Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-112/2025 15.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul tələbi” barəsində iddiasına dair iş üzrə Q Ə T N A M Ə S İ Açar sözlər: alqı-satqı müqaviləsi üzrə borc tələbi (üzləşmə aktları). Şirvan şəhəri, 15 may 2025-ci il X2 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, X1 və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul tələbi” barədə iddiasına dair iş üzrə Şirvan Kommersiya Məhkəməsinin 27 fevral 2025-ci il tarixli, e-2-2(121)-576/2025 saylı qətnaməsindən (hakim: R.Nəbiyev) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdehndən yaranmış 34.351,43 (otuz dörd min üç yüz əlli bir manat, qırx üç qəpik) manat məbləğində əsas borcun, 193,06 ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış 25 oktyabr 2023-cü il tarixli, 362 saylı inşaat materiallarının alqı-satqısı müqaviləsinin 1.1ci bəndinə əsasən, müqaviləyə 1 saylı Əlavə olan Spesifikasiya aktında adları qeyd olunan malları “Satıcı” satmağı, “Alıcı” isə onu qəbul edib, razılaşdırılmış qiymətdə və razılaşdırılmış müddətdə dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 9.1-ci bəndinə əsasən, bu Müqavilə bağlandığı andan qüvvəyə minir və bir il müddətinə qüvvədədir. Müqavilənin qüvvədə olma müddəti başa çatdıqdan sonra ona xitam vermək barədə tərəflərdən birinin digərinə yazılı müraciəti olmadıqda bu müqavilə eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Müqaviləyə uyğun olaraq cavabdehin sifarişi ilə müəyyən olunan mallar vaxtında və tam şəkildə ona təhvil verilmişdir. Alqı-satqı münasibətlərinin yekununda müştərinin qalıq debitor borcunun müəyyənləşdirilməsi məqsədilə Cavabdeh və iddiaçının səlahiyyətli nümayəndələrinin iştirakı ilə “üzləşdirmə aktı” tərtib edilmişdir. xx.xx.2024-cü il tarixli “üzləşdirmə aktı”na əsasən, Cavabdeh İddiaçınə ümumilikdə 34.351 (otuz dörd min üç yüz əlli bir) manat 43 (qırx üç) qəpik məbləğində qalıq borcunun olduğu müəyyən edilmişdir. Müqavilənin 5.1-ci bəndinə əsasən, ödəmə bank köçürməsi və ya nağd hesablaşma yolu ilə Malların Alıcıya təhvil verildiyi gündən 30 gün ərzində Alıcı tərəfindən həyata keçirilir. Lakin Alıcı müqavilənin şərtlərini kobud şəkildə pozaraq aldığı malların dəyərini bu günədək ödəməmişdir. Müqavilənin 8.1-ci maddəsinə uyğun olaraq məsələni həll etmək məqsədilə dəfələrlə tərəfimizdən borcun ödənilməsi ilə bağlı cavabdehə şifahi və yazılı xəbərdarlıqlar edilmişdir. Eyni zamanda AR Mülki prosessual qanunvericiliyinə uyğun olaraq xx.xx.2024cü il tarixdə pretenziya məktubu cavabdehin elektron kabinetinə yerləşdirilmişdir. Beləliklə iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər tamamilə icra olunsa da, cavabdeh öz üzərinə götürdüyü öhdəliklərini bu günə kimi yerinə yetirməmişdir. Belə ki,Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyət müəssisədən aldığı malların dəyərini tam ödəməmiş və nəticədə İddiaçı MMC-yə 34.351 (otuz dörd min üç yüz əlli bir) manat, 43 (qırx üç) qəpik məbləğində icra olunmamış borc öhdəliyi qalmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini, bütün sübutların məhkəməyə elektron qaydada təqdim edildiyini və iddianın təmin edilməsi barədə iş üzrə yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. Məhkəmə AR MPM-nin 185.6-cı maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, həmçinin, cavabdehin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, iş yükünün çoxluğu ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və məhkəmə baxış iclasının başqa tarixə təxirə salınmasını xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 27 fevral 2025-ci il tarixli, e-2-2(121)-576/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş və Cavabdeh MMC-dən 34.151,43 manat məbləğində əsas borc və 193,06 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 34.344,49 (otuz dörd min üç yüz qırx dörd manat, qırx doqquz qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, № e-2-2(121)-576/2025 saylı qətnaməsi ləğv edilərək, iddia tələbinə 13570 AZN azaldılma tətbiq edilərək iddia ərizəsinin qismən təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı MMC iləCavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli 362 nömrəli alqı-satqı müqaviləsi Cavabdeh MMC-nin qalib gəldiyi tender nəticəsində həvalə edilmiş dövlət layihəsinin icrası ilə əlaqəli olmuşdur. Həmin dövlət layihəsinin reallaşdırılması üçün Cavabdeh MMC müxtəlif şəxslərlə müqavilələr bağlamış və layihənin icrasını davam etdirmişdir. Lakin İddiaçı MMC ilə bağlanmış müqaviləyə əsasən təhvil verilməli olan məhsullar müxtəlif epizodlarda razılaşdırılmış tarixlərdə çatdırılmamışdır. Buna görə də, layihənin icrası ləngimələrlə üzləşmiş, layihənin icrasında növbəti mərhələlərə keçid vaxtında mümkün olmamışdır. Bununla da, zəncirvari şəkildə ümumi layihənin icrasında, təhvil verilməli olduğu tarixdə, layihə üzrə çalışan işçilərin əmək haqları olmaqla bir çox məsələlərdə problemlər yaranmışdır. Cavabdeh MMC tərəfindən icra olunan layihənin gecikmələrlə üzləşməsi şirkətin maddi ziyana məruz qalmasına səbəb olmuşdur. Göründüyü kimi, İddiaçı MMC tərəfindən müqavilə öhdəlikləri qüsurlu icra olunmuşdur, bununla da Cavabdeh MMC-yə zərər dəymişdir. Bu səbəbdən Cavabdeh MMC ilə İddiaçı MMC arasında şifahi danışıqlar aparılmış və müqavilə üzrə ödənilməli olan vəsait dəymiş zərərə mütənasib olaraq azaldılmalar edilmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçının nümayəndəsi və cavabdeh apellyasiya baxışında iştirak etməmişdir. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Lakin iddiaçı məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinə 13570 AZN azaldılma tətbiq edilərək iddianın qismən təmin edilməsini xahiş etməklə, qətnaməni qismən mübahisələndirmişdir və kollegiya Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarında formalaşan hüquqi mövqe baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını cavabdehə münasibətdə apellyasiya şikayətinin dəlilləri üzrə qismən yoxlanılmasını düzgün hesab edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 567-ci maddəsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin əcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası məruzəni dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin təmin olunması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. İşdə olan İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 362 nömrəli alqı-satqı müqaviləsinin: 1.1-ci yarımbəndinə əsasən, müqavilədə müəyyən edilmiş şərtlər əsasında, müqavilənin ayrılmaz tərkib hissəsi sayılan (Müqaviləyə 1 saylı Əlavə) Spesifikasiyada adları göstərilən Malları “Satıcı”ya satmağı “Alıcı” isə onu qəbul edib dəyərini ödəməyi öhdəsinə götürür. 2.3-cü yarımbəndinə əsasən, “Satıcı” müqavilə imzalandığı tarixdən, “Alıcı” tərəfindən öncədən daxil olmuş sifarişlərə uyğun olaraq, 3-5 (üç-beş) təqvim günü ərzində razılaşdırılmış çeşiddə və miqdarda malı “Alıcı”nın özünə və ya səlahiyyətli nümayəndəsinə təhvil verir. 3.2-ci yarımbəndinə əsasən, Malların hər vahidinin qiyməti inflyasiya prossesləri, qiymətlərin mövsümü dəyişməsi, bazarın konyukturasının dəyişməsi ilə əlaqədar olaraq, Tərəflərin qarşılıqlı razılaşması əsasında (Müqaviləyə əlavə Sazişlər şəklində) dəyişdirilə bilər. 4.2-ci yarımbəndinə əsasən, Malların “Alıcı”ya təhvil verilməsi üzləşdirmə aktı, qaimə-faktura və ya elektron qaimə-faktura ilə təsdiq edilir. Bu sənədlərin hər biri ayrıayrılıqda bərabər hüquqi qüvvəyə malikdir. Malların təhvil təslimi ilə bağlı qeyd olunan sənədlərdən hər hansı birinin mövcudluğu “Satıcı”nın təhvil-təslim öhdəliyinin icrasını təsdiq edir. 5.1-ci yarımbəndinə əsasən, ödəmə bank köçürməsi və ya nağd hesablaşma yolu ilə Malların “Alıcı”ya təhvil verildiyi gündən 30 gün ərzində “Alıcı” tərəfindən həyata keçirilir. 9.1-ci yarımbəndinə əsasən, bu müqavilə bağlandığı andan qüvvəyə minir və bir il müddətinə qüvvədədir. Müqavilənin qüvvədə olma müddəti başa çatdıqdan sonra ona xitam vermək barədə tərəflərdən birinin digərinə yazılı müraciəti olmadıqda bu müqavilə eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. 9.2-ci yarımbəndinə əsasən, “Alıcı” bu müqavilənin 5.1-ci yarımbəndində göstərilən ödəmə vaxtını gecikdirdiyi və ya Müqavilənin digər şərtlərini pozduğu təqdirdə “Satıcı” “Alıcı”nı 5 (beş) gün əvvəlcədən yazıh surətdə məlumat verməklə Müqaviləyə vaxtından əvvəl bir tərəfli qaydada xitam vermək hüququna malikdir. Belə olduğu halda “Alıcı” “Satıcı”ya müqavilənin xitamı tarixinə qədər müqavilənin icrası ilə əlaqədar alınmış malın dəyərini qeyri şərtsiz ödəməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturalardan görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 34151,38 məbləğində inşaat materialları təqdim edilmişdir. İş materiallarında olan İddiaçı və Cavabdeh MMC tərəfindən təsdiqlənmiş “Üzləşdirmə aktı”ından görünür ki, xx.xx.2024-cü il tarixinə Cavabdeh MMC-nin iddiaçı "Fortis Group” MMC-yə əsas məbləğdən 28941,89 manat borc, ƏDV məbləğindən isə 5209,54 manat olmaqla, cəmi 34151,43 (otuz dörd min üç yüz əlli bir manat, qırx üç qəpik) manat məbləğində borcu vardır. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış 13 noyabr 2024-cü il tarixli, pretenziya məktubunun surətindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanılmış alqı-satqı müqaviləsi üzrə yaranmış borcun 10 gün ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh MMC məlumatlandırılmışdır. ********** nömrəli qəbzdən görünür ki iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 193,06 manat dövlət rüsumu ödənilmişdir. Göründüyü kimi iddia üzləşmə aktına əsasən qismən təmin edilmiş, qətnamədən cavabdeh narazı qalaraq şikayət vermişdir. Cavabdehin şikayətin əsas dəlili İddiaçı MMC ilə bağlanmış müqaviləyə əsasən təhvil verilməli olan məhsullar müxtəlif epizodlarda razılaşdırılmış tarixlərdə Cavabdeh MMC-yə çatdırılmamışdır. Buna görə də, layihənin icrası ləngimələrlə üzləşmiş, layihənin icrasında növbəti mərhələlərə keçid vaxtında mümkün olmamışdır. Bununla da, zəncirvari şəkildə ümumi layihənin icrasında, təhvil verilməli olduğu tarixdə, layihə üzrə çalışan işçilərin əmək haqları da olmaqla bir çox məsələlərdə problemlər yaranmış və Cavabdeh MMC tərəfindən icra olunan layihənin gecikmələrlə üzləşməsi şirkətin maddi ziyana məruz qalmasına səbəb olması ilə bağlıdır. Qeyd etmişdir ki, onlara dəymiş zərər 13 570 manat təşkil etmişdir. Göründüyü kimi cavabdeh onlara iddiaçı tərəfindən 13570 manat zərər vurulmasını iddia edir, lakin bu zərərin nədən qaynaqlanması barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etmirlər. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və iddiaçının apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Bütün yuxarıda şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə münasibətdə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya şikayəti təmin edilmədiyindən şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsinin ümumi məbləği 10000 manatdan çox olduğundan, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 27 fevral 2025-ci il tarixli, e-2-2(121)-576/2025 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(106)-112/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-112/2025
15.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver