Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-113/2025 14.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X6 Vəli oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X2 ibarət məhkəmə tərkibində, məhkəmə iclas katibi Cəlalzadə Məleykə Nüsrət qızının katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, iddiaçı “X4 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Şirvan Kommersiya Məhkəməsinin 25 fevral 2025-ci il tarixli e-2- 2(121)-349/2025 saylı qətnaməsindən (hakim Z.Abbasov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı “X4 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, əsas borca görə 51361.68 manat, hesablanmış cərimə borcuna görə 10272.34 manat və ödənilmiş dövlət rüsumuna görə 274.90 manat olmaqla, cəmi 61908.92 manat pulun cavabdehdən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, alıcı qismində (iddiaçı) “X4 Kompleksi” MMC, tədarükçü qismində “X4 Kompleksi” MMC-nin “X5 və Emalı Zavodu” filialı və fermer (cavabdeh) Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 035 saylı xampambığın alğı-satqı müqaviləsinə əsəsən cavabdeh öhdəsində olan 40.00 hektar torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 30 sentnerdən az olmamaqla xam pambıq istehsal etməklə iddiaçıya (alıcıya) satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdehə 125938.30 manat məbləğində avans vəsaitlər (nağd vəsait, dərman, çiyid, gübrə və.s.) verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Adı çəkilən avans vəsaitlər və göstərilmiş xidmətlərlə bağlı cavabdehlə xx.xx.2022-ci il tarixində üzləşmə aktı bağlanılmış və 119050.30 manat məbləğində borcun yaranması təsdiq olunmuşdur. Üzləşmə aktı bağlandıqdan sonra yığım prosesinin icrası ilə əlaqədar daha 6888.00 manat məbləğində xidmətlər görülmüşdür ki, bu xidmətlərin görülməsimi təsdiq edən iş aktları iddia ərizəsinə əlavə edilmişdir. Müqavilə şərtlərinə əsasən, cavabdeh götürdüyü avansın dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra, təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Lakin cavabdeh yaranmış borcdan 74576.2 manat dəyərində xam-pambıq verməklə ödəmişdir. Beləliklə, cavabdeh tərəfindən 2022-ci il mövsümü üzrə xx.xx.2021-ci il tarixli, 035 saylı müqavilənin 2.1.1, 2.1.7, 5.2-ci bəndlərini pozaraq götürdüyü avans müqabilində borcunu tam ödəməmişdir. Nəticədə cavabdehin iddiaçıya 51361.68 manat borcu qalmışdır. Bundan əlavə, müqavilənin 5.2-ci bəndinə əsasən cavabdeh müqavilədə nəzərdə tutulan miqdarda xam-pambıq vermədiyi halda, yerinə yetirilməyən öhdəlik üzrə xam-pambığın 1-ci növ qiyməti ilə (1-ci növ xampambığın 1 tonunun qiyməti 650 manatdır.) 20% həcmində cərimə ödəməlidir ki, bu cərimənin də məbləği 10272.34 manat təşkil edir. Verilməmişdir: 51361.68 manat х 20% = 10272.34 manat. Bununla yanaşı, cavabdehin qeydiyyatda olduğu ünvan üzrə, həmçinin elektron kargüzarlıq və elektron məhkəmə sistemi üzərindən cavabdehə rəsmi pretenziya məktubu göndərilməklə 3 iş günü müddətində borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə isə müqavilə öhdəliyini yetirilməməsinə görə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Buna baxmayaraq məsələnin məhkəmədən kənar həllinə heç bir təşəbbüs göstərilməmişdir. Beləliklə cavabdeh, müqavilə üzrə borcunu ödəmədiyindən iddiaçı borcu qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında tələb etmək məcburiyyətindədir İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Cavbdeh 4 dekabr 2024-cü il tarixində keçirilən məhkəmə baxışına hazırlıq iclasında iddianı qismən qəbul edərək iddiaçı təşkilata 48000 manat məbləğində borcunun olduğunu, iş materiallarına əlavə edilmiş 1 sentyabr 2022-ci il tarixli üzləşmə aktının onun tərəfindən imzalandığını və həmin aktla 119050.30 manat avans verildiyini bildirmişdir. Daha sonra qeyd etmişdir ki, onu aldadıb akta qol çəkdiriblər. İddiaçı ilə belə razılaşmışdılar ki, üzərinə götürsün, sonra digər fermerlərin üzərinə qoysunlar. Şirvan Kommersiya Məhkəməsinin 25 fevral 2025-ci il tarixli e-2-2(121)-349/2025 saylı qətnaməsi ilə iddia təmin olunaraq, Cavabdeh xx.xx.2021-ci il tarixli 035 nömrəli müqavilə üzrə 51361.68 manat əsas, 10272.34 manat cərimə və 274.90 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 61908.92 manat məbləğində pul tutularaq iddiaçı “X4 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qismən ləğv olunaraq borca görə hesablanmış 10272.34 manat cərimənin silinməsi, müqavilə öhdəliyi üzrə yaranmış 48000 (qırx səkkiz min) manat məbləğində pulun ondan tutularaq iddiaçı “X4 Kompleksi” MMC-yə ödənilməsi barədə qətnamə qəbul oedilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmşdır ki, məhkəmə onu dinləmədən qətnamə qəbul edib. Konstitusiyanın 60-cı maddəsinin İİİ bəndinin tələbi üzrə hüquqları pozulub. İddiaçı “X4 Kompleksi” MMC-nin əsassız varlanmaq istəyinə məhkəmə hüquqi qiymət verməyib. İddiaçı “X4 Kompleksi” MMC-nin əməkdaşları, müqavilə öhdəliyi üzrə olan borcu barədə məlumatları məhkəməyə düzgün təqdim etməyib. Bundan əlavə olaraq, məhkəmə qətnaməsində borcunun bir hissəsinin ödənilməsinə aydınlıq gətirilməyib. İddiaçı təşkilatın nümayəndələri qərəzli olaraq borcunu şişirdərək, ona əlavə ziyan vurmaq niyyəti güdürlər və həmçinin öz məqsədləri üçün, ondan əlavə pulunu tələb edirlər. Məhkəmə tərəfindən bu hala münasibət bildirilməyib. Müqaviləyə qədərki danışıqlara və tərəflərin qarışılıqlı münasibətlərində yaranmış hərəkətlərə məhkəmə diqqət yetirməmişdir. “X4 Kompleksi” MMC-nin əməkdaşları, onun müqavilə öhdəliyinin şərtlərini pozduğuna görə yaranmış 61908.92 manat borcunun mövcudluğunu əsaslandırılmalıdır. İddiaçı “X4 Kompleksi” MMC tərəfindən qeyd edilmiş borcun məbləği həddindən artıq şişirdilmişdir. “X4 Kompleksi” MMC-nin ona qarşı iddia tələbini qismən qəbul edir. Sözügedən təşkilata olan ümumi borcundan bir hissəsini ödəmişdir. Lakin məhkəmə qətnaməsində borcunun bir hissəsinin ödənilməsinə aydınlıq gətirilməyib. Hal-hazırda iddiaçı təşkilata təqribən 48000 (qırx səkkiz min) manat məbləğində borcu var. Hesab edir ki, borcunun dəqiqləşdirilməsi üçün maliyəmühasibatlıq ektspertizası təyin edilməli idi. Onun borcu mübahisə predmeti olduğu üçün, ekspertizanın təyin edilməsini tələb etmişdir. Məhkəmə bu hala xüsusi diqqət yetirməlidir. Şirvan Kommersiya Məhkəməsinin gəldiyi nəticə üçün, mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi sübuta yetirilir və bu səbəbdən qətnamə qismən ləğv edilməli və iddia tələbinin qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə cavabdeh apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Əlavə olaraq izahatında göstərdi ki, atası aqronom olaraq, özü də, iddiaçı təşkilatda işləmişlər. Fermerlərə paylanan kübrələr onların evinə gətirilmiş və oradan paylanmışdır. Lakin bunların rəsmiləşdirilməsi aparılmamış, fermerlər də ziyan çəkdiklərindən, pullarını tələb etməmişlər. Nəticədə həmin kübrələrin pulları onların üzərində qalmışdır. İddiaçı təşkilata 48000 manat borcunun olduğunu qəbul edir. Məhkəmədə iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinin əsassız olduğunu bildirib təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin yalnız cərimə hissədə ləğvini, əsas borcun isə azaldılmasını xahiş etməklə qətnaməni qismən mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri üzrə mübahisələndirilən hissələrdə yохlanılmasını düzgün hеsab еtmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin cərimənin müəyyən olunan məbləği hissədə dəyişdirilməsi üçün əsasdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə əsas borc hissədə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materillarında olan sənədlərlə aşağıdakılar məyyən olunur: “X4 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 035 nömrəli müqavilənin surətindən görünür ki, həmin müqavilənin: 1.1-ci bəndinə əsasən, bu müqavilənin şərtləri daxilində “Fermer” mülkiyyətində, istifadəsində və ya icarəsində olan 40 ha torpaq sahəsində (icarəyə və ya istifadəyə götürülən torpaq sahələri barədə müqavilə və sair hüquqmüəyyənedici sənədlər bu müqaviləyə əlavə olunur) pambıq əkib “Alıcı”ya satmağı, “Alıcı” isə “Fermer”in istehsal etdiyi xam pambığı qəbul etməyi və onun dəyərini müqavilə üzrə nəzərdə tutulmuş qiymətlə “Fermer”ə ödəməyi öhdəsinə götürür; 2.1.1-ci bəndinə əsasən, “Fermer” mülkiyyətində olan və ya icarə (istifadə) müqaviləsi əsasında istifadə etdiyi 40 ha torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkir və hər hektardan 30 sentnerdən az olmamaqla xam pambıq istehsal edib “Alıcı”nın mülkiyyətinə verir; 2.1.2-ci bəndinə əsasən, pambıq əkiləcək torpağın şum edilməsindən başlayaraq pambığın yığılmasınadək bütün aqrotexniki tədbirlərin optimal müddətlərdə və keyfiyyətlə aparılmasını təmin edir; 2.1.3-cü bəndinə əsasən, müqavilənin 2.1.2-ci bəndində göstərilən işlərin vaxtında və qusursuz yerinə yetirilməsi üçün aqrotexniki ardıcıllığa uyğun olaraq “Alıcı”dan avans vəsaitlər – (nəğdsiz qaydada pul vəsaiti, toxumluq çiyid, gübrələr, zəhərli-kimyəvi preparatlar və s.) alınması, həmçinin texnikalarla (şum, mala, disk, arx, kultivasiya, dərmanlama və s.) işlər görülməsi barədə müraciət edir; 2.1.7-ci bəndinə əsasən, “Alıcı”ya məxsus texnikalarla görülmüş şum, mala, disk, arx, kultivasiya, dərmanlama və s. göstərilən xidmətlərin, toxumluq çiyidin, zəhərli kimyəvi preparatların, gübrənin və s. dəyərini, həmçinin nəğdsiz qaydada götürülən vəsaitin məbləğini istehsal etdiyi xam-pambıqla müqavilədə göstərilmiş tarixədək tam ödəyir; 5.2-ci bəndinə əsasən, “Fermer” üzərinə götürdüyü öhdəlikdən az miqdarda xampambıq təhvil verərsə və götürdüyü avans üzrə borclu qalarsa, təhvil verilməyən xampambığın dəyərinin 20%-i həcmində (xam-pambığın 1-ci növ qiyməti ilə) cərimə ödəyir. Aktların, qaimə-fakturaların surətlərindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh sahəsində müvafiq aqrotexniki işlər görülmüş və mallar təhvil verilmişdir. "xxxx" ASC tərəfindən iddiaçıya ünvanlanmış məktubdan və məktuba əlavə edilmiş məlumatdan görünür ki, “X4 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh hesabına 2022-ci il ərzində ümumilkdə cəmi 64368 manat məbləğində pul vəsaiti köçürülmüşdür. xx.xx.2022-ci il tarixli “Üzləşmə aktı”ndan görünür ki, fermer Cavabdeh "xxxx" MMC-nin X5 və Tədarükü Məntəqəsinə 119050,30 manat borcunun olması tərəflərin imzası ilə təsdiq edilmişdir. xx.xx.2023-cü il tarixli Maliyyə arayışının surətindən görünür ki, “X4 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 035 nömrəli müqavilə üzrə Cavabdeh borcu 51361.68 manat təşkil edir. İddiaçının cavabdehə ünvanladığı xx.xx.2024-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, “X4 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən yaranmış 51361.68 manat məbləğində borcun 3 iş gün ərzində tamamilə ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun və məhkəmə xərclərinin məcburi qaydada alınaraq “X4 Kompleksi” MMC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. Cavabdeh apellyasiya şikayətində qətnamənin qismən ləğv edilməsini xahiş etmişdir. O, apellyasiya şikayətində iddia tələbində qeyd olunmuş avans və cərimə məbləğinin çox olmasını, borcun şişirdilməsini mübahisələndirmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir; 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 14.1. və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir; 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbuledib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 568.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur; 578.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər; 599.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirir; 599.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər; 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İşin müəyyən olunan faktiki hallarına əsasən tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklər yaranmış, iddiaçı müqavilə üzrə öhdəliyini icra edərək cavabdehə 125938,30 manat məbləğində avans vermiş, bunun qarşılığında cavabdeh iddiaçıya 74576.62 manat dəyərində mal təhvil verərək, götürdüyü avans məbləğini tam qaytarmamışdır. Nəticədə cavabdehin avans vəsaitə görə iddiaçıya 51361.68 manat məbləğində borcu qalmışdır. Cavabdehin avans məbləğinə görə qeyd olunan məbləğdə borcunun mövcudluğu tərəflər arasında tərtib olunan üzləşmə aktı, qaimə fakturalar və cavabdehin qismən (48000 manat hissədə) etirafı ilə təsdiqini tapır. Birinci instansiya məhkəməsi iddianı əsas borc məbləğinə münasibətdə təmin etməkdə haqlı olmuş, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Kollegiya dəbbə pulunun tutulması hissədə, qətnamənin əsaslılığını yoxlayaraq aşğıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər, 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir, 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər, 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddiaçı cavabdehlə arasında bağlanmış müqavilənin şərtlərindən irəli gələn, öhdəliklərin vaxtında və lazımınca icra edilməməsinə görə hesablanmış dəbbə pulunun tutulmasını yuxarıda sadalanan qanunvericilik aktı normaları baxımından tələb etməkdə haqlıdır. Bununla belə kollegiya qeyd etməyi zəruri hesab edir ki, hər hansı müqavilə, o cümlədən kredit müqaviləsi münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsulu, öhdəliklərin icra olunmaması halında isə nəzərdə tutulan maliyyə sanksiyasıdır. Buna görə də, cavabdehin həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasına səbəb olan dəbbə məbləğinin tənasübsüz surətdə yüksək olması düzgün deyil. Bu baxımdan kollegiya cərimə məbləği hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab etmir, cərimə məbləğinin azaldılaraq 500 manat məbləğində müəyyən edilməsini işin hallarına uyğun olaraq qanuni və əsaslı sayır. Apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətdə qeyd olunan dəlillər qətnamənin cərimə borcuna münasibətdə dəyişdirilməsinə səbəb olsa da, ümumilikdə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə görə, apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə kollegiya hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan Kommersiya Məhkəməsinin 25 fevral 2025-ci il tarixli, e-2- 2(121)-349/2025 saylı qətnaməsi cavabdehdən tutulmalı olan cərimənin miqdarına dair hissədə dəyişdirilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli 035 nömrəli müqavilə üzrə tutulacaq cərimənin məbləği 500 manat müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384.0.3, 392, 393, 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin 25 fevral 2025-ci il tarixli, e-2-2(121)-349/2025 saylı qətnaməsi Cavabdeh10272.34 manat cərimənin tutulması hissədə dəyişdirilərək, cərimənin məbləği 500 manat müəyyən edilsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemində üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qasım Əliyev Hakimlər: Tale Kərimov Cahid İmanov
Məhkəmə qərarları › İş №2-2(106)-113/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-113/2025
14.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver