Məhkəmə qərarları › İş №2-2(105)-96/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-96/2021

02.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-96/2021 02.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 16 aprel 2021-ci il tarixli, e-2-2(119)-456/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı QSC Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə Cavabdeh MMC arasında 06.08.2018-ci il tarixdə 01\8AZD nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 3-cü bəndinin tələbinə uyğun olaraq satılacaq meyvə-tərəvəz məhsulunu almaq üçün 30.05.2019-cu il tarixli, 106383847№-li ödəmə tapşırığı ilə 27.500 (iyirmi yeddi min beş yüz) manat və 30.05.2019-cu il tarixli, ********* nömrəli ödəmə tapşırığı əsasında 100.000 (yüz min) manat, cəmi 127.500 (yüz iyirmi yeddi min beş yüz) manat məbləğində pul avans olaraq cavabdehin “Ziraat Bank Azərbaycan ASC”-dəki bank hesabına ödənilmişdir. Həmin müqavilənin 7-ci bəndinə əsasən cavabdehin hesabına ödənilmiş 127.500 (yüz iyirmi yeddi min beş yüz) manat məbləğində pulun müqabilində cavabdeh tərəfindən İddiaçı QSC-yə göndərilməli olan meyvə-tərəvəz məhsulları heç bir fors-major hadisəsi baş verməməsinə baxmayaraq, bu günə qədər göndərilməmiş, nə də göndərilməməsinin səbəbi barədə İddiaçı QSC-yə məlumat verilməmişdir. Müqavilənin şərtləri pozulduğuna görə Cavabdeh MMC-nin bank hesabına ödənilmiş 127.500 (yüz iyirmi yeddi min beş yüz) manat məbləğində pulun İddiaçı QSC-nə qaytarılması barədə cavabdehin əməkdaşlarına dəfələrlə şifahi olaraq, 21.11.2020-ci il tarixdə isə yazılı şəkildə pretenziya qaydasında müraciət edilməsinə baxmayaraq, ödənilmiş pulun geri qaytarılması barədə bu günə qədər heç bir tədbir görülməmişdir. Eyni zamanda, məhkəməyə təqdim edilən iddia ərizəsinin surəti cavabdehə poçt vasitəsi ilə göndərilmiş, cavabdeh həmin iddia ərizəsinin surətini 06.01.2021-ci il tarixdə poçtdan qəbul etmiş, ancaq heç bir cavab verməmişdir. Göstərilənlərə əsasən, iddiaçı məhkəmədən 127.500 (yüz iyirmi yeddi min beş yüz) manat məbləğində pulun Cavabdeh MMC-dən tutularaq İddiaçı QSC-nin "xxxx" ASC-nin Gəncə filialındakı hesab nömrəsinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 16 aprel 2021-ci il tarixli, e-2-2(119)- 456/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh MMC-dən 127.500 (yüz iyirmi yeddi min beş yüz) manat məbləğində pulun tutularaq, İddiaçı QSC-nin VÖEN:**********, H\hes: AZ37PAHA40070AZNHC**********, "xxxx" ASC Gəncə Filialı, VÖEN**********, KOD- 511845, M/H-AZ82NABZ********************, SWİFT: PAHAAZ22 hesabına ödənilməsi qət edilmişdir. (hakim X.Tağıyev). Qətnamədən narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. apelyasiya şikayətinin dəlilləri: Həqiqətən “Şirin AQRO" QSC ilə “ECOFRUİT' MMC arasında 06.08.2018-ci il tarixli 01/8AZD nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasında “Şirin AQRO" QSC şirkətə 127500 (yüz iyirmi yeddi min beş yüz) manat məbləğində meyvə məhsullarının alınması ilə bağlı pul köçürmüş, əvəzində şirkət “Şirin AQRO" QSC-na 04 avqust 2019-cu il tarixdə ******* qaimə faktura ilə 29080 (iyirmi doqquz min səksən) manatlıq, 23 avqust 2019-cu il tarixdə ******* nömrəli qaimə faktura ilə 30905 (otuz min doqquz yüz beş) manatlıq, 20 iyul 2019-cu il tarixdə ******* nömrəli qaimə faktura ilə 14463 (on dörd min dörd yüz altmış üç) manatlıq, 29 iyul 2019-cu il tarixdə ******* nömrəli qaimə faktura ilə 14399 (on dörd min üç yüz doxsan doqquz) manatlıq, 02 fevral 2019-cu il tarixdə ******* nömrəli qaimə faktura ilə 23275 (iyirmi üç min iki yüz yetmiş beş) manatlıq, 09 sentyabr 2019- cu il tarixdə ******* nömrəli qaimə faktura ilə 18892 (on səkkiz səkkiz doxsan iki) manatlıq, 27 noyabr 2019-cu il tarixdə ******* nömrəli qaimə faktura ilə 31654 (otuz bir min altı yüz əlli dörd) manatlıq, yəni 162668 (yüz altmış iki min altı yüz altmış iki) manatlıq meyvə məhsulu vermişdir. Göründüyü kimi, artıq miqdarda meyvə məhsulunu iddiaçıya təhvil vermişlər. Həmin meyvə məhsullarının verilməsinə “Şirin AQRO" QSC tərəfindən təhvil alınmasına dair qaimələr də apelyasiya şikayətinə əlavə edilmişdir. Sumqayıt Kommersiya Məhkəməsi məhkəməsi iclasının vaxtı və yeri barədə onlara məlumat verməmiş, nəticədə məhkəmədə müdafiə hüququndan məhrum edilmişlər. tərəflərin izahatları: Apelyasiya baxışı zamanı cavabdehin vəkili apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, Apelyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını və apelyasiya şikayətinin rədd edilməsini xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq və iddiaçının və cavabdehin vəkillərinin izahatlarını dinləyib hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 06 avqust 2018-ci il tarixli, 01/18AZD nömrəli alqı-satqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh MMC müqavilə ilə müəyyən edilmiş şərtlər çərçivəsində müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavələrdə öz əksini tapmış malları, o cümlədən meyvə-tərəvəzi alıcıya İddiaçı QSC-yə satmağı, alıcı isə həmin malları qəbul edib onların dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci bəndində bu müqavilə üzrə alınan malların dəyərinin alıcı tərəfindən 100% həcmində avans olaraq həyata keçirilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan ********* №-li, 30 may 2019-cu il tarixli ödəmə tapşırığından görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh MMC-nin bank hesabına 27.500 manat ödəniş olunmuşdur. İş materiallarında olan ********* №-li, 30 may 2019-cu il tarixli ödəmə tapşırığından görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh MMC-nin bank hesabına 100.000 manat ödəniş olunmuşdur. İş materiallarında olan pretenziya məktubundan görünür ki, iddiaçı tərəfindən Cavabdeh MMC-yə müraciət olunaraq, aralarında bağlanan müqaviləyə əsasən İddiaçı QSC tərəfindən ödənilmiş 127.500 manat məbləğində pulun qaytarılması tələb edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və İddiaçı QSC tərəfindən cavabdehdən alacağı meyvə-tərəvəz məhsullarının müqabilində Cavabdeh MMC-nin bank hesabına 127.500 manat məbləğdə ödəniş edilməsinə, lakin cavabdehin nəzərdə tutulmuş malları İddiaçı QSC-yə göndərməməsinə, müqavilə üzrə öhdəliyini yerinə yetirməməsinə əsaslanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. Cavabdehin əsas dəlili apelyasiya şikayətinə əlavə olunmuş 7 ədəd qaimə faktura, 4 ədəd təhvil-təslim aktıdır. Məhkəmə kollegiyası tərəfindən həmin qaimə fakturalar və təhvil-təslim aktları araşdırılmış və müəyyən edilmişdir ki, qaimə fakturalarda malı təhvil verən kimi “D” göstərilmişdir. Təhvil alan kimi isə “Şirin-aqro”, Hümmətov Qalib, Hümmətov Elnur (Qalib), Qalib (Şirin Aqro) qeyd olunmuşdur. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında verdiyi izahatında bildirmişdir ki, D firması və Ecofruit MMC bir holdinqin tərkibinə daxildirlər. İddiaçı ilə cavabdeh arasında uzunmüddətli əməkdaşlıq olub. Cavabdehin vəkili həmçinin “D.X2” MMC ilə İddiaçı QSC arasında bağlanmış 04.07.2009-cu il tarixli AZD009/19 saylı alqı-satqı müqaviləsinin surətini məhkəmə kollegiyasına təqdim etmişdir. Kollegiya qeyd edir ki, müqavilənin 3.1-ci bəndində bu müqavilə üzrə alınan malların dəyərinin alıcı tərəfindən 100% həcmində avans olaraq həyata keçirilməsi nəzərdə tutulmuşdur. 02.02.2019-cu il tarixli qaimə faktura isə həmçinin bu səbəbdən hazırki müqaviləyə aid ola bilməz. Çünki müqavilənin 3.1-ci bəndi və iddiaçı tərəfindən 125 min manatın avans olaraq 30.05.2019-cu il tarixdə cavabdehə ödənilməsi nəzərə alınsa, 02.02.2019-cu il tarixdə avans ödənilmədən iddiaçıya mal verilməsi müqavilə şərtləri ilə ziddiyyət təşkil edir. Bundan başqa, avansa uyğun olaraq 125.000 manat həcmində qaimə-faktura olmalı olduğu halda, qaimələrin ümumi məbləği 125.000 manatdan çox-162668 (yüz altmış iki min altı yüz altmış iki) manat təşkil edir ki, bu da bir daha həmin qaimələrin hazırki iş üzrə mübahisələndirilən borcla bağlı olmasını istisna edir. Cavabdehin vəkilinin istinad etdiyi 4 təhvil-təslim aktı ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, həmin aktların da hazırki mübahisə üzrə bilavasitə bağlılığı müəyyən olunmur. Belə ki, həmin aktlarda da təhvil verən “D.X2” MMC ilə müxtəlif təhvil alanlar- X1, Hümmətov Elnur arasında alınmış mallarda qüsurların aşkar olunmaması qeyd olunmuşdur. Beləliklə nə “D.X2” MMC ilə İddiaçı QSC arasında bağlanmış 04.07.2009-cu il tarixli AZD009/19 saylı alqı-satqı müqaviləsinin, nə qaimə-fakturaların, nə də aktların İddiaçı QSC ilə Cavabdeh MMC arasında bağlanmış 06.08.2018-ci il tarixdə 01\8AZD nömrəli alqı-satqı müqaviləsi ilə bağlılığı və hazırki müqavilə üzrə cavabdeh tərəfindən öhdəliyin icra olunması sübuta yetirilməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 568.1-ci maddəsinə əsasən satıcı alqısatqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və həmin Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2 və 445.2.1-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Ona görə də apelyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərclərinin bölüşdürülməsi prinsipinə uyğun olaraq apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. NƏTİCƏ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh MMC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-456/2021 saylı, 16 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən ödənilmiş 15 manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: ünvan 2mmersiya Kollegiyasına (ünvan: ünvan 3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar