Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-125/2024 01.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, X4 oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(121)-719/2024 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2689,74 (iki min altı yüz səksən doqquz manat, 74 qəp) manat əsas borc, 70 gün ərzində gecikdirmənin hər gününə görə borc məbləğinin 0,5 faizi həcmində hesablamaqla 1009,62 (min doqquz manat, 62 qəp) manat penya və 65 (altmış beş yüz) manat məbləğində mediasiya xərci olmaqla, cəmi 3764,36 (üç min yeddi yüz altmış dörd manat, 36 qəp) manat məbləğində borcun ödənilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh “Mətanət A” şirkəti ilə bağladığı 211- 1/19 saylı xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsinin 3.2-ci bəndinə əsasən malların verilməsindən 30 gündən gec olmayaraq ödəmək şərti ilə şirkətin istehsal etdiyi məhsulları götürmüşdür. Cavabdeh aldığı malların dəyərinin bir hissəsini ödəmiş və onunla xx.xx.2021-ci il tarixində imzalanmış “Öhdəliklərin qarşılıqlı tanınması akt”ı tərtib edilərkən razılaşmaya əsasən yaranmış borcu etiraf edərək yaxın vaxtlarda ödəməyi öz üzərinə götürsə də, indiyədək 2689,74 (iki min altı yüz səksən doqquz manat, 74 qəp) manat borc qalığını ödəməmişdir. Məhkəmədən əvvəl məsələnin tərəflər arasında həll edilməsi məqsədi ilə mediasiya təşkilatına müraciət edilmiş, lakin cavabdeh mediasiyada iştirak etməkdən və razılığa gəlməkdən imtina etmiş və xx.xx.2023-cü il tarixli arayış verilmişdir. Beləliklə, cavabdeh bu günədək öz borcunu ödəməmiş və tərəflər arasında imzalanmış müqavilənin 6.2-ci bəndinə əsasən gecikdirmənin müddəti 30 gündən çox olduqda hər gün üçün 0,5 faiz həcmində penya pulunu da ödəməli və həmin məbləğ borc məbləğinin üzərinə əlavə edilməlidir. Cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim etdiyi etiraz ərizəsində iddianı qəbul etmədiyini, onun hazırda iddiaçıya borcunun olmadığını, iddiaçıya borcunu tam şəkildə ödədiyini, borcunu ödəməsinin iddiaçı tərəfindən ona göndərillən “sms” mesajlarla təsdiqini tapdığını bildirmiş və iddianın təmin olunmamasını xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(121)-719/2024 saylı qətnaməsi (hakim Zaur Abbasov) ilə iddia qismən təmin edilərək, cavabdehdən xx.xx.2019-cu il tarixli 211-1/19 nömrəli alğı-satqı müqaviləsi üzrə 2689,74 manat məbləğində əsas borc, 100 manat məbləğində cərimə borcu, 65 manat məbləğində mediasiya xərci olmaqla, cəmi 2854,74 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddia ərizəsinin verilməsinə görə nəzərdə tutulan 47,88 manat məbləğində dövlət rüsumunun cavabdehə aid edilməsi və cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh “Mətanət A” şirkəti ilə xx.xx.2019-cu il tarixdə 11-1/19 saylı alğı-satqı müqaviləsi bağlamış, həmin müqavilə əsasında razılaşma protokolları ilə alınacaq malların çeşidləri və qiymətlərinin müəyyən edilməsi razılaşdırılmış və bundan sonra həmin müqavilə üzrə müxtəlif vaxtlarda və müxtəlif çeşidlərdə inşaat mallarını götürmüş və sonradan onların pulunu müqavilədə nəzərdə tutulmuş qaydada hissə-hissə ödəmişdir. Həmin müqavilə üzrə 19 avqust 2021-ci il tarixədək iddiaçı təşkilata 3112.51 manat borcu qaldığından həmin tarixdə, yəni xx.xx.2021-ci il tarixdə aralarında “Öhdəliklərin qarşılıqlı tanınması aktı” imzalanmış və akta əsasən xx.xx.2019-cu il tarixli müqavilə üzrə 3112.51 manat məbləğində borcunun qaldığı müəyyən edilmişdir. həmin borcun 1 aydan gec olmayaraq ödənilməsi barədə razılığa gəlsələr də, bir ay müddətində həmin borcu tam olaraq qaytara bilməsə də, xx.xx.2021-ci il tarixdə 200 manat, 16 sentyabr 2021-ci il tarixdə isə 2000 manat ödəniş etmiş, həmin tarixlərdə ödənilmiş məbləğlərə uyğun olaraq ödəniş qəbzləri verilmişdir. Belə ki, xx.xx.2021-ci il tarixdə onun tərəfindən ödənilmiş 200 manat ödəniş üzrə M-ÖS№ 035694 saylı ödəniş sənədi, verilmiş və 200 ödənildikdən sonra 2912.51 manat borcun qaldığı həmin ödəniş sənədində qeyd edilmişdir. xx.xx.2021-ci il tarixdə Cavabdeh 2000 manat ödəniş üzrə M-ÖS№ 045045 saylı ödəniş sənədi, verilmiş və 2000 ödənildikdən sonra 912.53 manat borcun qaldığı həmin ödəniş sənədində qeyd edilmişdir. Daha sonra iddiaçının da iddia ərizəsində qeyd etdiyi kimi xx.xx.2022-ci il tarixdə 150 manat ödəniş etmişdir. Bundan sonra onun maddi vəziyyəti daha da pisləşdiyindən iddiaçıya qaldığı cəmi 762.51 manat pulu isə onlayn qaydada onun tərəfindən hissə-hissə ödənilmişdir. Belə ki, həmin hissə-hissə ödənişlərdən sonuncu iki ödənişlərin xx.xx.2024-cü il tarixdə 500 manat, xx.xx.2024-cü ildə isə 189.74 manat ödəniş edilməklə iddiaçıya olan borcu tam olaraq ödənilmişdir. Belə ki, iddiaçıya olan borcunun tam olaraq ödənilməsi və onun iddiaçı təşkilata borcunun olmaması həmin təşkilat tərəfindən ona göndərilmiş və iş materiallarında olan SMS məlumatlarda da qeyd edilmişdir. Həmin sms məlumatların mətnləri iş materiallarında mövcud olduğundan, həmin məlumatları təkrarən şikayətə əlavə etməmişdir. 2200 manatın ödənilməsi barədə olan 035694 və 045045 nömrəli ödəniş sənədləri isə birinci instansiyada işə baxılan zaman onda olmadığından məhkəməyə təqdim edə bilməmiş, qətnamə qəbul olunandan sonra iddiaçı təşkilatdan həmin qəbzləri tələb etdikdə qəbzlərin surətləri ona təqdim edildiyindən hazırkı şikayətə həmin qəbzləri əlavə etmişdir. Mübahisə predmeti olan pul məbləğinin qaytarılmasını təsdiq edə biləcək iş üçün mühüm əhəmiyyət kəsb edən məhkəməyə göndərdiyi etirazda qeyd etdiyi sms məlumatlarını sübut növü kimi qəbul etməmiş, həmin məlumatın iddiaçının özü tərəfindən göndərildiyini, həmin sms məlumat əsasında borcun tam olaraq ödənilməsini araşdırmamışdır. İddiaçı tərəfdə qalmış və onun tərəfindən edilmiş ödənişləri təsdiq edən M-ÖS№ 035694 və M-ÖS№ 045045 saylı ödəniş sənədləri araşdırılmamışdır. Məhkəmə etirazda qeyd olunan xususatları araşdırmış olsaydı, götürmüş olduğu borc məbləğini əmək haqqı hesabına iddiaçının özü tərəfindən ona təqdim edilmiş ödəniş sənədləri və iddiaçının sms məlumatlarını araşdırmış olsaydı, xx.xx.2021-ci il tarixdə müəyyən edilmiş 3112.51 manat olan borc məbləğini həmin tarixdən sonra iddiçıya ödəməli olduğu 3112.51 manat məbləğini tam olaraq xx.xx.2021-2xx.xx.2024-cü il tarixlər arasında bir neçə dəfəyə tam olaraq ödədiyi məyyən olunardı. Bu hal isə iddianın qanunsuz və əsassız olması fatını təsdiq edən hal olmaqla iddia tələbinin rədd edilməsinin əsasıdır. Əvvəlki məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək məhkəməyə qəbzlər təqdim etmişdir. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, cavabdehin onlara 2 dəfə borcu olmuşdur. Birinci borc üzrə müvafiq məhkəmə qətnaməsi çıxarılmış, borclar ödənilmişdir. Bu borc isə sonrakı müqavilə ilə bağlıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, cavabdehin şirkətə borcu qalmaqdadır və şirkət ona heç bir sms göndərməmişdir. Smsin hansı formada düzəldilməsi isə sual olaraq qalır. İlqar adlı şəxs hazırda şirkəti təmsil etmir. Cavabdeh baxılmamış saxlanılan əvvəlki iş üzrə üzrə borcunu etiraf etmişdir və bununla bağlı elektron formada ərizə təqdim etmişdir. Onlar məhkəmə iclasına gecikmişdilər deyə iş baxılmamış saxlanılmışdır. Cavabdeh tərəfindən 150 manat ödəniş edilmiş və bu da maliyyə arayışında öz əksini tapmışdır. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasında səhhəti ilə bağlı iştirak edə bilməyəcəyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin halları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmadan, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(121)-719/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İ Ş İ N H A L L A R İ: İş materiallarında olan İddiaçı ilə Cavabdeh tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixli, 6627 nömrəli “Öhdəliklərin qarşılıqlı tanınması aktı”a əsasən Cavabdeh aktın imzalandığı tarixə olan borcunun 3112,51 manat olduğu və həmin borcun aktın imzalandığı tarixdən 1 aydan gec olmayaraq ödəniləcəyi təsdiq edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “maliyyə arayışı”na əsasən İddiaçı tərəfindən Cavabdeh verilmiş malların ümumi dəyəri 71415,09 manat təşkil etmiş, cavabdeh 68725,35 manat ödəniş etmişdir, nəticədə cavabdehin ödənilməmiş 2689,74 manat borcu qalmışdır. İş materiallarında olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” Arayışın surətindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixli dəvəti ilə Lənkəran 1 saylı Mediasiya Təşkilatında xx.xx.2023-cü il tarixdə keçirilmiş ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. Həmin arayışdan və işdə olan ödəniş tapşırığının surətindən görünür ki, İddiaçı tərəfindən mediasiya sessiyasının keçirilməsi üçün Lənkəran 1 saylı Mediasiya Təşkilatının hesabına 65 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. H Ü Q U Q İ M Ə S Ə L ƏL Ə R : MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Hazırkı halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinin tələbinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-in 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. MM-in 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. MM-in 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. MM-in 467-ci maddəsinin tələbinə görə də, məhkəmə işin hallarını, eləcə də kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. MM-in 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MM-in 597.1-ci maddəsinə əsasən alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. MM-in 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. MM-in 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. MM-in 599.3-cü maddəsinə görə qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. MM-in 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MM-in 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. MM-in 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. MM-in 637.1-ci maddəsinə görə alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir. MM-in 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında malların göndərilməsi müqaviləsinin bağlandığı, həmin müqavilənin etibarsızlığına dəlalət edən halların olmadığı, iddiaçının müqavilənin obyekti olan malları bir neçə partiyalarla cavabdehə təhvil verməsi işin mübahisəsiz hallarını təşkil edir. Məhkəmə hər iki tərəfin gətirdikləri dəlillərə qiymət verərək hesab etmişdir ki, iddiaçı öz tələbinin faktiki əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir, cavabdeh isə etirazını əsaslandıra bilməmişdir. Belə ki, tərəflər arasında xx.xx.2021-ci il tarixində imzalanmış “Öhdəliklərin qarşılıqlı tanınması aktı” ilə Cavabdeh aktın imzalandığı tarixə iddiaçıya 3112,51 manat məbləğində borcunun olduğunu etiraf etmişdir. Buna görə də, həmin tarixdən sonra borcun ödənilməsini sübut etmək yükü cavabdehin üzərinə düşür. Cavabdeh borcunu iddiaçının işçisinə ödədiyini iddia etsə də, bu xüsusatı təsdiq edən mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh tərəfindən təqdim olunmuş sms mesajlar isə cavabdeh tərəfindən iddiaçı ilə aralarında bağlanmış müqavilə öhdəliklərinə görə yaranmış borcun ödənilməsinin təsdiqi üçün mötəbər və yetərli sübut kimi qəbul edilə bilməz. Belə ki, həmin mesajların məzmunundan, silindiyi qeyd edilmiş borcun hansı müqavilə və ya öhdəlik üzrə və məhz iddiaçı tərəfindən silindiyini müəyyən etmək mümkün olmur. Beləliklə, məhkəmə tərəflərin iradə ifadəsini əks etdirən müqaviləni, üzləşmə aktını və işin müəyyən edilmiş digər hallarını nəzərə alaraq hesab edir ki, iddia edildiyi kimi cavabdeh tərəfindən alınan malların ödənilməmiş hissəsinin qiymətini təşkil edən 2689,74 manat məbləğində pulun şərtləşdirilmiş müddətdə ödənilməməsi öz təsdiqini tapır. Tələb olunan 2689,74 manat məbləğində borc qalığının iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin qeyd olunduğu kimi cavabdeh iddia tələbinin əsassızlığına dair mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bu halda məhkəmə əsas borc qalığı kimi tələb olunan 2689,74 manat məbləğində pulun cavabdeh tərəfindən iddiaçıya ödənilməməsinin tam sübut olunduğu qənaətinə gəlir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən olunmuş və işin araşdırılması nəticəsində sübuta yetirilmiş faktiki halları belədir ki, iddiaçı müqavilə üzrə öhdəliyini icra edərək alğı-satqı obyekti olan malları cavabdehin mülkiyyətinə vermişdir, lakin cavabdeh malları təhvil alsa da, dəyərini tam ödəməmişdir. Buna görə də, iddiaçının pul tələbinə dair iddiası qanuni və əsaslıdır. Məhkəmə iddia tələbini cərimənin tutulması hissəsində qismən əsaslı hesab edərək qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin 6.2-ci yarımbəndinə görə, cavabdeh müqavilə ilə müəyyən edilmiş müddət ərzində ödənişi etmədikdə iddiaçıya gecikdirmənin hər günü üçün icrası gecikdirilən öhdəliyin dəyərinin 0,5% həcmində dəbbə pulu ödəməyi öhdəsinə götürmüşdür. İşin halları ilə Cavabdeh tərəfindən aldığı malların dəyərinin ödənilməsini gecikdirdiyi müəyyən olunduğuna görə onun iddiaçıya cərimə ödəmək öhdəliyi yaranmışdır. Mülki qanunvericiliyin tələblərinə görə borclu pul vəsaitinin qaytarılmasına dair öhdəliyini pozduqda və ya lazımınca icra etmədikdə kreditorun əsas borcun qaytarılmasını tələb etməklə yanaşı, gecikmə nəticəsində cavabdehin vurduğu zərərin də ödənilməsini tələb etmək hüququ vardır. Mülki qanunvercilik belə vəziyyətlərdə müqavilə şərtlərindən asılı olaraq kreditora dəymiş zərərin əvəzi olaraq borcun məbləğindən faiz tələb etmək və ya dəbbə (cərimə, penya) tələb etmək kimi alternativ tələb imkanları tanımışdır. Hazırkı işdə tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə gecikdirmə nəticəsində dəyən ziyanı qarşılamaq üçün cərimənin ödənilməsi nəzərdə tutulmuşdur, yəni Mülki Məcəllənin 466.2.1-ci maddəsinə əsasən kredit müqaviləsi üzrə zərərin deyil, yalnız dəbbə pulunun tutulması barədə tərəflər razılaşmışlar. Buna görə də, iddiaçının cərimə tələbi mahiyyət etibarı ilə əsaslıdır. Lakin məhkəmə, cərimənin məbləğinin əsas borca nisbətini, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun iddiaçının əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini nəzərə alaraq hesab etmişdir ki, iddia tələb olunan 1009,62 manat məbləğində cərimənin tutulması hissəsində əsaslı və mütənasib deyildir. Buna görə də, məhkəmə bu nəticəyə gəlmişdir ki, cavabdehdən tutulacaq cərimə məbləğinin azaldılaraq 100 manat məbləğində müəyyən edilməsi işin hallarına mütənasib və ədalətli olar. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi huququ konstitusiya hüquq və azadlıqlarının təminatlarına əsaslanır. Bu təminatın əsas mexanizmlərindən biri kimi çıxış edən MPM-də ədalət mühakiməsinin həyata keçirilməsinin konstitusiya prinsipləri öz əksini tapmış, hər kəsin Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqlarının səmərəli müdafiəsi nəzərdə tutulmuşdur. Bunun üçün isə mülki prosessual qanunvericiliyində məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yuxarı instansiya məhkəmələri tərəfindən yoxlanılmasının prosessual qaydaları müəyyən edilmişdir. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düz tətbiq etmişdir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin heç bir sübuta əsaslanmayan və formal xarakter daşıyan bütün dəllilərini əsassız hesab edir. MPM-in 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayətində göstərilən və heç bir mötəbər sübuta söykənməyən formal dəlillər hazırkı qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, cavabdehin apellyasiya şikayətinin təmin edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. Beləliklə, qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(121)-719/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14, 77, 135, 217, 217, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq QƏTETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(121)-719/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(106)-125/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-125/2024
01.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver