-yə məxsus olan Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən əmlak kompleksi kimi müəssisənin üzərində sərəncam vermək hüququnun Cavabdeh MMC-yə qadağan olunması hissəsində düzgün nəticəyə gəlsə də, həmin müəssisənin üzərinə həbs qoyulması hissəsində düzgün nəticəyə gəlməmişdir. Belə ki, əmlakın üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Belə olan halda, həmin əmlakın üzərinə həbs qoyulması cavabdehin həmin müəssisədə faktiki fəaliyyətinə (sahiblik və istifadə hüququna) məhdudiyyət qoyulmasına səbəb ola bilər, sahibkarlıq fəaliyyətini həyata keçirməsinə maneələr yarada, fəaliyyətləri ilə bağlı hüquqlarını və qanuni mənafelərini məhdudlaşdıra və eləcə də ona və digər şəxslərə zərər vura bilər. Beləliklə, göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh MMC tərəfindən verilmiş şikayət qismən təmin edilməli, Sumqayıt Kommersiya Məhkəməsinin 07.05.2021-ci il tarixli e-2-2(119)-398/2021 saylı qərardadı qismən - hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesterindən seriya RX, №0163179 saylı çıxarışa əsasən Cavabdeh MMC-yə məxsus olan Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən əmlak kompleksi kimi müəssisənin üzərinə həbs qoyulması hissəsində ləğv edilməli, həmin hissədə ərizə təmin edilməməli, qərardad qalan hissədə - hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesterindən seriya RX, №0163179 saylı çıxarışa əsasən Cavabdeh MMC-yə məxsus olan Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən əmlak kompleksi kimi müəssisənin üzərində sərəncam vermək hüququnun Cavabdeh MMC-yə qadağan olunması və ərizənin təmin olunmayan hissələrində dəyişdirilmədən saxlanılmalı, İddiaçı MMC tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 398.0.3-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 398.0.3, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh MMC tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin 07.05.2021-ci il tarixli e-2-2(119)-398/2021 saylı qərardadı qismən - hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesterindən seriya RX, №0163179 saylı çıxarışa əsasən Cavabdeh MMC-yə məxsus olan Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən əmlak kompleksi kimi müəssisənin üzərinə həbs qoyulması hissəsində ləğv edilsin, həmin hissədə ərizə təmin edilməsin. Qərardad qalan hissədə - hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesterindən seriya RX, №0163179 saylı çıxarışa əsasən Cavabdeh MMC-yə məxsus olan Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən əmlak kompleksi kimi müəssisənin üzərində sərəncam vermək hüququnun Cavabdeh MMC-yə qadağan olunması və ərizənin təmin olunmayan hissələrində dəyişdirilmədən saxlanılsın. İddiaçı MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar