Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-111/2024 16.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), X2 və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, X4 oğlunun katibliyi, Maraqlı şəxsin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair kommersiya mübahisəsi üzrə Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(121)-1012/2024 saylı qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi: İşin halları: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Vergilər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs (VÖEN: **********) dövlət büdcəsinə 1973,35 manat məbləğində (o cümlədən, vergilər üzrə 1530,63 manat, faizlər üzrə 442,72 manat), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 370,23 manat məbləğində (o cümlədən, vergilər üzrə 270,78 manat, faizlər üzrə 99,45 manat) olmaqla, ümumilikdə 2343,58 manat borcunun ödənilməsini təmin etmək üçün ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2024-cü il tarixə vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: **********) dövlət büdcəsinə 1973,35 manat məbləğində (o cümlədən, vergilər üzrə 1530,63 manat, faizlər üzrə 442,72 manat), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 370,23 manat məbləğində (o cümlədən, vergilər üzrə 270,78 manat, faizlər üzrə 99,45 manat) olmaqla, ümumilikdə 2343,58 manat borcu vardır. Yaranmış borc məbləǧinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli **********339000, xx.xx.2020-ci il tarixli **********568800 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləǧlərini ödəməmişlər. Ərizəçi vergi ödəyicisi olan Maraqlı şəxs və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vergi və digər ödənişlər üzrə yaranmış 2343,58 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(121)-1012/2024 saylı saylı qətnaməsi ilə ərizə təmin olunaraq vergi ödəyicisi olan xx.xx.1996-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan Maraqlı şəxs (VÖEN: **********) dövlət büdcəsinə 1973,35 manat məbləğində (o cümlədən, vergilər üzrə 1530,63 manat, faizlər üzrə 442,72 manat), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 370,23 manat məbləğində (o cümlədən, vergilər üzrə 270,78 manat, faizlər üzrə 99,45 manat) olmaqla, ümumilikdə 2343,58 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün ölkədən getmək hüququnun vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılması və Maraqlı şəxs 100 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Maraqlı şəxs həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv olunması və ərizənin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə borcludurlar. Adıçəkilən iş üzrə nə onun, nə də "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vergilər üzrə dövlətə hər hansı borcu olmadığı halda, məhkəmə əsassız olaraq iddiçının ərizəsini təmin edərək onun ölkədən getmək hüququnu məhdudlaşdırmışdır. Halbuki, o, məhkəməyədək vergi orqanına müraciət edərkən vergi orqanının düzgün hesablama aparmadığını, mötəbər yoxlamalar, o cümlədən kameral yoxlama keçirilmədən vergi borcunun yazıldığını bildirərək hüququnun bərpasını tələb etmişdir. Lakin vergi orqanı yol verdiyi səhvi nəinki düzəltməmiş, əksinə, yanlış hesablanmış vergi borcuna görə onun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə məhkəməyə ərizə ilə müraciət etmişdir. İşə baxan məhkəmə də onun məhkəmə iclasında iştirakını təmin etmədən, ərizəyə münasibətdə dəlillərini dinləmədən, vergi orqanının vergi borcu ilə bağlı məhkəməyə təqdim etdiyi sənədlərin mötəbərliyini müəyyən etmədən ərizənin təmin edilməsi barədə əsassız nəyticəyə gəlmişdir. Halbuki, şikayətə əlavə etdiyi 2 saylı Ərazi Vergilər Baş İdarəsinin ona ünvanlanmış “borcun olub-olmaması barədə” 14 may 2024-cü il tarixli arayışından görünür ki, onun etdiyi müraciətlər və təqdim etdiyi hesabatlar əsasında vergi orqanı tərəfindən yenidən hesablamalar aparılmış və 14 may 2024-cü il tarixinə dövlət büdcəsinə ödənilməmiş vergi borcunun məbləğinin 1103,22 manat olduğu bildirilmiş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin isə ödənilməmiş vergi borcunun olmadığı əks etdirilmişdir. Halbuki, 2024-cü ilin aprel ayında vergi orqanı Şirvan Kommersiya Məhkəməsinə ərizə ilə müraciət edərkən onun dövlət büdcəsinə 1973,35 manat, direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin isə 370,23 manat məbləğində olmaqla, ümumilikdə guya 2343,58 manat ödənilməmiş vergi borcunun olduğunu əsas gətirərək onun ölkədən getmək hüququnun məhdudlaşdırılmasını tələb etmişdir. Göründüyü kimi, tərəfindən hər hansı ödəniş edilmədiyi halda vergi orqanında onun ödənilməmiş vergi borcunun məbləği 1 ay ərzində iki dəfədən də çox azalmışdır. Halbuki, onun dövlət büdcəsinə sonuncu tarixdə verilmiş arayışda göstərilən 1103,22 manat borcu da mövcud deyildir və həmin borc məbləği əsassız olaraq vergi orqanı tərəfindən hesablanmışdır. Bütün bu hallar 2 saylı Ərazi Vergilər Baş İdarəsinin onun və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vergi borclarını hesablayarakən yanlışlığa yol verdiyini, onun ölkədən çıxmaq hüququnu məhdudlaşdıran hüquqi əsasların mövcud olmadığını, buna baxmayaraq işə baxan məhkəmənin əsassız şəkildə qətnamə çıxarmaqla hüququnu məhdudlaşdırdığını sübuta yetirir. Hesab edir ki, məhkəmənin sözügedən ərizə ilə bağlı gəldiyi nəticə əsassız olmaqla işin hallarına uyğun deyildir və məhkəmənin bu qənaəti qanunazidd sayılmalıdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinin dəlillərinə qarşı etiraz təqdim edilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi Nümayəndə2 izahat verərək bildirmişdir ki, müəyyən məbləğdə ödənişlər etmiş, lakin vergi orqanında sistemdə problemlər mövcud olduğu üçün borcundan silinmələr aparılmamışdır. Məhkəməyə təqdim etdiyi müvafiq məktubdan da müəyyən edilir ki, onların fiziki şəxs olaraq dövlət büdcəsinə cəmi 1103 manat məbləğində borcu qalmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin borcu isə təxminən 370 manat civarındadır. Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış ərizəçinin səlahiyyətli nümayəndəsi məhkəmədə iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən ərizəçinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Hazırkı halda maraqlı şəxsin nümayəndəsi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də, məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin hazırkı dəlilləri mübahisələndirilən qətnamənin apellyasiya qaydasında ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq, tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından maraqlı şəxsin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir”. Habelə MPM-in 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan fiziki şəxs haqqında məlumatdan görünür ki, Maraqlı şəxs xx.xx.2015-ci il tarixində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi – VÖEN (**********), "xxxx" MMC-yə xx.xx.2015-ci il tarixində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi - (VÖEN: **********) verilmişdir. O, xx.xx.1996-ci il tarixdə Sumqayıt şəhərində doğulmuşdur (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AA3242207) və hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. İşdə olan maraqlı şəxsin şəxsi hesab vərəqəsindən görünür ki, onun dövlət büdcəsinə borcu 1973,35 manat məbləğində (o cümlədən, vergilər üzrə 1530,63 manat, faizlər üzrə 442,72 manat), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə borcu 370,23 manat məbləğində (o cümlədən, vergilər üzrə 270,78 manat, faizlər üzrə 99,45 manat) təşkil edir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Vergilər Baş İdarəsi tərəfindən Maraqlı şəxs ünvanlanmış xx.xx.2023-cü il tarixli xx.xx.2020-ci il tarixli bildirişlərin surətindən görünür ki, maraqlı şəxsə borcun 5 gün müddətində ödənilməsi tələb edilmiş və borcu ödəməməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmişdir. İşdə olan ki, ərizəçi tərəfindən qeyd olunan bildirişlər Maraqlı şəxs elektron kabinetinə yerləşdirilmişdir. Maraqlı şəxsin apellyasiya şikayətinin dəlillərinə əsasən xüsusilə qeyd edilməlidir ki, ərizənin əsassızlığı barədə orada göstərilən dəlillər üzrə sübutlar Maraqlı şəxs tərəfindən nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına təqdim edilmişdir. Nəzərə alınmalıdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilməlidir ki, Maraqlı şəxs apellyasiya şikayətinin dəlili kimi məhkəmə iclaslarından xəbərsiz olduğunu bildirsə də, iş materiallarında olan müvafiq sənədlərdən (səh. 10, 12, 13, 14, 18 və 21) müəyyən edilir ki, Maraqlı şəxs məhkəmə iclası barədə məlumatlandırılmışdır. Digər tərəfdən, Maraqlı şəxs dövlət büdcəsinə olan borcunun ərizədə qeyd edilən məbləğdə olmadığını, ödənişlər etdikdən sonra borcunun kifayət qədər azaldığını bildirsə də, bu hal onun ölkədən getmək hüququnun məhdudlaşdırılmasını istisna etmir. Maraqlı şəxs yalnız dövlət büdcəsinə olan borcunu tam şəkildə ödədikdən sonra onun ölkədən getmək hüququnun məhdudlaşdırılması halı müvafiq orqan tərəfindən aradan qaldırılacaqdır. Eyni zamanda, nəzərə alınmalıdır ki, qüvvədə olan qanunvericiliyin göstərişinə əsasən hazırkı halda işə mahiyyəti üzrə xüsusi icraat qaydasında baxan hakim ərizənin rədd edilməsi yaxud təmin edilməsi barədə qətnamə qəbul edir. Bu icraat çərçivəsində isə hüquq haqqında mübahisələrə yol verilmədiyindən vergi borcunun məbləği üzrə hər hansı mübahisə qanunla müəyyən edilmiş digər qaydada həll edilir. İşdən də göründüyü kimi, vergi borcunun mövcudluğu işin mübahisəsiz halıdır və bu baxımdan da ərizənin təmin edilməməsi üçün əsaslar müəyyən edilmir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ hissəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. MPM-in 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. MPM-in 355-7.3 və 355-7.4-cü maddələrinin tələbinə görə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Habelə Azərbaycan Respublikası Vergilər Məcəlləsinin (VM) 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrindəndir. VM-in 23.1.15-3-cü maddəsinə görə vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarındandır. VM-in 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.3.6-1-ci maddəsinə görə vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcları və faizləri, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarını ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək vətəndaşın ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. Miqrasiya Məcəlləsinin 17.1.6-1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcları və faizləri, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarını ödəməməsinə görə onların ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda - məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasından getməsi müvəqqəti məhdudlaşdırıla bilər. MPM-in 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ərizənin təmin edilməsi barədə qənaətə gəlməsini işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı hesab edir. Diqqətə çatdırılmalıdır ki, MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətində öz əksini tapmış, lakin iş üzrə mötəbər sübutlarla öz təsdiqini tapmayan dəlillər hazırkı icraat daxilində mübahisələndirilməyən formal mülahizələrdir və hazırkı qətnamənin ləğvi yaxud dəyişdirilməsi üçün əsas ola bilməz. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Qətetdi: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(121)-1012/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kasasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(106)-111/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-111/2024
16.08.2024 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver