Məhkəmə qərarları › İş №2-2(106)-128/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(106)-128/2023

31.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(106)-128/2023 31.10.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, X2 və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair Şirvan Kommersiya Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 2-2(121)-2217/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi barədə Cavabdeh ərizəsinin təmin edilməməsinə dair Şirvan Kommersiya Məhkəməsinin 22 avqust 2023-cü il tarixli 2- 2(121)-2217/2022 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə baxaraq MÜƏYYƏNETDİ: Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(121)-2217/2022 saylı qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh 52.922,72 manat əsas borc, vəkil tərəfindən hüquqi xidmətlərin göstərilməsinə görə ödənilmiş 210 manat, Bakı şəhəri 4 saylı Mediasiya Təşkilatına ödənilmiş 400 manat, cəmi 53.532,72 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti vermiş və apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barəsində ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi günden 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitasilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər qaydası məhkəmə zalında ona bildirilmişdir. Şirvan Kommersiya Məhkəməsinin qətnaməsini almamışdır. Məhkəməyə müraciəti nəticəsində ona rəsmi məktub göndərilmişdir. Məktubda qeyd olunur ki, xəbərnaməyə Məmmədov sözü yazlaraq götürülmüşdür. Məmmədov soyadda şəxsi tanımır. Göründüyü kimi həmin qətnaməni götürməmişdir. Hüquqi savadı olmadığına görə Şirvan Kommersiya Məhkəməsinin qətnaməsindən apellyasiya şikayətinin verilməsi qaydalarını bilməmişdir. Ona görə də, həmin qətnaməni yenidən əldə edib vaxtında apellyasiya şikayəti verə bilməmişdir. Hal-hazırda onun işi Şirvan Kommersiya Məhkəməsindədir. Hüquqlarını və vəzifələrini başa düşməmiş, ona görə də, Şirvan Kommersiya Məhkəməsinin qətnaməsindən necə şikayət verilməsini bilməmişdir. Şirvan Kommersiya Məhkəməsinin 22 avqust 2023-cü il tarixli 2-2(121)-2217/2022 saylı qərardadı ilə Cavabdeh Şirvan Kommersiya Məhkəməsinin iş üzrə 29 noyabr 2022ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilməsinə dair ərizəsinin rədd edilməsi; Cavabdeh Şirvan Kommersiya Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinin geri qaytarılması; Cavabdeh tərəfindən 11 iyul 2023- cü il tarixdə (Hökümət ödəniş portalı vasitəsi ilə ödənilmiş qəbzin nömrəsi **********) dövlət büdcəsinə (Şirvan Apellyasiya Məhkəməsinin hesabına) ödənilmiş 105 manat məbləğində dövlət rüsumunun ona qaytarılması; Cavabdeh tərəfindən 19 iyul 2023-cü il tarixdə (Hökümət ödəniş portalı vasitəsi ilə ödənilmiş qəbzin nömrəsi **********) dövlət büdcəsinə (Şirvan Apellyasiya Məhkəməsinin hesabına) ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun ona qaytarılması qərara alınmışdır. Qərardadda göstərilmişdir ki, iş materiallarına əsasən qətnamə MPM-in 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydaya və həmin Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş müddətə riayət edilməklə tərtib edilərək 29 noyabr 2022-ci il tarixdə “Elektron məhkəmə” informasiya sisteminə yerləşdirilmişdir. Həmin qətnamə sifarişli poçt göndərişi vasitəsi ilə 29 noyabr 2022-ci il tarixdə cavabdehin qeydiyyat olduğu ünvan (İmişli rayonu Cəfərli kəndi) üzrə də göndərilmişdir. Qətnamə həmin ünvandan 08 dekabr 2022-ci il tarixdə poçt xəbərnaməsinə imza edilməklə qəbul edilmişdir. Eyni zamanda, cavabdehin ərizəsi əsasında qətnamənin surəti 29 mart 2023-cü il tarixdə təkrarən şəxsən təqdim edilmişdir. İş üzrə “Elektron məhkəmə” informasiya sistemindən görünür ki, Cavabdeh 11 iyul 2023-cü il tarixdə elektron kabinet yaratmış və qətnamədən vermiş olduğu apellyasiya şikayətini “Elektron məhkəmə” informasiya sistemində yaratdığı elektron kabinet vasitəsilə 11 iyul 2023-cü il tarixdə yerləşdirmişdir. Apellyasiya şikayətindən və ona əlavə edilən qəbzdən də görünür ki, cavabdeh apellyasiya şikayəti üzrə dövlət rüsumunu 11 iyul 2023cü il tarixdə, dövlət rüsumunun qalığını isə 19 iyul 2023-cü il tarixdə ödəmişdir. Bundan başqa, məhkəmə iclasında cavabdehin nümayəndəsi tərəfindən cavabdehin uşağının və anasının olması bildirilən, onların xəstəliyi ilə bağlı sənədlər təqdim edilmişdir. Göründüyü kimi, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, həmçinin məhkəmə sənədlərinin proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirildiyi üçün məhkəmə qətnaməni tərtib etdikdən sonra onu işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini vaxtında təmin etmişdir. Həmçinin, qətnamənin surəti iş üzrə cavabdehə 29 mart 2023-cü il tarixdə qəbzə imza etdirilməklə təqdim edilmişdir. Digər tərəfdən, qətnamənin surətininin Cavabdeh tərəfindən 29 mart 2023-cü il tarixdə alınması işin mübahisəsiz halıdır. Cavabdeh qeyd edilən qərardaddan şikayət verərək, onun ləğv edilməsini xahiş etmişdir. Cavabdeh Şirvan Kommersiya Məhkəməsinin 22 avqust 2023-cü il tarixli 2-2(121)- 2217/2022 saylı qərardadından şikayəti həmin məhkəmənin 10 oktyabr 2023-cü il tarixli qərardadı ilə təmin edilməmiş, şikayət baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib hesab edir ki, Cavabdeh şikayəti təmin edilməməli, Şirvan Kommersiya Məhkəməsinin 22 avqust 2023-cü il tarixli 2-2(121)-2217/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. MPM-in 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci və 135.3-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Qeyd olunan prosessual normaların tələbindən görünür ki, işdə iştirak edən şəxsin məhkəmə qətnaməsini apellyasiya qaydasında mübahisələndirməsi üçün qanunla müəyyən edilmiş müddətin axımı qətnamənin ona rəsmi qaydada verildiyi gündən başlanır. Cavabdeh müddətin bərpasına dair vəsatətində qətnamədən apellyasiya şikayəti vermək üçün müddəti üzrlü səbəbdən buraxdığını bildirmişdir. Məhkəmə kollegiyası Şirvan Kommersiya Məhkəməsinin 22 avqust 2023-cü il tarixli 2-2(121)-2217/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair göstərilən dəlilləri əsaslı hesab etmir. MPM-in 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 fevral 2007-ci il qərarında göstərilmişdir ki, ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-in 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh Şirvan Kommersiya Məhkəməsinin 22 avqust 2023-cü il tarixli 2-2(121)-2217/2022 saylı qətnaməsindən apellyasiya instansiyası məhkəməsinə şikayət etmək hüququ onun konstitusion hüququdur və o, bu hüququndan qanunvericilikdə nəzərə tutulmuş müddətdə istifadə edə bilərdi. İş materiallarından görünür ki, Cavabdeh məhkəmənin mübahisə olunan qətnaməsindən apellyasiya şikayəti müddətini üzrlü səbəbdən ötürməsini göstərsə də, bu halı təsdiq edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında prosessual müddətlərlə bağlı göstərilmişdir ki, “Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Diqqətə çatdırılmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “Hornsbi Yunanıstana qarşı” iş üzrə 19 mart 1997-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi göstərmişdir ki, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də, məhkəmə tərəfindən çıxarılmış hər hansı qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi hesab edilməlidir. Kollegiya eyni zamanda, diqqətə çatdırmağı zəruri hesab edir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. MPM-in 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Ona görə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair Şirvan Kommersiya Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 2-2(121)-2217/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi barədə Cavabdeh ərizəsinin təmin edilməməsinə dair Şirvan Kommersiya Məhkəməsinin 22 avqust 2022-ci il tarixli 2-2(121)-2217/2022 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməməli, Şirvan Kommersiya Məhkəməsinin 22 avqust 2023-cü il tarixli 2-2(121)-2217/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyrimümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Həmin Məcəllənin 400-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh olunanlara əsasən və MPM-in 128, 130, 135, 135, 360, 366, 368 və 402-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair Şirvan Kommersiya Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 2-2(121)-2217/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi barədə Cavabdeh ərizəsinin təmin edilməməsinə dair Şirvan Kommersiya Məhkəməsinin 22 avqust 2023-cü il tarixli 2- 2(121)-2217/2022 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 22 avqust 2022-ci il tarixli 2-2(121)-2217/2022 saylı qərardadı dəyişdirilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar