Məhkəmə qərarları › İş №2-2(106)-122/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-122/2024

27.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-122/2024 27.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X4 və Kərimov Tale Suliddin oğlundan ibarət məhkəmə tərkibində, Zeynallı Aslan İsmayıl oğlunun katibliyi ilə, İddiaçı (MMC) Cavabdeh qarşı pul tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(121)-507/2024 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 18698 manat əsas borcun, 11779,74 manat cərimənin, 934,90 manat dəymiş ziyanın, ödənilmiş 200 manat mediasiya xərcinin, vəkilə ödənilmiş 220 manat xidmət haqqının, cəmi 31832,64 manat məbləğində pulun alınaraq İddiaçı MMC-nin xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı MMC (əvvəlki adı: "xxxx" MMC) arasında 01 dekabr 2020-ci il tarixli 68 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci maddəsinin şərtinə görə bu Müqavilə əsasında Satıcı, hazırki müqavilənin 2-ci maddəsində göstərilən və gələcəkdə “Mal” adlandırılacaq sement, beton və xidmət növünü “Alıcıya” satır. “Alıcı” isə malı alır və dəyərini ödəyir. Müqavilənin 1.2-ci maddəsinə görə “Alıcının” fəaliyyət növü ticarətdir. Müqavilənin 2.1-ci maddəsinə görə malın qiyməti “Satıcı” və “Alıcı” ilə razılaşdırılmış formada Müqaviləyə Əlavədə müəyyən olunur. “Satıcı” xx.xx.2020-ci ildən hal-hazıra kimi üzərinə düşən öhdəlikləri yerinə yetirərək “Alıcı”ya sement, sement satmış və xidmətlər göstərmişdir. “Alıcı” isə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmiş və nəticədə İddiaçı MMC-yə ödəməli olan 18698 manat məbləğdə pulu ödəməmişdir. Məhz, buna görə də iddiaçı elektron qaydada göndərilmiş məktubla qalıq pulu cavabdehdən tələb edib, üzərinə götürdüyü öhdəliyini yerinə yetirməyini tələb etmiş, ancaq cavabdeh borcu qaytarmaqdan imtina etmişdir. Qüvvədə olan qanunvericliyin tələbinə görə kommersiya mübahisələri üzrə məhkəməyə müraciət etməzdən əvvəl mediasiya sessiyasında iştirak etmək məcburidir. Məhz qanunun tələbinə görə iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etməkdən əvvəl mediasiya sesiyasından iştirak etmək üçün Cəbrayıl 1 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Lakin cavabdehlə razılığa gələ bilmədiklərindən işin məhkəməyə verilməsi zərurəti yaranmışdır. İddiaçı hesab edir ki, iddia tələbində göstərilən əsas borcla yanaşı cavabdeh ona vurmuş olduğu ziyanı və hər bir gecikdirilmiş günə görə ödənilməyən borc məbləğinin 1 % qədər cərimə də ödəməlidir. Müqavilənin 6.1.1 və 6.1.3-cü şərtlərinə görə satılmış malı vaxtında “Alıcı” tərəfindən qəbul edilməsini və razılaşdırılımış alış qiymətinin ödənilməsini tələb etmək, bu Müqavilə ilə nəzərdə tutulmuş ödəniş şərtlərinin əməl olunmadığı halda, hər bir gecikdirilmiş günə görə ödənilməyən borc məbləğinin 1%-i qədər cərimə və bundan yarana biləcək administrativ xərcləri tətbiq və tələb etmək və alınan malın dəyəri Alıcı tərəfindən ödənilmədiyi təqdirdə “Satıcı” yaranmış borc məbləğinin qaytarılması məqsədi ilə üçüncü tərəfə müraciət etmək və alıcıdan borc məbləğindən əlavə olaraq üçüncü tərəfin xidmətlərinin dəyərini ödəməyi tələb etmək satıcının hüquqlarından biridir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(121)-507/2024 saylı qətnaməsi (hakim Zaur Abbasov) ilə iddia qismən təmin edilərək cavabdehdən xx.xx.2020-ci il tarixli 68 nömrəli alğı-satqı müqaviləsi üzrə 18698 manat əsas borc, 1000 manat cərimə borcu, ödənilmiş 200 manat məbləğində mediasiya xərci, 110 manat məbləğində hüquqi yardım üçün ödənilmiş pul vəsaiti olmaqla, cəmi 20008 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddia ərizəsinin verilməsinə görə nəzərdə tutulan 149,09 manat məbləğində dövlət rüsumunun cavabdehə aid edilməsi və cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edərək iş üzrə yeni qanuni və əsaslı qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun iddiaçıya əsas borc məbləği üzrə borcu 18698 manat deyildir. İddia əizəsindən, iddiaçının məhkəməyə təqdim etdiyi iş üçün zəruri sənədlərə baxış zamanı müəyyən olunur ki, o iddiaçı tərəfə "xxxx" QSC vasitəsi ilə ödədiyim pul məbləğləri borcdən silinməmiş bununla da iddiaçı ondan artıq mələğdə pul alması riskini yaratmışdır. Hesab edir ki, bu hal qanunsuzdur məhkəmənin də iddiaçıya bu vəziyyətdə haqq qazandırması əsassızdır. Belə ki, xx.xx.2020-ci il tarixli ödəniş tapşırığı üzrə iddiaçıya tərəfindən 5000 manat+2.115.00 manat+380.70 manat cəmi olaraq 7.495.70 manat məbləğində pul vəsaiti ödənilmişdir. Hesab edir ki, ödnilmiş məbləğ ümumi borcdan çıxılmalı, qətnamə düzgün və qanuni qəbul edilməlidir. iddiaçı ilə arasında danışığı ondan ibarət olmuşdur ki, borc məbləği üzrə yaranamış ödənişlər tərəfindən hissəvi ödənişlərlə həyata keciriləcəkdir. İddiaçı borc məbləğini əsassız şəkildə şişirdərək qanun və işgüzar adətləri bir kənara qoyaraq ondan daha cox pul əldə etmək üçün iddia irəli sürmüşdür. Məhkəmə isə bu işə baxaraq maddi hüquq normasını pozaraq onu əlavə xərclərə cəlb edən qətnaməni qəbul etmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. İddiaçının nümayəndəsi məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və birinci instansiyanın qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin halları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmadan, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(121)- 507/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC ********** Dövlət qeydiyyat nömrəsi (VÖEN) ilə xx.xx.2006-cı il tarixdə kommersiya hüquqi şəxslərinin dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, Cavabdeh sahibkarlıq subyekti kimi xx.xx.2006-cı il tarixində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi – VÖEN (**********) verilmişdir və o, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-cü il tarixli 68 nömrəli alğı-satqı müqaviləsinin surətindən görünür ki, həmin müqavilənin: 1.1ci bəndinə əsasən bu Müqavilə əsasında Satıcı, hazırkı Müqavilənin 2-ci maddasində göstərilən və gələcəkdə “Mal” adlandırılacaq sement, beton və xidmət növünü Alıcıya satır, Alıcı isə malı alır və dəyərini ödəyir; 2.1-ci bəndinə əsasən malın qiyməti Satıcı və Alıcı ilə razılaşdırılmış formada Müqaviləyə Əlavədə müəyyən olunur; 3.1-ci bəndi ilə müəyyən edilmiş, mal(lar)ın təhvil verilməsi vaxtı, yeri, ödəniş qaydası və ödənişin Alıcı tərəfindən gecikdirilməsinə görə cərimə tətbiq etmə qaydasına əsasən: Malın təhvil vaxtı və yeri: Mal Alıcı tərəfindən sifariş verildikdən sonra 3 iş günü ərzində (bu Müqavilənin 4cü maddəsi daxilində) Alıcıya təhvil verilir. Ödəniş qaydası və vaxtı: Ödəniş Alıcı tərəfindən alınacaq hər malın dəyərini vergilər daxil olmaqla razılaşdırılmış qaydada Satıcının Bank hesabına köçürmə yolu ilə və ya nəğd olaraq həyata keçirilir. Ödənişin gecikdirilməsinə görə cərimə: Satıcı ödənişin gecikdirildiyi hər günə görə, müqavilə üzrə satılmış mallara nisbətdə ödənilməyən məbləğin 1%-i miqdarında Alıcıya cərimə tətbiq edə bilər; 11.1-ci bəndinə əsasən bu Müqavilə imzalandığı andan qüvvəyə minir və xx.xx.2020-ci il tarixinədək qüvvədədir; 11.2-ci bəndinə əsasən bu Müqavilənin əsas müddəti bitdikdə tərəflər arasında əlavə və dəyişiklik olmadığı halda Müqavilənin müddəti hər il avtomatik olaraq 1 il müddətinə uzadılır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Üzləşmə aktı”na əsasən "xxxx" MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2020-cü il tarixli 68 nömrəli alğı-satqı müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixinə “Alıcı” Cavabdeh "xxxx" MMC-yə mal satışından yaranan borcunun 19258 manat təşkil etməsini tərəflər öz imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 056880 saylı, xx.xx.2021-ci il tarixli 633576 saylı, xx.xx.2021-ci il tarixli 871404 saylı, xx.xx.2021-ci il tarixli 002630 saylı, xx.xx.2021-ci il tarixli 626033 saylı, xx.xx.2021-ci il tarixli 407163 saylı, xx.xx.2021-ci il tarixli 821489 saylı, xx.xx.2021-ci il tarixli 514969 saylı, xx.xx.2021-ci il tarixli 149299 saylı, xx.xx.2021-ci il tarixli 096548 saylı, xx.xx.2022-ci il tarixli 107277 saylı elektron qaimələrin surətindən görünür ki, İddiaçı MMC tərəfindən ümumi dəyəri 46369,7 manat olan mallar Cavabdeh göndərilmişdir. İş materiallarında olan əmtəə nəqliyyat qaimələrinin surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək mal (sement) təhvil verilmişdir. İş materiallarında olan “Ödəniş tapşırıqları”nın surətlərindən görünür ki, Cavabdeh tərəfindən İddiaçı MMC-yə ümumilikdə cəmi 24489,56 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2024-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-cü il tarixli 68 nömrəli alğı-satqı müqaviləsinə əsasən yaranmış 18698 manat məbləğində borcun tamamilə ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İş materiallarında olan “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışın surətindən görünür ki, İddiaçı MMC və Cavabdeh mediasiya prosesini davam etdirməyə razılıq verməmişlər. İş materiallarında olan “Ödəniş tapşırığı”nın surətindən görünür ki, İddiaçı MMC mediasiya sessiyasının keçirilməsi üçün Cəbrayıl 1 saylı Mediasiya Təşkilatının hesabına 210 manat vəsait ödəmişdir. İddiaçı MMC-nin direktoru X1 tərəfindən məhkəməyə ünvanlanmış arayışa əsasən İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-cü il tarixli, 68 nömrəli alğısatqı müqavilə üzrə Cavabdeh ümumi dəyəri 43874 manat olan 300 ton çəkidə sement məhsulu satılmış, Cavabdeh təhvil aldığı mallara görə cəmi 25176 manat məbləğində ödəniş etmişdir və onun 18698 manat manat ödənilməmiş borcu qalmışdır. Birinci instansiya məhkəməsi göstərmişdir ki, tərəflər arasında yaranmış mübahisənin predmetini, onların daxil olduqları müqavilə münasibətləri üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində müqavilədən irəli gələn subyektiv hüququnun pozulmasını iddia edərək hüquqlarının bərpa edilməsinə dair iddiaçının tələbi təşkil edir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı sement məhsulunu cavabdehin sifarişi ilə razılaşdırılmış miqdarda cavabdehə təqdim etməklə onun mülkiyyətinə verməyə, cavabdeh isə təhvil aldığı malların qiymətini təşkil edən pul vəsaitini şərtləşdirilən müddətdə iddiaçıya ödəməklə bağlı razılığa gələrək bu barədə müqavilə bağlamışlar. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliklərinə yerinə yetirərək sifariş olunan malları cavabdehə təhvil verdiyini, cavabdehin isə təhvil aldığı malların dəyərini ödəmək öhdəliyini lazımınca yerinə yetirmədiyini iddia edir. İddia tələbinin maddi hüquqi əsasını alğı-satqı müqaviləsinə dair münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 29-cu fəslinin 1-cı paraqrafında yer alan normalar təşkil edir. İşin müəyyən edilmiş faktiki halları ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567 və 600-cü maddələrində nəzərdə tutulan dispozisiya şərtləri uyğun gəlir. Hazırkı mübahisə qeyd edilən maddi hüquq normaları tətbiq edilməklə həll edilməlidir. Mübahisəni tətbiq ediləcək maddi hüquq normalarına əsasən həll etməzdən əvvəl ilk olaraq işin mübahisəsiz və mübahisəli halları müəyyən edilməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsi qaydalarına uyğun olaraq tərəflərin öz tələb və etirazlarının əsası kimi gətirdikləri dəlillərə hüquqi qiymət verilməlidir. Tərəflər arasında malların nisyə satışını nəzərdə tutan alğı-satqı müqaviləsinin bağlandığı, həmin müqavilənin etibarsızlığına dəlalət edən halların olmadığı, iddiaçı tərəfindən müqavilənin obyekti olan ümumi dəyəri 46369,7 manat olan malların cavabdehə təhvil verilməsi (hər iki tərəfin təsdiq etdiyi əmtəə nəqliyyat qaimələrinə və elektron qaiməfakturalara əsasən), cavabdeh tərəfindən təhvil alınmış mallara görə 24489,56 manat ödəniş edilməsi (ödəniş tapşırıqlarına əsasən), xx.xx.2021- ci il tarixə cavabdehin 19258 manat borcunun qalması (üzləşmə aktına əsasən) işin mübahisəsiz hallarını təşkil edir. Yuxarıda göstərilən işdə olan sənədlərə əsasən cavabdehin təhvil aldığı mallara görə iddiaçıya 21880,14 manat borcunun qaldığı görünsə də, cavabdehin qalıq borcunun məbləği iddia ərizəsində və İddiaçı MMC-nin direktoru X1 tərəfindən məhkəməyə ünvanlanmış arayışda qeyd olunan məbləğdə, yəni 18698 manat məbləğində olması faktı araşdırmanın predmeti kimi qəbul edilir. İşin mübahisəli halını cavabdeh tərəfindən təhvil alınmış malların dəyərinin tam ödənilməməsi barədə iddiaçının tələbi təşkil edir. Belə ki, iddiaçı cavabdehin təhvil aldığı mallara görə ödənilməmiş 18698 manat borcunun qaldığını iddia edir. İddiaçı, cavabdehin müqavilə üzrə öhdəliyini icra etməyərək aldığı malların qiymətini tam ödəməməsi haqqında tələbininin faktiki əsası kimi tərəflər arasında bağlanmış müqavilə şərtlərinə, malların təhvil verilməsinə dair qaimələrə, ödəniş tapşırıqlarına, üzləşmə aktına və borcun ödənilməsi ilə bağlı cavabdehə qarşı məhkəməyə qədər həm pretenziya qaydasında, həm də mediasiya prosesində tələblə çıxış etməsinə istinad edir. iddia ərizəsində tələb olunan borc məbləğinin iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi sübutetmə yükünün bölüşdürülməsi prinsipinə görə cavabdehin üzərinə düşür. Cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, həmçinin iddiaya qarşı etirazı və ya iddia tələbinin tam və ya qismən əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmişdir. Lakin işdə olan üzləşmə aktından görünür ki, Cavabdeh həmin aktı imzalayaraq iddiaçıya ödənilməmiş 19258 manat məbləğində borcunun olduğunu etiraf etmişdir. İddia edildiyi kimi cavabdeh tərəfindən təhvil alınan mallara görə 18698 manat məbləğində pulun şərtləşdirilmiş müddətdə ödənilməməsi öz təsdiqini tapır. İddiaçı müqavilə üzrə öhdəliyini icra edərək alğı-satqı obyekti olan malları cavabdehin mülkiyyətinə vermişdir, lakin cavabdeh malları təhvil alsa da, onların dəyərini tam ödəməmişdir. Buna görə də, iddiaçının borcun ödənilməsi tələbinə dair iddiası qanuni və əsaslıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MM-in 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. MM-in 599.3-cü maddəsinə görə qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. MM-in 600.1-ci maddəsinin tələbinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.11-6-cı maddəsinə görə vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura göndərmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 71-1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən, habelə malların təsərrüfatdaxili yerdəyişməsini həyata keçirən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı təqdim (tərtib) etməlidir. Habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli 26 saylı qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 1.2-ci bəndinə əsasən Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilməklə elektron formada hazırlanan və vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədidir. Qaydaların 1.4-cü bəndinə görə elektron qaiməfaktura yalnız vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş şəxslər tərəfindən hazırlanır və təqdim edilir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən elektron qaimə-faktura vergi ödəyicisi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin portalında yaradılmış elektron qaimə-faktura sistemində Azərbaycan dilində hazırlanır. Vergi ödəyicisi gücləndirilmiş elektron imza vasitəsilə Portala daxil olaraq elektron qaimə-fakturanı hazırlayır, təsdiq edir və göndərir. Həmin Qaydaların 2.4-cü bəndinə əsasən elektron qaimə-fakturanın hazırlanaraq qeydə alındığı (göndərildiyi) tarix həmin elektron qaimə-fakturanın verilmə tarixi sayılır. Habelə Qaydaların 3.2-ci bəndinə görə elektron qaiməfaktura vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir. MM-in 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. MM-in 882.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. MM-in 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun gəlir və maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə bildirməyi zəruri hesab edir ki, xx.xx.2022-ci il tarixli Üzləşmə aktına görə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-cü il tarixli 68 nömrəli alğı-satqı müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixə “Alıcı” Cavabdeh "xxxx" MMC-yə mal satışından yaranan borcunun 19258 manat məbləğ təşkil etməsini tərəflər öz imzaları ilə təsdiq etmişlər. Cavabdeh isə apellyasiya şikayətində xx.xx.2020-ci il tarixli ödəniş tapşırığı üzrə iddiaçıya ümumilikdə 7.495.70 manat məbləğində pul vəsaiti ödənilməsini və həmin məbləğin ümumi borcdan çıxılmalı olmasını qeyd etmişdir. Kollegiya xx.xx.2020-ci il tarixli ödəniş tapşırığı üzrə həyata keçirilmiş ödənişin məhz Üzləşmə aktından daha əvvəlki tarixə olması baxımından onun da adıçəkilən Aktda nəzərə alındığını hesab edir. Həmin ödəniş məbləğlərinin Üzləşmə aktında nəzərə alınmadığını sübutetmə cavabdehin üzərinə düşməsinə rəğmən cavabdeh bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Beləcə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə hesab edir və cavabdehin yuxarıda qeyd edilən və araşdırılan dəlilləri hazırkı qətnamənin ləğvi üçün əsas ola bilməz. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Ona görə də, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(121)-507/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmamalıdır. MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14, 77, 135, 217, 217, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq QƏTETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(121)-507/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddət ərzində şikayət verilməzsə, qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar