Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-100/2024 08.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, Mayılov Samir İlham oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 29 fevral 2024-cü il tarixli 2-2(121)-178/2024 saylı qətnaməsindən (hakim E.Abdullayev) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, 11 yanvar 2022-ci il tarixli SM/2022/013 saylı alqı-satqı müqaviləsi üzrə 35842.18 (otuz beş min səkkiz yüz qırx iki manat 18 qəpik) manat borcun, 1493.41 (bir min dörd yüz doxsan üç manat 41 qəpik) manat illik beş faizin və 200 manat mediasiya xərcinin cavabdehdən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında SM/2022/013 saylı 11 yanvar 2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı pərakəndə satış üçün nəzərdə tutulmuş "xxxx" ASC-nin istehsalı olan sementi alıcıya satmağı, alıcı isə öz növbəsində sementi qəbul edib dəyərini satıcıya ödəməyi öz öhdəsinə götürür. Hazırda iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi layiqincə yerinə yetirməsinə baxmayaraq, cavabdeh üzərinə düşən öhdəliyi layiqincə yerinə yetirmir. Belə ki, 27 yanvar 2023-cü il tarixli birgə üzləşmə aktına əsasən Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 39842.16 (otuz doqquz min səkkiz yüz qırx iki manat 16 qəpik) manat borcunun olduğunu etiraf edərək təsdiq etmişdir. Həmin borcdan cavabdeh yalnız ayrı-ayrı vaxtlarda hissə-hissə 4000 (dörd min) manat ödəniş etmişdir. İddiaçı tərəfindən təqdim olunmuş 01 noyabr 2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdehunun SM/2022/013 saylı 11 yanvar 2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 35842.18 (otuz beş min səkkiz yüz qırx iki manat 18 qəpik) manat borcu təşkil edir. Borcun ödənilməsi ilə bağlı iddiaçı tərəfindən cavabdehə mediasiya prosesinin tətbiqi ilə bağlı 26 sentyabr 2023-ci il tarixli təklif göndərilmişdir. Həmin təkliflə iddiaçı hazırkı mübahisə ilə bağlı mediasiyanın 18 saylı Mediasiya Təşkilatında keçirilməsini təklif etmiş, lakin cavabdeh həmin təklifə münasibət bildirmədiyi üçün iddiaçı 01 noyabr 2023-cü il tarixdə cavabdehin qeydiyyatı üzrə Sabirabad 1 saylı X1 üçün müraciət etmişdir. Cavabdeh ilkin mediasiya sesiaysında iştirak etmədiy üçün X2 1 saylı Mediasiya Təşkilatı tərəfindən MŞS/MT023/2023-02540 saylı 21 noyabr 2023-cü il tarixli arayış verilmişdir. Göründüyü kimi, iddiaçının borcun qaytarılması ilə bağlı səyləri nəticəsiz olmuş və bu səbəbdən iddiaçı həmin borcum cavabdehdən alınaraq ona ödənilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonrakı mərhələdə iddiaçı cavabdeh tərəfindən yanvar ayının əvəlində borcdan 10000 (on min) manat məbləğində ödəniş edildiyini bildirib 2 fevral 2024-cü il tarixli ərizə ilə iddia tələbinin həcmini azaldaraq 25842.18 (iyirmi beş min səkkiz yüz qırx iki manat 18 qəpik) manat borcun, 1493.41 (bir min dörd yüz doxsan üç manat 41 qəpik) manat illik beş faizin və 200 manat mediasiya xərcinin cavabdehdən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı cavabdeh tərəfindən fevral ayının əvəlində borcdan 5000 (beş min) manat məbləğində ödəniş edildiyini bildirib 29 fevral 2024-cü il tarixli ərizə ilə iddia tələbinin həcmini azaldaraq 20842.18 (iyirmi min səkkiz yüz qırx iki manat 18 qəpik) manat borcun, 1493.41 (bir min dörd yüz doxsan üç manat 41 qəpik) manat illik beş faizin və 200 manat mediasiya xərcinin cavabdehdən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Şirvan Kommersiya Məhkəməsinin 29 fevral 2024-cü il tarixli 2-2(121)-178/2024 saylı qətnaməsi ilə iddia təmin olunaraq, Cavabdeh 11 yanvar 2022-ci il tarixli SM/2022/013 saylı alqı-satqı müqaviləsinə əsasən 20842.18 manat məbləğində əsas borc, 1493.41 manat məbləğində illik 5 faizlə hesablanan faiz borcu və mediasiya xərci olaraq ödənilmiş 200 manat olmaqla, ümumilikdə 22535.59 (iyirmi iki min beş yüz otuz beş manat 59 qəpik) manat məbləğində pulun tutularaq İddiaçı QSC-yə ödənilməsi qət edimişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qismən ləğv edib, tələbin artıq hesablanmış əsas borc, faiz və mediasiya xərci hissəsində təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmşdır ki, sözügedən məhkəmə qətnaməsinin qismən qanunsuz və əsassız olması aydın şəkildə görünür. Kommersiya məhkəməsi tərəfindən işə birtərəfli baxılaraq hüquqları pozulmuşdur. İşə iştirakı olmadan qeyri-obyektiv baxılmışdır. İddiaçı ilə sözügedən alqı-satqı müqaviləsinə imza etməmişdir. Lakin iddiaçı ona əmtəə-nəqliyyat qaiməsi ilə mal-sement vermişdir. Malın qiyməti qaimələrdə yazılmamışdır. İddiaçı tərəfin dediyi qiymət çox yüksək olmuşdur. Sonra bilmişdiir ki, iddiaçı başqa müştərilərə həmin malı xeyli ucuz qiymətə vermişdir və bu fərqlə ona 20000 manat maddi zərər vurmuşdur. Həm də iddiaçı iddia qaldırarkən ödədiyi vəsaiti tam nəzərə almamış, əsassız olaraq faiz və mediasiya xərci tələb etmişdir. Belə ki, müqavilə tərəfindən təsdiq edilmədiyi üçün faiz hesablana bilməz. Digər tərəfdən kommersiya mübahisələrində mediasiyaya müraciət şərti ləğv edildiyindən mediasiya xərci ödəməli deyil. Bu səbəbdən də hesab edir ki, borc dəqiqləşdirilməli, qətnamə qismən ləğv edilib, tələbin artıq hesablanmış əsas borc, faiz və mediasiya xərcinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməlidir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, Cavabdeh onun doğma qardaşıdır və Seyranın adına olan VÖEN-lə faktiki olaraq iddiaçı ilə sement məhsullarının alqı-satqısını o həyata keçirmişdir. 10 ildən artıq müddətində fəaliyyətləri olmuş, bir il ərzində iddiaçının 300000 manatdan artıq dəyərdə sement məhsullarının satışını həyata keçirmiş və heç zaman mübahisələri yaranmamışdır. İddiaçı təşkilata qalıq borcu ayda 2000 manat olmaqla bir il ərzində hissəhissə ödəyəcəyini bildirsə də, iddiaçı onu məhkəməyə vermişdir. Bunlardan savayı iddiaçı təşkilat eyni sement məhsullarını qonşu ticarət obyektləri ilə müqayisədə ona daha baha qiymətə vermişdir ki, bunun nəticəsində zərərə məruz qalmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış ididaçı məhkəmədə nümayəndəsi vasitəsilə təmsil olunmamışdır və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə iddiaçının nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini artıq hesablanmış əsas borc, faiz və mediasiya xərci hissəsində ləğv olunaraq təmin edilməməsini xahiş etməklə qətnaməni qismən mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri üzrə mübahisələndirilən hissələrdə yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən hissələrdə qətnamənin apellyasiya qaydasında ləğvinin, yaxud dəyişdirilməsinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Belə ki, işə əlavə olunan sənədlərdən görünür ki, İddiaçı QSC ilə Cavabdeh arasında 11 yanvar 2022-ci il tarixli SM/2022/013 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı pərakəndə satış üçün nəzərdə tutulmuş "xxxx" ASC-nin istehsalı olan sementi alıcıya satmağı, alıcı isə öz növbəsində sementi qəbul edib dəyərini satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 3-cü bəndinə əsasən məhsulun satış qiymətini satıcı tərəfindən təqdim olunmuş elektron qaimə müəyyən edir. Alıcı hazırki Müqavilə üzrə Məhsulun dəyərinin ödənilməsini satıcının bank hesabına köçürmə yolu ilə nəğdsiz qaydada həyata keçirir. Satıcı tərəfindən alıcıya təqdim olunan məhsulların 20 təqvim günü müddətindən gec olmamaq şərti ilə tərəflərin qarşılıqlı razılığına əsasən nisyə satışı nəzərdə tutula bilər. İş materiallarında olan 27 yanvar 2023-cü il tarixli üzləşmə aktından görünür ki, cavabdehin qalıq borcu 39842.16 manat məbləğində təşkil edir. Üzləşmə aktı tərəflərin imzaları ilə təsdiq edilmişdir. İş materiallarında olan 1 noyabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin yekun borcu 36567.06 manat təşkil etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 567. alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 599.1. Alqı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4 Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Maddə 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Maddə 882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. İşin müəyyən olunan faktiki hallarına əsasən tərəflər arasında sement məhsullarının alqısatqısından irəli gələn münasibəitlər mövcud olmuş, iddiaçı cavabdehə malların satılmasını, cavabdeh isə malları qəbul edib dəyərini ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən öhdəliklər yerinə yetirilsə də, cavabdeh üzərinə düşən öhdəliklərini vaxtında və lazımınca icra etməmişdir. Cavabdeh özü də vermiş olduğu apellyasiya şikayətində məzmun etibarı ilə almış olduğu sement məhsullarına görə iddiaçıya borcunun olduğunu inkar etmir və əsas borcun artıq hesablandığını qeyd edir. Bununla belə apellyasiya baxışında iştirak edən cavabdehin nümayəndəsi iddiaçı təşkilata iddiada qeyd olunan məbləğdə borclarının qaldığını etiraf edərək, ayda 2000 manat olmaqla bir il ərzində borcu qaytarmaq təklifini iddiaçının qəbul etmədiyini bildirmişdir. Kollegiya hesab edir ki, əsas borcun artıq hesablanmasından ibarət apellyasiya şikayətinin dəlili tam əsassızdır. Əvvəla ona görə ki, iddiaçı tələbinin əsası kimi cavabdehlə aralarında aparılan 27 yanvar 2023-cü il tarixli üzləşmə aktına istinad etmiş və cavabdeh həmin aktda iddiaçıya 39842.16 manat məbləğində borcunun olduğunu etiraf etmişdir. Sonrakı mərhələlərdə isə cavabdeh tərəfindən üzləşmə aktı ilə müəyyən borc məbləğindən hissə-hissə olmaqla 4000 manat, 10000 manat, 5000 manat məbləğlərində ödənişlər olunaraq, bir daha mövcud borcun etirfına yönəlik hərəkətlər edilmişdir. Bundan başqa cavabdeh apellyasiya şikayətində əsas borcun artıq hesablandığını bildirsə də, artıq hesablamanın mövcudluğuna dair hər hansı bir dəlil gətirməmişdir. Nəhayət apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi verdiyi izahatında iddia olunan məbləğdə borclarının olduğunu bir daha təsdiq etmişdir. Apellyasiya şikayətinin dəlillərini illik 5 faizlə hesablanan 1493.41 manat məbləğində pulun tutulmasının əsassız olması hissədə tədqiq edən kollegiya həmin dəlilləri də əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Kollegiya hesab edir ki, cavabdeh müqavilə üzrə öhdəliklərinin icrasını gecikdirdiyindən və kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malik olduğundan, iddianı 1493.41 manat məbləğində faiz borcunun tutulması hissədə təmin edən birinci insiansiya məhkəməsi maddi hüquq normalarının pozuntusuna yol verməmişdir. Apellyasiya şikayətinin dəlillərini 200 manat məbləğində mediasiya xərcinin tutulmasının əsassız olması hissədə tədqiq edən kollegiya həmin dəlilləri də əsassız hesab edir. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarından görünür ki, cavabdeh ilkin mediasiya sessiyasında üzürsüz səbəbdən iştirak etməkdən imtina etmişdir, odur ki, yuxarıda qeyd olunan maddi hüquq norması baxımından digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ödəməlidir. Kollegiya əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, kommersiya mübahisələri üzrə mediasiya prosesinin tətbiqinin məcburiliyinin ləğv edilməsi, istənilən mübahisə tərəfini mediasiya vasitəsilə mübahisənin həlli məqsədilə mediasiya təşkilatına müraciət etmək hüququndan məhrum etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırki tələb üzrə iddianın qiyməti (20842.18+1493.41) 22335.59 manat təşkil edir ki, prosessual qanunvericiliyə əsasən hazırki qətnamədən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 385.2, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 29 fevral 2024-cü il tarixli 2-2(121)-178/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: Samir Mayılov Cahid İmanov
Məhkəmə qərarları › İş №2-2(106)-100/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-100/2024
08.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver