Məhkəmə qərarları › İş №2-2(105)-93/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-93/2025

03.09.2025 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-93/2025 03.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, Maraqlı şəxs nümayəndəsi vəkil Nümayəndə3 iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı verilmiş “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəsinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 10 iyun 2025-ci il tarixli, e-2-2(119)-952/2025 nömrəli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək "xxxx" Mənzil Tikinti Kooperativinin (VÖEN: **********) 14 may 2025-ci il tarixinə hesablanmış dövlət büdcəsinə olan 883.204,84 (səkkiz yüz səksən üç min iki yüz dörd manat, səksən dörd qəpik) manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri - xx xxxxx 1981-ci il təvəllüdlü Maraqlı şəxs “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 10 iyun 2025-ci il tarixli, e-2-2(119)-952/2025 nömrəli qətnaməsi ilə ərizənin təmin edilməsi, 14 may 2025-ci il tarixinə hesablanmış 883.204,84 (səkkiz yüz səksən üç min iki yüz dörd manat, səksən dörd qəpik) manat məbləğində vergi borcunun dövlət büdcəsinə ödənilənədək vergi ödəyicisi "xxxx" Mənzil Tikinti Kooperativinin (VÖEN: **********) icra orqanının rəhbəri - xx xxxxx 1981-ci il təvəllüdlü Maraqlı şəxs (FİN: xxxxxxx) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qət edilmişdir (hakim Fərman Həmidli). Sumqayıt Kommersiya Məhkəməsinin 10 iyun 2025-ci il tarixli, e-2-2(119)-952/2025 nömrəli qətnaməsindən Maraqlı şəxs tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin tamamilə ləğv edilməsi və ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizənin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsində isitinad olunan hallar məhkəmə iclasında maraqlı şəxsin iştirakı ilə tədqiq olunmamışdır.Həmin ərizəyə məhkəmə maraqlı şəxsin iştirakı olmadan baxmış və bununla da Maraqlı şəxs məhkəmə müdafiəsindən istifadə hüququ pozulmuşdur. "xxxx" Mənzil Tikinti Kooperativinin 14 may 2025-ci il tarixinə hesablanmış dövlət büdcəsinə olan 883.204,84 manat məbləğində vergi borcunun 260. 000(iki yüz altmış min) manatı dövlət büdcəsinə ödənilmiş və hal-hazırda "xxxx" Mənzil Tikinti Kooperativinin dövlət büdcəsinə olan borcu 623.204,84 manatdır.Bu borcun bir hissəsi məhkəmədə işə baxılarkən ödənilmişdir ki, bu hallara məhkəmə tərəfindən qətnamə çıxarılarkən qiymət verilməmişdir. İş materiallarında olan və əlavə olaraq təqdim etdiyi sənədlərdən görünür ki, maraqlı şəxsin ölkədən çıxmaq hüququnun məhdudlaşdırılmasına əsas olan vergi borcunun bir hissəsinin dövlət büdcəsinə ödənilməsi hüquqi şəxs tərəfindən təmin olunmuşdur. Eyni zamanda təqdim olunmuş sənədlərdən görünür ki, maraqlı şəxsin həyat yoldaşı onkoloji xəstəlikdən əziyyət çəkir və onun Türkiyə Respublikasında müalicə olunması üçün mütəmadi olaraq ölkədən çıxmaq məcburiyyətindədir. Məhkəmə bütün bu hallara qiymət verməli olduğu halda, bunu etməmiş və əsassız olaraq maraqlı şəxsin ölkədən çıxmaq hüququnu məhdudlaşdırmışdır.Bununla da məhkəmə mülki prosessual qanunvericiliyin qətnamənin mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılması və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasına dair normasının tələblərini ciddi şəkildə pozmuşdur İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən Maraqlı şəxs nümayəndəsi vəkil Nümayəndə3 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq ərizəçinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir.Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə müəyyən olunur ki, vergi üzrə öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyinə görə Maraqlı şəxs icra orqanının rəhbəri olduğu hüquqi şəxs "xxxx" Mənzil Tikinti Kooperativinin 14 may 2025-ci il tarixinə hesablanmış dövlət büdcəsinə 883.204,84 manat məbləğində vergi borcu vardır və ona həmin borcun ödənilməsinə dair xəbərdarlıqlar edilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilən sübutlara qiymət verərək vergi ödəyicisi olan hüquqi şəxs Maraqlı şəxs vergi və digər məcburi dövlət ödənişləri üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyindən ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsinin ərizəsini əsaslı hesab etmiş və ərizəni təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarına əsasən, Vergi Məcəlləsinin 78.3-cü maddəsinin mənasına görə hüquqi şəxsin həyata keçirdiyi sahibkarlıq fəaliyyəti nəticəsində faktiki gəlirlər əldə edən, onun pul vəsaitinə, əmlakına faktiki sərəncam verən şəxs vergi ödəyicisi qismində vergi öhdəliklərini yerinə yetirən şəxs hesab edilir. Qanunvericiliyə əsasən, vergi borcu olan hüquqi şəxsin icra orqanının rəhbəri barədə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ərizəçinin hüququ olduğundan "xxxx" Mənzil Tikinti Kooperativinin dövlət büdcəsinə borcu yarandığı üçün onun icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ərizə ilə məhkəməyə müraciət edilmişdir. Buna görə də maraqlı şəxsin apellyasiya şikayətinin dəlillərində qeyd edilən "xxxx" Mənzil Tikinti Kooperativinin dövlət büdcəsinə borcun bir hissəsini ödəməsi ərizənin təmin edilməməsi üçün əsas deyildir. Belə ki, işin hallarına əsasən də müəyyən edilir ki, "xxxx" Mənzil Tikinti Kooperativinin dövlət büdcəsinə borcu tam ödənilməmişdir. Həmçinin maraqlı şəxsin həyat yoldaşının səhhəti ilə əlaqədar ölkə xaricinə çıxmalı olması da hüquqi şəxsin icra orqanının rəhbəri kimi onun öhdəliklərinin yerinə yetirilməməsi üçün əsas deyildir. Bundan əlavə maraqlı şəxsin nümayəndəsi və vəkilinin məhkəmə prosesində iştirakının təmin edilməməsinə dair dəlilinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, maraqlı şəxs bununla bağlı hər hansı mötəbər dəlilini məhkəməyə təqdim etməmiş, MPM-in 355-7.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə maraqlı olan şəxsin məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmadığından məhkəmə işə baxaraq yekun məhkəmə aktı qəbul etmişdir. “Sosial sığorta haqqında Azərbaycan Respublikası Qanununun 9-1.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən, bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Həmin Məcəllənin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanın hüququdur. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.3.6-1-ci maddəsinə əsasən, vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcları və faizləri, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarını ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək vətəndaşın ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.12-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlərə baxır. Həmin Məcəllənin 355-5.1-ci maddəsinə əsasən, Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-7.4-cü maddəsinə əsasən, Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslandığından əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 10 iyun 2025-ci il tarixli, e-2-2(119)-952/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar