Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-113/2023 19.10.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri X2, (sədrlik edən, məruzəçi) Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "MKT İstehsalat Kommersiya” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Şirvan Kommersiya Məhkəməsinin 24 iyul 2023-cü il tarixli, e-2-2(121)-1271/2023 saylı qətnaməsindən (hakim Z.Abbasov) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı "MKT İstehsalat Kommersiya” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas borca görə 11.914,48 manat, hesablanmış cəriməyə görə 1.620,3 manat və ödənilmiş mediasiya rüsumuna görə 200 manat olmaqla, ümumilikdə 13.734,78 manat pulun alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "MKT İstehsalat Kommersiya” MMCnin "MKT- Beyləqan” filialı və cavabdeh arasında bağlanmış 22 *** **** saylı 2022-ci il mövsümü üzrə xam-pambığın alqı-satqı müqaviləsinə əsəsən, cavabdeh 11,6 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə iddiaçı tərəfindən cavabdehə avans olaraq cəmi 20.264 manat dəyərində zəruri vəsaitlər verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Müqavilənin 2.1.4-cü bəndinin şərtlərinə əsasən, tədarük mövsümü vaxtı cavabdehin aldığı avansın məbləği müəyyən olunmuş miqdarda təhvil verəcəyi xam-pambığın dəyərindən çıxılmalıdır. Cavabdeh təhvil verəcəyi pambığın dəyəri avans məbləğin həcmini ödəmədiyi təqdirdə isə yaranan fərqin ödənilməsini öhdəsinə götürmüşdür. Nəticədə cavabdeh tərəfindən 9049,40 kq, 7239,52 manat dəyərində xampambıq təhvil verilmişdir ki, bu da müqavilədə nəzərdə tutulan miqdardan az olmuşdur, bununla da iddiaçıdan təhvil götürdüyü cəmi avansın dəyəri tam ödənilməmişdir. Cavabdeh avans vəsaitlərin dəyərinə görə yaranmış borcundan 1110 manat vəsaiti iddiaçıya geri qaytarmışdır. Son nəticədə cavabdehin təhvil götürdüyü avans vəsaitlərin dəyərinə görə iddiaçıya 11914,48 manat əsas borcu yaranmışdır. Cavabdehin borclu qalması iddiaçının tapşırığı əsasında xam-pambığın tədarükünü həyata keçirən "MKT- Beyləqan” filialı ilə cavabdeh arasında aparılan hesablaşma sənədləri-qeydiyyat vərəqəsi ilə təsdiq edilir. Eyni zamanda müqavilənin 4.2 bəndinə əsasən, cavabdeh yaranmış əsas borcun ödənilməyən hissəsinin hər gecikdirilmiş gün üçün 0,1%-i məbləğində cərimə də ödəməlidir ki, bu cərimənin də məbləği 1620,3 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində Cavabdeh məhkəmə iclasında verdiyi izahatında su qıtlığı ilə əlaqədar məhsuldarlığın az olduğunu, buna görə də müqavilə üzrə öhdəliyini tam şəkildə icra edə bilmədiyini, əsas borcu qəbul etdiyini və borcunu hissə-hissə ödəyəcəyini bildirmiş, cərimənin azaldılmasını məhkəmədən xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 24 iyul 2023-cü il tarixli, e-2-2(121)-1271/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 11.914,48 manat məbləğində əsas borc, 200 manat ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş məbləğ olmaqla, ümumilikdə 12.114,48 manat məbləğində pulun tutularaq iddiaçı "MKT İstehsalat Kommersiya” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddia ərizəsinin verilməsinə görə nəzərdə tutulan 125,74 manat məbləğində dövlət rüsumunun cavabdehə aid edilməsi və Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsini, öhdəliyinin tam yerinə-yetirilməməsində fors-major halını və iddiaçının da təqsiri olnasını nəzərə alıb, tələbin 50 faiz miqdarında təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmşdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, İşə birtərəfli baxılaraq hüquqları pozulmuşdur. Cavabdeh iddiaçı təşkilatdan xx.xx.2021ci il tarixli müqaviləyə əsasən 11,60 ha sahədə pambıq əkmişdir və hər hektardan 25 sentner pambıq verməli idi. İddiaçı ilə bağlanmış müqaviləyə tam əməl etməməsinin səbəbi su çatışmazlığı, torpaqda şoranlıq olduğu üçün sahədə məhsuldarlıq az olması olmuşdur. Bunda cavabdehin günahı yoxdur, bunlar ondan asılı olmayan obyektiv səbəblərdir. Bu barədə iddiaçı təşkilata məlumat vermiş, iddiaçı tərəfindən əkin sahəsinə müqavilədə nəzərdə tutulan aqrotexniki qulluq göstərilməmiş və kifayət edəcək vəsait ayrılmamışdır. Həmin sahəyə iddiaçının nümayəndələri də dəfələrlə baxış keçirmişlər. Belə ki, 11,60 hektar ərazidə əkilmiş pambığın yarı hissəsini səpindən sonra heç cür suvarmaq mükün olmamışdır. Bu barədə iddiaçı təşkilata da vaxtında məlumat vermişdir. Lakin iddiaçı bunu nəzərə almamışdır. Mülki Məcəllənin 448.4-cü maddəsində göstərilir ki, borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Qanunvericiliyin tələbinə əsasən qarşısıalınmaz qüvvənin yaratdığı hallar (təbii fəlakətlər, hərbi əməliyyatlar, iqtisadi böhran, devalivasiya, qanunvericilikdə dəyişiliklər və s.) nəticəsində Müqavilə üzrə öhdəliklərini yerinə yetirmək mümkün olmadıqda, Tərəflər onların yerinə yetirilməməsi üçün məsuliyyət daşımırlar o şərtlə ki, həmin hallar Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə bilavasitə təsir etmiş olsunlar. Həmin Məcəllənin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. 458.2-ci maddəsinə görə bu Məcəllənin 458.1-ci maddəsinin qaydaları bu Məcəlləyə və ya müqaviləyə görə borclunun öz təqsirindən asılı olmayaraq öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşıdığı hallarda da müvafiq surətdə tətbiq edilir. Bu barədə vəsatət qaldırsa da məhkəmə vəsatəti təmin etməmişdir. Ona görə də iddia qismən əsassızdır. Bu səbəbdən də hesab edir ki, qətnamə qismən ləğv edilməlidir və iddia tələbinin qismən, 50 faizi miqdarında təmin edilməsinə dair qətnamə qəbul edilməlidir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə Cavabdeh apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmədə iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən kommersiya işinə iddiaçının iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını, iddianın qismən təmin edilməsini xahiş etməklə, qətnaməni qismən mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Belə ki,birinci instansiya məhkəmə, işin müəyyən edilmiş hallarını nəzərə alaraq, iş materiallarında olan sənədlərə, tərəflərin məhkəmə iclasında verdikləri izahatlarına və digər sübutlara məcmu halda qiymət verərək iddia tələbi qismən təmin etmişdir. Belə ki, iş materiallarında olan "MKT İstehsalat Kommersiya” Məhdud Məsuliyyətli Cəmiyyətinin, "MKT Beyləqan” filialı (müqavilədə "Alıcı”) və Cavabdeh (müqavilədə "Satıcı”) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ********* nömrəli "2022-ci il mövsümü üzrə xam pambığın alqı-satqısına dair” müqavilənin: 1.1-ci bəndinə əsasən, müqavilənin predmeti 2022-ci il mövsümü üzrə xam-pambığın istehsalı üçün zəruri olan vəsaitlərin, malların və aqrotexniki (aqronom məsləhətləri və kənd təsərrüfatı texnikası ilə Satıcının sahəsində aparılan işlər) xidmətlərin Alıcı tərəfindən Satıcıya təqdim olunması və nəticədə müvafiq avans məbləğinin formalaşması, Satıcı tərəfindən istehsal olunmuş xam pambıq həcminin bütünlükdə Alıcıya təhvil verilib satılması və Alıcı tərəfindən ümumi satış dəyərindən avanslar çıxıldıqdan sonra qalan hissəsinin Satıcıya ödənilməsindən ibarətdir; 2.1.2- ci bəndinə əsasən, "Satıcı” 11.60 ha torpaq sahəsində pambıq əkir və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi xam pambığı bütünlükdə kondisiya çəkidə müqavilədə qeyd olunmuş qiymətlərlə "Alıcı”nın mülkiyyətinə tədarük mövsümü vaxtı, lakin 15 noyabr 2022-ci il tarixindən gec olmayaraq təhvil verir; 2.1.3- cü bəndinə əsasən, təhvil verilmiş xam pambığın növü və nəmlik göstəricisindən asılı olaraq Alıcı tərəfindən xam pambığın qurudulmasına çəkilən xərclər hazırki müqavilənin ayrılmaz hissəsini təşkil edən "Qiymətlərin razılaşdırma protokolunda” müəyyən edilmiş qaydada qarşılıqlı hesablaşmalar aparılan zaman Satıcı tərəfindən Alıcıya ödənilir; 2.1.5-ci bəndinə əsasən, Satıcı bütün aqrotexniki tədbirlərin tam və vaxtında aparılmasını öhdəsinə götürür; 4.2-ci bəndinə əsasən, "Satıcı” müqavilədə göstərilən həcmdə xam-pambıq təhvil verməsə, bunun nəticəsində yaranmış əsas borcun hər gecikdirilən gün üçün 0.1% həcmdə Alıcıya cərimə ödəyir. İş materiallarında olan "MKT İstehsalat Kommersiya” Məhdud Məsuliyyətli Cəmiyyətinin, "MKT Beyləqan” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ********* nömrəli "2022-ci il mövsümü üzrə xam pambığın alqı-satqısına dair” müqaviləyə əlavə olaraq, tərəflər arasında qiymətlərin razılaşdırma protokolu imzalanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 17004167 nömrəli; xx.xx.2022-ci il tarixli, 17004341 nömrəli; xx.xx.2022-ci il tarixli, 17005441 nömrəli; xx.xx.2022-ci il tarixli, 17017377 nömrəli; xx.xx.2022-ci il tarixli, 17020105 nömrəli; xx.xx.2022-ci il tarixli, 17017376 nömrəli; xx.xx.2022-ci il tarixli, 17017165 nömrəli; xx.xx.2022-ci il tarixli, 17020125 nömrəli; xx.xx.2022- ci il tarixli, 17019084 nömrəli və 17019143 nömrəli;xx.xx.2022-ci il tarixli, 17017112 nömrəli iş aktları üzrə "MKT İstehsalat Kommersiya” Məhdud Məsuliyyətli Cəmiyyətinin "MKT Beyləqan” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin şərtlərinə əsasən "MKT İK” MMC tərəfindən Cavabdeh sahəsinə müvafiq xidmətlər göstərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 347095 nömrəli, 347096 nömrəli; xx.xx.2022-ci il tarixli, 350011 nömrəli, 350012 nömrəli pambıq qəbul qəbzlərinə əsasən, Cavabdeh tərəfindən "MKT İK” MMC-yə ümumilikdə 7.239,52 manat məbləğində xam pambıq təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, ******* nömrəli və ******* nömrəli; xx.xx.2022-ci il tarixli, ******* nömrəli; xx.xx.2022-ci il tarixli, ******* nömrəli və ******* nömrəli; xx.xx.2022-ci il tarixli ******* nömrəli və ******* nömrəli; xx.xx.2022- ci il tarixli ******* nömrəli və ******* nömrəli; xx.xx.2022-ci il tarixli, ******* nömrəli; xx.xx.2022-ci il tarixli ******* nömrəli qaimələrə əsasən, Cavabdeh 2.174 manat məbləğində zəruri vəsaitlər verilmişdir. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2023-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, "MKT İstehsalat Kommersiya” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 2022-ci il mövsümü üzrə xampambığın alqı-satqı müqaviləsinə əsasən yaranmış borcun pretenziya alındığı vaxtdan 10 gün müddətində ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun "MKT İstehsalat Kommersiya” MMC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İş materiallarında olan "İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”ın surətindən görünür ki, iddiaçı "MKT İstehsalat Kommersiya” MMC-nin ərizəsinə əsasən xx.xx.2023-cü il tarixinə təyin edilən mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. İş materiallarında olan "elektron qaimə”nin surətindən görünür ki, iddiaçı "MKT İstehsalat Kommersiya” MMC ilkin mediasiya sessiyasının keçirilməsi üçün Cəbrayıl 1 saylı Mediasiya Təşkilatının hesabına 200 manat vəsait ödəmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin cavabdehə münasibətdə ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehə münasibətdə qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə, dəyişdirilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 24 iyul 2023-cü il tarixli, e-2-2(121)-1271/2023 saylı qətnaməsi Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(106)-113/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-113/2023
19.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver