Məhkəmə qərarları › İş №2-2(106)-126/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-126/2024

10.09.2024 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-126/2024 10.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X2 ibarət məhkəmə tərkibində, X5 oğlunun katibliyi ilə, Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 10 may 2024-cü il tarixli e-2-2(121)-1475/2024 saylı qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək maraqlı Maraqlı şəxs (VÖEN: **********) dövlət büdcəsinə 7008,19 manat məbləğində (o cümlədən, vergilər üzrə 5445,69 manat, faizlər üzrə 1562,5 manat) olmaqla, ümumilikdə 7008,19 manat borcunun ödənilməsini təmin etmək üçün ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2024-cü il tarixə vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: **********) dövlət büdcəsinə 7008,19 manat məbləğində (o cümlədən, vergilər üzrə 5445,69 manat, faizlər üzrə 1562,5 manat) olmaqla, ümumilikdə 7008,19 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli **********784200 nömrəli bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(121)-1475/2024 saylı qətnaməsi ilə (hakim Zaur Abbasov) vergi ödəyicisi olan xx.xx.1987-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Maraqlı şəxs (VÖEN: **********) dövlət büdcəsinə 7008,19 manat məbləğində (o cümlədən, vergilər üzrə 5445,69 manat, faizlər üzrə 1562,5 manat) olmaqla, ümumilikdə 7008,19 manat borcunun ödənilməsini təmin etmək üçün ölkədən getmək hüququnun vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılması, Maraqlı şəxs 100 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, qətnamənin qəbul edildikdən dərhal sonra qüvvəyə minməsi və qətnamədən şikayətin verilməsinin onun icrasını dayandırmaması qət edilmişdir. Maraqlı şəxs apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ölkədən çıxmaq hüququnun bərpa edilməsi, sahibkarlıq fəaliyyətini normal yerinə yetirmək məqsədilə riskli vergi ödəyicisi siyahısından çxıarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2022-ci il tarxində müxtəlif vaxtlarda ayrı-ayrı şəxslərdən satış dəyəri cəmi 48195 manat dəyərində çınqıl, atsept alınmış və aldığı şəxslər tərəzi qeydləri götürülmüşdür. Bu şəxslərdən rəsmi sənəd alınması qeyrimümkündür və bu hallar həmin dövrdə olduğu kimi indiki dövrdə də vardır. Onun kimlərdən hansı zamanda mal aldığı və kimə satdığı barədə bütün informasiya mövcuddur. O fərdlərdən yükü almışdır və ödənişi nağd formada yerinə yetirmişdir. Ondan alış istiqamətində sənədlər istənilmiş, hansı ki o çınqılı rəsmi ala bilmədiyi üçün rəsmi alış sənədləri mövcud deyil, yalnız alış qaimələri mövdudur. Onu məhkəmə orqanına təqdim edə bilər. Bu qaimələrdə malı kimdən, nə vaxt, hansı miqdarda aldığı göstərilir. Satışların rəsmi olmasına baxmayaraq, alışlar zamanı onun aldığı sənədlər vergi tərəfdən niyəsə sənəd kimi qəbul edilməmişdir. Əlavə olaraq, anbar icarə götürülməsi ilə bağlı sənəd istənilmişdir. Məhsul satılarkən isə anbar olmadan satış həyata keçirilmişdir. Anbar olmadan fəaliyyət göstərilməsi tam normal hesab edilir. Bütün bunların fonunda o bütün alışları 0 AZN ilə qeyd edərək bütün satış məbləğini vergiyə cəlb etmişdir. Nəticədə daha çox vergiyə məbləğ cəlb edilərək daha çox vergi ödənməsinə gətirib çıxarmışdır (ödənilmiş vergi: 2642 manat). Bəzi sənədlərin verilməsi ona xərcləri azaldaraq daha az vergi ödəməyinə gətirib çıxara bilərdi. Məlumat üçün bildirir ki, xx.xx.2023-cü il tarixdə vergiyə müraciət edərək, işləyə bilmir və “riskli”dən çıxarılsın deyə məkub ünvanlamış, malların alışı ilə bağlı “EFE” ilə bağladığı müqaviləni təqdim etmişdir. Ona cavabında uçot anbarının olmaması, alış müqaviləsi təqdim edilməsinə baxmayaraq nəzərə alınmamışdır. Sərəncamda avtomobilin olmaması əsas gətirilmişdir. Hansı ki, normal vergi mühitində bu fəaliyyətin avtomobil olmadan da edilməsi mümkün idi. Ona 48195 manat dövriyyə müqavilində avtomobili olmadığı qüsur gətirilmişdir. Hansi ki, bu ortalama maşın sayı olaraq 200 ədəd yük avtomobili deməkdir. xx.xx.2023-cü il tarixində məktub yazılaraq yol kənarında olan yük maşınlardan malların alınaraq təqdim edilməsi bildirilmişdir. xx.xx.2023-cü il tarixdə yenidən məktub yazılaraq, vəziyyətin ümumi izahı barədə bildirilmişdir. Bu onun ilk sahibkar fəaliyyəti idi və əgər vergi haqlıdırsa, təcrübəsizliyi səbəbindən proses buradək gəlib çıxmışdır. Həmin dövrdən “riskli vergi ödəyicisi” bəndinə də salınmış (ona aid bütün şirkətlə) və ümumiyyətlə heç bir əməliyyat apara bilməmişdir. Ümumiyyətlə, vergi bu istiqamətdə heç bir güzəştə getməyərək tövsiyə verməmişdir. Məhkəmə aktının mübahisələndirildiyi hissə ondan ibarətdir ki, Dövlət Vergi Xidmətinin iddiasına görə dövlət büdcəsinə müəyyən məbləğdə vergi hesablanıb, lakin bu hesablamanın əsaslı qaydada olduğunu sübüt edən sənədlər təqdim edilməmişdir. Tərəflərə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apelyasiya şikayəti üzrə işə baxılmasını mümkün hesab etmişdir. Sübutlar: Fiziki şəxs haqqında məlumatdan görünür ki, Maraqlı şəxs xx.xx.2022-ci il tarixində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi – VÖEN (**********) verilmişdir. O, xx.xx.1987-ci il tarixdə Laçın rayonunda doğulmuşdur (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AA*******) və hazırda Laçın şəhəri H.Aslanov küçəsi ev 8 ünvanında qeydiyyatdadır. Maraqlı şəxsin şəxsi hesab vərəqəsindən görünür ki, onun dövlət büdcəsinə borcu 7008,19 manat məbləğində (o cümlədən, vergilər üzrə 5445,69 manat, faizlər üzrə 1562,5 manat) təşkil edir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Maraqlı şəxs ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişlərin surətindən görünür ki, maraqlı şəxsə borcun 5 gün müddətində ödənilməsi tələb edilmiş və borcu ödəməməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmişdir. İş materiallarından görünür ki, ərizəçi tərəfindən qeyd olunan bildirişlər Maraqlı şəxs elektron kabinetinə yerləşdirilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, fərdi sahibkar kimi vergi ödəyicisi olan Maraqlı şəxs vergi və digər ödənişlər üzrə öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün dövlət büdcəsinə borcu yaranmışdır. Həmin borcun ödənilməsini həyata keçirmək məqsədi ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən vergi ödəyicisinə borcun ödənilməsinə dair bildirişlər ünvanlanaraq onların 5 gün müddətində ödənilməsi tələb edilmiş, lakin qeyd olunan müddət ərzində Maraqlı şəxs tərəfindən borc məbləğlərinin ödənilməsi təmin edilməmişdir. Bununla da, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi Maraqlı şəxs dövlət büdcəsinə olan borcunun ödənilməsini təmin etmək məqsədilə onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar yaranmışdır. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.3.6-1-ci maddəsinə əsasən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcları və faizləri, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarını ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək vətəndaşın ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə həmin Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. VM-in 23.1.15-3-cü maddəsinə əsasən vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüquqları vardır. VM-in 24.0.2-1-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Bundan əlavə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Beləliklə, məhkəmə kollegiyası diqqətə çatdırır ki, Maraqlı şəxs apellyasiya şikayətinin yuxarıda sadalanan bütün dəlilləri əsassız olmaqla, işin hallarından, apellyasiya şikayətinin məzmunundan da aydın göründüyü kimi, formal xarakter daşımaqla ərizənin rədd edilməsi üçün əsas yaratmır. Kollegiya xüsusi diqqətə çatdırır ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətində öz əksini tapmış, lakin iş üzrə mötəbər sübutlarla öz təsdiqini tapmayan dəlillər hazırkı icraat daxilində mübahisələndirilməyən formal mülahizələrdir və hazırkı qətnamənin ləğvi yaxud dəyişdirilməsi üçün əsas ola bilməz. Belə ki, iddia tələbində öz əksini tapmış məbləğin mübahisələndirilməsi hazırkı icraat çərçivəsində deyil, iddia icraatı müstəvisində həll edilən məsələdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun gəlir və maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmışdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə hesab edir. Qeyd edilməlidir ki, cavabdehin apellyasiya şikayətində sadalanan dəlillər hazırkı qətnamənin ləğvi üçün əsas ola bilməz. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Ona görə də, Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(121)-1475/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14, 77, 135, 217, 217, 372, 376, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq QƏTETDİ: Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 10 may 2024-cü il tarixli e-2-2(121)-1475/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddət ərzində şikayət verilməzsə, qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar