Məhkəmə qərarları › İş №2-2(105)-93/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-93/2020

01.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-93/2020 01.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası, Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər X2 və X1 ibarət tərkibdə, Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı “pul tələbi”nə dair kommersiya işi ilə bağlı Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)- 491/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə 31 avqust-xx xxxxxxxx 2020-ci il tarixdə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-491/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır. (hakim Z.Sadiqov) Qərardaddan narazı qalan İddiaçı şikayət verərək, Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-491/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 2.0.7-ci maddəsinə əsasən, hüquqi şəxslərin dövlət qeydiyyatı - Azərbaycan Respublikasının ərazisində hüquqi şəxs statusu almaq istəyən qurumların, habelə xarici hüquqi şəxslərin Azərbaycan Respublikasının ərazisində yaratdıqları nümayəndəlik və ya filialların hüquq qabiliyyətinin təsdiq edilməsi, hüquqi statusunun müəyyənləşdirilməsi və onlar barəsində məlumatların (qeydlərin) hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsidir. Beləliklə, sözügedən qanunun müddəasına əsasən, xarici hüquqi şəxsin filialı Azərbaycan Respublikasının ərazisində dövlət qeydiyyatına alındıqda onun hüquq qabiliyyəti Azərbaycan Respublikasında tanınır. Hüquq qabiliyyəti dedikdə şəxsin hüquqlara malik olmaq və vəzifələr daşımaq qabiliyyəti başa düşülür. Həmin qanunun 13.1-ci maddəsinə əsasən, dövlət qeydiyyana alınmış hüquqi şəxsə, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialına Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun dövlət qeydiyyatına alınmasını təsdiq edən sənəd dövlət qeydiyyatı haqqında şəhadətnamə verilir. Həmin Qanunun 13. 2–ci maddəsinə əsasən, dövlət qeydiyyatına alınmış hüquqi şəxs, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialı barəsində dövlət reyestrinə daxil edilmiş məlumatlar dövlət reyestrindən çıxarışla təsdiq edilir. Bundan başqa, artıq məhkəmə təcrübəsində də hüquqi şəxs olmayan tərəflərin cavabdeh kimi qəbul edilməsi adi hala çevrilmişdir. Məsələn, “Azəriqaz” İstehsalat Birliyinin nəzdində olan rayon istismar sahələri hüquqi şəxs olmadıqları halda, işəgötürən kimi yüzlərlə işlərdə cavabdeh kimi cəlb edilmişlər. Həmçinin Bakı Kommersiya Məhkəməsi tərəfindən xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin tərəf olduğu işlərə baxılmışdır. “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2019-cu il tarixli Fərmanının 3.2-ci bəndinə əsasən məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyi təmin edilməlidir. Bundan başqa, iddiaçı ilə müqavilə məhz “Hydroserv Caspian LTD” şirkənin Azərbaycan Respublikasındakı filialı ilə bağlanılmış və həmin müqavilənin 6.2-ci maddəsinə əsasən, tərəflər arasında mövcud münaqişələr Azərbaycan Respublikasının məhkəmələri tərəfindən baxılmalıdır. Beləliklə, qərardadla sərgilənmiş formal mülahizələrə əsaslanan mövqe iddiaçının AR Konstusiyasının 60-cı maddəsi ilə qorunan məhkəmə müdafiəsi təminatı hüququnu kobudcasına pozur. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-491/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir.(hakim Z.Sadiqov) Sumqayıt Apelyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq icraata qəbul edilmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil şikayəti müdafiə edib onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi və bildirdi ki, filial yaranmış və müqavilə filialla bağlanmışdır. Kevin Roberts isə həmin filialın direktorudur. Hüquq qabiliyyəti hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətini nəzərdə tutur. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən xarici hüquqi şəxsin filialı Azərbaycan Respublikasının ərazisində dövlət qeydiyyatına alındıqda onun hüquq qabiliyyəti Azərbaycan Respublikasında tanınır. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını və şikayəti araşdıraraq hesab edir ki, şikayət ərizəsi təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, İddiaçı 9498.85 (doqquz min dörd yüz doxsan səkkiz manat səksən beş qəpik) manat əsas borcu, 109.79 (yüz doqquz manat 79 qəpik) manat cəriməni, 150 (yüz əlli) manat vəkil xərcini və 30 manat məbləğində dövlət rüsumunu, cəmi 9788.64 manat pul məbləğini mübahisələndirmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli e-2-2(119)- 491/2020 saylı qərardadı ilə hazırki iddia ərizəsi ilə cavabdeh qismində göstərilmiş Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialı hüquqi şəxs olmadığından, mülki icraatda (kommersiya mübahisəsi üzrə icraatda) tərəf kimi, yəni cavabdeh qismində çıxış edə bilməməsi əsas gətirilərək iddia ərizəsi geri qaytarılmışdır. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələbləri baxımından “Filial” yəni hazırki iş üzrə Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialı öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyətinə (mülki prosessual fəaliyyət qabiliyyətinə) malik deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinə əsasən, hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 45.1-ci maddəsinə əsasən, hüquqi şəxs onun təsis edilməsi və nizamnaməsinin hazırlanması yolu ilə yaradılır və 47.1-ci maddəsinə əsasən hüquqi şəxsin təsisçiləri tərəfindən təsdiq edilmiş nizamnaməsi hüquqi şəxsin təsis sənədidir. Həmin Məcəllənin 53 və 54-cü maddələrinə əsasən, filial, nümayəndəlik və idarə hüquqi şəxs deyildir və onlar hüquqi şəxsin təsdiq etdiyi əsasnamə üzrə fəaliyyət göstərirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 49.1-ci maddəsinə əsasən, öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Həmin Məcəllənin 149.2.2-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin Mülki- Prosessual Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Şikayətin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, mövcud hüquq sisteminə aid hüquq sahələrində (Mülki Məcəllədə, MülkiProsessual Məcəllədə və s.) “hüquq qabiliyyəti” və “fəaliyyət qabiliyyəti” fərqli institutlar kimi müəyyən olunmuş və onların hər biri özünəməxsus müvafiq mahiyyət və məzmun daşıyır. Yəni, “hüquq qabiliyyəti” – “hüquqlara malik olmaq və vəzifələr daşımaq” qabiliyyəti olduğu halda, “fəaliyyət qabiliyyəti” - “şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək” qabiliyyətidir. Həmçinin, mülki icraatın (kommersiya mübahisəsi üzrə icraatın) prosessual qaydalarını müəyyən edən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində də proses iştirakçılarının “Mülki prosessual hüquq qabiliyyəti” və “Mülki prosessual fəaliyyət qabiliyyəti” fərqləndirilərək, bunun üçün Məcəlləyə ayrı-ayrılıqda 48-ci və 49-cu maddələr daxil edilmişdir. Yəni, “mülki prosessual hüquq qabiliyyətinin” təsbit olunduğu MPM-nin 48-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki prosessual hüquq qabiliyyəti) malikdir. “Mülki prosessual fəaliyyət qabiliyyətinin” təsbit olunduğu MPM-nin 49-cu maddəsində isə göstərilir ki, öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Göründüyü kimi, “mülki-prosessual fəaliyyət qabiliyyəti” və “hüquq qabiliyyəti” fərqli anlayışlardır və Mülki-Prosessual Məcəllədə mülki-prosessual fəaliyyət qabiliyyəti - tam həcmdə yetkinlik yaşına çatmış fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsus olan “məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq” qabiliyyətidir. Yuxarıda qeyd olunanlara əsasən müəyyən olunur ki, iddia ərizəsində cavabdeh qismində göstərilmiş Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialı - mülki icraatda (kommersiya mübahisəsi üzrə icraatda) tərəf kimi iştirak edə bilməz və bununla əlaqədar hazırkı şikayətdə göstərilənlər əsassızdır. Yəni, hər hansı bir hüquqi şəxsin “Filialı” kimi qeydə alınaraq, mülki münasibətlərdə “Filial” olaraq çıxış edən subyekt - Mülki-Prosessual Məcəllənin tələblərinə görə mülki-prosessual fəaliyyət qabiliyyətinə malik olmadığı üçün kommersiya mübahisəsi üzrə icraatda cavabdeh və yaxud, iddiaçı ola bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Kollegiya qeyd edir ki, iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən Mülki Prosessual Məcəllənin 149-cu maddəsinin tələblərinə uyğun olaraq cavabdehin adının və ünvanının iddia ərizəsində düzgün müəyyən edilərək göstərilməsi - iddiaçının vəzifəsi olduğuna görə, həmin maddənin tələbləri pozulduğu üçün Sumqayıt Kommersiya Məhkəməsinin iddia ərizəsinin iddiaçıya geri qaytarılması barədə gəldiyi nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikası MPM-nin 398-ci maddəsinə əsasən аpellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149-152, 263- 264, 395-396, 398, 400-cü, 401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-491/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Zaur Məmmədov Hakimlər Telman Məmmədov Məhəmmədəli Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar