Məhkəmə qərarları › İş №2-2(106)-123/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(106)-123/2023

19.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(106)-123/2023 19.10.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər – X2 (sədrlik edən, məruzəçi), Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, İddiaçı "Cardinal LLC” MMC-nin cavabdeh "M+M” İstehsalat Ticarət Firmasına qarşı borc tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)- 73/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı "Cardinal LLC” MMC tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq, kollegiya MÜƏYYƏN ETDİ: İddiaçı "Cardinal LLC” MMC cavabdeh "M+M” İstehsalat Ticarət Firmasına qarşı 26218.7 manat əsas borc, 437 manat əldən çıxmış fayda, 267,8 manat dəbbə pulu, 150 manat hüquqi yardım üçün ödənilmiş xərc və 200 manat mediasiya xərci olmaqla ümumilikdə 27273,5 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-73/2023 saylı, 17 yanvar 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 26218,7 manat əsas borc, 20 manat dəbbə pulu və 150 manat mediasiya xərci, cəmi 26388,7 manat məbləğində pul vəsaitinin "M+M” İstehsalat Ticarət Firmasından alınaraq "Cardinal LLC” MMC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, 100 manat məbləğində dövlət rüsumunun "M+M” İstehsalat Ticarət Firmasından alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh İstehsal Ticarət Firması həmin qətnamədən apellyasiya şikayəti vermiş və apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barəsində ərizə ilə məhkəməyə müraciət etmişdir. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-73/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdeh "M+M” İstehsal Ticarət Firmasının prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməklə, cavabdeh "M+M” İstehsal Ticarət Firmasının Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-73/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verməsi üçün qanunla müəyyən edilmiş prosessual müddəti buraxması üzrlü hesab edilərək, bərpa edilməsi və apellyasiya şikayətinin baxılması üçün işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan iddiaçı "Cardinal LLC” MMC şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh "M+M” İstehsal Ticarət Firması xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət edərək, detallı şəkildə məlumatı olmadığı iddianın hansı hissəsi ilə razılaşıb-razılaşmadığı qeyd etmişdir. Belə ki, cavabdeh iddia tələbinin 437 manat əldən çıxmış fayda hissəsinin nəzərə alınmamaqla 26836,50 manat məbləğində borcunun olduğunu qəbul edir və bu borcu 2023-cü ilin fevral ayından iddiaçıya ödəməyi öhdəsinə götürdüyünü qeyd etmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(l2l)-73/2023 saylı qətnaməsi qanuni qüvvəyə minmiş və icra edilməsi üçün müvafiq icra orqanına göndərilmişdir. Bu zaman dairəsində "M+M” Ticarət Firması həm icra məmuru ilə, həm də onlarla mütəmadi əlaqə olmuşdur. O, uşaqlarının xaricdə təhsil almasını əsas gətirərək, xərclərinin çox olduğunu qeyd etmiş, ona möhlət verilməsini xahiş etmiş, eləcə də istəsə süni şəkildə icranı yubada biləcəyini də söyləmişdir. Borclu xx.xx.2022-ci il tarixli ərizəsində də qeyd etdiyi məbləğ həcmində qət edilmiş Azərbaycan Respublikasının adından çıxarılmış qətnamənin icrasından yayınır və qanunun ona verdiyi hüquqlardan sui-istifadə edərək, açıq-aşkar əsassız ərizə və şikayət verməklə məhkəmə sisteminin fəaliyyətinin həyata keçirilməsinə maneə yaradır. Qətnamənin çıxarılmasından 8 aydan çox vaxt keçəndən sonra "M+M” İstehsal Ticarət Firması apellyasiya şikayəti vermişdir. Hesab edirlər ki, cavabdeh tərəfindən verilmiş prosessual müddətin bərpa edilməsinə dair ərizəsi təmin edilməməli və apellyasiya şikayəti tamamilə əsassız hesab edilərək geri qaytarılmalı idi. Belə ki, elektron məhkəmə sistemində e-2-2(121)-73/2023 saylı iş üzrə Şirvan Kommersiya Məhkəməsi tərəfindən e- 2-2(121)-73/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnamə xx.xx.2023-cü il tarixdə yerləşdirilmişdir. Cavabdeh apellyasiya şikayəti vermək üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürərək, xx.xx.2023-cü il tarixdə apellyasiya şikayətini elektron məhkəmə sisteminə əlavə etmişdir. Cavabdeh iddia edir ki, "M+M İstehsalat Ticarət Firması” elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetin olmasına baxmayaraq iş materiallarına aid sənədlər, həmçinin məhkəmənin işə dair yekun aktı yerləşdirilmədiyindən müvafiq kommersiya mübahisəsindən xəbərdar olmamış və məhkəmənin qətnaməsini almamışlar. Cavabdeh "M+M” Ticarət Firması əldə etmədiyini iddia etdiyi qətnamədən daha sonra hansı formada ondan xəbərdar olduğunu da ərizə və şikayətində qeyd etməmişdir. Elektron məhkəmə sistemindən alınan fotoşəklin sistemə yerləşdirilməsi ilə cavabdeh iş materiallarına aid sənədlər, həmçinin məhkəmənin işə dair yekun aktının yerləşdirilmədiyini və müvafiq kommersiya mübahisəsindən xəbərdar olmadığını qeyd etmişdir. Həmin fotoşəkildə elektron məhkəmə sisteminin "məhkəmə işlərim” səhifəsi göstərilməkdədir. Bu səhifədə axtarış nəticəsində "0 sayda iş” göstərilməsi tutarlı bir dəlil deyildir. Belə ki, əgər tərəf, axtarış zamanı məhkəmə mübahisəsinin olmadığı bir məhkəməni seçərək axtarışa versə, o zaman da həmin fotoşəkildəki kimi "0” nəticə ortaya çıxacaqdır. Beləliklə, cavabdeh tərəf axtarış hissəsində hansı məhkəmə üzrə axtarış etdiyini göstərərək o hissəni məhkəməyə təqdim etsəydi daha dolğun nəticə hasil olardı. Beləliklə, əgər cavabdeh tərəf iddiaçının sistemində cavabdeh olaraq görünür və birinci instansiyadan bəri məhkəmə mübahisəsinin tələblərinə uyğun olaraq addımlar atılırsa, eyni zamanda icra işləri səhifəsində Şirvan Kommersiya Məhkəməsinin yönəldilməsi ilə cavabdeh borclu olaraq görünə bilirsə, cavabdehin müvafiq məhkəmə aktı ilə tanış olmamaq ehtimalı yoxdur. Nəticə etibarı ilə cavabdeh apellyasiya şikayəti müddətini ötürüb-ötürmədiyini daha dolğun şəkildə sübut etməlidir. Şirvan Kommersiya Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını araşdırıb, şikayətin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş şikayət təmin edilmədən, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-73/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının düzgün tətbiq və təfsir etməklə qəbul edildiyindən qəradad qanuni və əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iş üzrə qeyd edilən qətnamə xx.xx.2023cü il tarixli məktubla tərəflərə, o cümlədən cavabdehə göndərilmişdir. Lakin, cavabdehin həmin qətnaməni almasına dair iş materiallarında məlumat yoxdur. Belə ki, məktublar poçt xidməti vasitəsi ilə geri qaytarılmışdır. İş materiallarından görünür ki, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2023-cü il tarixli müraciəti əsasında o, e-2-2(121)-73/2023 saylı iş üzrə elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetə əlavə edilmiş, bundan sonra cavabdehin qeyd edilən qətnamədən vermiş olduğu apellyasiya şikayəti xx.xx.2023cü il tarixdə məhkəməyə daxil olmuşdur. Lakin, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdeh "M+M” İstehsal Ticarət Firması tərəfindən Şirvan Kommersiya Məhkəməsinin 2-2(121)-73/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh qeyd edilən qərardadda göstərilən nöqsanları aradan qaldırdıqdan sonra, yenidən xx.xx.2023-cü il tarixdə həmin qətnamədən apellyasiya şikayəti vermiş və apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barəsində ərizə ilə məhkəməyə müraciət etmişdir. Portaldan çıxarışda əvvəllər cavabdehin elektron kabinetinin olmaması (E-kabinet (qeydiyyat) - "Yox” kimi) görünsə də, xx.xx.2023-cü il tarixdən sonra elektron kabinetə yerləşdirilmiş sənədlərin cavabdehə göndərilməsi mümkün olmuşdur. Beləliklə, araşdırma zamanı qətnamənin cavabdeh tərəfindən alınmaması müəyyən edilmişdir. Eyni zamanda qətnamənin cavabdeh tərəfindən alınmasına dair iş materiallarında hər hansı bir məlumat yoxdur. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh üçün həmin qətnamədən apellyasiya şikayəti vermə müddəti üzrsüz səbəbdən ötürülmüş hesab edilə bilməz. Buna görə də qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin buraxılması üzrlü hesab edilərək bərpa edilməsinə dair qərardad qanuni və əsaslı olmuşdur. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin qeyd edilən mövqeyi ilə razılaşır və hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-265-ci, 157-159-cu, 397.2-ci, 398.0.1-ci, 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı "Cardinal LLC” MMC-nin şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-73/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar