Məhkəmə qərarları › İş №2-2(106)-12/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-12/2023

21.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-12/2023 21.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və X1 ibarət tərkibdə, katib X2, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 və Cavabdeh iştirakı ilə, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı (MMC-nin) Cavabdeh qarşı pul tələbinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh 11.579,47 borcun, vəkil xidmətinin göstərilməsini üçün ödənilmiş 200 manatın və dövlət rüsumu kimi ödənilmiş 31 manatın əvəzinin, cəmi 11.810,47 manat pulun tutulmasına dair iddia məhkəməyə müraciət etmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə (hakim R.İsmayılov) iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməmişdir. Qətnamədən iddiaçı "xxxx" MMC apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının (hakimlər T.Kərimov, T.Heydərov, İ.Əhmədov) 21 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilmiş, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-2(121)- 419/2021 saylı qətnaməsi ləğv edilmiş, iddia təmin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının (hakimlər İ.Dadaşov, B.Məmmədli, B.Qəribov) 25 oktyabr 2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 21 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılmaq üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh hüquqi şəxs yaratmadan (VÖEN: **********) Binəqədi rayonu ərazisində yerləşən Ucuzluq İstanbul mağazasında sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Cavabdehlə MMC arasında olan alqı-satqı razılaşmasına əsasən cavabdehə müxtəlif adda mallar satılmış, bununla bağlı cavabdehə elektron qaimələr təqdim edilmiş, lakin cavabdeh yaranmış 12.079,50 borcunu ödəməmişdir. Borcun qaytarılması barədə xx.xx.2019-cu il tarixdə Cavabdeh pretenziya məktubu göndərilmiş, 500,3 manatlıq ödəniş edilsə də, qalan 11.579,47 manat miqdarında borc ödənilməmiş qalmışdır. Birinci instansiya məhkəməsində cavabdeh iddianı qəbul etməmiş, onun rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386.1, 427, 433, 442. 445, 448, 567, 568.1-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının MPM-nin) müvafiq maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı "xxxx" MMC apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, cavabdehin işlədiyi mağazaya həmişə olduğu kimi mallar təqdim edilmişdir. Sübut olaraq elektron qaimə fakturalar təqdim edilmişdir. Şikayətə görə cavabdeh borcundan 500,3 manat ödəniş etsə də, 11579,47 manat borcu qalmışdır. İzahatlar Apellyasiya baxışında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Nümayəndə izahatında tərəflər arasında yazılı müqavilə imzalanmadığını, lakin malların anbardan çıxarılıb cavabdehə göndərildiyini, elektron qaydada təqdim edildiyini, cavabdeh tərəfindən 500 manat ödəniş də edildiyini, lakin bu barədə qəbzlərin olmadığını, arxivi su basması nəticəsində zəruri sənədlərin də məhv olduğunu bildirmişdir. Apellyasiya baxışında Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh izahatında əvvəllər müvəqqəti işlədiyi ətriyyat, pal-paltar və başqa şeylərin satışını həyata keçirən mağazanın sahibinin Quliyev Elməddin adlı şəxsin olduğunu, orada özünün təxminən 2014-2015-ci illərdə qısa bir müddətdə, cəmi 3-4 ay yalnız satıcı işlədiyini, Elməddinin təklifi ilə adına formal olaraq VÖEN açıldığını, ümumiyyətlə malların alınmasından, o cümlədən iddiaçının bildirdiyi malların alınasında məlumatı olmadığını, hər-hansı müqaviləyə və ya təhvil-təslim aktına imza etmədiyini, "xxxx" şirkətini tanımadığını, Şirkətlə heç bir əlaqəsinin, yazışmasının olmadığını, hazırda həmin mağazada işləmədiyini bildirmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası, məruzəçinin işin halları barədə məruzəsini, izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM-nin) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin aşağıdakı faktiki halları müəyyən edilmişdir: İddiaçı müəssisə xx.xx.2002-ci il tarixdə qeydiyyatdan keçmiş, təşkilati-hüquqi formasına görə məhdud məsuliyyətli cəmiyyətdir. Cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olaraq vergi ödəyicisi kimi 2018-ci il 14 may tarixində qeydiyyata alınmış, adına ********** VÖEN verilmişdir. İddiaçının təqdim etdiyi, İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış 2019-cu il 16 fevral tarixli, EAAQ seriyalı, 473863 saylı elektron qaiməyə görə, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 12.079,50 manat təşkil edən mal verilmiş, elektron qaimə sistem tərəfindən təsdiqlənmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 2021-ci il 28 aprel tarixli, **********046900 saylı məktubda qeyd edilmişdir ki, İddiaçı MMC (VÖEN **********) tərəfindən fiziki şəxslər X4 (VÖEN **********) və Cavabdeh (VÖEN **********) göndərilmiş 2019-cu il 16 fevral tarixli, EAAQ seriyalı, 473863 saylı və 473869 saylı elektron qaimələrin uçot baza məlumatlarına əsasən 2021-ci il 26 aprel tarixinə sistem tərəfindən təsdiq olunduğu müəyyən edilmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh və X4 ünvanlanmış 2019-cu il 14 avqust tarixli pretenziya məktubunda qeyd olunur ki, tərəflər arasında olan razılaşmaya əsasən, Bakı şəhəri, Binəqədi və Yasamal rayonunda fəaliyyət göstərən “Ucuzluq İstanbul” obyekti üçün hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh (VÖEN **********) və X4 (VÖEN **********) müxtəlif adlarda məhsullar satılmış və qalmış borcları barədə məlumat verilmişdir. X4 (VÖEN **********) 2019-cu il 18 fevral tarixində 1.275,18 manat, 2019-cu il 16 fevral tarixində 17.502,47 manat, Cavabdeh (VÖEN **********) 2019-cu il 16 fevral tarixində 12.079,50 manat borcunun olması barədə elektron qaimələr göndərilmiş, lakin buna baxmayaraq iddiaçıya olan borc ödənilməmişdir. Göstərilənlərə əsasən, cəmi 30.857,15 manat məbləğində borcun 15 gün müddətində iddiaçıya ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İddiaçı MMC hazırki tələbində cavabdehdən, elektron qaimə faktura sənədlərinə əsasn cavabdehə göndərdiyi malların dəyərini tələb etmişdir. Kollegiya iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 448.1-ci və 448.2-ci maddələrinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. İşin hallarından görünür ki, tərəflər arasında yazılı müqavilə olmamışdır. İddiaçı şifahi razılaşmaya uyğun olaraq cavabdehə malların verildiyini iddia etmiş, bununla əlaqədar elektron qaimə fakturalara istinad etmişdir. İddiaçı cavabdehlə razılaşmanın sübutu olaraq bildirmişdir ki, cavabdeh tərəfindən 500,3 manat ödəniş edilmişdir. İddiaçı tərəfindən elektron qaimələrdə əks olunmuş və ümumi dəyəri 12.079,50 manat olan malların cavabdehə verilməsini, onların təhvil-təslimini, o cümlədən cavabdeh tərəfindən iddiaçıya 500,3 manat məbləğində ödəniş olunmasını təsdiq edən və iddianı təmin etmək üçün əsas verən hər-hansı sübut təqdim edilməmişdir. İddiaçının nümayəndəsi malların iddiaçıya məxsus anbardan çıxması və cavabdehə təhvil verilməsi ilə əlaqədar onlarda hər hansı bir sənədin olmadığını bildirməklə yanaşı, iddia edilən məbləğin nəyin əsasında yaranmasını, elektron qaimələrin malların təhvil-təslimini təsdiq edən hansı sənədlər əsasında tərtib olunmasını əks etdirən sübutları təqdim edə bilməmişdir. Kollegiya hesab edir ki, yalnız elektron qaimələrin olması iddiaçı tərəfindən cavabdehə malların təhvil verilməsinin, yaxud cavabdeh tərəfindən həmin malların alınmasının bir mənalı təsdiqi kimi qəbul edilə bilməz. Kollegiya qeyd edir ki, elektron qaimə Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmaqla vergilərin hesablanması və ödənilməsi ilə bağlı vergi ödəyicisi ilə dövlət arasında olan münasibətlərin tənzimlənməsi məqsədi ilə tətbiq edilir. Elektron qaimə-faktura mülki dövriyyə iştirakçıları arasında öhdəliyin yaranması əsası kimi yalnız digər sübutlarla birlikdə nəzərə alına bilər və mülki dövriyyə iştirakçıları arasında öhdəliyin yaranma əsası kimi birbaşa sübut əhəmiyyətinə malik deyil. Bu səbəbdən, iddiaçı tərəfindən cavabdehə elektron qaimə-faktura göndərilməsi faktı malın həqiqətən cavabdehə təqdim olunduğunu təsdiq etməyə yetərli deyil. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli, 89 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları"nın zamana görə qüvvədə olan 1.3-cü bəndinə əsasən, mal (iş, xidmət) təqdim edilməsinin rəsmiləşdirilməsi həmin Qaydaların tələblərinə uyğun tərtib edilən elektron qaimə-faktura ilə təsdiq oluna bilərdi. Bu Qaydaların 2.6-cı bəndinə görə, elektron qaimə-faktura malların (işlərin, xidmətlərin) alıcıya təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər (müqavilələr (əqdlər), təhvil-təslim aktları, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaimə-fakturanın "Əsas” rekvizitində öz əksini tapır. Qaydaların tələblərindən göründüyü kimi, elektron qaimə-fakturanın özü belə təhvil-təslim aktları, malların alınması üçün vəkalətnamə əsasında tərtib edilmədiyi halda malın təqdim edilməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədi kimi qəbul edilmir. Bununla yanaşı, qeyd olunmalıdır ki, alqı-satqı münasibətləri zamanı satıcı alıcının özünə və ya onun səlahiyyət verdiyi şəxsə satılan malların həqiqətən təhvil verildiyini sübut etməli, satıcı alıcının adından malı təhvil alan şəxsdən buna səlahiyyəti olması barədə müvafiq sənəd tələb etməli, eyni zamanda həmin səlahiyyətli şəxsdən həqiqətən satılan malı (miqdarı, çeşidi və s. qeyd edilməklə) qəbul etiyini imzası ilə təsdiq etməsini tələb etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarında iddiaçının cavabdehə malları təqdim etməsi, cavabdeh tərəfindən malların qəbul olunması, alınmış mallara görə onun tərəfindən məhz həmin mallara görə qismən ödəniş aparılması barədə mötəbər sübutlar mövcud deyil. İddiaçı həqiqətən malların cavabdehə verildiyinə dair hər hansı digər əlavə sənəd təqdim etməmiş, bununla da MPM-in 14.2 və 77.1-ci maddələri ilə üzərinə düşən sübutetmə vəzifəsini icra etməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "HTM Holding” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il 20 aprel tarixli qərarında qeyd edilmişdir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Kollegiya hesab edir ki, iddiaçı öz tələbini əsaslandıra və sübuta yetirə bilməmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi "xxxx" MMC-nin Cavabdeh pul tələbinə dair iddiasını rədd etməklə doğru qənaətə gəlmişdir. Beləliklə, apellyasiya şikayətini təmin etmək üçün əsas yoxdur. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: İddiaçı "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli, 2-2(121)-224/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən İlham Əsədov Hakimlər Samir Mayılov Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar