Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-93/2023 17.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər X1 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “Granum Group” LLC şirkətinə qarşı “pul” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, e-2-2(119)-540/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında yazılı icraatda baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh “Granum Group” LLC şirkətinə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 18 aprel 2023-cü il tarixli e-2-2(119)- 540/2023 nömrəli qərardadı ilə iddia ərizəsi iddiaçıya geri qaytarılmışdır. İddiaçı həmin qərardaddan şikayət vermişdir. Şikayət aşağıdakı dəlillərlə əsaslandırılmışdır: - tərəflər arasında bağlanan 05 mart 2021-ci il tarixli GR-34-SUM nömrəli və 20 aprel 2021-ci il tarixli GR-35-SUM nömrəli müqavilələrdə istehlakçı "xxxx" MMC-dir. Həmin müqavilələrə əsasən 8000 və 4200 ton Rusiya mənşəli ərzaq buğdası göndərilməli idi ki, GRANUM GROUP LLC şirkəti göndərməmişdir və bununla da istehlakçıya qabaqcadan avans köçürülmüş valyutanın qalıq 860,096.50 (səkkiz yüz altmış min doxsan altıABŞ dolları əlli sent) ABŞ dolları məbləğində ziyan dəymişdir. Bu valyutanın qaytarılması ilə əlaqədar istehlakçı, yəni "xxxx" MMC olduğu ölkəsinin hüququndan istifadə etməklə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etməkdə haqlıdır. - iddiaçı "xxxx" MMC Azərbaycan Respublikasında təsis edilmişdir və bu ölkənin hüququ onun istinad etdiyi qanun hesab olunur. Müqavilələrin icra yeri Azərbaycan Respublikası olduğu üçün bu ölkənin qanununa istinad etməklə Sumqayıt Kommersiya Məhkəməsində müdafiəsini qurmaqda haqlıdır. - Sumqayıt Kommersiya Məhkəməsi qərardadında maddi hüquq normalarına istinad etməmişdir. Halbuki xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq bu Qanunla bərabər, həm də digər müvafiq qanunvericilik aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və ümumi qəbul olunmuş beynəlxalq adətlər, habelə tərəflərin razılığı əsasında müəyyən edilir. Bundan başqa, hazırki mübahisə üzrə tətbiq ediləcək hüququ müəyyən etmək barədə tərəflərin razılığı aydın ifadə olunmuşdur və bütövlükdə götürülməklə müqavilələrin şərtlərindən, işin hallarından və bilavasitə GRANUM GROUP LLC şirkətinin direktoru M. Wadell xx.xx.2022ci il tarixli məktubunda irəli gəlməlidir. - məhkəmə müqavilələrin “Satıcı və Alıcı bu Müqavilənin həyata keçirilməsi ilə bağlı bütün mübahisələrin və fikir ayrılıqlarının dostcasına həll edilməsi üçün tədbirlər görəcəklər” hissəsini düzgün qəbul etməmişdir. Mübahisəyə baxılması ilə iddiaçı və cavabdeh arasında hər hansı bir fikir ayrılığına dair sübutlar mövcud deyildir. Məhkəmənin bu Qanunu tətbiq etməklə yanaşı, məhkəmə tərəfindən tətbiq olunmalı hüququn müəyyən edilməsi barədə müddəalarını belə səlahiyyətləri daşıyan digər orqanlar da tətbiq etməlidirlər. -GRANUM GROUP LLC şirkəti "xxxx" MMC ilə bərabər müvafiq olaraq mülki hüquq və fəaliyyət qabiliyyətinə malikdir. Tərəflər arasında bağlanan 05 mart 2021-ci il tarixli GR- 34-SUM nömrəli və 20 aprel 2021-ci il tarixli GR-35-SUM nömrəli müqavilələrin forması hüquqa zidd olmadığından etibarlıdır. Həmin müqavilələrdə müqavilənin bağlanma yeri göstərilməmişdir. Qeyd edildiyi kimi, müqavilələrin icra yeri malın idxal olunan yeri Azərbaycan Respublikası olduğu üçün və GRANUM GROUP LLC şirkətinin direktoru M. Wadell xx.xx.2022-ci il tarixli məktubunda müqavilə üzrə bir tərəfin digər tərəfə iddia və etirazlarında öhdəliklərin icra olunduğu ölkənin qanunlarının tətbiq edilməsi bəyanatı tam hüquq verir ki, iddiaçı təsis edildiyi ölkənin qanunlarına istinad etməklə yerli məhkəməyə müraciət etsin. - GRANUM GROUP LLC şirkəti "xxxx" MMC həm bütövlükdə müqavilələr üçün, həm da onların ayrı-ayrı hissələri üçün tətbiq olunmalı hüququ seçə bilərlər. Qanuna əsasən tərəflər tətbiq olunmalı hüququ istənilən vaxtda, o cümlədən müqavilənin imzalandığı vaxt və ya ondan sonra seçə bilərlər. Tərəflər həm də istənilən vaxt müqavilə ilə əlaqədar tətbiq olunan hüququn dəyişilməsi barədə razılığa gələ bilərlər. Müqavilənin icra üsullarına və proseduralarına, habelə onun lazımi qaydada icra edilməməsi ilə əlaqədar görülən tədbirlərə münasibətdə tətbiq olunan hüquqdan əlavə, icranın keçirildiyi ölkənin hüququ da nəzərə alınmalıdır. Yuxarıdakı dəlillərdən və əlavə edilən sübutlardan göründüyü kimi, müqavilələr üzrə icranın həyata keçiriləcəyi ölkənin hüququ nəzərə alınmışdır. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-540/2023 xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. (hakim Həlimə Alıyeva) Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytarmış və hesab etmişdir ki, ddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən ərazi aidiyyəti qaydalarına riayət edilmədən verilmişdir. Belə ki, cavabdeh hüquqi ünvanı 570 Lexington Avenue 15th X3. NY, 10022 (USA) olan “Granum Group” LLC şirkəti olmaqla xarici şəxsdir və onun Azərbaycan Respublikasında olduğu yer olması iş materialları ilə müəyyən edilmir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. Kollegiya gəldiyi nəticəni aşağıdakı normalara istinad etməklə əsaslandırır: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 35.2. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Maddə 440. Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. Maddə 443.0. Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan həmçinin aşağıdakı işlərə baxmağa haqlıdır: 443.0.1. iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yer olduqda; 443.0.2. xarici şəxslərin idarəçilik orqanı, filialı və ya nümayəndəliyi Azərbaycan Respublikasının ərazisində olduqda; 443.0.3. cavabdeh Azərbaycan Respublikasının ərazisində əmlaka malik olduqda; 443.0.4. aliment alınması və atalığın müəyyən edilməsi işlərində iddiaçı Azərbaycan Respublikasının ərazisində yaşayış yerinə malik olduqda; 443.0.5. yetirilən xəsarətlə, sağlamlığın başqa cür pozulması və ya ailəni dolandıranın ölümü ilə əlaqədar ziyanın ödənilməsinə dair işlərdə ziyan Azərbaycan Respublikasının ərazisində vurulduqda və ya iddiaçı Azərbaycan Respublikasının ərazisində yaşayış yerinə malik olduqda; 443.0.6. əmlaka vurulan ziyanın ödənilməsi işlərində ziyanın ödənilməsi haqqında tələbin verilməsi üçün əsas olan hərəkət və ya digər hal Azərbaycan Respublikasının ərazisində baş verdikdə; 443.0.7. iddia icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəldikdə; 443.0.8. iddia Azərbaycan Respublikasının ərazisində baş vermiş əsassız varlanmadan irəli gəldikdə; 443.0.9. nikahın pozulması işlərində iddiaçı Azərbaycan Respublikasında yaşayış yerinə malik olduqda və ya ər-arvaddan heç olmazsa biri Azərbaycan Respublikasının vətəndaşı olduqda; 443.0.10. şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi işlərində iddiaçı Azərbaycan Respublikasında yaşayış yerinə malik olduqda; 443.0.11. vəsiyyət edənin ölən vaxt yaşayış yeri, gəldiyi yer Azərbaycan Respublikasında olarsa və yaxud vəsiyyət edənin əmlakı Azərbaycan Respublikasında olduqda vərəsəlik işləri. Maddə 450.1. Azərbaycan Respublikasının məhkəməsi bu bölməyə uyğun olaraq səlahiyyətli olmamasına baxmayaraq, tərəflər Azərbaycan Respublikası məhkəməsinin beynəlxalq səlahiyyətləri barədə razılığa gələ bilərlər. Belə razılıq yazılı şəkildə olmalıdır. Maddə 450.2. Tərəflərdən birinin xarici ölkədə yaşayış yeri, iş yeri və ya onun adətən olduğu yer varsa, tərəflər bu Məcəllənin 450.1-ci maddəsinə müvafiq olaraq xarici dövlətin məhkəməsinin beynəlxalq səlahiyyəti barədə razılığa gələ bilərlər. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “Granum Group” LLC şirkəti arasında bağlanmış 05 mart 2021-ci il tarixli GR-34-SUM nömrəli və 20 aprel 2021-ci il tarixli GR-35-SUM nömrəli müqavilələrinə əsasən tərəflər arasında yaranmış mübahisələrin həlli ilə bağlı GAFTA-ya müraciət edilməsi nəzərdə tutulmuşdur. Yəni tərəflər arasında bağlanmış müqavilədə də Azərbaycan Respublikası məhkəməsinin beynəlxalq səlahiyyətləri barədə razılığa gəlməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinin tələblərinə görə, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə - ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılır. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398-ci maddəsinə əsasən аpellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALİR: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 18 aprel 2023-cü il tarixli e-2-2(119)- 540/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(105)-93/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-93/2023
17.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver