Məhkəmə qərarları › İş №2-2(106)-126/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-126/2025

09.07.2025 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-126/2025 09.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əliyev Qasım Vəli oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət məhkəmə tərkibində, X1 qızının katibliyi, ərizəçinin nümayəndəsi Nümayəndə2 və Maraqlı şəxs iştirakları ilə, ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə xüsusi icraat qaydasında ərizəsinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 1 aprel 2025-ci il tarixli e-2-2(121)- 1529/2025 saylı qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi xüsusi icraat qaydasında ərizə ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, Maraqlı şəxs Dövlət Sosial Müdafiə Fonduna 768.04 manat, İşsizlikdən Sığorta Fonduna 20.15 manat, dövlət büdcəsinə 131.09 manat, "xxxx" MMC-nin dövlət büdcəsinə 1511.28 manat olmaqla, ümumilikdə 2430.56 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: **********) və "xxxx" MMC (VÖEN: **********) öhdəliklərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədi(kləri)yi üçün on(ların)un xx.xx.2025-ci il tarixə 2430.56 manat məbləğində borcu vardır. Yaranmış borc məbləğ(lər)inin 5 gün ərzində ödənilməsi məqsədi ilə vergi ödəyici(lər)sinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən bildiriş(lər) göndərilmiş, lakin vergi ödəyici(ləri)si yaranmış borc məbləğini ödəməmişdir(lər). İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Şirvan Kommersiya Məhkəməsinin 1 aprel 2025-ci il tarixli e-2-2(121)-1529/2025 saylı qətnaməsi ilə (hakim Namidar Misirzadə) ərizə rədd edilmişdir. Birinci instansiya Məhkəməsi Vergi Məcəlləsinin 65 və 89-cu maddələrində istinadla hesab etmişdir ki, vergi orqanının məhkəməyə müraciət etməmişdən əvvəl borcun ödənilməsinin təmin edilməsi üçün hansı tədbirlər görməsi (tələb olunan vəsaitin şəxsin hesablarından silinməsi üçün müvafiq banklara müraciət etməsi, onlardan vəsaitin çatışmazlığına dair cavablar alması, hüquqi şəxsin əmlakının üzərinə ixtisaslaşdırılmış açıq hərracdan satılması məqsədilə həbs qoyulması, yaxud kifayət qədər belə əmlakların mövcud olmamasına dair rəsmi məlumatlar əldə etməsi və s.) iş materiallarından müəyyən olunmur. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən narazı qalan ərizəçi apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması və ərizənin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ərizəni təmin etməməklə iş üzrə Maraqlı şəxs vergi öhdəliyini yerinə yetirməklə bağlı qanunla müəyyən edilmiş vəzifəsinin icrasından yayınmasına şərait yaratmışdır. Məhkəmə ərizəni təmin etməməklə qanunvericiliklə vergi orqanlarına verilmiş vergi ödəyicisinin vergi öhdəliyinin icrası üsulu olan vergi ödəyicisi olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı hüquqi imkanlarını səmərəsiz etmişdir. Məhkəmənin vergi orqanının məhkəməyə müraciət etməmişdən əvvəl borcun ödənilməsinin təmin edilməsi üsullarından biri kimi, tələb olunan vəsaitin şəxsin hesablarından silinməsi üçün müvafiq banklara müraciət etməsi və onlardan vəsaitin çatışmamazlığına dair cavablar alınması hissəsinə münasibətdə bildiririk ki, vergi orqanı bunula bağlı qanuna müvafiq tədbirlər görmüşdür. Belə ki, Vergi orqanı vergi ödəyicisinin aidiyyəti bank hesablarına alınmalı sərəncamları göndərmiş və iş materiallarına da bununla əlaqədar xx.xx.2024-cü il **********2, xx.xx.2024-cü il tarixli **********4 nömrəli alınmalı sərəncamları sübut kimi əlavə etmişdir. Məhkəmə istinad etdiyi vergi ödəyicisinin bank hesabında vəsaitin olmaması barədə sübutun əlavə edilməməsi hissəsinə də münasibətdə bildiririk ki, bununla bağlı qanunvericiliyə uyğun olaraq vergi ödəyisinin bankında hər hansı vəsait olduqda və ya sonradan vəsait daxil olduqda bank avtomatik olaraq həmin vəsaiti uyğun məbləğdə müvafiq hesaba tutur və bununla bağlı banklara qanunvericiliyə uyğun olaraq məsuliyyət də nəzərdə tutulmuşdur. Bundan başqa vergi öhdəliyinin yerinə yetirlməsi üsullarından biri kimi, müvafiq vəsaitin bank yolu ilə avtomatik olaraq dövlət büdcəsinə alınmasının təmini daha qənaətbəxş hesab edilir. Belə ki, vergi orqanı vergi ödəyicisinin borc öhdəliyi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydada borcun dövlət büdcəsinə alınması istiqamətində müvafiq ardıcıllıqla tədbirlər görür və bu tədbirlərdən biri də müvafiq sərəncamların vergi ödəyicinin bank hesabına qoyulmasıdır. Vergi orqanı hər bir halda bankdan müvafiq vəsaitin birbaşa dövlət büdcəsinə köçürülməsi üçün sərəncam qoyur, müvafiq hesabda vəsait olmadığı təqdirdə, vergi öhdəliyinin yerinə yetirilməsi ilə əlaqədar müvafiq məhkəməyə müraciət etməsinin səbəbi kimi həmin öhdəliyin təmin edilməsidir, vergi orqanı müvafiq öhdəliyi təmin etmək üçün məhkəməyə müraciət etsə də və məhkəmə ərizəni təmin etsə də, yekunda vergi ödəyicinin ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulur və bu da o demək deyil ki, həmin öhdəlik birbaşa yerinə yetiriləcəkdir. Belə halda vergi ödəyicisinin ölkədən çıxışa zərurət olduğu hallarda borc öhdəliyi yerinə yetirilmiş olur. Yəni vergi orqanı məhkəmənin istinad etdiyi məsələ ilə bağlı qeyd edir ki, bank hesablarına müvafiq sərəncamların qoyulması və vergi öhdəliyinin vergi ödəyicisinin bank hesabında müvafiq vəsait olduğu təqdirdə həmin vəsait birbaşa tutulmuş olur və dövlət büdcəsinə köçürülür. Bu da o deməkdir ki, vergi orqanı qeyd edilən üsulla vergi ödəyicisinin dövlət büdcəsinə olan öhdəliyini daha tez təmin etmiş olur. Vergi orqanı vergi ödəyicisinin müvafiq bank hesabarına sərəncamlar qoysa da, görünür ki, həmin hesablarda vəsait olmamış və bununla əlaqədar vergi orqanı Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada vergi öhdəliyinin təmin üsullarından biri kimi vergi ödəyicisinin ölkədən çıxışına müvəqqəti məhdudlaşdırma ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmişdir. Bundan başqa məhkəmənin istinad etdiyi hüquqi şəxsin əmlakının üzərinə ixtisaslaşdırılmış açıq hərracdan satılması məqsədilə həbs qoyulması, yaxud kifayət qədər belə əmlakların mövcud olmamasına dair rəsmi məlumatların omaması hissəsinə münasibətdə qeyd edilir ki, Vergi Məcəlləsində vergi ödəyicisnin dövlət büdcəsinə olan borc öhdəliyinin yerinə yetirilməsi üsulu kimi, vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək və ya vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək ardıcıllığı nəzərdə tutulmamışdır. Yəni vergi orqanı vergi öhdəliyini təmin etmək uçün qeyd olunan təmin üsullarından biri və ya hər iksi ilə əlaqədar məhkəməyə müraciət edə bilər. Göründüyü kimi qəbul edilmiş qərar məhkəmə tərəfindən tətbiq edilməli olan ümumdövlət və ictimai maraqların təmin edilməsi ilə bağlı olan münasibətləri tənzimləyən publik hüquq sahəsinə aid maddi hüquq normalarının dairəsinin tam və düzgün müəyyən edilməməsinin, işə birtərəfli yanaşılmasının məntiqi nəticəsidir. Məhkəmə işə baxarkən mütənasiblik prinsipinə birtərəfli yanaşmışdır. Məhkəmə qətnaməsinin tətbiq edilən hüquq bölməsindən göründüyü kimi qətnamə tamamilə birtərəfli və yalnız maraqlı şəxsin hüquqlarının müdafiəsinə yönəlmiş qanunvericilik normalarına əsaslanmış, maraqlı şəxsin üzərinə vəzifə qoyan maddi hüquq normalarına isə ötəri toxunmuşdur. Məhkəmə işə baxarkən işi tam araşdırmamış, təqdim edilmiş sübutlara hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinin dəlillərinə qarşı etiraz təqdim edilməmişdir. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə ərizəçinin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmədə Maraqlı şəxs apellyasiya şikayətinin təmin olunmamasını xahiş edib izahatında göstərmişdir ki, onunla şərik olan şəxs vəfat etmiş və vergi ödənişlərinin edilməsində çətinlik yaranmışdır. İstintaq təcridxanasında həbsdə olmuş, bu yaxınlarda azad edilmişdir. Ödənilməmiş vergi borcunu hissə-hissə olmaqla ödəyəcək. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda ərizəçi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, ərizənin isə təmin olunmasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еtmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası ərizəçinin nümayəndəsinin və maraqlı şəxsin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən qətnamənin apellyasiya qaydasında ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından ərizəçinin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan sənədlərdən görünür ki, vergi ödəyici olan "xxxx" MMC-nin rəhbəri Maraqlı şəxs borc(ları)u vardır. İşdən görünür ki, yaranmış borc məbləğinin 5 gün ərzində ödənilməsi məqsədi ilə vergi ödəyici(ləri)sinə bildiriş(lər) göndərilmişdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi məktubla ərizəçiyə müraciət edərək, məhkəməyə müraciət etməmişdən əvvəl borcun ödənilməsinin təmin edilməsi üçün hansı tədbirlər görməsinin (tələb olunan vəsaitin şəxsin hesablarından silinməsi üçün müvafiq banklara müraciət etməsi, onlardan vəsaitin çatışmazlığına dair cavablar alması, hüquqi şəxsin əmlakının üzərinə ixtisaslaşdırılmış açıq hərracdan satılması məqsədilə həbs qoyulması, yaxud kifayət qədər belə əmlakların mövcud olmamasına dair rəsmi məlumatlar əldə etməsi və s.) iş materialları ilə müəyyən olunmadığını ərizəçinin nəzərinə çatdırmış və yaranan zərurətlə əlaqədar maraqlı şəxs barədə borcun ödənilməsi üçün görülən tədbirlər, eləcə də vergi ödəyicisinin aktivlərinin müəyyən edilməsi üçün görülən tədbirlərin nəticəsi barədə qısa müddət ərzində məlumat verməsini təklif etmiş, lakin ərizəçi tərəfindən hər hansı bir məlumat məhkəməyə təqdim edilməmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə əsasən, konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Konstitusiyasının 73-cü maddəsinin İ hissəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 4 saylı Protokolun 2-ci maddəsində nəzərdə tutulmuşdur ki, hər kəs öz ölkəsi də daxil olmaqla, hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-7.3 və 355-7.4-cü maddələrinə əsasən, işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrindəndir. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarındandır. “X2 (X3) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 may 2017-ci il tarixli qərarında formalaşan hüquqi mövqeyə görə Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsində və beynəlxalqhüquqi sənədlərdə təsbit olunmuş bu hüquqların vacibliyinə baxmayaraq, onlar mütləq deyil və məhdudlaşdırıla bilər. Konstitusiyada bu hüquqlara dair məhdudiyyətlərin hədləri dəqiq müəyyən olunmuşdur (Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsi və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3-cü maddəsi). Belə ki, onların məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüquqlarının mahiyyətini dəyişməməlidir. Avropa Məhkəməsinin bir sıra qərarlarında da göstərilmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mətənasiblik meyarlına cavab verməlidir (Battista İtaliyaya qarşı (Battista v. İtaly), № 43978/09 2014-cü il 2 dekabr tarixli qərar; Xlyustov Rusiyaya qarşı (Khlyustov v. Russia, 2013), № 28975/05 2013-cü il 11 iyul tarixli qərar). Avropa Məhkəməsinin mövqeyinə görə, müdaxilə “təcili ictimai ehtiyaca” cavab verirsə, xüsusilə qanuni məqsədə mütənasibdirsə və onu əsaslandırmaq üçün hakimiyyət orqanları tərəfindən verilən səbəblər “müvafiq və yetərli”dirsə, qanuni məqsədlər üçün demokratik cəmiyyətdə zəruri hesab olunur. Vətəndaşın ümumi maraqları ilə hərəkət azadlığı hüququ arasında ədalətli tarazlığın olub-olmaması məsələsi işin bütün xüsusiyyətlərinə görə nəzərə alınmalıdır. Hazırki iş materiallarından ərizəçi tərəfindən birinci instansiya məhkəməsinə vergi borcunun alınması ilə bağlı Vergi Məcəlləsinin 65 və 89-cu maddələrində nəzərdə tutulmuş tədbirlərin görülməsi, lakin nəticə verməməsinə dair sübutların verilməsi görünmür, vergi orqanının ərizəsi mütənasiblik prinsipinin tələblərinə uyğun deyildir. Ərizəçinin apellyasiya şikayətinin maddi hüquq normalarının pozulması ilə bağlı əsas dəlili ondan ibarətdir ki, qanunvericilikdə vergi orqanının öhdəliyinin yerinə yetirilməsi təmin edən üsullar nəzərdə tutulmuş, bu üsullardan istifadə edib-etməmək vergi orqanının hüququ kimi müəyyən edilmişdir. Vergi borcunun ödənilməsinin təmin edilməsinin ən təsirli üsulu, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə verilən ərizələr nəticəsində borclu vergi ödəyicilərinin ölkədən getmək hüququnun məhdudlaşdırılmasıdır. Lakin məhkəmə gəldiyi nəticə ilə vergi orqanının qeyd edilən hüquqlardan istifadə hüququnu pozmuşdur. Məhkəmə kollegiyası ərizəçi tərəfindən vergi borcunun alınması ilə bağlı Vergi Məcələsinin 65 və 89-cu maddələrində nəzərdə tutulmuş tədbirlərin görülməsi, lakin nəticə verməməsinə dair sübutların təqdim olunmamasını nəzərə alaraq, birinci instansiyası məkhəməsinin gəldiyi nəticə ilə razılaşır, ərizəçinin apellyasiya şikayətinin dəlillərini qətnamənin ləğvi üçün əsas hesab etmir. Apellyasiya şikayətinin dəlillləri ilə bağlı kollegiya qeyd edir ki, qanunvericilikdə vergi öhdəliyinin təmin edilməsi ilə bağlı vergi orqanlarının səlahiyyətli olduqları məcburiyyət tədbirlərinin seçilməsi zamanı “növbəliyə” riayət edilməsi barədə hər hansı müdəa nəzərdə tutulumamışdır. Lakin belə bir müdəanın olmaması, ilkin mərhələdə istənilən növ məcburiyyət tədbirinin tətbiq edilməsi imkanı kimi qiymətləndirilməməlidir. Çünki, hüquqi dövlətin ali prinsiplərindən biri olan mütənasiblik prinsipunin tələbinə görə hüquqa müdaxilənin yolverilən hesab edilə bilməsi üçün onun qanuni məqsədə yönəlməsi özözlüyündə kifayət deyildir, bu zaman həm də müxtəlif maraqlar arasında ağlabatan və ədalətli tarazlığa da əməl olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, ərizəçinin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin Məhkəməsinin 1 aprel 2025-ci il tarixli e-2-2(121)- 1529/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemi üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qasım Əliyev Hakimlər: Tale Kərimov Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar