Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-111/2025 07.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X4 Vəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Kərimov Tale Suliddin oğlu və X1 ibarət məhkəmə tərkibində, məhkəmə iclas katibi Cəlalzadə Məleykə Nüsrət qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 25 fevral 2025-ci il tarixli e-2-2(121)-360/2025 saylı qətnaməsindən (hakim Z.Abbasov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Mətanət-A” Şirkəti Cavabdehnə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, 35384.38 manat məbləğində borcun və 179 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə aralarında 5 il müddətinə, 15 iyul 2024-cü il tarixli, 435 saylı alqı-satqı müqaviləsi bağlanılmşıdır. Tərəflər arasında bağlanılmış müqaviləyə əsasən "xxxx" Şirkəti tərəfindən Cavabdeh MMC-yə müqavilə tələblərinin müvafiq bəndində göstərilən müddət ərzində ödəniş etmək şərtilə mal verilmişdir. Cavabdeh tərəfindən aldığı malın pulunun müqavilə tələbinə əsasən qısa müddət ərzində ödənilməsinə dair öhdəlik götürülsə də, cavabdeh malların ödənişini həyata keçirməmiş və müqavilə üzrə öhdəliyi pozmuşdur. İddiaçı "xxxx" Şirkəti ilə Cavabdeh MMC arasında “borcların qarşılıqlı üzləşdirilməsinə dair” 9 sentyabr 2024-cü il tarixli akt tərtib edilmiş və cavabdeh borcu etiraf edərək, həmin akta imza etmiş, yaranmış borcun qısa müddət ərzində ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Cavabdehin 28 oktyabr 2024-cü il tarixə olan əsas borcu ƏDV daxil 31425.78 manat təşkil edir. Müqavilənin 3.2-ci bəndinə əsasən “Alıcı” ödənişləri malın qəbul edilməsindən sonra 30 təqvim günündən gec olmayaraq bank ödənişi və ya nağd ödəniş yolu ilə həyata həyata keçirilməlidir. Lakin, cavabdeh müqavilənin 3.2-ci bəndinin tələbini pozaraq aldığı malın dəyərini bu günə kimi ödəməmiş və buna görə də cavabdehə əsas məbləğdən başqa, əsas borc ödənişini gecikdirdiyinə görə 3931.60 manat dəbbə pulu hesablanmışdır. Cavabdehin 28 oktyabr 2024-cü il tarixə "xxxx" Şirkətinə olan borcu əsas borc, ədv və dəbbə pulu ilə birlikdə 35384.38 manat məbləğində təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Şirvan Kommersiya Məhkəməsinin 25 fevral 2025-ci il tarixli e-2-2(121)-360/2025 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, Cavabdehndən 31425.78 manat əsas borcun, 300 manat cərimə və 179 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 31904.78 manat məbləğində pulun tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək ləğv olunmasını, ərazi aidiyyəti üzrə göndərilərək yenidən baxılmasını, tətbiq edilmiş 300 manat cərimənin ləğv edilməsini və borc məbləğinin 14350 manat məbləğində azaldılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmşdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında alqı-satqı müqaviləsi Cavabdeh MMC-nin qalib gəldiyi tender nəticəsində həvalə edilmiş dövlət layihəsinin icrası ilə əlaqəli olmuşdur. Həmin dövlət layihəsinin reallaşdırılması üçün Cavabdeh MMC müxtəlif şəxslərlə müqavilələr bağlamış və layihənin icrasını davam etdirmişdir. Lakin İddiaçı MMC ilə bağlanmış müqaviləyə əsasən təhvil verilməli olan məhsullar müxtəlif epizodlarda razılaşdırılmış tarixlərdə çatdırılmamışdır. Buna görə də, layihənin icrası ləngimələrlə üzləşmiş, layihənin icrasında növbəti mərhələlərə keçid vaxtında mümkün olmamışdır. Bununlada, zəncirvari şəkildə ümumi layihənin icrasında, təhvil verilməli olduğu tarixdə, layihə üzrə çalışan işçilərin əmək haqları olmaqla bir çox məsələlərdə problemlər yaranmışdır. Cavabdeh MMC tərəfindən icra olunan layihənin gecikmələrlə üzləşməsi şirkətin maddi ziyana məruz qalmasına səbəb olmuşdur. Göründüyü kimi, İddiaçı MMC tərəfindən müqavilə öhdəlikləri qüsurlu icra olunmuşdur, bununla da Cavabdeh MMC-yə zərər dəymişdir. Bu səbəbdən Cavabdeh MMC ilə İddiaçı MMC arasında şifahi danışıqlar aparılmış və müqavilə üzrə ödənilməli olan vəsaitin dəymiş zərərə mütənasib olaraq azaldılması xahiş edilmişdir. Lakin Cavabdeh MMC-yə İddiaçı MMC-nin təqsiri nəticəsində dəymiş zərərə baxmayaraq, iddiaçı tam ödənişi tələb etməkdədir. Öhdəliyin icrası cavabdehdən asılı olmayan səbəblərdən baş verdiyindən, cavabdehə hər hansı faiz və ya dəbbə pulu kimi əlavə borcların tətbiq edilməsi tamamilə əsassız və qanunsuzdur. Müqavilə üzrə ödənişlərin gecikdirilməsi Cavabdeh MMC-dən asılı olan və ya əvvəlcədən baş verməsini görə biləcəyi səbəblərdən olmamışdır. Belə ki, gecikdirmə Cavabdeh MMC-nin icra etdiyi əsas layihə üzrə ödənişləri vaxtında almaması nəticəsində baş vermişdir. Məhkəmə tərəfindən borcun varlığının sübutu olaraq İddiaçı MMC-nin özü tərəfindən tərtib edilmiş və özü tərəfindən imzalanaraq təsdiq edilmiş maliyyə arayışı dəyərləndirilmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının özünün tərtib etdiyi sübut heç cür halda obyektiv sübut hesab edilə bilməz və işin hallarının birmənalı təsdiqi olaraq dəyərləndirilməməlidir. Hazırkı işdə məhkəmənin qətnaməsi qanuni və əsaslı hesab edilə bilməz. Tərəflər arasında bağlanmış 15 iyul 2024-cü il tarixli 435 saylı alqı-satqı müqaviləsinin 7.3-cü bəndinə əsasən mübahisələr Kommersiya məhkəmələrinə aid olduğu halda, mübahisəyə Bakı Kommersiya Məhkəməsində baxılacaqdır. Göründüyü kimi, tərəflər arasında Mülki Prosessual Məcəllənin 40.2-ci maddəsinə uyğun olaraq müqavilə aidiyyəti razılaşdırılmışdır. Lakin Məhkəmə tərəfindən iş materialları tam araşdırılmamış və müqavilə aidiyyəti deyil də, ümumi aidiyyət normaları tətbiq edilmişdir. Birinci instansiya məhkəməsi qeyd olunanları araşdırmadan və hüquq normalarını tətbiq etmədən qanunsuz olaraq işi icraatına qəbul etmişdir. Bununla da, ərazi aidiyyəti kobud şəkildə pozulmuşdur. Tərəflər arasında olan kommersiya mübahisəsinə baxılma Şirvan Kommersiya Məhkəməsinin səlahiyyətində olmamışdır. Məhkəmə qətnamə qəbul edərkən işin faktiki hallarının tam araşdırılmasına əhəmiyyət vermədən, hər iki tərəfin öhdəliklərini tam icra etdiklərini araşdırmadan cavabdehin hüquqlarını pozan qətnamə qəbul etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirib təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış cavabdeh hər hansı bir üzürlü səbəb olmadan məhkəmədə nümayəndəsi vasitəsilə təmsil olunmamışdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еtmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinliyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinin, yaxud dəyişdirilməsinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materillarında olan sənədlərlə aşağıdakılar məyyən olunur: Satıcı İddiaçı ilə Alıcı Cavabdeh arasında bağlanmış 15 iyul 2024-cü il tarixli, 435 nömrəli alğı-satqı müqaviləsinin: 1.1-ci yarımbəndinə əsasən, Satıcı bu müqavilənin 1.2-ci yarımbəndində göstərilən malları Alıcıya satmağı, Alıcı isə həmin malları almağı və onun dəyərini ödəməyi öz üzərinə götürür; 1.2-ci yarımbəndinə əsasən, müqavilənin predmeti olan məhsulun növləri, çeşidi, kəmiyyəti və qiyməti Razılaşma Protokolunda və qaimə-fakturada öz əksini tapır; 1.3-cü yarımbəndinə əsasən, Alıcı və Satıcı arasında mal dövriyyəsi və yaranmış borc qalıqları, mütəmadi olaraq tərəflər arasında bağlanan “Öhdəliklərin qarşılıqlı tanınması aktı” ilə müəyyən edilir; 2.2-ci yarım bəndinə görə, mallar Satıcı tərəfindən Alıcıya və ya Alıcının nümayəndələrinə təhvil verilir; 3.1-ci yarımbəndinə əsasən, malların qiymətləri bu müqaviləyə əlavə edilən və onun ayrılmaz tərkib hissəsi olan “Razılaşma Protokolu”na və ya qaimə-fakturaya uyğun olaraq müəyyən edilir; 3.2-ci yarımbəndinə əsasən, Alıcı ödənişləri malın qəbul edilməsindən sonra 30 təqvim günündən gec olmayaraq bank ödənişi və ya nağd ödəniş yolu ilə həyata keçirilməlidir; 5.1.3-cü yarımbəndinə əsasən, Satıcı malları razılaşdırılmış müddətdə Alıcıya çatdırmaq vəzifəsi daşıyır; 6.2-ci yarımbəndinə əsasən, bu müqavilə üzrə ödənişlərin gecikdirilməsinə görə Alıcı gecikdirmənin hər günü üçün icrası gecikdirilən öhdəliyin dəyərinin 0.5% həcmində dəbbə pulu ödəyir; 8.1-ci yarımbəndinə əsasən, müqavilə 5 il müddətinə bağlanılır; 8.2-ci yarımbəndinə əsasən, tərəflərdən hər hansı biri öz öhdəliklərini yerinə yetirmədikdə və öhdəliklərin pozulması halı qarşı tərəfin müraciətinə baxmayaraq 10 gün müddətində aradan qaldırılmadıqda, müqaviləyə digər tərəfi yazılı qaydada xəbərdarlıq edilməklə birtərəfli qaydada xitam verilə bilər. Hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmiş 19, 20 və 27 iyul 2024-cü tarixli “Malların təhvil-təslimi haqqında” aktlardan görünür ki, iddiaçı "xxxx" Şirkəti tərəfindən Cavabdeh MMC-nə ümumilikdə cəmi 31439.38 manat məbləğində mal təhvil verilmişdir. İddiaçı ilə Cavabdeh tərəfindən imzalanmış 9 sentyabr 2024-cü il tarixli “Borcların qarşılıqlı üzləşdirilməsi aktı”na əsasən, tərəflər həmin aktı imzalamaqla Cavabdeh aktın imzalandığı tarixə olan borcunun 31452.78 manat təşkil etdiyini və həmin borcun aktın imzalandığı tarixdən 1 aydan gec olmayaraq ödəniləcəyini təsdiq etmişlər. 25 oktyabr 2024-cü il tarixli “maliyyə arayışı”na əsasən, İddiaçı tərəfindən Cavabdehnə verilmiş malların ümumi dəyəri 57412.78 manat təşkil etmiş, cavabdeh 25960 manat ödəniş etmişdir. Cavabdehin 31452.78 manat əsas borcu qalmış, gecikdirəln əsas borca 3931.6 manat dəbbə pulu hesablanmışdır. Cavabdehin ümumi borcu 35384.38 manat təşkil edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir; 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 14.1. və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir, 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-cimaddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır; 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir; 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İş materiallarına əlavə olunan sənədlərlə tərəflər arasında 15 iyul 2024-cü il tariхdə bağlanmış 435/2024 nömrəli alqı-satqı müqaviləsindən irəli gələn münasibətlərin formalaşdığı, alıcı qismində çıxış edən Cavabdeh MMC-nin satıcı qismində çıxış edən "xxxx" Şirkəti qarşısında almış olduğu mallara görə, malların dəyərinin tam olaraq ödənilməsi formasında icra edilməmiş pul öhdəliyinin yarandığı müəyyən olunur. Bu iş materiallarına əlavə satış qaimələri, malların təhvil təslimi haqqında aktlar, borcların qarşılıqlı üzləşdirilməsinə dair 9 sentyabr 2024-cü il tarixli akt, maliyyə arayışı ilə tam təsdiqini tapır. Əşyanı təhvil almış alıcı (cavabdeh) onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədiyindən, satıcı (iddiaçı) verilmiş əşyanın ödənilməsini tələb etməkdə tam haqlı olmuşdur. "xxxx" Şirkəti ilə bağlanmış müqaviləyə əsasən təhvil verilməli olan məhsulların müxtəlif epizodlarda razılaşdırılmış tarixlərdə çatdırılmamasından dolayı CavabdehMMC-nin zərərə məruz qalmasından, bundan irəli gələrək borc məbləğinin 14350 manat məbləğində azaldılmalı olmasından ibarət apellyasiya şikayətinin dəlilinə qiymət verən kollegiya qeyd etməyi zəruri hesab edir ki, iddiaçının verilən malların dəyərinin zamanında ödənilməməsi ilə bağlı cavabdehə ünvanladığı pretenziyalar cavablandırılmamış, şikayətdə qeyd olunan arqumentlərlə bağlı əks pretenziyalar verilməmişdir. Birinci instansiya məhkəməsində aparılan icraat zamanı da, cavabdeh tərəf bununla bağlı hər hansı bir dəlilini rəsmi bildirməmiş, qarşılıqlı iddia verməmişdir. Bunlardan da savayı, cavabdehin apellyasiya şikayətində gətirdiyi dəlilləri təsdiq edəcək hər hansı bir sübut birinci instansiya məhkəməsinə verilməmiş, apellyasiya şikayətinə əlavəyə əlavə edilməmişdir. Apellyasiya şikayətinin dəlilini tətbiq olunmuş 300 manat cərimənin azaldılması hissədə tədqiq edən kollegiya həmin dəlili əsassız hesab edir. Belə ki, dəbbə pulunun hesablanması tərəflər arasında bağlanan müqavilənin 6.2-ci bəndindən irəli gəlir. Müqavilənin həmin bəndinə əsasən bu müqavilə üzrə ödənişlərin gecikdirilməsinə görə Alıcı gecikdirmənin hər günü üçün icrası gecikdirilən öhdəliyin dəyərinin 0.5% həcmində dəbbə pulu ödəyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər, 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir, 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər, 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddiaçı cavabdehlə arasında bağlanmış müqavilənin şərtlərindən irəli gələn, öhdəliklərin vaxtında və lazımınca icra edilməməsinə görə hesablanmış dəbbə pulunun tutulmasını yuxarıda sadalanan qanunvericilik aktı normaları baxımından tələb etməkdə haqlıdır. Bununla belə kollegiya qeyd etməyi zəruri hesab edir ki, hər hansı müqavilə, o cümlədən kredit müqaviləsi münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsulu, öhdəliklərin icra olunmaması halında isə nəzərdə tutulan maliyyə sanksiyasıdır. Buna görə də, cavabdehin həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasına səbəb olan dəbbə məbləğinin tənasübsüz surətdə yüksək olması düzgün deyil. Bu baxımdan kollegiya cərimə məbləğinin azaldılması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni və əsaslı sayır. Apellyasiya şikayətinin hazırki mübahisəyə ərazi aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsində baxılmalı olmasından ibarət dəlilinə qiymət verən kollegiya həmin dəlili də əsaslı hesab etmir. Belə ki, cavabdeh iddiaçı ilə aralarında bağlanan müqavilənin 7.3-cü bəndinə istinadla hesab edir ki, MPM-in 40.2-ci maddəsinin tələbi pozulmuşdur. Kolegiya apellyasiya şikayətinin həmin dəlili ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında bağlanan müqavilənin 7.3-cü bəndində tərəflər arasında yaranacaq mübahisənin kommersiya xarakterli olduğu halda Bakı Kommersiya Məhkəməsində baxılacağı nəzərdə tutulmuşdur. Lakin cavabdeh iş üzrə keçirilən bütün məhkəmə iclasları barədə məlumatlı olmasına baxmayaraq həmin halı qabartmamış, ümumiyyətlə iddiaya hər hansı formada münasibət bildirməmişdir. Qətnamə qəbul olunandan sonra verilən apellyasiya şikayətində digər dəlillərlə yanaşı, işə müqavilə aidiyyəti üzrə baxılmasının aid olmadığı məhkəmədə həll olunmasının bildirilməsini isə kollegiya məhkəmə baxışının müddətinin uzadılmasına yönəlik, prosessual qənaət prinsipinə zidd bir addım kimi qiymətləndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğvi, yaxud da dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 385.2, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 25 fevral 2025-ci il tarixli e-2-2(121)-360/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinet üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qasım Əliyev Hakimlər: Tale Kərimov Cahid İmanov
Məhkəmə qərarları › İş №2-2(106)-111/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-111/2025
07.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver