Məhkəmə qərarları › İş №2-2(105)-97/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-97/2021

03.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-97/2021 03.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), Ağayev Rəşadət Əhməd oğlu və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Tahirova Lətafət Almazxan qızının katibliyi, İddiaçı nümayəndəsi X1 və cavabdeh “Sumqayıt şəhəri 29 saylı Təmir Tikinti Tresti”nin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh “Sumqayıt şəhəri 29 saylı Təmir Tikinti Tresti”nə qarşı borcun ödənilməsi tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-50/2021 saylı, 29 mart 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-50/2021 saylı, 29 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh “Sumqayıt şəhəri 29 saylı Təmir Tikinti Tresti”ndən 71421.30 manat borcun tutularaq İddiaçınə ödənilməsi, iş üzrə iddia ərizəsinın məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun 1 manatının iddiaçıya aid edilməsi, 29 manatın isə cavabdeh “Sumqayıt şəhəri 29 saylı Təmir Tikinti Tresti”ndən tutularaq İddiaçınə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. (hakim Zahid Məmmədov) Qətnamədən cavabdeh “Sumqayıt şəhəri 29 saylı Təmir Tikinti Tresti” apelyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: İddiaçı cavabdehə qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 75674 manat məbləğində borc pulun, ona hesablanmış 3783,7 manat məbləğində faiz borcunun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri 29 saylı Təmir Tikinti Tresti ilə İddiaçı MMC arasında 10 avqust 2019-cu il tarixli 010/TTT nömrəli alğı-satqı müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə və həmin müqaviləyə əlavə olaraq hazırlanmış qiymətlərin razılaşdırılması protokoluna və 14 avqust 2019-cu il tarixli ******* nömrəli və 14 avqust 2019-cu il tarixli ******* nömrəli qaimə-fakturalara əsasən 75674 AZN dəyərində inşaat materialları Sumqayıt şəhəri 29 saylı Təmir Tikinti Trestinə satılmış (“Alıcı”) və təhvil verilmişdir. Həmin müqavilənin 3.1-ci bəndindən də göründüyü kimi həmin malların “Alıcı”ya təhvil verilməsindən etibarən 3 (üç) iş günü ərzində “Alıcı” malterialların dəyərini İddiaçı MMC-yə (“Satıcı”) köçürmə yolu ilə ödəməyi öhdəsinə götürür. Lakin, buna baxmayaraq bu günə kimi də həmin materialların dəyəri onlara ödənilməmişdir. Halhazırda alğı-satqı müqaviləsi üzrə borc məbləği 75674 AZN təşkil edir. Qeyd edilən müqavilənin və qanunvericiliyin tələbləri cavabdeh tərəfindən kobud şəkildə pozulmuşdur. Borcun ödənilməsi və mübahisənin barışıq yolu ilə həll edilməsi üçün cavabdehə müraciət edilsə də, heç bir nəticəsi olmamışdır. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh “Sumqayıt şəhəri 29 saylı Təmir Tikinti Tresti” qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlili bundan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsinin araşdırması zamanı bildirmişdir ki, “Sumqayıt şəhəri 29 saylı Təmir Tikinti Tresti”nin direktoru X3 29 saylı Təmir Tikinti Trestinə 17.08.2019-cu il tarixdə müdir vəzifəsinə təyin edilmiş, təyin edildiyi vaxtdan heç bir təşkilatlarla alğı-satqı mübadiləsi olmamış, o cümlədən İddiaçı MMC ilə heç bir alğı-satqı hərəkətlərinin icra olunmadığı bildirilsə də, birinci instansiya məhkəməsi İddiaçı MMC ilə 10 avqust 2019-cu il tarixli 010/TTT nömrəli alğı-satqı müqaviləsi bağlanıldığını və 14.08.2019-cu ildə mal və materiallar alındığını (ümümi məbləğ: əsas 75674, ƏDV 13621,32), müqavilənin müddətinin 31.12.2020-ci il tarixdə bitdiyini, 03.02.2021-ci il tarixdə elektron qaimə-faktura göndərildiyini və sistem tərəfindən təsdiqləndiyini əsas gətirərək iddia tələbinin qismən təmin edilməsi nəticəsinə gəlmişdir. İddia tələbi üzrə tərəflər arasında heç bir müqavilə bağlanmamış, tərəflər arasında hər hansı bir öhdəlik münasibətləri yaranmamışdır. Çünki, tərəflər arasında hüquq münasibətlərinin, o cümlədən hüquq və vəzifələrin yaranması məqsədilə onların iradə ifadəsini əks etdirən yazılı müqavilənin olması zəruridir. Bu halın aydınlaşdırılması üçün birinci instansiya məhkəməsi tərəfindən tərəflər arasında bağlanmış 10.08.2019-cu il tarixli 010/TTT nömrəli alğı-satqı müqaviləsinin satıcı bölməsində olan hüquqi şəxsin rəhbəri tərəfindən imzalanması və möhürlənməsi halının müəyyən edilməsi üçün sənədlərin texniki ekspertizası təyin edilməmişdir. Bundan əlavə həmin dövrdə göstərilən borcdan, yəni 71421,30 manat borcdan 10000 manat "xxxx" MMC-nin direktoru X4 ödənilmiş, iddia ərizəsində öz əksini tapmamışdır və iddia ərizəsində qeyd olunan məbləğin 10000 manatı isə digər təşkilatın borcuda həmin məbləğə aid edilmişdir. Bu halların heç biri məhkəmə tərəfindən araşdırılmamışdır. "xxxx" MMC tərəfindən təqdim olunmuş 03.02.2021-ci il tarixli EBAW seriyalı 963160 nömrəli elektron qaimə 10 avqust 2019-cu il tarixli 010/TTT nömrəli müqavilənin müddəti bitdikdən sonra təqdim olunduğuna və qalıq borc 51421,30 manat təşkil etdiyinə görə Sumqayıt Kommersiya Məhkəməsinin qətnaməsi ləğv olunmalı və iddianın rədd olunması barədə qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 izahatında bildirdi ki, tərəflər arasında bağlanmış 10 avqust 2019-cu il tarixli alğı-satqı müqaviləsini mübahisələndirmir. "xxxx" MMC tərəfindən elektron qaimə göndərilmədiyindən pul ödənilməmişdir. Cavabdeh tərəf iddiaçıya olan borcunun ödənilməsindən imtina etmir. Hal-hazırda cavabdehin iddiaçıya 61410 manat borcu var. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 apelyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci və 327.7-ci maddələrinə əsasən apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası məruzəçi-hakimi və tərəflərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etmiş, gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567, 568.1, 596.1, 598.1, 600.1, 427.3, 442, 445.1, 448.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Birinci instansiya məhkəməsi qətnaməsində həmçinin göstərmişdir ki, Vergi Məcəlləsi mülki dövriyyə iştirakçıları arasında müqavilə münasibətləri üzrə öhdəliklərin icrasına dair münasibətləri deyil, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti müəyyən edən normativ hüquqi akt olduğundan iddiaçının yuxarıda qeyd edilən müddətdə elektron qaimə-faktura təqdim etməməsi cavabdeh tərəfindən alınmış malların dəyərinin ödənilməsindən boyun qaçırmağa əsas ola bilməz. Bu hal, bu və ya digər dərəcədə iddiaçının vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti üçün əsas kimi çıxış etsə də, cavabdehi Mülki Məcəllənin yuxarıda qeyd edilən normalarının tələblərinə əsasən alınmış malların dəyərini 03.02.2021-ci il tarixli EBAW seriyalı, 963160 nömrəli elektron qaimə əsasında ödəmək vəzifəsindən azad edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan iddiaçı ilə cavabdeh arasında bağlanmış 10.08.2019-cu il tarixli 10/TTT nömrəli alğı-satqı müqaviləsinin 1.1-ci bəndindən görünür ki, alıcı malmaterialın müəyyənləşdirilmiş pul məbləğini (qiymətini) ödəməyi, “Satıcı” isə malmaterialın “Alıcı”nın mülkiyyətinə verməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 2.2.1-ci bəndinə əsasən, mal-materialların vaxtında “Alıcı”-ya çatdıraraq onları akt əsasında təhvil vermək, keyfiyyətinə zəmanət vermək “Satıcı”nın vəzifəsidir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən bu müqavilənin şərtlərinə uyğun, mal-materialları “Satıcı”dan qəbul etmək “Alıcı”-nın vəzifəsidir. Həmin müqavilənin 3.1-ci maddəsinə əsasən bu müqavilə üzrə ödənişlər satıcının təqdim etdiyi elektron qaimə-faktura əsasında aparılır. “Alıcı” müqavilə məbləğinin 100 faizi bu müqavilənin şərtlərinə əsasən mal-materialları müvafiq akt əsasında “Alıcı”ya təhvil verilməsindən etibarən 3 (üç) iş günü ərzində “Satıcı”ya köçürmə yolu ilə ödəməyi öz öhdəsinə götürür. Həmin müqaviləyə 1 saylı əlavə ilə tərəflər müqavilə üzrə mal və materialların (6 adda müxtəlif inşaat materialları) qiymətini razılaşdırmışılar. Qeyd edilən müqavilə alıcı və satıcı olan hüquqi şəxslərin rəhbərləri tərəfindən imzalanmış və həmin hüquqi şəxslərin möhürləri ilə təsdiqlənmişdir. İş materiallarında olan 14.08.2019-cu il tarixli ******* nömrəli qaimə fakturadan görünür ki, cavabdehə 55300 manat məbləğində “armatur”, həmin tarixli ******* nömrəli qaimə əsasında isə 20374 manat məbləğində digər mal verilmişdir. Göründüyü kimi, tərəflər arasında bağlanmış 10.08.2019-cu il tarixli 10/TTT nömrəli alğı-satqı müqaviləsinə əsasən satıcı "xxxx" MMC alıcı “Sumqayıt şəhəri 29 saylı Təmir Tikinti Tresti”nə mal satması, alıcı isə həmin malları qəbul edərək dəyərinin ödənilməsi barədə öhdəlik götürmüşdür. "xxxx" MMC tərəfindən elektron qaimə əsasında 71421,30 manat məbləğində mal “Sumqayıt şəhəri 29 saylı Təmir Tikinti Tresti”nə təhvil verilsə də, verilən malların dəyəri ödənilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, alğı-satqı müqaviləsi üzrə cavabdehin iddiaçıya 71421,30 manat ödəməməsi iş materialları ilə təsdiqini tapdığından, cavabdeh “Sumqayıt şəhəri 29 saylı Təmir Tikinti Tresti”dən 71421,30 manat məbləğində pul vəsaitinin iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Apelyasiya şikayətindən görünür ki, cavabdeh tərəf alğı-satqı müqaviləsinin satıcı bölməsində olan hüquqi şəxsin, yəni iddiaçının rəhbərinin imzasını və möhürünü mübahisələndirərək müqavilə bağlanmadığını, tərəflər arasında hər hansı bir öhdəlik münasibətləri yaranmadığını göstərsə də, eyni zamanda bu halla ziddiyyət təşkil edən- 71421,30 manat borcdan 10000 manatın "xxxx" MMC-nin direktoru X5 ödənildiyini, hazırda qalıq borcun 51421,30 manat təşkil etdiyini göstərir. Göründüyü kimi əgər müqavilə bağlanmamışdırsa, tərəflər arasında müqavilə üzrə öhdəlik münasibəti yaranmamışdırsa, onda 51421,30 manat borcun nəyin əsasında yarandığını cavabdeh tərəf şikayətində əsaslandıra bilməmişdir. Digər tərəfdən iş materiallarında olan 24.11.2020-ci il tarixli və 10.12.2020-ci il tarixli birinci instansiya məhkəməsinin iclas protokollarından görünür ki, cavabdeh tərəfin nümayəndələri həmin məhkəmə iclaslarında iştirak etmişlər və borcun olmasını, malların alınmasını təsdiq etmişdirlər. Apelyasiya şikayətinin həmin dəlilləri ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdeh tərəflər arasında müqavilə bağlanmadığını göstərsə də, məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, apelyasiya şikayəti vəkil tərəfindən tərtib edilmişdir. "xxxx" MMC ilə “Sumqayıt şəhəri 29 saylı Təmir Tikinti Tresti” arasında 10.08.2019-ci il tarixli yazılı alğı-satqı müqaviləsi bağlanmışdır. Nümayəndəsi olduğu tərəf alğı-satqı müqaviləsinin mövcudluğunu mübahisələndirmir və müqavilə üzrə öhdəliyi qəbul edir. Apelyasiya şikayətinin məhz mövcud borcdan 10000 manatın ödənilməsi barədə dəlilləri ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh həmin halı təsdiq edəcək sübutlarını məhkəməyə təqdim etməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasından baxıldıqda dəyişdirilmədən, apelyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 382, 384.0.1, 385.1.2, 392, 393 və 402-ci maddələrini rəhbər tuturaq məhkəmə kollegiyası QƏT ETDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-50/2021 saylı, 29 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar