Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-92/2023 31.07.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı kommersiya işi üzrə (Açar sözlər: pul tələbi) X19 Süleymanovanın sədrliyi və məruzəsi, X22 Məmmədov və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Nigar Natiq qızı Təhməzlinin katibliyi, İddiaçı, İddiaçının nümayəndələri və vəkilləri Vəkil3, Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 02 mart 2023-cü il tarixli 2-2(119)-81/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona vurulmuş maddi zərərə görə 2.578.220 (iki milyon beş yüz yetmiş səkkiz iki yüz iyirmi) manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2006-cı il tarixdə Cavabdeh X2 adına təsis etmişdir. Cəmiyyətin nizamnamə kapitalı 4 AZN həcmində olmuş və nizamnamə kapitalı hər birinin dəyəri 1 AZN olmaqla 4 paydan ibarət olmuşdur. X4 yeganə təsisçi olduğundan Cəmiyyətdə payı 100% olmuşdur. xx.xx.2006-cı il tarixdə Cavabdeh dövlət qeydiyyatına alınmış və o, Cavabdehnə direktor seçilmişdir. Həmin tarixdən X2 adına torpaq sahələri alıb üzüm və meyvə bağları salmışdır. Ciddi hesabat blanklarından, yəni kassa mədaxil orderlərindən göründüyü kimi Cavabdehnə 2007-2011-ci illərdə 2.578.220 manat sərmayə qoymuşdur. Sərmayə əldə etmək üçün Sahibkarlıq fonduna və banklara müraciət etmişdir. Bir müddət sonra xəbər tutmuşdur ki, 13 oktyabr 2008-ci il tarixli müqavilə əsasında X4 Cavabdeh nizamnaməsi, şəhadətnaməsi, möhür, ştampı və müəssisəyə aid hüquqlarını (daşınar və daşınmaz əmlak istisna olmaqla) Hökümə Qarayevaya, Minavər Əsədovaya, Sədaqət Abbasovaya, Zahidə Məmmədovaya bərabər, hər birinə ¼ hissələrlə satmışdır. Hökümə Qarayeva, Minavər Əsədova, Sədaqət Abbasova və Zahidə Məmmədova 17 avqust 2011- ci il tarixdə X10 ilə müqavilə bağlayaraq Cavabdeh nizamnamə kapitalında maya miqdarının 50%-ni ona satmışlar. Hazırda İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətdəki fəaliyyətindən kənarlaşdırılmışdır. Cavabdeh qanunsuz hərəkətləri nəticəsində ona maddi zərər dəymişdir. Bu səbəbdən vurduğu maddi zərərə görə cavabdehdən 2.578.220 manat məbləğində pul alınaraq ona ödənilməlidir.
3. Şabran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(031)-37/2021 saylı qətnaməsi ilə İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair mülki iş üzrə iddia tələbi təmin edilməmiş və İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir.
4. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 dekabr 2021-ci il tarixli, 2(105)-1783/2021 nömrəli qətnaməsi ilə (sədrlik edən Telman Məmmədov, hakimlər Şəmsəddin Abasov və Səyyad Qafari) apellyasiya şikayəti təmin edilməmiş, Şabran Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2(031)-37/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
5. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 25 iyul 2022-ci il tarixli 2(102)-3888/2022 nömrəli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilərək Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 dekabr 2021-ci il tarixli, 2(105)-1783/2021 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Məhkəmə mövqeyini hazırkı iş üzrə iddiaçı cavabdeh hüquqi şəxsin qanuni təmsilçisi olmuş və iddia tələbini hüquqi şəxsin idarə edilməsindən irəli gəlməsi, lakin apellyasiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələbləri pozularaq, hazırkı tələblərin hüquqi şəxsin fəaliyyətindən irəli gəlib-gəlməməsinə hüquqi qiymət verilməməsi və son nəticədə işin məhkəmə aidiyyətini Ali Məhkəmənin Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarında göstərilmiş meyarlar əsasında müəyyən etməməsi ilə əsaslandırmışdır.
6. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(105)-2096/2022 nömrəli qərardadı ilə Şabran Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2(031)- 37/2021 nömrəli qətnaməsi ləğv edilmiş və İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi baxılmaq üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir.
7. Cavabdeh təsisçisi X2 16 oktyabr 2006-cı il tarixli qərarı ilə Cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, müxtəlif növ məhsulların istehsalı və realizə edilməsi, xidmətlərin göstərilməsi, işlərin görülməsi, cəmiyyətin fəaliyyətindən gəlirin əldə edilməsi və cəmiyyətin fəaliyyətindən əldə edilən gəlir hesabına cəmiyyətin, işçilərin və təsisçilərin iqtisadi maraqlarının təmin edilməsi məqsədi ilə təsis edilmiş, cəmiyyətin nizamnaməsi təsdiq edilmiş, cəmiyyətin nizamnamə kapitalı 4 AZN həcmində müəyyən edilmiş və qanuni təmsilçisi İddiaçı təyin edilməsi qərara alınmışdır.
8. Cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Xaçmaz bölgə şöbəsində 30 oktyabr 2006-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır.
9. Cavabdeh təsisçisi X2 30 oktyabr 2006-cı il tarixli, 01 nömrəli əmrinin surətindən görünür ki, İddiaçı Cavabdeh direktoru vəzifəsinə təyin edilmişdir.
10. 13 oktyabr 2008-ci il tarixli müqavilənin surətindən görünür ki, X4 Cavabdeh, nizamnaməsi, şəhadətnaməsi, möhür, ştampı və müəssisəyə aid hüquqlarını (daşınar və daşınmaz əmlak istisna olmaqla) M.Q.Əsədova, H.Q.Qarayeva, S.Q.Abbasova və Z.Q.Məmmədovaya bərabər, hər birinə ¼ hissələrlə satmış, alıcıların hər birindən 100 manat almışdır.
11. Cavabdeh təsisçilərinin 17 oktyabr 2008-ci il tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin dövlət qeydiyyatı üzrə Xaçmaz bölgə şöbəsi tərəfindən şəhadətnamə ilə xx.xx.2006-cı il tarixdə dövlət qeydiyyatına alınmış Cavabdeh yeni təsisçiləri Xaçmaz rayon 1 saylı DNK-da xx.xx.2008ci il tarixdə təsdiq olunmuş 3m-3/655 saylı müqaviləyə əsasən X20, X21, X15 və X16 müəyyən edilmişdir. Cəmiyyətin nizamnamə kapitalı dəyişdirilmədən 4 manat saxlanılmış, hər birinin dəyəri 1 manat olmaqla 4 paydan ibarət olmuş və təsisçilərin payları X23-1 pay, 1 manat, 25%, X21, 1 pay, 1 manat, 25%, X15-1 pay, 1 manat, 25%, X16-1 pay, 1 manat, 25% müəyyən olunmuşdur. Bununla bağlı nizamnaməyə edilmiş dəyişikliklər xx.xx.2008-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır.
12. 30.04.2012-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmış Cavabdeh nizamnaməsinə edilmiş dəyişiklikdən görünür ki, cəmiyyətin təsisçiləri X24, X23, X21, X7r və X12 nizamnamə kapitalındakı payı 50%, X13 nizamnamə kapitalındakı payı 17 %, X8 nizamnamə kapitalındakı payı 17 %, X6 nizamnamə kapitalındakı payı 16 %-dir.
13. Notarius tərəfindən kserosurətləri təsdiq edilmiş kassa mədaxil orderlərindən görünür ki, İddiaçı tərəfindən müxtəlif məqsədlər üçün 2007-2011-ci illərdə Cavabdeh kassasına 2.578.220 manat mədaxil edilmiş, həmin kassa mədaxil orderinin qəbzləri Cavabdeh möhürü ilə təsdiq edilmişdir.
14. Qəbzlərin surətlərindən görünür ki, Cavabdeh tərəfindən "xxxx" ASC-nin hesabına 08 oktyabr 2007-ci il tarixdə 14947 manat, 09 oktyabr 2007-ci ildə 470 manat, 26 dekabr 2007-ci ildə 2153,23 manat, 04 aprel 2008-ci il tarixdə 2954.43 manat, 08 iyul 2008-ci il tarixdə 5508,25 manat, 13 may 2008-ci il tarixdə 13120 manat və 200 manat, 04 iyun 2008-ci il tarixdə 2900 manat və 50 manat, 25 sentyabr 2008-ci il tarixdə 5608,40 manat, 19 mart 2009-cu il tarixdə 4000 manat, 22 iyun 2009-cu il tarixdə 2202,20 manat, 09 iyun 2009-cu il tarixdə 4008 manat ödəniş olunmuşdur.
15. Rəsmi statistik hesabatlardan görünür ki, Cavabdeh tərəfindən 2008-ci ildə 238 ha dənli bitkilər əkilmiş, 29.28 ha bağ salınmışdır, dənli bitkilərə görə həmin ildə 3450 kq məhsul əldə etmişdir. 2009-cu ildə 128 ha dənli bitkilər əkilmiş, 84 ha bağ sahəsi əkilmişdir, dənli bitkilərə görə həmin ildə 2420 kq məhsul əldə edilmişdir, 2011-ci ildə 182 ha dənli bitkilər əkilmiş, 196.5 ha yeni bağlar salınmışdır, dənli bitkilərə görə 5100 kq məhsul əldə edilmişdir.
16. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 25 sentyabr 2020-ci il tarixli, 9/3197 saylı rəyindən görünür ki, iş materiallarında olan notarius tərəfindən kserosurətləri təsdiq edilmiş kassa mədaxil orderi qəbzləri ciddi mühasibat sənədləri kimi qəbul edildiyi halda İddiaçı Nemətulla oğlu tərəfindən Cavabdehnə ******* manat ödəniş edilməsi müəyyən olunmuşdur.
17. 02.11.2017-ci il tarixli Azərbaycan Respublikasının Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarışdan görünür ki, MMC-nin qanuni təmsilçisi X9r.
18. Cavabdeh MMC-nin icraçı direktoru X17 tərəfindən Vəkil2 ünvanlanmış 28 yanvar 2021-ci il tarixli məktubdan görünür ki, Cavabdeh MMC-nin 2006-2011-ci illər üzrə mühasibat uçotu hesabatları, o cümlədən ciddi hesabat blankı hesab edilən kassa mədaxil orderləri və onların qeydiyyat kitabları Cavabdeh MMCnin sabiq icraçı direktoru İddiaçı tərəfindən təhvil verilmədiyindən Cavabdeh MMC-də mövcud deyildir. Ona görə də, adı çəkilən sənədlərin təqdim olunması mümkün deyildir.
19. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 05 yanvar 2007-ci il tarixli borc müqaviləsindən görünür ki, “borc verən” İddiaçı “borc alan” Cavabdeh fəaliyyətinin genişləndirilməsi, o cümlədən əkin üçün torpaqların alınması, əkin üçün yararlı vəziyyətə gətirilməsi və sair tələb olunan digər xərclər üçün ona sərmayə şəkilində borc pul vermiş, “Borc alan” isə həmin məbləğdə borcu 01 yanvar 2020- ci il tarixədək geri qaytarmağı öz öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən “Borc verən” borc vəsaitini müxtəlif hissələrdə və vaxtlarda verəcəkdir, borcun ümumi məbləği 3.000.000 manatadək olacaqdır, borcun verilməsi kassa mədaxil orderləri ilə təsdiq olunacaqdır.
20. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli 6-2-68/2-8/2023 nömrəli məktubunda 2007-2011-ci illər ərzində hesaba mədaxil olunan vəsaitlərin xəzinə vasitəsi ilə mədaxil edildiyi, vəsaitlərin hesaba mədaxil edilməsinə dair qəbzlərin Azərbaycan Respublikası Bank Sistemində Arxiv işinin Aparılması haqqında təlimata əsasən üzərindən 5 ildən çox müddəti keçməsi səbəbindən arxivə təhvil verilərək məhv edildiyi göstərilmişdir. Həmin məktuba əlavə edilmiş 2007-2011-ci illər üzrə bank əməliyyatlarına dair çıxarışlardan görünür ki, xx.xx.2007-ci il tarixdən xx.xx.2011-ci il tarixə kimi Cavabdeh kredit dövriyyəsi 335263 ABŞ dolları və 459,55 manat, debit dövriyyəsi isə 335259,26 ABŞ dolları və 458,90 manat olmuşdur.
21. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin 06 iyul 2023-cü il tarixli məhkəmə sorğusuna cavabında göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli 32 nömrəli Qərarı ilə təsdiq edilmiş “Arxivlərin, arxiv fondlarının və sənəd kolleksiyalarının Milli arxiv fondunun tərkibinə daxil edilməsi, bu tərkibdən çıxarılması və ya məhv edilməsi Qaydası”na uyğun olaraq, "xxxx" ASC-nin əməkdaşlarından ibarət Mərkəzi Ekspert Komissiyasının üzvləri tərəfindən bankın Şabran filialının 2006-2011-ci illərə aid sənədlərinin (o cümlədən balans və balansdankənar mədaxil və məxaric orderləri) ekspertizası həyata keçirilmiş və 09 iyun 2017-ci ildə “Azərbaycan Respublikası bank sistemində arxiv işinin aparılması haqqında Təlimat”a istinad etməklə saxlanılma müddətləri başa çatmış sənədlərin məhv edilməsi üçün ayrılması barədə akt tərtib edilmişdir. Akt bankın Mərkəzi Ekspert Komissiyasının sədri və üzvləri tərəfindən imzalandıqdan sonra razılaşdırılması üçün Azərbaycan Respublikası Dövlət X18 Komissiyasına (EYK) təqdim olunmuş və EYK-in 20 iyun 2017-ci il tarixli 04 nömrəli protokolu ilə təsdiq edilmişdir. Adı çəkilən Qaydanın 11-ci bəndinə uyğun olaraq, saxlanılması olmayan sənədlərin məhv edilməsi üçün ayrılması haqqında akt müvafiq dövlət arxivi tərəfindən təsdiq edildikdən sonra akta daxil edilən sənəd və işlər həmin qurumun əməkdaşları tərəfindən məhv edilə və ya təkrar xammal emalı müəssisələrinə verilə bilər. Qeyd edilən balans və balansdankənar mədaxil və məxaric orderləri yarandığın bankın arxivində qanunvericiliklə müəyyən olunmuş müddətdə saxlandıqdan sonra müvafiq qaydada məhv edilmək üçün ayrılır. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(105)-92/2023 nömrəli qərardadında sözügedən sənədlər dövlət mühafizəsinə təhvil verilmədiyi üçün həmin sənədlərin məhkəməyə təqdim olunması mümkün deyildir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
22. Sumqayıt Kommersiya Məhkəməsinin 02 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim Həlimə Alıyeva) İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddiasının rədd edilməsi, məhkəmə xərclərinin iddiaçının özünə aid edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul vəsaitinin İddiaçı tutularaq X3 ödənilməsi qət edilmişdir.
23. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh iddiaçıya 2.578.220 manat məbləğində maddi zərər vurması iş üzrə araşdırılmış sübutlarla öz təsdiqini tapmamışdır. Bundan başqa, borc müqaviləsini İddiaçı fiziki şəxs və Cavabdeh direktoru kimi özü-özü ilə bağlamışdır. İş materiallarında olan kassa mədaxil orderinin qəbzləri və həmin borc müqaviləsi iddianın təmin edilməsi üçün əsas ola bilməz.
24. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1 və 739-cu maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2, 88, 217.4, 218.3, 119.1, 216-220, 222, 227, 233, 358- 360 və 362-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
25. İddiaçı apellyasiya şikayəti verərək, Sumqayıt Kommersiya Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 2-2(119)-81/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.
26. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt Kommersiya Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 2-2(119)-81/2023 saylı qətnaməsi maddi hüquq normalarının tələblərinə zidd qəbul edildiyindən ləğv edilməli, iddia təmin edilməlidir. Hesab edir ki, məhkəmənin gəldiyi nəticə işdə olan sübutlarla ziddiyyət təşkil edir. Belə ki iddiaçı iddia edir ki, Cavabdeh MMC-ni həmkəndlisi X2 adına təsis etmişdir. İddiaçı iddia edir ki, Cavabdeh MMC-yə ondan başqa vəsait qoyan yoxdur. Cavabdeh bu iddianın əksini söyləsə də hər hansı sübut təqdim edə bilməmişdir. İşdə olan sübutlardan aydın olur ki, Cavabdeh MMC tərəfindən 2008-ci ildə 238 ha dənli bitkilər əkilmiş, 29.28 ha bağ salınmışdır, dənli bitkilərə görə həmin ildə 3450 kq məhsul əldə etmişdir. 2009-cu ildə 128 ha dənli bitkilər əkilmiş, 84 ha bağ sahəsi əkilmişdir, dənli bitkilərə görə həmin ildə 2420 kq məhsul əldə edilmişdir, 2011-ci ildə 182 ha dənli bitkilər əkilmiş, 196.5 ha yeni bağlar salınmışdır,(dəlillər) dənli bitkilərə görə 5100 kq məhsul əldə edilmişdir. Sual olunur Cavabdeh MMC hansı vəsait hesabına hektarlarla torpaq sahəsini əldə etmişdir? Hansı vəsait hesabına 29.28+196.5 hektar bağlar salınmışdır? İşdə olan sübutlardan aydın olur ki, Turaz” MMC tərəfindən "xxxx" ASC-nin hesabına 08 oktyabr 2007-ci il tarixdə 14947 manat, 09 oktyabr 2007-ci ildə 470 manat, 26 dekabr 2007-ci ildə 2153,23 manat, 04 aprel 2008-ci il tarixdə 2954.43 manat, 08 iyul 2008-ci il tarixdə 5508,25 manat, 13 may 2008-ci il tarixdə 13120 manat və 200 manat, 04 iyun 2008-ci il tarixdə 2900 manat və 50 manat, 25 sentyabr 2008-ci il tarixdə 5608,40 manat, 19 mart 2009-cu il tarixdə 4000 manat, 22 iyun 2009-cu il tarixdə 2202,20 manat, 09 iyun 2009-cu il tarixdə 4008 manat ödəniş olunmuşdur. Bu vəsaitlər texnikaların alınması üşün ödənilmişdir. Cavabdeh MMC tərəfindən əmlakların əldə edilməsi, bağların salınması, texnikaların alınmasını hansı vəsait hesabına əldə edildiyini təsdiq edən hər hansı bir sübut təqdim edə bilməmişdir. İşdə olan rəsmi ciddi hesabat blanklarından aydın olur ki, İddiaçı tərəfindən müxtəlif məqsədlər üçün 2007-2011-ci illərdə Cavabdehnə 2.578.220 manat ödənilmiş, həmin kassa mədaxil orderinin qəbzləri Cavabdeh MMC-nin möhürü ilə təsdiq edilmişdir. Həmçinin işdə olan Azərbaycan Beynəlxalq bankı ASC-nin xx.xx.2007-xx.xx.2011-ci illərdəki hesabdan çıxarışından görünür ki, təkcə xx.xx.2011-ci ildən xx.xx.2011-ci ilədək olan dövr ərzində Cavabdehnə hesabına 335.263,00 ABŞ dolları məbləğində vəsait daxil olmuşdur. Həmin vəsait İddiaçı tərəfindən borc müqaviləsinə uyğun mədaxil edilmişdir. Eyni zamanda işdə olan xx.xx.2007-ci il tarixdən xx.xx.2014-cü il tarixədək olan İddiaçı Nemətulla oğluna məxsus Kapital Bank ASC-nin ödəniş kartı üzrə çıxarışdan görünür ki, qeyd edilən dövr ərzində iddiaçının şəxsi hesab kartına 504.493,66 manat pul mədaxil edilmişdir. Qeyd edilən vəsait də Cavabdeh ilə bağlanmış borc müqaviləsi üzrə hesaba mədaxil edilmişdir. İşdə olan iddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 05 yanvar 2007-ci il tarixli borc müqaviləsinə əsasən “borc verən” İddiaçı “borc alan” Cavabdeh MMC fəaliyyətinin genişləndirilməsi, o cümlədən əkin üçün torpaqların alınması, əkin üçün yararlı vəziyyətə gətirilməsi və sair tələb olunan digər xərclər üçün ona sərmayə şəkilində borc pul vermiş, “Borc alan” isə həmin məbləğdə borcu 01 yanvar 2020-ci il tarixədək geri qaytarmağı öz öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən “Borc verən” borc vəsaitini müxtəlif hissələrdə və vaxtlarda verəcəkdir, borcun ümumi məbləği 3.000.000 manatadək olacaqdır, borcun verilməsi kassa mədaxil orderləri ilə təsdiq olunacaqdır. Müqavilədə qeyd edildiyi kimi borc vəsaitinin verilməsi torpaqların alınması, əkin üçün yararlı vəziyyətə gətirilməsi və sair üçün verilir. İşdə olan sübutlardan aydın olur ki, yüz hektarlarlarla torpaq sahələri alınmış, həmin torpaq sahələrində dənli bitkilər əkilməklə yanaşı yüz hektarlarlarla bağlar salınmışdır. Bu bağların salınması üçün işçi heyyəti fəaliyyət göstərmişdir. İddiaçıdan başqa kimsə Cavabdeh MMC-yə vəsait qoymamışdır. Məhkəmə qətnamədə iş materiallarını sadalayaraq yeganə gəldiyi nəticə ondan ibarətdir ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 05 yanvar 2007ci il tarixli borc müqaviləsindən görünür ki, borc müqaviləsini İddiaçı fiziki şəxs və Cavabdeh MMC-nin direktoru kimi özü-özü ilə bağlamışdır. Buna görə bu müqavilə hazırkı iddianın təmin edilməsi üçün əsas ola bilməz. Məhkəmə hesab edir ki, direktor özü fiziki şəxs olaraq borc verərsə direktor olaraq müqavilənin digər tərəfi ola bilməz. Məhkəmə bu normanı haradan götürmüşdür? Qanunvericilikdə belə bir məhdudiyyət yoxdur. Apellyasiya instansiyası məhkəməsinin diqqətinə çatdırırıq ki, iddiaçı Cavabdeh MMC-nin faktiki sahibi olduğundan qeyd edilən vəsaiti MMC-yə investisiya olaraq qoymuşdur. İddiaçı və onun ailə üzvləri, o cümlədən bacı və qardaşlarının ailələri bu bağları min bir əziyyətlə salmışlar. O, bağlar bu insanların alın təri hesabına məhsuldar olmuşdur. Gəlir gətirən zaman bağlar aldadılaraq əlindən alınmışdır. İş üzrə keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının 25 sentyabr 2020-ci il tarixli, 9/3197 saylı rəyindən görünür ki, iş materiallarında olan notarius tərəfindən kserosurətləri təsdiq edilmiş kassa mədaxil orderi qəbzləri ciddi mühasibat sənədləri kimi qəbul edildiyi halda İddiaçı Nemətulla oğlu tərəfindən Cavabdehnə 2.578.220 manat ödəniş edilməsi müəyyən olunmuşdur. Məhkəməmə ekspertizanın nəticələrini belə nəzərə almaq istəməmişdir. İşdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)2090/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən aydın olur ki, iddiaçının mülkiyyətində olan torpaqlar (bağlar), Cavabdeh MMC-nin istifadəsindədir. Cavabdeh MMC-nin yeni payçısı bu bağları da iddiaçıya qaytarmaq istəmir. İddiaçı həmin iddiası təmin olunsa da tərəf kassasiya şikayəti verərək bu iddiaya qarşı irəli sürdüyü fikirləri səsləndirir. Sübut təqdim edə bilmir. Sadəcə fikir səsləndirir. Bu işdən fərqli olaraq həmin işdə məhkəmələr cavabdehin sübutsuz fikirlərini qəbul etməmişdir. İşdə olan Bakı Apellyasiya Məhkəməsinin e-2-2(113)-4268/2022 xx.xx.2022-ci il tarixli qətnaməsindən aydın olur ki, Cavabdeh MMC-nin hazırkı təsisçisi X1 Mənsur Nemətulla oğlundan 85 hektar torpaq sahəsi, 70 hektar üzüm bağları, 2 mərtəbəli qeyriyaşayış obyekti, çoxlu sayda texnikası olan "xxxx" MMC-nin 50% payını 5600 manata satın almışdır. Sual olunur 5600 manata sadalanan əmlaklar necə satın alına bilər. Hesab edir ki, məhkəmə işi tam və hərtərəfli araşdırmadan cavabdehin təsisçisinin nüfuzuna görə qətnamə qəbul etmişdir. Məhkəmə iş üçün əhəmiyyət kəsb edən bank sənədlərini əldə etməmiş, əldə olan sənədlərlə faktiki halları aydınlaşdırmamışdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri deyil, cavabdehin sübutsuz sözlərini əsas götürdüyündən iddianın əksi sübut edilməmişdir. İşdə olan və qətnamədə sadalanan sübutlarla məhkəmənin gəldiyi nəticə bir-birinə ziddir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
27. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
28. Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, mədaxil qəbzindəki imza ona məxsusdur, MMC-nin qanuni təmsilçisi, direktoru kimi imza etmişdir, möhur də onun tərəfindən vurulmuşdur. MMC-nin möhürü onun saxlancında olmuşdur.
29. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Həmçinin bildirdi ki, iddiaçının şəxsi kartından çıxarılmış məlumatlardan görünür ki, həmin məbləğlər Cavabdeh MMC-nin hesabına qoyulub. Çıxarışda olan həmin tarixlərə nəzər yetirsək görərik ki, bank hesabından çıxarışlar və mədaxil qəbzlərinin tarixləri ilə eynidir.
30. İddiaçının nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
31. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək izahatında göstərdi ki, birinci instansiya məhkəməsi tərəfindən qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Odur ki, Sumqayıt Kommersiya Məhkəməsinin 02 mart 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.
Apellyasiya baxışının hədləri
32. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi iddiaçı verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
33. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
34. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
36. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh vurduğu maddi zərərə görə 2.578.220 manat pulun alınıb ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ciddi hesabat blanklarından, yəni kassa mədaxil orderlərindən göründüyü kimi Cavabdehnə 2007-2011ci illərdə 2.578.220 manat sərmayə qoymuşdur. İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətdəki fəaliyyətindən kənarlaşdırıldığını, Cavabdeh qanunsuz hərəkətləri nəticəsində ona maddi zərər dəydəyini iddia edir və vurulmuş maddi zərərə görə cavabdehdən 2.578.220 manat məbləğində pulun alınaraq ona ödənilməsini tələb edir.
38. Birinci instansiya məhkəməsi iş üzrə araşdırılmış sübutlarla öz təsdiqini tapmaması əsası ilə iddianı rədd etmişdir.
39. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, məhkəmə qanunvericiliyin verdiyi bütün mümkün imkanlardan istifadə etməklə işi tam, hərtərəfli və obyektiv araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.
40. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
41. Kollegiya qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
42. Kollegiya qanunvericiliyin göstərişlərindən çıxış edərək bildirir ki, mülki prosesdə bir qayda olaraq “sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür” prinsipini rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.
43. Məhkəmə kollegiyası hesab edir ki, araşdırılan mübahisəyə məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir. Bu tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır.
44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”.
45. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
46. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosessual qanunvericilik sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki prosessual qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
47. Sübutetmə standartı - sübutların qiymətləndirilməsi və faktların müəyyən edilməsi meyarıdır. Nəzərə alınmalıdır ki, iki sübutetmə standartı – “ağlabatan (əsaslı) şübhədən kənar” və “sübutların üstünlüyü” standartları mövcuddur. İşə baxan məhkəmənin qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanun-hüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır).
48. Qeyd edildiyi kimi, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilə bilməyən tələb əsaslı hesab edilə bilməz. Göründüyü kimi iddiaçı tərəf iddia tələbinin əsaslandığı hallara dair əsaslı şübhədən kənar sübutu nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya icraatı zamanı təqdim edə bilməmişdir.
49. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansıya məhkəməsi sübuta yetirilmədiyindən iddianın rədd edilməsinə dair düzgün nəticəyə gəlmişdir. İddiaçının iddia etdiyi faktiki hallar həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır.
50. Lakin, iddiaçı tərəf birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmayaraq apellyasiya şikayəti vermişdir.
51. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
52. Məhkəmə kollegiyası tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq aşağıda şərh olunanları qeyd etməyi zəruri hesab edir.
53. İddiaçı apellyasiya şikayətinin dəlillərində göstərmişdir ki, İddiaçı Cavabdeh MMC fəaliyyətinin genişləndirilməsi, o cümlədən əkin üçün torpaqların alınması, yararlı vəziyyətə gətirilməsi və sair tələb olunan digər xərclər üçün ona sərmayə şəkilində borc pul vermiş, Cavabdeh hesabına 2.578.220 manat ödənilmiş, həmin kassa mədaxil orderinin qəbzləri Cavabdeh MMC-nin möhürü ilə təsdiq edilmişdir. Cavabdeh MMC iddiaya etiraz etsə də, tərəfindən əmlakların əldə edilməsi, bağların salınması, texnikaların alınmasını hansı vəsait hesabına əldə edildiyini təsdiq edən hər hansı bir sübut təqdim edə bilməmişdir. Həmin vəsait İddiaçı tərəfindən tərəflər arasında bağlanılmış borc müqaviləsinə uyğun mədaxil edilmişdir.
54. Şikayətin dəlilləri ilə razılaşmayan, məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə toplanmış sənədlərdən görünür ki, «Turaz” MMC-nin fəaliyyətinin genişləndirilməsi ilə bağlı görülmüş işlər MMC tərəfindən həyata keçirilmişdir. Həmin dövrdə İddiaçı MMC-nin direktoru və qanuni təmsilçisi olması həmin işlərin onun vəsaiti hesabına görülüməsi nəticəsinə gəlməyə əsas ola bilməz.
55. Şikayətin mübahisələndirilən vəsaitin tərəflər arasında bağlanmış borc müqaviləsinə əsasən mədaxil edilməsi və mədaxil qəbzlərinin olması barədə dəlili də əsassızdır. Belə ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 05 yanvar 2007-ci il tarixli borc müqaviləsindən görünür ki, borc müqaviləsini İddiaçı fiziki şəxs və Cavabdeh direktoru kimi özü-özü ilə bağlamışdır. Buna görə bu müqavilə hazırkı iddianın təmin edilməsi üçün əsas ola bilməz. Əqdin etibarlı olması (arzu olunan hüquqi nəticəni yaratması) üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə, əqdin məzmununa, əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə və əqdin formasına dair şərtlər. Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Məhkəmə kollegiyasının qənaətincə hazırkı halda iddia tələbinin əsası kimi irəli sürülən borc müqaviləsində borc alan və borc verən eyni şəxs olmaqla əqdin sübyekt tərkibi qüsurludur. İddiaçı borc müqaviləsinin bağlanmasında ifadə olunan hərəkəti şübhəsiz və mübahisəsiz qəbul edilə bilməz. Odur ki, bu müqavilə etibarlı əqd kimi qiymətləndirilə bilməz. Etibarlığı şübhə doğuran əqd isə hüquqi nəticə yarada bilməz. Bundan başqa, Cavabdeh MMC-nin Nizamnaməsinin 9.2-ci bəndinin h yarımbəndindən görünür ki, bank kredit və ya digər kreditlər götürülməsinə dair qərarların verilməsi Cəmiyyətin Təsisçilərinin Ümumi Yığıncağının müstəsna səlahiyytinə aiddir. Belə olan halda iddiaçının əsaslandığı borc müqaviləsinin bağlanmasına dair MMCnin ümumi yığıncağının qərarının olması tələb olunurdu. Lakin göründüyü kimi belə bir qərar yoxdur. İşin müəyyən edilmiş hallarından çıxış edərək məhkəmə kollegiyası qeyd edir ki, borc müqaviləsinin bağlanması və həmin borc müqaviləsinin əsasında pul məbləğinin mədaxil edilməsi MMC-nin ümumi yığıncağında həll edilməli məsələ olmaqla, yığıncağın qərarı ilə təsdiq edilməli olduğu halda belə sənədləşmənin aparıldığı, qərarın olduğu müəyyən edilmir. Bu hallar bir daha həmin borc müqaviləsinin və mədaxil qəbzlərinin iddianın təmin edilməsinin güvənli əsası kimi qəbul edilməsini istisna etmiş olur.
56. Mədaxil qəbzlərinə gəlincə məhkəmə kollegiyası bildirir ki, həmin mədaxil qəbzləri də İddiaçı özü tərəfindən imzalanmış və möhür ilə təsdiq edilmişdir. Məhkəmə iclasında izahat verən iddiaçı qəbzlərin onun tərəfindən yazıldığını, imzalandığını və MMC-nin möhurünün onun saxlancında olduğunu və qəbzlərə möhürü özünün vurduğunu göstərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, göstərilən bu hallar həmin mədaxil qəbzlərinin mötəbər sübut kimi qəbul edilməsini istisna edir. Eyni zamanda qanunvericiliyin tələbinə əsasən güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır və sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır. Hazırkı halda mədaxil qəbzlərinin iddiaçının özü tərəfindən imzalanması və möhürlə təsdiq edilməsi, həmin mədaxil qəbzlərində göstərilən məbləğlərin MMC-nin bank hesablarına mədaxil edilməsini təsdiq edən sübutların olmaması, bu sübutların güvənliyini şübhə altına alır. Bu mövqedən çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin və apellyasiya şikayətinin dəlilləri olaraq istinad olunan bu sübutlar iddianın təmin edilməsi üçün mötəbər sübut növü olaraq dəyərləndirilə bilməz.
57. Şikayətin Azərbaycan Beynəlxalq Bankı ASC-nin xx.xx.2007-xx.xx.2011-ci illərdəki hesabdan çıxarışına əsasın Cavabdehnə hesabına 335.263,00 ABŞ dolları məbləğində vəsait daxil olması və həmin vəsaitin İddiaçı tərəfindən borc müqaviləsinə uyğun mədaxil edilməsi barədə dəlilini də məhkəmə həmin hissdə iddianın təmin edilməsi üçün yetərli sübut hesab etmir. Belə ki, Cavabdeh hesabına həmin məbləğdə pul vəsaitinin daxil olması bu məbləğin İddiaçı aid olmasını göstərmir. Qeyd edildiyi kimi kredit (borc) götürülməsinə dair əqdlərin bağlanması MMC-nin ümumi yığıncağının səlahiyyətin aid olmaqla, həmin orqanın qərarı əsasında həyata keçirilə bilərdi.
58. Bundan əlavə, iddiaçı tərəfindən Kapital Bank ASC-də olan şəxsi hesabından çıxarış məhkəməyə təqdim edilərək göstərilən vəsaitlərin MMC-nin hesabına köçürüldüyü bildirilmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir edir ki, həmin hesabdan çıxarışlar 2009-2018-ci illəri əhatə etməklə iddiaçının şəxsi hesabına mədaxil olunmuş məbləği əks etdirir. Həmin şəxsi hesabdan MMC-nin hesabına pul vəsaitinin məxaric olunması görünmür. Belə olan halda həmin sənədlər iddiaçının cavabdehin hesabına pul köçürülməsini təsdiq edən sübut kimi qəbul edilə bilməz.
59. Məhkəmə kollegiyası eyni zamanda Cavabdeh MMC tərəfindən əmlakların əldə edilməsi, bağların salınması, texnikaların alınmasını hansı vəsait hesabına əldə edildiyini təsdiq edən hər hansı bir sübut təqdim edə bilməməsi barədə şikayətin dəlilini də əsassız hesab edir və bildirir ki, yuxarıda göstərildiyi kimi sübuta yetirmə yükü ilk növbədə iddia edənin üzərinə düşməklə, cavabdeh tərəfin etirazı ilə bağlı sübut təqdim etməməsi iddianın təmin edilməsinin əsası kimi çıxış edə bilməz.
60. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı apellyasiya şikayətinin dəlillərində məhkəmənin gəldiyi nəticənin işdə olan sübutlarla ziddiyyət təşkil etdiyini bildirsə də kollegiyanın qənaətincə iddiaçının şikayətinin dəlilləri formal mülahizədir, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.
61. Beləliklə, şikayətin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
62. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-382, 384.0.1, 392,393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 02 mart 2023-cü il tarixli 2-2(119)-81/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.