Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-99/2021 20.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Tahirova Lətafət Almazxan qızının katibliyi, Cavabdeh X2 iştirakı ilə İddiaçı cavabdeh X3 qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-44/2021 saylı, 01 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-44/2021 saylı, 01 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, cavabdeh X1 6395,70 manat (altı min üç yüz doxsan beş manat yetmiş qəpik) məbləğində pulun tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir. (hakim Zahid Məmmədov) Qətnamədən cavabdeh X5 apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: İddiaçı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 6395,70 manat (altı min üç yüz doxsan beş manat yetmiş qəpik) məbləğində dəymiş maddi ziyanın X5 və X6 tutulub İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında ərizə təqdim edərək Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən iddia tələbinin azaldılmasını, cavabdehlərdən X4 cavabdehlikdən çıxarılmasını və 6395,70 (altı min üç yüz doxsan beş manat 70 qəpik) manat məbləğin yalnız cavabdeh Fərman Novruzovdan tutulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC 01.01.2019-cu il tarixdə X5 ilə yük daşınması müqaviləsi bağlamışdır. Müqavilədə tərəflərin hüquq və vəzifələri tam şəkildə əks olunmuş, müqavilənin 6.1-ci maddəsində göstərilmişdir ki, müqavilənin 5-ci maddəsində nəzərdə tutulmuş qaydaya riayət edilməklə, yükdaşıyana təhvil verildiyi andan etibarən yükün məhv olması və ya xarab olmasına görə yükdaşıyan tam məsuliyyət daşıyır. Burada yükün məhv olmasının yükdaşıyanın, yaxud qeyrisinin təqsiri üzündən baş verməsinin fərqi yoxdur. Belə halda cavabdeh yükdaşıyan olduğu üçün mülki məsuliyyət onun üzərində qalır. 21.02.2020-ci il tarixdə Novruzov Fərman özünə məxsus Maz 54323 markalı, ** BT *** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobili ilə X11 İddiaçı MMC-yə məxsus yükləri daşıyarkən Xaçmaz şəhər sakini 28.04.1975-ci il təvəllüdlü X7 idarə etdiyi ** LK *** dövlət qeydiyyat nömrə nişanlı “QAZ 3110” markalı avtomaşınla toqquşduğuna görə yükdən 6395,70 AZN dəyərində olan hissəsi tamamilə məhv olmuşdur. Bununla əlaqədar Fərman Novruzov və Altay İslamova məhkəməyə qədər ziyanın könüllü ödənilməsi təklif olunmuş, lakin Fərman Novruzov və Altay İslamov bugünki günə qədər dəymiş ziyanı ödəməmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh X5 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt Kommersiya Məhkəməsi hazırkı işə baxa bilməzdi, çünki onun VÖEN-i yoxdur. Bundan əlavə, iddiaçıya ziyan vurmamışdır, əgər ziyan vursaydı MMC ona ziyan vurduğu malları qaytarardı. Ona heç bir mal qaytarılmayıb. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X5 apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Həmçinin bildirdi ki, 21.02.2020-ci il tarixdə ona məxsus yük avtomobili ilə X11 İddiaçı MMC-yə məxsus yükləri daşıyarkən X7 idarə etdiyi avtomaşın toqquşmuşdur. Nəticədə, daşınan mallar məhv olmuşdur. Yol-nəqliyyat hadisəsi onun təqsiri ucbatından olmamışdır. Həmin iş üzrə zərərçəkmişdir. Bu səbəbdən, dəymiş ziyan Altay İslamovdan tələb edilməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçınə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci və 327.7-ci maddələrinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş 01.01.2019-cu il tarixli 0114/KA-19 nömrəli yük daşıma müqaviləsindən görünür ki, həmin müqavilə İddiaçı MMC (sifarişçi) ilə cavabdeh, fiziki şəxs qismində vergi ödəyicisi kimi qeydiyyata alınmış (VÖEN **********) X5 (yükdaşıyan) arasında bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə görə müqaviləyə əsasən yükdaşıyan ona daşıması üçün verilmiş müqavilədə göstərilən yükü ölkə ərazisində, bir məntəqədən digər məntəqəyə daşımağı, sifarişçi isə yükdaşıyana razılaşdırılmış haqqı ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən müqavilənin 5-ci maddəsində nəzərdə tutulmuş qaydada riayət edilməklə yük yükdaşıyana təhvil verildiyi andan etibarən yükün məhv olması və ya xarab olmasına görə yükdaşıyan tam məsuliyyət daşıyır. Qeyd edilən müqavilənin yükdaşıyanın vəzifələrini nəzərdə tutan 7.2-ci bəndinin sonuncu hissəsinə əsasən yükdaşıyan yükün yüklənməsi, daşınması və boşaldılması zamanı baş verə biləcək texniki-təhlükəsizlik qaydalarının pozulması, yol-nəqliyyat hadisəsi və bunların nəticəsində dəymiş ziyana görə məsuliyyət daşıyır. Həmin müqavilənin 8.1-ci bəndinə əsasən yükün vaxtında çadırılmaması, tələf və xarab etməsi nəticəsində dəymiş zərəri yükdaşıyandan tələb etmək sifarişçinin hüququdur. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunmuş qüsur aktından görünür ki, 21.02.2020-ci il tarixdə Fərman Novruzov özünə məxsus MAZ 54323 markalı, **-BT-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobili ilə X11 İddiaçı MMC-yə məxsus yükləri daşıyarkən siyahısı və dəyəri həmin aktda göstərilmiş mallara 6395,70 manat dəyərində ziyan dəymişdir. Aktda ziyanın aradan qaldırılması üçün istifadə edilmiş malların və xidmətlərin miqdarı göstərilmişdir. Həmin akt baş anbardar, istehsalat rəisi və direktor tərəfindən imzalanaraq möhürlə təsdiqlənmişdir. İddiaçı tərəfindən həmçinin zərər dəymiş mallara dair ağ-qara fotoşəkillər təqdim edilmişdir. Birinci instansiya məhkəməsi qətnaməsində göstərmişdir ki, qeyd edilən sübutlar və iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarına əsasən tərəflər arasında yük daşıma müqaviləsi ilə bağlı müqavilə münasibətlərin olması, cavabdehin iddiaçıya məxsus yükü daşıması zamanı baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində daşınan mallara zərər dəyməsi işin mübahisəsiz halıdır. İddiaçı eyni zamanda dəymiş zərərin məbləği ilə bağlı sübutlar təqdim etmiş, cavabdeh qeyd edilən məbləğlə razılaşmasa da, həmin sübutları təkzib edən hər-hansı sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdeh F.Novruzovun qeyd edilən yol-nəqliyyat hadisəsində onun təqsirinin olmaması barədə dəlilinə gəldikdə isə məhkəmə qeyd etmişdir ki, bu halı təsdiq edən sübut kimi, cavabdeh cinayət işinin başlanmasının rədd edilməsi barədə 19.03.2020-ci il tarixli qərara istinad etsə də, həmin qərarın təsdiq edilmiş surətini məhkəməyə təqdim etməmişdir. Hətta, qeyd edilən qərarın mövcudluğu belə, tərəflər arasında bağlanılmış müqavilənin 7.2-ci bəndinə əsasən cavabdehin iddiaçı qarşısında məsuliyyətini istisna etmir. Cavabdeh F.Novruzov qeyd edilən qərar və digər sübutlar əsasında dəymiş zərərin ödənilməsinə dair iddia tələbi ilə X8 qarşı məhkəməyə müraciət etmək hüququna malikdir. Birinci instansiya məhkəməsi qeyd olunanlara əsasən iddia tələbini təmin etmiş, gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 14.2.1, 850.1, 851, 859.1, 859.2, 21-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun olaraq əsaslı və qanuni hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 850.1-ci maddəsinə əsasən, yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 851-ci maddəsinə əsasən, yük göndərən daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxsdir. Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük alan) ola bilər. Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir. İş materiallarından müəyyən olunur ki, X5 ilə İddiaçı MMC arasında 01.01.2019-cu il tarixli yük daşıma müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasında cavabdeh özünə məxsus MAZ 54323 markalı, **-BT-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobili ilə X11 İddiaçı MMC-yə məxsus yükləri daşıyarkən yol-nəqliyyat hadisəsi baş vermiş və nəticədə iddiaçıya 6395,70 manat dəyərində ziyan dəymişdir. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə şərtlərinə əsasən yükün məhv olmasına görə yükdaşıyan, yəni Fərman Novruzov məsuliyyət daşıyır. Belə ki, tərəflər arasında bağlanmış yük daşıma müqaviləsinin 6.1-ci bəndində göstərilmişdir ki, yük “Yükdaşıyan”a təhvil verildiyi andan etibarən yükün məhv olması və ya xarab olmasına görə “Yükdaşıyan” tam məsuliyyət daşıyır. Müqavilənin 7-ci bəndində isə qeyd olunmuşdur ki, yükü və yükü müşayiət edən sənədləri təyinat yerində təhvil verənədək qorumaq və yükün, yükü müşayiət edən sənədlərin itirilməsi, xarab və ya məhv olması nəticəsində “sifarişçi”yə dəymiş zərəri ödəmək yükdaşıyan vəzifəsidir. “Yükdaşıyan” yükün yüklənməsi, daşınması və boşaldılması zamanı baş verə biləcək texniki-təhlükəsizlik qaydalarının pozulması, yol-nəqliyyat hadisəsi və bunların nəticəsində dəymiş ziyana görə məsuliyyət daşıyır. Müqavilə şərtlərindən görünür ki, yük yükdaşıyana təhvil verildiyi andan yükün məhv olmasına görə yükdaşıyan məsuliyyət daşıyır və o, yükün məhv olması nəticəsində sifarişçiyə dəymiş zərəri ödəməlidir. Mülki Məcəllənin 859.1-ci maddəsinə əsasən, yükün itirildiyi və ya məhv olduğu halda daşıyıcı onun tam dəyərini ödəyir. Əgər yük daşıyıcı tərəfindən daşımaya qəbul edildikdən sonra üç ay ərzində çatdırılmazsa, əksi sübut edilənədək itirilmiş sayılır. Həmin Məcəllənin 859.2-ci maddəsinə əsasən, bundan başqa, daşıyıcı çatdırmanın gecikdirilməsi və ya yükün zədələnməsi və ya qismən məhv olması ilə bağlı bütün zərər üçün məsuliyyət daşıyır. Digər tərəfdən, tərəflər arasında bağlanmış yük daşıma müqaviləsində fors-major (fövqəladə və qarşısıalınmaz hadisələr) halları 10-cu bənddə xüsusi göstərilmişdir. Həmin bəndə əsasən tərəflər fövqəladə xarakterli hadisələr kimi-daşqın, zəlzələ, partlayış, qasırğa, torpaq çıküntüsü, epidemiya və digər təbii hadisələr, həmçinin müharibə və döyüş əməliyyatları, ərazi və müvafiq sahə üzrə tətillər, dövlət və icra hakimiyyəti orqanının bu müqavilənin icrasını mümkünsüz edən qərarları olduğunu müəyyənləşdirmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işdə müqavilə üzrə yükdaşıyanın məsuliyyətinin yuxarıda göstərilən fövqəladə xarakterli hadisələrdən başqa istisna edən hər hansı hal müəyyən edilmədiyindən və müqavilə şərtlərinə əsasən yükün məhv olmasına görə yükdaşıyan məsuliyyət daşıdığından, dəymiş zərər onun tərəfindən ödənilməlidir. Məhkəmə kollegiyası dəymiş ziyanın müəyyən edilməsi üçün iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizası təyin etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/5644 nömrəli 22 oktyabr 2021-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş nümunə əsasında 5 adda malların orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 2083,32 manat müəyyən edilir. (5256 ədəd TNK Super sun mal əti konservi 525 qr – 1366,56 manat; 5256 ədəd alt qapaq mal əti kons 99 mm aspigment - 420,48 manat; 254 ədə K_S Sun mal əti kons 525 q x36_410x310x255 mm – 101,6 manat; 508 ədəd Ak_405x305 mm – 25,40 manat; 1058 ədəd T_Es Payı Alma povidlo 20 955x369 (280x190x90) SQ – 169,28 manat) 2 adda malın (1 ədəd üzərində X13 Qadağandır mal əti konservi Azərbaycan Respubikası Dövlət Sərhəd Xidmətinə məxsusdur 525 q yazıları olan dəmir materialdan mal əti konservi və 1 ədəd üzərində X14 Povidlosu 20 q əla növ Satışı Qadağandır yazıları olan povidlo) satışı qadağan olunduğundan həmin mallar üzrə qiymətləndirmə aparılmamışdır. Mülki Prosessual Məcəllənin 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, ekspertiza tədqiqatında iki adda məhsulun qiymətləndirilməsi aparılması da, ekspert rəyindən görünür ki, digər malların bazar dəyəri iddiaçı tərəfindən tərtib edilmiş qüsur aktında (səh.24) göstərilən məbləğlərlə eynilik təşkil edir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, qiymətləndirilməyən malların dəyəri ilə bağlı məhkəməyə digər sübutlar təqdim edilmədiyindən, qüsur aktında göstərilən məbləğlər əsas götürülməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, həmin malların qiymətləndirilməsi mümkün olmasa da, bu malların məhvi nəticəsində iddiaçıya zərər vurulması işin mübahisəsiz halıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, yük daşıma müqaviləsinin şərtlərinə əsasən yükün məhv olmasına görə yükdaşıyan məsuliyyət daşıdığından iddiaçıya vurulmuş 6395,70 manat məbləğində maddi ziyanın cavabdeh Fərman Novruzovdan tutulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə iş üzrə tədqiq olunmuş sübutlara və işin hallarına uyğun olmuşdur. Apellyasiya şikayətinin cavabdehin VÖEN-nin olmaması barədə dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh vergi ödəyicisi kimi 2 saylı Ərazi Vergilər Baş İdarəsində vergi uçotuna alınmışdır. (VÖEN **********) Cavabdeh Fərman Novruzov iddiaçıya ziyan vurmadığını, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində təqsirli olmadığını və yol-nəqliyyat hadisəsinin baş verməsinə görə Altay İslamovun təqsirli olduğunu bildirərək ziyanı onun ödəməli olduğunu bildirmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh Fərman Novruzov yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzinin ödənilməsini zərər vuran şəxsdən tələb etmək hüququna malikdir. Belə ki, Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə mövcud apellyasiya şikayəti əsasında məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, apellyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iş üzrə keçirilmiş məhkəməəmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 70 (yetmiş) manat cavabdeh X1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 382, 384.0.1, 385.1.2, 392 və 402-ci maddələrini rəhbər tuturaq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-44/2021 saylı, 01 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 70 (yetmiş) manat cavabdeh X1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(105)-99/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-99/2021
20.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver